TEATRO

TEATRO

sənət portalı

post-title

Emin Əliyev - Anderssonun "Sonsuzluq haqqında" yazdığı şeir

Sonsuzluq haqqında düşünmək. Bunu düşünmək belə qorxuludur. Düşün ki, heç nə bitmir, tükənmir, ölürsən amma hələ də davam edir. Sonsuz xoşbəxtlik, sonsuz bədbəxtlik qədər qorxuludur. Amma insanlar da var ki, sonsuzluq onlara yaşam stimulu verir, onları həyata bağlayır. Belə adamlar həmişə elə bilirlər ki, ölməyəcəklər, həyat davam edəcək. Çox zaman belə adamlar qorxulu bir insana çevrilirlər.

Düşünürəm ki, sonsuzluğa ironiya ilə yanaşmaq olmaz, ona ya üzülmək ya da ondan güc almaq olar. Roy Anderssonun 2019-cu ildə çəkdiyi, Venesiya film festivalında “Gümüş Şir” mükafatı qazanan “Sonsuzluq haqqında” adlı film də insanın bitməyən dünyada həyata tutunma cəhdlərindən, qərarsızlığından və bugünki ruh halından söhbət açır.

İsveç kinematoqrafiyası son illərdə Rüben Östlünd, Roy Andersson kimi rejissorlarla dünya kinosunda trenddə qalmağı bacarıb. İsveçi, etinasız Avropa “camaatını” əks etdirən bu rejissorların bəzən problematikada toqquşduğu məqamlar da olur.
Rejissorun bundan öncə başqa-başqa zamanlarda çəkilmiş üç filmdən ibarət “Yaşam trilogiyası” ona ilk şöhrəti gətirmişdi. Trilogiyanın üçüncü filmi “Varlıq haqqında düşünən göyərçin budaqda oturmuşdu” 71-ci Venesiya Beynəlxalq Film Festivalında “Qızıl şir” mükafatına layiq görülmüşdü.

Əslində sənətçini coğrafi və ya fərdi yaradıcılığı kontekstində araşdırmağı düzgün saymıram. Çünki, hər film özəl bir əsərdir. Hər filmin öz passportu var. Bir rejissor yaradıcılığında fərqli mövzulara da toxuna bilər. Buna görə də bu oxşarlıqların üzərindən keçirəm.



Andersson son filmində isə heç kimə bənzəmir. Olsa maksimum Edvard Hopperin rəsmlərindəki boşluqlara bənzəyər, oradakı susqun insanları canlandırar.

Belə insanları amerikalı yazıçı Reymon Karver də yaxşı canlandırır. “Qutular” hekayəsindəki qadın kimi: o daima ev dəyişdirir, daima köçür. Bu fəaliyyət onu ayaq üstdə saxlayır, ölməyə qoymur. Qərarsızlığı rutininə çevrilir.

Anderssonun obrazları isə belə deyil. Onlar sonsuzluğun təntənəsi yox, hüznü ilə yaşayırlar.

Anderssonun şəhəri mövcud deyil. Orada sakitlik, minimalizm hökm sürür. Anderson film boyu öz xəyali şəhərində yaşayan insanlar haqqında şeir deyir.

Biz Anderssonun filmində poetik harmoniyanın başqa müstəviyə daşındığını görürük. O, entuziazmdan uzaq, dərin hisslərdən arınmış, elə gözümüzün qarşısında baş verənlər barədə minimalist şeirlər deyir.

Onun bu filmi də digərləri kimi statik kadrlardan ibarətdir. Filmdə enerji, vahid süjet yoxdur. Soyuq və etinasız insanlar və onların gündəlik həyatı var. Rejissor gündəlik yaşamımızı olduğu kimi ifadə edir – bütün film texnikasından, narrativ texnikadan uzaq, ifadə vasitələri olmadan və şişirtməsiz.

