Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru Əliyar Əliyevlə müsahibə
– Əliyar bəy, bu yaxınlarda Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edildiniz. Teatrın kollektivi sizdə hansı təəssüratları yaratdı?
Teatrın kollektivində istedadlı insanlar var. Onların yaradıcılıq həvəsi, həqiqətən, çox böyükdür. Təəssüf ki, aralarında ali savadlı kadr yoxdur. Amma zamanla bunu yoluna qoymaq olar. Yaxşı olardı ki, biz onların öz ixtisasları üzrə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almalarına şərait yaradaq, ya da onlar üçün xüsusi master-klaslar təşkil edək. Amma mən, istənilən halda, kollektivin yaradıcılığa olan həvəs və istəyini açıq şəkildə görürəm. Bunu görmək mənim üçün çox xoşdur.
– Aktyor heyətinin teatr sənətinə yanaşması və bu sənət ilə bağlı istəkləri nədən ibarətdir?
Bu barədə dəqiq bir fikir demək çətindir. Əsas odur ki, onlar teatrı sevirlər və sənət uğurları qazanmaq istəyirlər. Mən də çalışıram ki, onların bu sevgisini və istəyini professional səviyyəyə gətirib, müəyyən bir sənət meyarına çatdıra bilim.
– Qusar Dövlət Ləzgi Dram Teatrının ümumi vəziyyəti necədir? Həll edilməsi vacib olan poblemlər hansılardır?
Bu teatr, bölgənin yeganə teatrıdır. Teatrımızın spesifik planına uyğun olaraq, burada Azərbaycan, rus və ləzgi dillərində tamaşalar oynanılır. Hazırda, dediyim kimi, aktyorların təhsili ilə bağlı ciddi problemimiz var. Yaradıcı kollektivi formalaşdırmaq lazımdır. Digər tərəfdən, tamaşaçı problemi də bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, önəmli məsələdir. Biz, mütəmadi olaraq, yeni tamaşaları nəzərdən keçirməliyik. Çünki biz teatrı hələ də gündəlik həyat tərzimizə çevirə bilməmişik. İstəyirəm ki, yeni mövsümdən sonra həftəlik yeni tamaşalarımız olsun. Bu tamaşalar bölgəyə yayılsın. Bunu həyata keçirmək üçün sənət adamlarının, müəllimlərin, ümumiyyətlə, ziyalı insanların teatrla əlaqəsini genişləndirməyə çalışıram.
– Repertuarınızda hansı tamaşalar var?
Hazırda repertuarımızda bircə uşaq tamaşası var. Onu da yenicə təhvil aldım. Yəni, bu o deməkdir ki, biz hər şeyi sıfırdan başlamalıyıq.
– Repertuar planında nə kimi yeniliklər gözlənilir?
Tamaşaların az olması məni narahat edir. Biz ən azından şənbə və bazar günləri üçün müxtəlif tamaşalar oynamaq niyyətindəyik. Yəni, səhər uşaqlar, axşam isə böyüklər üçün olan tamaşalar. Həm Azərbaycan, həm də dünya klassikası əsasında hazırlanmış tamaşalar olacaq. Həmçinin teatrımızda uşaq tamaşalarına da xüsusi önəm veriləcək.
– Hansı pyeslər üzərində işləyirsiniz?
Bunun üçün nəzərdə tutulan bir çox pyesləri oxumuşam. Repertuarı isə onların arasından seçib, təyin etməliyəm. Çünki repertuar siyasətini yenidən qurmalıyam. İndi, Elçin Hüseynbəylinin “Qaçaq qocalar” pyesi üzərində işləyirəm.
– Yeni tamaşalarınız nə vaxt hazır olacaq?
Bu barədə dəqiq məlumat demək çətindir. Çünki hazırda işlər davam edir. Buna baxmayaraq, yeni mövsüm üçün nəzərdə tutulan tamaşaların bəzilərini dəqiqləşdirmişəm. Məsələn, yeni mövsümdə Mirzə Fətəli Axundzadə və Nəcəf bəy Vəzirov kimi klassiklərimizə müraciət etmək niyyətindəyəm.
– Teatra hansı yenilikləri gətirmək arzusundasınız?
