TEATRO

TEATRO

sənət portalı

post-title

Elvin Nuri - Çələbi xanın Şəkiyə qayıdışı...

Şəki Dövlət Dram Teatrının “Çələbi xan” tamaşası haqqında düşüncələr...

... Hələ pandemiyadan öncə məşqlərinə başlanılan, lakin pandemiya səbəbli premyerası yubanan müasir dramaturq Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” (“Hacı Çələbi xan”) tarixi dramının motivləri əsasında hazırlanan “Çələbi xan” tamaşası Şəki Dövlət Dram Teatrının səhnəsində ictimaiyyətə təqdim olundu. Tamaşa görkəmli tarixçi-alim, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunmuşdur.

Uzun müddət idi ki, bu tamaşanı hamı gözləyirdi: həm teatrımız, həm də seyirçilərimiz... Bəlkə də, seyirçilərimiz daha çox bu tamaşanı izləmək üçün səbrsizlənirdilər desəm, yanılmaram. Teatra olunan müraciətlərdən bu qənaətə gələ bilərik ki, bu tamaşa hələ 2020-ci ildə sosial şəbəkələrdə olunan paylaşım-reklamlardan xeyli diqqət cəlb edə bilmişdi özünə... Şəkililər intizarında idi bu tamaşanın... Axı necə intizarında olmasınlar?! – Kitablarda oxuduqları, adını dərsliklərdə eşitdikləri, fəaliyyətini tarix kitab-ensiklopediyalarından öyrəndikləri Azərbaycanda ilk müstəqil xanlıq yaratmış bu görkəmli, dahi şəxsiyyəti – Çələbi xanı “canlı” görə biləcəkdilər... Çələbi xanın görüşünə tələsirdi şəkililər... Bu tələskənliyin içərisində təşəkkür, minnətdarlıq hissi də az deyildi... Bəlkə də, bu tələskənliyi yaradan məhz bu günkü Şəkini bizə əmanət qoyub getmiş Çələbi xanın önündə ruhən baş əymək, yalnız Hacı Çələbinin ruhunun eşidəcəyi səslə - ürəklərinin gizli pıçıltıları ilə ona təşəkkürlərini, minnətdarlıqlarını çatdırmaq idi... Teatrımız bu görüşə əzmlə, fədakarlıqla hazırlaşırdı. Az qalmışdı – şəkililər Şəki xanı Çələbi xanla “görüşəcəkdilər”... Lakin “sən saydığını say, gör fələk nə sayır...” Gözlənilmədən bütün dünyanı cənginə alan koronavirus pandemiyası bir çox məsələləri yarımçıq saxladığı kimi, Çələbi xanın şəkililərlə “görüşünə” də mane oldu... Yubandırdı bu görüşü... Yubandırdı, amma birdəfəlik təxirə sala bilmədi...

Nəhayət...

... Hər qaranlıq gecənin bir aydın, işıqlı səhəri var, deyirlər... Bəli, bu dəfə də bu deyim öz təsdiqini tapdı – zülmət gecələr, qaranlıqlar çəkildi və nəhayət, işıqlı səhər üzlərə yeni şəfəqlərlə gülümsədi... Teatrlar pandemiya səbəbli uzun müddətli fasilədən sonra fəaliyyətlərini bərpa etdilər... Məşqlər başlandı, yeni tamaşalar hazırlandı, premyeralar keçirildi...

19 İyun 2023-cü il... Bu gün Şəki Dövlət Dram Teatrının tarixinə xüsusi yazılacaq... Ona görə ki, bu tarix 144 il şərəfli yol keçən və əzmlə öz yoluna davam edən bu mədəniyyət ocağının divarlarına bayram ab-havasını, yeni yaradıcılıq qələbəsinin təntənəsini həkk etdi...

                Nə idi bu bayramın səbəbi?.. – Əlbəttə ki, “Çələbi xan”ın Şəkiyə “qayıdışı”... Bəli, Çələbi xan öz doğma məmləkətinə, vətəninə - Şəkiyə qayıdırdı... Onu Azərbaycan teatr mədəniyyəti tarixində və bu günündə öz sözünü demiş, yaradıcılıq uğurları nəticəsində adını qızıl hərflərlə Azərbaycan teatr tarixinin səhifələrinə əbədi həkk etmiş Şəki Dövlət Dram Teatrının istedadlı kollektivi qaytarırdı...

          Tarixi kitablardan oxumaq başqa, teatr səhnəsindən “canlı” izləmək isə tamam başqa duyğudur. Tarixi əsəri səhnəyə gətirmək, həmin dövrün ab-havasını seyirçiyə hiss etdirə bilmək çətindir, məsuliyyətlidir... Eyni zamanda şərəflidir...

