TEATRO

TEATRO

sənət portalı

post-title

Əli Hacılı - Urbanzasiya və teatr

Şəhər – məkanın xüsusi təşkili, xüsusi cəmiyyət, həmçinin müxtəlif icmaların, alt mədəniyyətlərin, siyasi adminstrativ, iqtisadi həyatın birləşməsidir. Şəhər həmişə mədəniyyətin dolğun təcəssümü olub və olaraq da qalacaq. Şəhərin çoxfunksiyalılığı onun problemlərini şərtləndirir. “Bütün yollar şəhərə aparır” deyimi var, yəni şəhərlər görüş yeridir, magistral yollarına, xətlərin birləşdiyi, düyünləndiyi yerdir. Bu xətlərlə iqtisadi-sosial problemlərlə bərabər, müxtəlif güc mərkəzləri, insan maraqları da birləşir. İllər ötdükcə şəhər insan fəaliyyətinin, müxtəlif peşələrin, maddi və mənəvi mədəniyyətin, elmi-tədqiqat obyektlərinin mərkəzinə dönür. 

Şəhər anlayışı özündə müxtəlif tərəfləri – sosial, mədəni, semiotik, sinergetik anlayışları birləşdirir. Mədəni yanaşma sərbəst, bərabərhüquqlu insanlar, həmçinin insanları birləşdirən şəhər mərkəzi anlamına gəlir. Şəhərlərin güc toplayaraq mənəvi-mədəni, siyasi mərkəz kimi, həm də sosial-iqtisadi cəhətdən formalaşması üçün illər keçib. Kulturoloqların rəyinə görə, şəhər həyatının əsas xüsusiyyəti birgə fəaliyyətin konsentrasiyası, böyük olmayan ərazilərdə əhalinin müəyyən zaman və məkan çərçivəsində intensiv ünsiyyəti ilə müşahidə olunur. 

Azərbaycanda urbanizasiya prosesi 1870-ci illərdə «neft bumu» dövrünə təsadüf edir. Məhz o dövrdən başlayaraq ölkədə «şəhərləşmə» prosesi böyük vüsət almış, şəhərlərin sayı və əhalisi durmadan artmışdır. Məskunlaşmanın mütərəqqi mərhələsi olan urbanizasiya bir çox iqtisadi və sosioloji əlaqələrə malikdir. Urbanizasiyanın inkişafı məhsuldar qüvvələrin yüksəlişi, məskunlaşmanın formalaşması ilə yanaşı, yaşayış məntəqələrinin funksional inkişafı ilə də bağlıdır. Urbanizasiya müəyyən tarixi mərhələlərdə, cəmiyyətin inkişafı ilə bağlı olub şəhər mühitini formalaşdırır.

Azərbaycanda teatr prosesi həvəskar formada XIX əsrin ortalarından başlasa da XIX əsrin üçüncü rübündən etibarən ölkəmizin böyük şəhərlərində intensivləşməyə başladı. Müxtəlif şəhərlərdən paytaxta edilən köç nəticəsində Bakıda teatr prosesi XX əsrin əvvəllərində mütəşəkkil hal alaraq, yüksək mərhələsi qalxdı. Teatr dəstələri artıq truppaya çevrilməyə başlamışdı. Bu dəstələrdən yaranmış truppaların bəziləri müstəqil teatr kimi, bəziləri də xeyriyyə cəmiyyətlərinin nəzdində fəaliyyət göstərirdi.

Maariflənmə və bədii-estetik zövqün formalaşmasında böyük pay sahibi olacaq teatrın inkişafı üçün maddi problemlər müəyyən çətinliklər yaradırdı. Bu çətinliklərə baxmayaraq, teatr fədailəri kirayə götürdkləri binalarda tamaşa göstərməyə davam edirdilər. Beləliklə, milli  mədəniyyətimizin inkişafında mühüm rol oynayan teatr sənəti zaman-zaman insanların ideya, bədii-estetik tərbiyəsinə böyük təsir göstərdi.

Şəhərlə teatrın qarşılıqlı əlaqəsinə bir mədəni məkanın yaranması prosesi kimi baxaq. Mədəni məkan dedikdə institutlardan tutmuş, muzeylərə, kitabxanalara qədər göz önünə gəlir. Amma bəllidir ki, bu mədəni məkanda teatrın yeri xüsusidir. Bu mənada teatrın cəmiyyətdəki rolu qarşılıqlı sosial və mədəni əlaqələr baxımından araşdırılmalıdır. Yəni teatrın cəmiyyətə, cəmiyyətin də teatra təsiri müstəvisində. Bu hələ İntibah dövründən diqqət mərkəzində olan bir məsələdir. 