Film əvvəldən sonadək kadrarxasındakı qadın səsinin bu yerdə yaşayan insanların həyatı haqqında bir cümlə deməsi və onların arasında baş verən hadisələrdən bəhs edir.

İnsanların və hekayələrin kollajı olan bu filmdə əsas və ikinci dərəcəli rollar da yoxdur, bəzi rolları isə ümumiyyətlə məşhur olmayan aktyorlar canlandırır. Filmdə Lesley Leichtweis Bernardi, Ania Nova, Tatiana Delaunay, Jan-Eje Ferling, Göran Holm və başqaları iştirak edir.



Səs: Bir adam gördüm həyat yoldaşına şam yeməyi üçün sürpriz hazırlamaq istəyirdi…

Onların yaşamında heç bir xüsusi hadisə baş vermir, amma onlar bu adilikdən zövq alırlar, hadisəyə çevirirlər. Həyat yoldaşına sürpriz hazırlamaq istəyən bir kişi də yolda köhnə dostunu görür, dostu ona salam verməyərək ötüb keçir. Kişi bunu problemə çevirərək axşama kimi bundan danışır, hətta məlum olur ki, onun dostu doktorluq müdafiəsi edib ad alıb. Həyat yoldaşı isə onun bu məsələyə hiddətlənməsini görüb onu sakitləşdirməyə çalışır:

“- Bunun üçün əsəbləşməyə dəyməz, biz də gəncliyimizdə Niaqara şəlaləsinə səyahət etmişdik.”

Kişi isə bunu da tutarlı səbəb kimi saymır:

“- Yəqin ki, o da nə vaxtsa Niaqaraya səyahət edib.”

Səs: Bir adam gördüm tanrıya inamını itirmişdi…

Təsvir edilən digər bir şəxs kahindir. O tanrıya inamını itirərək özünü eksiztensial boşluqda hiss edir, psixoloqa gedərək ondan çarə istəyir. Psixoloq isə onu müalicə etmək istəmir və hər yolla özündən uzaqlaşdırmağa çalışır. Kahin isə bu çıxılmazlıqdan yol tapmayaraq çaxırını içir və kilsədəki insanların yanına dönür.

Ekzistensial boşluq, inamın itməsi bu yerdə bütün hadisələrə səbəb kimi görünür. Əbəs yerə deyil ki, hələ 20-ci əsrin əvvəllərindən başlayaraq Avropa özünü dərin bir dərə içində gördü, onun üçün tanrı faktoru məhv oldu, eksiztensializm yarandı.



Səs: Bir qadın gördüm şərab içməyi sevirdi, çox sevirdi…

Qadın da ümumi xəttdən kənar deyil. Susqun və şampan içməkdən zövq alan bu qadın da qarşısındakı kişiyə etinasızca baxır. Şampan süzüldükdə isə onu birbaşa başına çəkir. Kafedə də həyat durub. Heç bir hadisə baş vermir.

Səs: Bir qadın gördüm ayaqqabısı ilə bağlı sıxıntısı vardı…

Bu qadının ən böyük sıxıntısı isə altlığı qırılan ayaqqabıdır. Qarşısında uşaqla duran qadının birdən birə ayaqqabısının altlığı sınır. O buna üzülür və keçib yerinə oturur.

Avtobusda ağlayaraq “Nə istədiyimi bilmirəm” deyən başqa bir obraza isə kənardakılar sərt reaksiya verirlər. Onu problemini hər kəsin arasında dediyi üçün qınayırlar. Filmin problem xətti bu yerdə daha da aydınlaşır.

Heç kimə dəyib dolaşmayan insanlar isə sıxıntıları sevmirlər. Sıxıntıları sevmədiklərinə görə də heç kimə dəyib dolaşmırlar.