Səhnə təpədən-dırnağa sirdir, müəmmadır... Hər tamaşa mübarizədir... Vuruşdur... Bir az da ağırlaşdırmaq istəsək, deyə bilərik ki, hətta müharibədir. Bəli, MÜHARİBƏ! Seyirçiylə aktyor arasında gedən soyuq müharibə! Müharibədə isə hər iki cəbhənin yalnız və yalnız bir fikri olur: qarşı tərəfi məğlub etmək və qələbə çalmaq!.. Bu dəfə də beləydi – hər iki cəbhə bu soyuq müharibəni qələbə ilə başa çatdırmaq üçün əlindən gələni əsirgəmədi... Pərdələr qapalı deyil... Dekorasiya ilə, zala daxil olan kimi tanış olur seyirçi. Bir-bir, iki-iki... “müharibə meydanı” cəbhələrdən birinin “əsgərlər”ini qarşılayır. Bu cəbhənin “əsgərləri” əvvəlcədən onlara tanış olan (kimlərəsə, bəlkə də, yad olan) döyüş meydanını nəzərdən keçirir. Hərə öz yerini tutur. Hərdənbir saata baxanlar da olur... Yavaş-yavaş vaxt azalır, zaman daralır... Digər cəbhənin “əsgərlər”i də (aktyorlar) öz mövqelərində yavaş-yavaş möhkəmlənirlər. Son hazırlıqlar görülür – yavaş-yavaş qrim otaqları boşalır və aktyor foyesi dolur. Aktyorlar hərdənbir başlarını qaldırıb, aktyor foyesindəki elektron saata baxırlar. Zaman azaldıqca, həyəcan çoxalır, bir az sevinc, bir az nigaranlıq, bir az məsuliyyət, bir az da həyəcandan yaranan ürək döyüntüləri artır...

Aktyorlar artıq “Çələbi xan”ın yaratdığı sirli aləmin içindədirlər... – Kimisi əli belində gəzişərək, kimisi oturaraq, kimisi aktyor foyesinin divarlarına, kimisi monitor-ekranın qoyulduğu taxta mizə dirsəklənərək, “döyüş”ün başlanmasını gözləyir... İndi mənim bütün aktyorların həmin anda olan hərəkətləri, reaksiyaları yadımda deyil. Lakin bir aktyorun bütün reaksiyaları, hərəkətləri indiki kimi yadımdadır mənim – Nadir şah obrazının ifaçısı Xəyal Salahov tərk-dünyadır. O, artıq hansısa nəhayətsiz uzaqlıqda yerləşən, yalnız özünə məlum olan bir aləmdədir. Burada – real dünyada olanları görmür, danışılanları eşitmir... O, XXI əsrdə – 2023-cü ildə yox, bəlkə də, elə Çələbi xan dövründə – 1737-ci ildədir... O, indi teatrda – səhnədə deyil, Əfşarlar imperatorluğundadır. O, indi Xəyal Salahov da deyil – Nadir şahdır! Həmçinin də digərləri – Hacı Çələbi xan da (Rəhim Qocayev), Heydərqulu xan da (Akif Yusifov), Kazım xan da (Fərahim Fətəliyev), Şahverdi xan da (Pərviz İsmayılov), Pənahəli xan da (Orxan Həmidli), Bəyimxanım da (Lalə Məmməd), başqaları da... Artıq son dəqiqələr, bəlkə də, son saniyələrdir... Hamı öz yerini alıb...

... Bir sözlə, hamı öz cəbhəsində hazır dayanmışdı... Hər iki cəbhə əmr gözləyirdi bu müharibəyə başlamaq üçün... Və budur – əmr verildi... Döyüşə hazırlıq üçün qonqlar işə düşdü – seyirçilər üçün tamaşanın başlanılması ilə bağlı xəbərdarlıq zəngləri eşidildi...

Zalın işıqları yavaş-yavaş azalmağa, zal qaranlığa qərq olmağa, bununla paralel olaraq isə səhnənin işıqları yanmağa başladı... Öləziyən işıqlar səhnəni zəif işıqlandırırdı... Zəif işıq... Musiqi... Bu, o demək idi ki, hamı diqqətli olsun – “müharibə” başladı!..

Hələ tamaşa ilk dəqiqələrindən seyirçini tarixin o tayına – ötən əsrlərin nəhayətsiz uzaqlığında qalmış dünyaya, aləmə apardı... Səhnədə ucalan qala seyirçilərin qəlbində, fikrində bu gündən dünənə - ötən əyyamlara xəyali bir körpü salmışdı, seyirçi ilk dəqiqələrdən artıq bu körpünü qəbul eləmiş, bu körpünün möhkəmliyinə, uçulmazlığına inanmış və dünənə - tarixə doğru yola çıxmışdı... Haradan bilirəm bunu?! – Səhnəyə diqqət kəsilən gözlərdən... Bəli, məhz gözlərdən! Ona görə ki, gözlər heç vaxt yalan danışmır! Seyirçinin gözlərindəki ifadə bu fikirləri söyləməyimə əsas verir. Seyirçilər ƏLAHƏZRƏT SƏHNƏnin, MƏBƏDGAH TEATRın vasitəsilə tarixdə məğrurluğu, cəsarəti ilə silinməz ləpir salmış Şəki hakimi Hacı Çələbi xanla görüş imkanı əldə etmiş və bu imkanı, bu fürsəti qiymətləndirmişdilər...

Musiqi ilk notlarından tamaşanın tarixin gərgin hadisələri ilə bizi qarşı-qarşıya qoyacağına işarə verirdi. Bəli, belə də oldu!..