O zamanlar teatr insanlar üçün sanki bir rupor idi. XIX əsrdə teatr intelligentlərin əsas məkanı idi. Anton Pavloviç Çexov hesab edirdi ki, teatrı olan rus şəhəri vətəndaşını tam mənada dəyişir. Teatr mühitində geniş yayılmış bir fikir də mövcuddu: demokratik düşüncələr və liderlər əvvəlcə səhnədə və kulis arxasında yaranır, daha sonra cəmiyyət həyatına daxil olur.

Ancaq müasir cəmiyyətdə, başqa sözlə ifadə etsək, mobil cəmiyyətdə teatr publikasını gündəlik televiziya verilişləri, seriallar və sosial şəbəkə istifadəçiləri ilə müqayisə edə bilmərik. Bu hələ paytaxtda belədir, kiçik şəhərlərdə isə teatr auditoriyası kəmiyyətlə yanaşı, keyfiyyətinə görə də xeyli geridədir. Məsələnin kökünə varanda ən qabarıq görünən o olur ki, orta statistik şəhər sakinin yüksək ideyalarla maraqlanmaq, teatra bir məbəd kimi üz tutub oradan yüksək estetik tərbiyə ilə qayıtmaq təlabatı çox aşağıdır. Bu, əhalinin müəyyən bir sferasını əhatə edir. Lakin dövrlər olub ki, kəndlərdən insanlar bəlli elitar bir zümrənin nümayəndələri ilə münasibət üçün şəhərə, teatra üz tutub.

Böyük şəhərlərdə olduğu kimi, kiçik və orta şəhərlərdə də mədəniyyətin kommersiyalaşması baş verir, əhalinin ümumi mədəni səviyyəsinin azalması müşahidə olunur. Bu da teatr sənətinin orient və parametrlərinin məzmununun dəyişilməsinə, tamaşanın xüsusi istehlak məhsuluna çevrilməsinə səbəb olur. 

“Kiçik şəhərin tarixi təkamülü, coğrafi mövqeyi, mərkəzdən uzaqlığı özünəməxsus izolyasiyaya, xüsusi mikroiqlimin formalaşdırılmasına səbəb olur. Bu mikroiqlim üçün bir tərəfdən yeniliyə, müstəqilliyə can atmaq, digər tərəfdənsə arxaiklik, konservativlik, yeni ənənələrin gec qəbul olunması xarakterikdir. Kiçik şəhərlərdə teatrın konkurenti yoxdur (və yaxud azdır). Buna görə də kiçik şəhərin sakinləri üçün teatr çox əhəmiyyətlidir və bu faktdan maksimum yararlanmaq olar”.

Hər bir teatrın yaradıcı fəaliyyətinin sistemli analizi göstərir ki, istənilən teatrın necəliyi yarandığı və formalaşdığı məkanın - şəhərin, yaxud əyalətin sosial və mədəni mühiti ilə bilavasitə əlaqəlidir. Kiçik və orta şəhərlərdə teatr prosesini şəhərin konkret sosiokulturoloji portreti fonunda araşdırmaq lazım gəlir. Çünki belə teatrların simasına xas olan fərdi xüsusiyyətlər şəhərin diktəsi ilə yaranır. Teatr, heç şəksiz, şəhərin mədəni həyatının ayrılmaz tərkib hissəsidir, hətta bəzi şəhərlərdə bu mədəni həyatın özəyidir. 

Teatr mədəniyyətlərin, monoloqların, sözlərin, rəftarların kəsişdiyi nöqtədir. Səhnə cəmiyyətdəki flüidləri özünə hopduran lakmus kağızı kimi bir şeydir. Obraz məhz bu kağızın üzərində flüidlərin bir-birinə qarışdığı məqamda meydana gəlir. Toplumun vətəndaşının ruhsal ovqatı haqqında bu obraz hər şeyi danışmağa qadirdir. İstər mənfi, istər müsbət bədii obraz eyni səlahiyyətlərlə, eyni hüquqlarla xalqı və insanlığı təmsil edir. Bu baxımdan səhnə güzgüsü elə bir şeydir ki, orada bütöv bir toplum özünə baxa bilər, özünü görə bilər, özünü tanıya bilər.
 

Load Time (S) : 0.005640