Məncə, teatr insanların arxasınca düşməməlidir. Teatr insanları öz arxasınca aparmalıdır! Sənətlə məşğul olan insan, öz mənini ortaya qoymalı və hər kəsin diqqətini çəkməyi bacarmalıdır. Mən bir çox beynəlxalq nüfüza malik teatrlarda olmuşam. İndiki dövrdə səhnədə hansısa ictimai-sosial problemi işıqlandırmaq o qədər də aktual deyil. İndi dünya teatrları qlobal problemlər üzərində işləyirlər. Mən çox istərdim ki, bizim teatr sənətinə yanaşmamız məhz bu istiqamətdə olsun. Əgər bunu edə bilsək, həqiqətən də, böyük iş görmüş olarıq.
– Hansı layihələr üzərində işləməyi düşünürsünüz?
Layihələrimiz var. Məsələn, bu yaxınlarda Dərbəndə getməliyik. Oradan təklif almışıq. Əlimizdə olan imkanlardan istifadə etməliyik. Çünki teatr, həm də qastrol səfərləri ilə yaşayır.
– Teatrın yaradıcılıq potensialını hansı mövqedə görməyi hədəfləyirsiniz?
Teatrımızın yaradıcılıq səviyyəsinin güclü olması üçün, yaradıcı düşüncəmizi inkişaf etdirməliyik. Yəni bizim sənətə olan yanaşmamız dəyişməlidir. İstər Sartrı tamaşaya qoyaq, istərsə də İbseni, fərq etməz. Əsas odur ki, yaradıcı heyətin inkişafını təmin edə bilək. Məsələn, bir vaxtlar tamaşaçılar sırf Fuad Poladovun yaradıcılığını izləmək üçün teatra gəlirdilər. Teatr muzey kimi olmalıdır. Yəni, heç vaxt köhnəlməməlidir. Əvvəlcə biz aktyor heyətinin yaradıcılıq imkanlarını istənilən səviyyəyə gətirməliyik. Tək Qusarda yox, Bakıda da eyni problem var. Anşlaq varmı, Bakıda? Əlbəttə ki, yoxdur. Bəzi həmkarlarım mənimlə razı olmasa da, bizim ciddi şəkildə tamaşaçı problemimiz var. Bakıda kifayət qədər məktəb və universitet var, amma yenə də anşlaq yarada bilmirik. Tamaşaçı auditoriyasını yaratmaq, mənim üçün ən vacib hədəfdir.
Cavanşir Qasımov
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Verilən məlumata görə teatr "Birinci B...
Gənc Tamaşaçılar Teatrının səhnəsində vətən müharibəsinə həsr edilən “Balaca kişilər” tamaşasının premyerası olacaq.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, tamaşa, 27-28 may tari...
Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru Əliyar Əliyevlə müsahibə
– Əliyar bəy, bu yaxınlarda Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edildiniz. Teatrın kollektivi sizdə hansı təəssüra...
“İnklüziv” termini latıncadan “daxil edirəm” mənasını verən “include” sözündən götürülüb. Daha sonra həmin termin fransızlar tərəfindən dilimizə “özünə daxil edən&...
Avstriya Akademik Burq Teatrında “Kremator” tamaşasının premyerası olacaq. Premyera oktyabr ayının 13-ü yerli vaxtla saat 20:00-da baş tutacaq. Tamaşanın rejissoru Nikolaus Habjan, bəstəkarı Klaus von Heydenaber, səhnə tərtibat&ccedi...
Human Teatrının direktoru Şamil İbrahimov ilə müsahibə
Şamil İbrahimov kimdir… aktyor, rejissor, yoxsa teatr rəhbəri?
Şamil aktyordur. Teatrı idarə etsəm də bu, gerçəyi dəyişə bilməz. Əslində, fərq eləmir,...
1989-cu ildən bəri mütəmadi olaraq gənc dramaturqların festivalı kimi keçiriliən “Lyubimovka” builki proqramını açıq elan edib. Lyubimovka Teatr Festivalının rəsmi saytından aldığımız məlumata görə, açılşı S...
“Sankt-Peterburq Opera” Teatrının mətbuat xidmətindən verilən məlumata görə, 16-17 iyul tarixlərində Rusiyanın Xalq Artisti Yuri Aleksandrovun quruluşunda, Vinçenço Bellininin “Norma” operasının premyerası o...
Moskvada Çexov Festivalı çərçivəsində Fransız şirkəti “Paul en Seine” və baletmeyster Murad Merzukinin “Folia” tamaşası nümayiş olunub. “Folia” portuqal dilindən tərcümədə “dəli...
Bu il 6-17 iyul aralığında keçiriləcək 74-cü Kann Film Festivalının münsiflər heyətinin və müsabiqədə iştirak edəcək filmlərin siyahısı açıqlanıb. Spike Lee-nin başçılıq etdiyi həmin siyahıda bir çox tanınmı...