Tarix boyu başını qara buludlar alan, zamanın ən sərt, amansız sınaqlarından üzüağ çıxan Vətənimiz Azərbaycanın tarixində ilk müstəqil xanlıq olmuş Şəki xanlığının banisi Hacı Çələbi xan – Əməkdar artist Rəhim Qocayev – zəhmli, müdrik görkəmi ilə səhnədə göründü... İlk baxışdan artıq seyirçi inandı... İnandı ki, həqiqətən də səhnədəki Hacı Çələbi xandır! Özüdür! O, qayıdıb!.. Bunu səhnəyə diqqət kəsilən baxışlar, bir anı qaçırmasınlar deyə, gözlərini qırpmayan seyirçi reaksiyalarından çıxış edərək tam məsuliyyətimlə söyləyirəm... Aktyorla seyirçi arasında başlayan müharibədə aktyor (yaradıcı heyət) inamla qələbəyə doğru ilk addımını atdı... Səhnə atmosferi, məharətli aktyor oyunu seyirçini əsrlərin o tayına salınmış körpüdə keçmişə doğru qətiyyətli addımlar atmağa sövq edirdi. Bu, artıq həmin məqam üçün qələbə idi – aktyorun qələbəsi!

Tarixdən də bildiyimiz kimi, Hacı Çələbi xan bütün şərəfi, ləyaqəti ilə yurduna, vətəninə bağlı igid, məğrur bir sərkərdə - qəhrəmandır. 1743-cü ildə Nadir şah Şirvandan çıxandan sonra burada yenidən onun əleyhinə çıxışlar başlanır. Hacı Çələbi bundan istifadə edərək, başındakı sadiq adamlarla birlikdə Nadir şahın canişini məlik Nəcəfin iqamətgahına hücum çəkərək, onu öldürür. Bundan sonra o, Şəkini müstəqil xanlıq elan edir. Bununla da Azərbaycan ərazisində kiçik dövlət qurumlarının – müstəqil xanlıqların yaranması prosesi başlanır. Belə bir fakt da diqqətə layiqdir ki, əgər müstəqil xanlıqların əksər qismi Nadir şah dövlətinin süqutundan sonra yaranmışdırsa, Şəki xanlığı özünün istiqlaliyyəti məsələsini hələ onun hakimiyyəti illərində qaldırmışdır. Bu da Hacı Çələbinin qorxmazlığına, mərdanəliyinə sübutdur. Bu cür cəsarətli, məğrur bir tarixi şəxsiyyəti səhnədə canlandırmaq isə aktyordan yüksək istedad, geniş ürək, obrazın daxili aləmini maksimum dərəcədə çatdırmaq üçün həssaslıq, xüsusi qüvvət tələb edir. Aktyor tarixi personajı canlandıranda, bunu nəzərə almalıdır ki, müasir seyirçi həmin tarixi şəxsiyyəti məhz onun ifasında görəcək və təhtəlşüurunda o cür də qəbul edəcəkdir. Odur ki, aktyor tarixi personaj üzərində işləyərkən, digər obrazların üzərində işlədiyindən, bəlkə də, on qat artıq işləməli, həmin personajı olduğu kimi seyirçiyə çatdırmağa müvəffəq olmalıdır. Bu mənada Əməkdar artist Rəhim Qocayevin yaratdığı (sözün həqiqi mənasında yaratdığı!) Çələbi xan obrazı təqdirəlayiqdir. Əvvəldə də dediyim kimi, biz inanırıq, səhnədə Hacı Çələbi xanın olduğuna inana bilirik, bizi buna inandıran, şübhəsiz ki, istedadlı aktyor Rəhim Qocayevin aktyor məharəti, obrazın daxili aləminə varmaq qüdrətidir. Baxışlardakı əzm, fəxarət, qətiyyəti görən seyirçinin fikrindən bunlar keçir: “Bax, budur Çələbi xan, özüdür ki var!” Çələbi xanın vətən eşqi, heysiyyəti, vicdanı, əyilməzliyi, dönməzliyi, Nadir şah kimi qüdrətli hökmdara baş əyməməsi, qorxmazlığı təpədən-dırnağa kimi həqiqi hisslərlə tamaşaçıya ötürülür. Eyni zamanda, personajın – Çələbi xanın sevinci, kədəri, əzabı ən ülvi duyğularla seyirçinin qəlbinə sirayət edir... İztirabı, qüssəsi seyirçi qəlbinin sarı siminə toxunur... Bütün insani hisslərlə bərabər, Çələbi xanı əsl vətənpərvər oğul, qətiyyətli sərkərdə kimi qəbul edir. Əlbəttə ki, Rəhim Qocayevin məharətli oyunu nəticəsində... Oyun əsnasında görürük ki, Hacı Çələbi ən dəruni hisslərlə doğma vətəninə, elinə, yurduna – Şəkiyə, bütövlükdə Azərbaycana bağlı ŞƏXSİYYƏTDİR! Səhnədəki Çələbi xan seyirçidə rəğbət oyadır... Çələbi xanın vətən sevgisi, bütöv Azərbaycan arzusu seyirçiyə, xüsusilə, gənc nəslə örnək ola biləcək amillərdəndir. Seyirçi Çələbi xanı sevir – sevincinə qəlbən sevinir, qüssəsini, əzabını ürək ağrısı ilə qəbul edir. Hacı Çələbinin dərdini bölüşmək istəyir, taleyüklü ağır əzablarına şərik olub, qəlbən onu bu iztirablardan qurtarmaq üçün xilas yolu axtarır... Bütün bunlar da, şübhəsiz ki, məharətli aktyor oyununun nəticəsində baş verir... Dramatik aktyor təbiətinə malik olan Rəhim Qocayev Çələbi xan personajının psixoloji qatlarını, dramatizmini yüksək ustalıqla səhnədə nümayiş etdirməyə müvəffəq oldu! Bu da əvvəldə qeyd etdiyimiz seyirçi ilə aktyor arasında gedən müharibədə qələbəyə doğru növbəti uğurlu bir addım idi...

