TEATRO

TEATRO

sənət portalı

post-title

Əli Hacılı - Teatr: təsir və əks təsir

 

Teatr öz canlılığı ilə insana və həyata həmişə yaxın olub və həyatı həm pisi, həm yaxşısı ilə əks etdirməyə çalışıb. Ona görə də teatr həyatdan realistcəsinə danışmalı və həyati mövzulara müraciət etməlidir. Dramaturgiya yalnız tamaşaya çevrildikdən sonra sosial hekayə olaraq cəmiyyətin maraqlarını təmin etmək funksiyasını yerinə yetirə bilir və məhz bu zaman “sosial dram”a çevrilir. Tənqidçilər isə bunu müəyyən bir forma kimi qəbul edirlər. Burada ən vacib məsələlərdən biri dramaturqun cəmiyyətdən alıb teatra ötürdüyü mesajın teatr tərəfindən cəmiyyətə - tamaşaçıya düzgün çatdırılmasıdır. Tənqidçilərin həssaslıqla yanaşdığı və onları ən çox narahat edən bir nüans da məhz budur. Rolan Bart “Müəllifin ölümü” essesində alıcını (resipiyenti) və ya oxucunu (oxu: tamaşaçını) ön plana çıxarırdı.

Dramaturq əsəri yazıb bitiribsə, məhsul artıq onun deyil. Burada teatrın əsas funksiyalarını xatırlamaq gərəkdir. Teatr, ilk növbədə, insanları əyləndirmək, zövq vermək üçün var olur. Eyni zamanda, teatr cəmiyyəti “narahat etməyə” (“tərpətməyə”) çalışır. Əlbəttə ki, bunlar istənilən janr vasitəsi ilə reallaşa bilər. Yəni biz komediyada həm əylənə, həm də cəmiyyətimizi narahat edən məsələləri, yaxud faciədə qəhrəmanın hansı sosial problemlərlə qarşılaşdığını, yeni ideyaları irəli sürüb, onu necə müdafiə etdiyini oxuya, eşidə, duya, yaxud da görə bilərik. Qəhrəmanın işi, bu mənada, çox çətindir. Çünki insanları yeni fikir, yeni ideya ətrafında toplamaq mürəkkəb məsələdir. Dramaturq sosiumu, cəmiyyətin düşüncəsini bir psixoloq kimi dinləməli, ona yarada biləcəyi cəmiyyəti, həyata keçirə biləcəyi arzuların açarını tapmaqda kömək etməyə çalışmalıdır. Cəmiyyəti gözardı edən yaradıcı şəxs əsl teatr adamı, əsl dramaturq ola bilməz. Tamaşaçılar məhz “onların adamı” olan, onların problemlərini bilən və ürək yanğısı ilə ortaya qoyan dramaturqları sevirlər.

Bu, bir daha onu göstərir ki, dramaturgiya qarşılıqlı sosial təsir üzərində qurulub. Bunun məntiqi davamı kimi teatrın funksionallığı da onun sosial dəyişikliklərə refleksiyası ilə birbaşa bağlı olur: cəmiyyətdəki problemləri qabartmaq, onların həlli yollarını axtarmaq.

Cəmiyyətin sosial-mədəni durumunda insanlararası münasibəti hansısa teatr tamaşasında olduğu kimi analiz edə və qiymətləndirə bilərik. Sosial dramaturgiya, insan davranışının öyrənilməsinə və gündəlik qarşılıqlı münasibətlərimizi tənzimləyən qaydalara diqqət yetirən mikro-sosioloji yanaşmadır.

Məşhur sosioloq İrvinq Hofman həyatın bir mərhələ olduğunu qeyd edirdi. O yazırdı: “Hər birimiz qarşılıqlı sosial fəaliyyətdə şüurlu və ya şüursuz olaraq konkret bir imic ortaya qoymağa, yəni, başqalarının bizi necə qəbul etməsini yönləndirməyə çalışırıq”. Hofmana görə, şəxsiyyətimiz daxili bir fenomen deyil, sosial statusumuz isə həyatımız boyu taxdığımız müxtəlif “maska”ların cəmidir.

Hofmanın yuxarıdakı fikrinə əsaslansaq, həm teatr aktyorlarının, həm də “ictimai aktyor”ların məramı eynidir: ətrafdakılarla qarşılıqlı əlaqələrində yaxşı təəssürat yaratmaq üçün dramatik (sosial) bacarıqlara və lazımi geyimlərə, rekvizitlərə sahib olmaq. Başqa sözlə, onların “oyun”u dolayısı ilə müəyyən bir şəraitdə (sosial mühitdə) necə hərəkət etməyi göstərir.

Sosial dramaturgiyada iki vacib element var: səhnə və kulis. Burada, səhnə öz imicimizi başqaları üçün proyeksiya etdirdiyimiz məkandır. Kulis isə bizim özəl həyatımızdır və bu da taxdığımız başqa maskalardan biridir.

Sosial dramaturgiya səhnə ilə kulis arasında necə hərəkət edildiyini göstərməkdən ibarətdir. Əlavə olaraq, bir geyimdən (maskadan) digərinə ustalıqla keçmək və hər zaman uyğun bir kostyuma sahib olmaq sosial uğur üçün vacib şərtdir. Bu mənada, oyun əsnasında necə davranacağını bilməyən aktyor heyət üçün təhlükəlidir.

Qarşılıqlı ünsiyyətdə olduğumuz zaman təəccüb, bəyənmə və ya istehzalı  şərhlərimiz, ifadələrimiz başqalarının bizim haqqımızda olan fikirlərini formalaşdırır. Bunun fərqində olduğundan, dediklərimizi idarə etməyə, jestlərimizi düşünməyə çalışır, reaksiyalarımızı izləyir və rollarımızı uyğunlaşmağa çalışdığımız mühitə əsasən müəyyənləşdiririk.

 

Load Time (S) : 0.006016