M.Kundera “Varlığın dözülməz yüngüllüyü” əsərində ortaya belə bir sual atır: varlığın mənasızlığını qəbul edib yüngüllük və hadisəsizlikdə yaşamaq, ya özümüz üçün məna yaradıb həyatımızı ağırlaşdırıb daha maraqlı etmək ?

Obrazlar da bu sualın ətrafında düşünən “yüngül” və “ağır” insanlardan toplanıb.

Səs: Bir adam gördüm banka etibar etməyən, pullarını döşəyin altında gizlədən… – Daha bir müasir insana keçid. O yatmağa getmədən öncə döşəyinin altını yaxşı-yaxşı yoxlayır. Əmin olduqdan sonra işığı söndürüb yatır.

Yenə öz xırda narahatlığı ilə baş-başa qalan, yalnız insan.

Rejissor filmdə hadisəsizliklərlə yanaşı qalxıb-enən sujet boyunca ən dəhşətli hadisələr arasındakı durğunluğu da göstərir.

Səs: Bir adam gördüm, ailəsinin namusunu qorumaq istəmiş, sonra peşman olmuşdu…Qızı bıçaqlayan ata görünür ekranda. Həyat yoldaşı ilə oğlu olan personajlar da qapının yanında yenə çox sakit şəkildə durub otağdakı vəziyyəti izləyirlər.

Bu enerjisiz, həvəssiz insanlar kontekstində Andersson izləyiciyə bir gəncin kitabdan oxuduğu bu cümlələrlə işarə də verir:

“Termodinamikanın qanunlarına görə bir enerji məhv ola bilməz. Enerji sonsuzdur, o yalnız şəkil dəyişdirə bilər.”



Səs: Məğlub olmuş bir ordu gördüm, düşməninin Sibirdəki düşərgələrinə doğru irəliləyən… – çox güman ki, SSRİ tərəfindən sürgünə aparılan alman əsrlərin təsvirini verməyə çalışıb.

Səs: Bir adam gördüm dünyanı fəth etmək istəyirdi amma uğursuz olacağının fərqinə varmışdı…

Kadrlarda bunkerdə oturmuş nasistlər görünür. Onlar içki içirlər və otağa Adolf Hitler girir. Onlar Hitler gələndə ayağa qalxmırlar, çünki yorğun və içkilidirlər. Hitler də şok içindədir, bunker silkələnir. Onlar daldalanacaqda nə edəcəklərini bilmədən sakit şəkildə oturublar. Rejisor bu kadrlarla film tarixinə yenidən baxış keçirir, baş verənləri, çəkilənləri yenidən ən şirəsiz formada yaradır.

Hadisələrə Anderssonun digər filmlərində müşahidə olunan sürrealizm xas olmasa da yalnız bir kadrda bu görünür: dağıdılmış Köln səması üzərində uçan kişi və qadın.



Səs: Bir cütlük gördüm, əvvəllər gözəlliyi, sonra isə dağınıqlığı ilə məşhur şəhər üzərində uçurdular…

Filmin afişasındakı bu mənzərə həmçinin bizə Mark və Bella Şaqalın “Uçan sevgililər” rəsmini də xatırladır.

Hər kəsin qar yağarkən kafeyə yığışdığı bir kadrda isə onlar yenə də susqun şəkildə qarın yağmasını izləyirlər. Kafedəki digər bir obraz “gözəldir, elə deyilmi” deyərək insanlara yaxınlaşır. Sanki o, bununla hər kəsə bu harmoniya içində təbiətdən zövq almamağı unutmamağa çağırır. Əsl şeir də elə bu an yaranır. Boşluqdakı harmoniya qabaranda.

Anderson ən böyük problemi dişinin ağrıması, ayaqqabısının altlığının qopması olan insanlarla oğlunu müharibədə itirən, qızını namus üstündə öldürən “öz” şəhərinin insanlarını qarşı-qarşıya qoyur. 32 statik kadrlı filmdə insanlığın bugünki ruh halına reaksiya verir.

Load Time (S) : 0.006378