Tamaşanın ikinci əsas qəhrəmanı isə Nadir şah idi. Tarixdən də bildiyimiz qədərilə, Nadir şah dünya tarixinin ən qüdrətli, amansız hökmdarlarından biri olmuş, ağır, çətin xarakterizə olunan şəxsiyyətlərdən biridir. Nadir şah mürəkkəb obrazdır. Bu pyesə qədər Azərbaycan dramaturgiyasında iki Nadir şah personajı var. Bunlardan birincisi, Nəriman Nərimanovun, ikincisi isə Yunus Oğuzun “Nadir şah” tarixi dramlarındakı Nadir şah obrazlarıdır. Bu iki əsərdə olduğu kimi, Xaqani Əliyevin “Hacı Çələbi xan” tarixi dramındakı Nadir şah personajı da öz mürəkkəb psixoloji məqamları ilə diqqət çəkir. Nadir şah personajı onu ifa edən aktyordan mükəmməl istedadla yanaşı, eyni zamanda, psixoloji, fiziki dözüm, güc tələb edir. Mükəmməl aktyor enerjisi olmayan şəxs bu ağır, mürəkkəb xarakterin öhdəsindən gələ bilməz, çətinlik çəkər. Nadir şah personajı olduqca ağır yükdür aktyor üçün... Bu personajı oynayan aktyorun qarşısında iki yol olur: ya bu ağır yükü öz istedadı sayəsində qətiyyətlə daşıyıb, mənzil başına çatdırıb, qələbəsini elan edəcək, ya da ki, bu yükün altında çöküb, yarıyolda qalıb, məğlubiyyətin peşmanlığını çəkib, iztirabını yaşayacaq... Çətindir! Bu iki seçimin olduğunu bilərəkdən bu yükün altına girmək olduqca məsuliyyətlidir. Bu mənada Nadir şah obrazının ifaçısı istedadlı, xarakterik aktyor Xəyal Salahov bu ağır yükü öz istedadı sayəsində daşıyıb, mənzil başına çatdırıb, qələbəsini elan edənlərdən oldu. Düzdür, Xəyal Salahovun bir insan kimi təbiətində uğurunun qələbəsini təntənə ilə bayram etmək xüsusiyyəti yoxdur. Ona görə ki, teatr, səhnə fəaliyyəti onun üçün iş deyil, həyat tərzidir. Amma buna baxmayaraq, seyirçi də, tərəf-müqabillər də Xəyal Salahovun Nadir şah personajındakı qətiyyətli qələbəsini duyur və qəbul edir. Xarakterik obrazların məharətli ifaçısıdır o. Nadir şah kimi mürəkkəb, xarakterik bir personajın daxili aləminə varmaq, daxilən o mürəkkəbliyi hiss edib, həm ruhən, həm də cismən bu dramatizmi, personajın iç dünyasını seyirçiyə təqdim etmək və bu təqdimatı qəbul etdirmək çətindir, məsuliyyətdir... Xəyal Salahov isə bu məsuliyyətin öhdəsindən yüksək ölçülü aktyor məharəti, imkanları ilə layiqincə gəlməyi bacardı. Çünki seyirçi səhnədə Xəyal Salahovun yox, məhz Nadir şahın olduğuna inanırdı – yüksək aktyor bacarığı, istedadı ilə o, seyirçini buna inandıra bilmişdi. Daxili dünyası ilə yanaşı, Nadir şahın zahiri əlamətlərini, fiziki vərdişlərini personajın psixologiyasına uyğun tapıntılarla birləşdirərək, əskiksiz Nadir şah təqdim etdi seyirçiyə! Nadir şahın amansızlığı, sərtliyi, qətiyyəti, vüqarı, əzəməti, kin-küdurəti hər aldığı nəfəsdən, baxışlardan hiss olunurdu. Seyirçi hərdənbir səksənirdi, ehtiyat edirdi öz içində Nadir şahdan... Əllərin hərəkəti, ayağını çəkərək gəzməsi, ani hərəkətləri və s. – Nadir şahın psixologiyasını açmaq üçün istifadə etdiyi jestlər yerində istifadə olunan mükəmməl aktyor tapıntıları idi. Yeri, göyü lərzəyə gətirirdi Nadir şahın qəzəbi... Verdiyi əmrlərdə istifadə etdiyi səs tembri obrazın daxili aləminin, psixologiyasının açılmasına, bir az da aydın ifadəsinə zəmin yaradırdı... Tamaşadan yarım aydan çox vaxt keçməsinə baxmayaraq, Nadir şahın dilindən səslənən bir cümlə var ki, qətiyyən yadımdan çıxmır. Xəyal Salahovun Nadir şahın dilindən səsləndirdiyi “Şəkini qan gölünə çevirin!” əmri – ifadəsi yaddaşıma elə həkk olunub ki, bu ifadəni özümdən asılı olmadan tez-tez xatırlayıram... Bu ifadədəki qəzəb, kin, amansızlıq o qədər qüvvətli idi ki, bir anlıq hər şeyin bir oyun olduğunu unudub, qorxuya düşürdün... Bəli, bu Nadir şahın nifrəti idi... qəzəbi idi... amansızlığı idi... Bu nifrəti, qəzəbi, amansızlığı Xəyal Salahov məharətli aktyor oyunu ilə seyirçiyə çatdıra bilmiş, qorxu, həyəcan içində saxlamağı bacarmışdı. Əfşarlar İmperiyasının hökmdarının (ümumilikdə tamaşanın) ən dramatik, ağır, gərgin səhnələrindən biri məhz Nadir şahın ölüm səhnəsi, daha dəqiq desək, ona olunan sui-qəsd səhnəsi, şahın qətli epizodu idi. Öz alaçığında yatarkən, gecə vaxtı sərkərdələri tərəfindən qətlə yetirilir. Bu sui-qəsd səhnəsində Xəyal Salahov bir daha özünün mükəmməl istedadını, aktyor əzəmətini meydana qoydu. Ölüm səhnəsinin mükəmməl ifası bayaqdan bəri bizdə özünə nifrət hissi oyadan, qüdrəti ilə dünyanı lərzəyə gətirən Nadir şahın ümidsizliyini meydana çıxarır və bir anın içində amansızlığı ilə bizi ovsunlayan qüdrətli sərkərdənin çarəsizliyinə seyirçini inandırır. İndi artıq seyirçinin Nadir şaha yazığı gəlir... Bu sui-qəsddə Nadir şahın insanı qorxuya salan fəryadını eşidən seyirçinin qəlbindən gizli bir sızıltı keçir... Axı nəticədə, Nadir şah da insandır! Seyirçi bütün bunlara inanır... Niyə? Ona görə ki, Xəyal Salahov obrazın ruh halının, daxili-psixoloji vəziyyətinin təsvirində, çatdırılmasında heç bir qüsura yol verməmişdi. Xəyal Salahovun Nadir şahı həm onun öz yaradıcılığında, həm də bu tamaşada yaradıcılıq qələbəsi idi... Bu qələbədən təsirlənən seyirçinin fikrindən yalnız və yalnız bunlar keçir: “Şəki səhnəsinin Nadir şahı məhz Xəyal Salahovdur!” – Beynindən bu fikirlər keçən seyirçi özü də bilmədən, bayaqdan bəri davam edən “müharibə”də məğlubiyyətə doğru yeni bir addım atırdı... Bu isə o demək idi ki, yaradıcı heyət bu “müharibə”də zəfərə doğru qətiyyətlə növbəti addımını atır...

Çələbi xanla Nadir şahın mübarizə xətti tamaşanın quruluşçu rejissoru Orxan Həmidli tərəfindən uğurla həll olunmuşdu. Rejissor fəndlərindən istifadə bu gərgin mübarizənin dramatizmini bir az da artırır, səhnə məlahətini, rəngarəngliyini özündə ehtiva edirdi. Ən gərgin, dramatik məqamlarda üz-üzə gələn bu iki qəhrəman – Çələbi xan (Rəhim Qocayev) və Nadir şah (Xəyal Salahov) seyirçinin həyəcanını, intizarını bir az da artırır, ona darıxmağa imkan vermir, az qala hər jestə, addıma kirpik çalmadan baxmağa sövq edirdi. Tamaşa boyu bu mübarizə xətti inkişaf edir, seyirçi marağının alov dillərinin öləziməsinə imkan vermir, əksinə, daha da hiddətlənməsinə şərait yaradırdı. Bu da təbii ki, yaradıcı heyət üçün müsbət hal – “müharibə”də qələbəyə doğru növbəti inamlı və uğurlu addım idi... Bu cür inamlı addımlarla yaradıcı heyət seyirçi ilə “müharibə”də zəfər nöqtəsinə doğru yorulmadan irəliləyir, hər an daha da yaxınlaşırdı.

Nadir şahın xəyanət – sui-qəsd nəticəsində öldürülməsi – Nadir şahın ölüm səhnəsində aktyor oyunu tamaşanın ən uğurlu səhnələrindən biri kimi dəyərləndirilməlidir. Bu səhnədə Xəyal Salahovun psixoloji yüklü aktyor oyunu birbaşa seyirçinin ruhuna sirayət edirdi. Personajın qəzəbi, nifrəti, amansızlığı pik nöqtədə idi bu məqamda. Həmin səhnənin dramatizmi – gərgin emosional, psixoloji vəziyyəti – Nadir şahın qəzəbi, nifrəti, amansızlığı, baxışlardakı qətiyyət... – bütün bunlar obrazın ruh halının, psixoloji vəziyyətinin düzgün təsviri, aktyor oyunu, seyirçiyə çatdırılması “tamaşa” adlı bu şəbəkədə ustalıqla, məharətlə işlənmiş ən dolğun naxışlardandır. Nadir şah personajı üçün final səhnə məhz bu sui-qəsd – ölüm səhnəsidir. Xəyal Salahov bu səhnə ilə “döyüş meydanı”nda növbəti uğurlu gedişini etdi və qarşı tərəfi növbəti dəfə mat vəziyyətinə salmağı bacardı. Bu da “müharibə”də qələbəyə doğru növbəti uğurlu addım... Bu cür addımlarla yaradıcı heyət üçün qələbənin qaçılmaz olduğu bir daha öz təsdiqini tapırdı, lakin hələ tələsmək olmazdı... Bəzən müharibələrdə bir anın içində hər şey dəyişə bilər... Odur ki, tam qələbə elan etmək hələ tezdir, gözləmək lazımdır, bir az da gözləmək lazımdır...

Tamaşada Nadir şahın ölümündən sonra yerli camaatın Çələbi xana olan inamı, dəstəyi onu bir az da ruhlandırır, qələbədən-qələbəyə aparırdı. Nadir şah kimi qüdrətli hökmdarın elçisinə rədd cavabı verən, “Təslim ol!” əmrinə məhəl qoymayan Çələbi xan xalqın dəstəyi nəticəsində Nadir şahın “Şəkini qan gölünə çevirin!” əmri ilə başlayan həlledici döyüşdə qələbə qazanır və bu qələbəni Şəki qalasında xalqla birgə qeyd edir. Bayram təntənəsində verilən Şəkiyə məxsus bayram estetikasında hazırlanmış rəqs nömrəsi (rəqsin quruluşu Çingiz Novruzəliyevə məxsusdur) qədim Şəkinin ab-havasını yaratmaqda bədii cəhətdən uğurlu tapıntı idi.  

Tamaşada xüsusi diqqət cəlb edən aktyor oyunlarından biri də Şəki Dövlət Dram Teatrının istedadlı aktrisası Lalə Məmmədin Bəyimxanım obrazındakı uğurlu çıxışı idi. Hacı Çələbinin həyat yoldaşı olan bu personajı Lalə Məmməd yüksək ustalıq, peşəkarcasına ifa edərək, öz bioqrafiyasında uğurlu rollar sırasına yazmağı bacardı. Aktrisa öz oyununda qadın psixologiyasının ən xırda nüanslarını belə, gözdən qaçırmamışdı. Hacı Çələbiyə sədaqətli həyat yoldaşı, həyat yollarında vəfalı həmdəm olması, hər yeni yolun başlanğıcında öz xeyir-duası ilə ona ruh verməsi, sədaqətli Azərbaycan xanımı xarakterində yüksək səviyyəli çıxışı tamaşaya ayrıca rəng qatır və bu rəng özünəməxsusluğu ilə diqqət cəlb edirdi. Obrazın daxili yaşantıları – sevinci, kədəri, əzabı, intizarı... bütün bunlar Lalə Məmmədin məharətli aktyor oyununda özünü göstərirdi.

Bəyimxanım sədaqətli həyat yoldaşı olmaqla yanaşı, eyni zamanda, ANA idi! Bu, personajın oyununda nümayiş olunması zəruri olan ikinci əsas xətt idi. Bəyimxanım həm də əsl ANA obrazıdır. Bu isə obrazın daxili-psixoloji yükünü bir az da ağırlaşdırır və həmin obrazı canlandıran aktrisadan yüksək peşəkarlıq tələb edir. Bu mənada da Lalə Məmməd obrazın öhdəsindən layiqincə gəlməyi bacarmışdı. Bəyimxanımın bir ana kimi xarakterinin açılmasına bilavasitə xidmət edən səhnə oğlu Həsənağanın (İlkin Rüstəmov) ölüm səhnəsi – daha dəqiq desək, cənazəsi başında olan epizod idi. Oğlunun cənazəsi önündə ana fəryadı seyirçinin ürəyini göynətməyə, sızlatmaya, bir az da dərinə getsək, parçalamaya bilməzdi... Çünki bu fəryaddan səhnə lərzəyə gəlirdi... Sanki, ürəyimizin dərinliyində hansısa bir nöqtədə qüvvətli silkələnmə - zəlzələ baş verirdi. Bu fəryadı eşidənlərin qəlbinin dərinliklərində hisslər, duyğular burulğanı tüğyan qoparır, insan ruhu bu burulğanın təsirindən lərzəyə gəlir, yer yerindən oynayırdı. Bunu yaradan aktrisanın oyunundakı səmimiyyət idi. Bu səhnə bir ana kimi Bəyimxanım personajının daxili-psixoloji qatlarının açılmasına xidmət edirdi. Bəyimxanımın fəryadı seyirçinin qəlbini göyüm-göyüm göynədir, ona yerində dinc dayanmağa imkan vermirdi – narahat, nigaran saxlayırdı... Seyirçi Lalə Məmmədin peşəkar oyunu nəticəsində qəhərlənmişdi, ürəyinin dərinliyində hansısa nöqtədə özünün belə, dərk edə bilmədiyi bir sızıltı, bir göynərti baş qaldırmışdı... Sadaladığım bu narahatlıq, nigaranlıq, sızıltı, göynərdi aktrisanın (yaradıcı heyətin) qələbəyə doğru növbəti uğurlu addımı idi... Yenə də məğlub olmuşdu seyirçi...

Tamaşada Azərbaycan tarixinin qara ləkəsi olan, digər xanlar tərəfindən Çələbi xana qarşı hazırlanan “Qızılqaya xəyanəti” də göstərilirdi. Çələbi xanın birləşmək, vahid dövlət yaratmaq təklifini təəssüflər olsun ki, düzgün qiymətləndirə bilməmişdi Azərbaycan xanları... Heydərqulu xan (Əməkdar artist Akif Yusifov), Kazım xan (Fərahim Fətəliyev), Şahverdi xan (Pərviz İsmayılov), Pənahəli xan (Orxan Həmidli) Hacı Çələbiyə qarşı birləşərək, Şəki xanının vahid Azərbaycan arzusunu, birləşmək təklifini düzgün qiymətləndirməməsi nəticəsində, Qızılqayada ona xəyanət etdilər. Və bu xəyanət Vahid Azərbaycan fikrinə qarşı vətənin köksünə amansız xəncər zərbəsi kimi sancıldı... Yaranan ümid növbəti dəfə yarımçıq qırıldı... İtirən Vətən, qazanan isə Vətənimizin xain düşmənləri oldu... Təəssüf!.. Bəli, təəssüf!.. Amma təəssüflənsək də bu oldu!

“Çələbi xan” tamaşasının uğurlu alınmasının başlıca səbəblərindən biri yaradıcı heyətin bir komanda şəklində birləşərək, bir amal uğrunda çalışmasıdır. Həm rejissor (Orxan Həmidli), həm rəssam (Sahib Əhmədov), həm bəstəkar (Sərdar Fərəcov), həm geyim işi (Günel Məmmədli), həm rəqslərin quruluşu (Çingiz Novruzəliyev), həm də aktyor heyəti bir vəhdət təşkil edirdi.

Aktyor heyətinin rejissor tərəfindən düzgün seçilməsi artıq ilk böyük uğur idi. Rol bölgüsünə və Şəki teatrının aktyor heyətinə nəzər yetirəndə, mənim beynimdən yalnız bir fikir keçir: “Rol bölgüsü başqa cür necə ola bilərdi ki?!” Gəlin, personajlar və ifaçıları daha dəqiq xatırlayaq, xatırlayaq, onda əminəm ki, mənim dediklərimin həqiqət olduğunu təsdiq edənlər çox olacaq...

Çələbi xan – Rəhim Qocayev (Əməkdar artist), Nadir şah – Xəyal Salahov, Şeyxəli – Aydın Əlibalayev, Bəyimxanım – Lalə Məmməd, Həsənağa – İlkin Rüstəmov, Ağakişi – Rəşid Mirizadə, Mirzə Mehdi – Rəşad Rüstəmov, Xatabala – Qurban Rəsulov, Fərrux kişi – Çingiz Novruzəliyev, Heydərqulu xan – Akif Yusifov (Əməkdar artist), Kazım xan – Fərahim Fətəliyev, Şahverdi xan – Pərviz İsmayılov, Pənahəli xan – Orxan Həmidli, Həsənqulu – Elvin Mabudov, Rzaqulu – Rəsul Məmmədrəhimov.

Kütləvi səhnələrdə Fidan Lətifova, Günay Novruzəliyeva, Nuranə Mirzəliyeva, Nərmin Nəbiyeva, Azad Məmmədov və başqaları iştirak etmişdir.

Tamaşa boyu enib-ucalan, dalğavari inkişaf xəttində – gah gərgin, gah dramatik, gah lirik, gah da ki, həssas məqamlarda bəstəkar, Xalq artisti Sərdar Fərəcovun musiqisi bu gərginliyin, dramatizmin, lirizmin, həssaslığın bədiiləşməsinə öz möhürünü vururdu.

Bütün bu sadalananlarla bərabər, bayaqdan bəridir yaradıcı heyətlə seyirçi arasındakı “döyüş” son dərəcə gərgin atmosferdə davam edirdi. İki cəbhədən heç biri geri çəkilmək istəmir, “müharibə”nin sonunda məğlub tərəf kimi xatırlanmaq niyyətində deyildilər – gərginliyi də yaradan məhz bu yanaşma idi. Amma bu gərginlik hər iki tərəf üçün xoş idi... Tərəflər sonluq haqqında düşünmürdülər... Onlar düşünmürdülər, lakin... Deyəsən, yavaş-yavaş sona doğru yaxınlaşırdıq... Bəli, artıq sona – “müharibə”nin nəticəsinin elan olunmağına lap az qalmışdı, bunu səhnədə gedən epizod deyirdi... Çələbi xanın ölüm səhnəsi... Hacı Çələbinin cansız bədəni səhnədə idi... Kədər hopmuşdu ürəklərə, nisgil oxunurdu baxışlardan... Amma yox... Siz bir işə baxın... Hacı Çələbinin cansız bədənində - yumulmuş gözlərində, solğun üzündə, soyumuş cismində qəribə bir əzəmət, zəhm vardı... Ölüm belə, o zəhmi, əzəməti, müdrikliyi Hacı Çələbidən qopara bilməmişdi, o zəhmin, qüdrətin qarşısında ölüm belə, aciz qalmışdı. Hacı Çələbi müdrikliyi ölümə diz çökdürmüş, onu məğlub eləmişdi... Onun ölümü ölümün özünə şərəf gətirmişdi. Sanki, ölüm sevinirdi, ölüm sevinirdi ki, onun Hacı Çələbi müdrikliyi kimi sakini var. Nəhayət, Hacı Çələbi ölümlə görüşdü... Bu görüş ölümün özü üçün fəxarət idi, fəxr edirdi ki, Hacı Çələbi ilə görüşüb, onunla üz-üzə dayanmaq şərəfinə nail olmuşdu. Ölüm Hacı Çələbinin məğrur, əyilməz ruhu önündə təzim edirdi... Bu məğrur ruh yer üzündən ayrılıb, əbədiyyətə doğru uçurdu... Məğrur ruhun əbədiyyətə uçuşu öz əzəməti ilə yeri-göyü lərzəyə gətirmək qüdrətində idi və gətirirdi də... Vətəni uğrunda öz ömrünü fəda edən məğrur sərkərdənin – Çələbi xanın demək istədiyi son kəlmələri Ağakişi səsləndirirdi: “... Təki sevdiyimiz Vətən var olsun!” – nidası Hacı Çələbinin əsl qəhrəman olduğunu bir daha özündə əks etdirirdi...

Tamaşa məhz bu misra ilə bitdi...

Hacı Çələbi xan haqqında tamaşanın son sözləri – finalı bundan gözəl necə bitə bilərdi axı?! Bu misra Hacı Çələbini bütün Azərbaycan xalqının qəlbinə həkk edir və onun əbədi varlığını bir daha təsdiqləyirdi.

Tamaşanın sonunda seyirçilərin qəlbində Hacı Çələbi xan adlı əbədi sarsılmaz, yenilməz bir abidə ucaldı!

... Və budur, döyüş bitdi... Bir cəbhədə seyirçi, bir cəbhədə isə yaradıcı heyət olan “müharibə”nin son akkordu səsləndi... Cəbhələrdən biri – seyirçi sürəkli alqışlayırdı... Coşğun alqış səsləri, təbrik nidaları susmaq bilmirdi... Seyirçi bu alqışlarla öz məğlubiyyətini, qarşı cəbhəninsə, bu “müharibə”dəki qələbəsini qeyd edirdi... Bu məğlubiyyətdən məmnun görünürdü seyirçi. Ona görə ki, bu qələbə təkcə səhnədəki aktyor heyətinin, Şəki Dövlət Dram Teatrının yox, ümumilikdə Azərbaycan teatrının, Azərbaycan mədəniyyətinin qələbəsi idi... Azərbaycanlı olub da bu qələbəni alqışlamamaq, qeyd etməməksə, mümkün deyil!.. Belə olan halda, bu, həm də seyirçinin qələbəsi idi!.. Bundan da belə nəticə çıxarmaq olur ki, deməli, bu “müharibə”nin məğlub tərəfi yox idi...

... Beləliklə, Hacı Çələbi xan uzun illərdən, əsrlərdən sonra doğma yurduna – Şəkiyə qayıdış yürüşünə başladı və “geri qayıtdı...”

          Yox, əslində, O, həmişə burada idi, bizimlə idi... Nə qədər ki, biz varıq, nə qədər ki, Şəki var, həmişə də bizimlə olacaq... Şəki üçün, bizə əmanət qoyub getdiyi məğrur, əyilməz, sarsılmaz, yenilməz ruh üçün Çələbi xana həmişə rəhmət oxuyacağıq... Onu unutmadığımız, rəhmətlə xatırladığımız üçün ulu babamız Hacı Çələbinin ruhu şaddır və bu şad, xoşbəxt ruh hər zaman Şəkinin başı üzərində olacaq, zamanın hər çağında öz qətiyyəti ilə bizə kömək olub, bizi qoruyacaq... Biz bunu bilirik! Biz buna inanırıq! Bütün şəkililər, Şəki buna inanır! Buna Azərbaycan inanır! O taylı-bu taylı Azərbaycan!... Dərbənddən Təbrizəcən, İrəvandan Borçalıyacan böyük, vahid Azərbaycan Hacı Çələbi xan kimi mərd oğlu ilə qürur duyur və inanır ki, bu cür məğrur sərkərdənin qanından, canından olan vətən oğulları Qarabağı azad etdikləritək gün gələcək Təbrizi də, İrəvanı da, Dərbəndi də, Borçalını da azad edəcək və Şəki hakiminin timsalında bütün narahat ruhları şad edib, onları bizə miras qoyub getdikləri o taylı-bu taylı VAHİD AZƏRBAYCANdan salamlayacaqlar... O gün uzaq deyil... Yaxındadır... Lap yaxında... Hələlik məndən bu qədər... Vahid Azərbaycanda görüşənədək...

 

20 İyun - 20 İyul 2023

Şəki

Load Time (S) : 0.005554