TEATRO

TEATRO

sənət portalı

post-title

Elçin Cəfərov - Onlayn nümayişlər hansı problemləri üzə çıxardı?

Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sosial izolyasiya işlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin və tamaşaların ləğv edildiyi zamanda teatrlarımız “Evdə qal” çağırışına qoşularaq, "Evdə qal, teatrsız qalma” adlı layihəyə başladılar. 

Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Akademik Musiqili Teatr, YUĞ Dövlət Teatrı, Kukla teatrı, İrəvan, Lənkəran, Şəki, Mingəçevir, Ağdam, Gəncə teatrları bu təşəbbüsə qoşularaq, virtual repertuar tərtib etdilər, tamaşaların internet resurslarında yayımına başladılar. TeatrO.az sənət portalı müxtəlif tamaşaların videolarını və teatr sənətinə dair məqalələrin yayımını daha da intensivləşdirdi. Kukla teatrının nəzdindəki “Oyuq” teatr studiyası Təhsil nazirliyi və Kulis.az saytı ilə birlikdə “Sənə nağıl danışım” adlı müsabiqəyə başladı. Bunun çox gözəl təşəbbüs olduğunu hesab edirəm və bu işin həyata keçməsində zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm. Bu təşəbbüs, eyni zamanda, teatrlarımızın bir sıra problemlərini aşkarladı. Əvvəla, bəlli oldu ki, teatrlarımız belə vəziyyətə hazırlıqsızdır. Teatrların İKT imkanlarından faydalanması da ürəkaçan səviyyədə deyil. Tamaşaların onlayn nümayişinin təşkilində buraxılan səhvlər göstərdi ki, bu məsələni, müəssisənin hər hansı “texnikadan bir az başı çıxan” əməkdaşına həvalə etməklə iş bitmir. Hər teatrda konkret olaraq, bu sahə üzrə işləyən səriştəli kadrlara ehtiyac var. Bizimkilər isə hələ onlayn tamaşa ilə tamaşanın onlayn, yaxud oflayn nümayişini, tamaşanın videoyazısının sosial şəbəkə hesablarında yerləşdirilməsini fərqləndirə bilmirlər. Bunun onlayn teatrla heç bir əlaqəsi yoxdur. Onlayn teatr tamam başqa bir məsələdir. Bunun üçün teatrlar məxsusi çəkiliş və yayım avadanlıqları ilə təchiz edilməli, tamaşa oynanılan zaman canlı şəkildə internet resurslarında yayımlanmalıdır. O səviyyəyə çatmağımıza hələ çox var, ona görə də, gəlin, hop deməyə tələsməyək. 

Ortaya çıxan daha bir problem tamaşaların videoçəkilişi ilə bağlıdır. Tamaşaların əksəriyyəti peşəkarlar tərəfindən və peşəkar kameralara çəkilməyib. Tək kamera ilə, ümumi planlı həvəskar çəkilişlər ancaq teatrın arxivində saxlanılmaq üçün yararlıdır. Belə videoyazıların ictimailəşdirilməsi və sosial şəbəkələrdə tamaşaçılara təqdim olunması bədii məhsulun keyfiyyətini 80-90 faiz aşağı salır. Bu addım ətraflı şəkildə düşünülərək atılmasa, əks effekt verər, tamaşaçı teatra tərəf gəlməkdənsə, ondan daha da incik düşə bilər. 

Və ən nəhayət, bilirəm ki, bu fikrim bəzi həmkarlarımızın xoşuna gəlməyəcək, amma həqiqət onların xətrindən daha əziz olduğu üçün deməliyəm ki, son hadisələr lakmus kağız kimi teatrlarımızın çox ciddi tamaşaçı problemi olduğunu üzə çıxardı. Tamaşaçı problemindən söz açarkən teatr rəsmiləri (və qeyri-rəsmiləri) “bizim teatrda tamaşaçı problem yoxdur” kimi optimist mövqedən çıxış edərək, opponentlərini susdurmağa çalışırlar. Ancaq “nəlbəkidə fırtına yaratmaqla” və gözə kül üfürərək kağız üzərində “tamaşaçı planını” doldurmaqla problem həll olunmur. Bax, o tamaşaların baxış sayı var ha, onlar bizim əsl tamaşaçılarımızın sayıdır. Zorla teatra gətirilən, zala doldurulan tamaşaçıların, xahiş-minnət, hədiyyə-hörmətlə müəssisələrə satılan biletlərin yox. Teatrlarımızın sosial şəbəkələrdə nümayiş etdirdiyi tamaşaların baxış sayı, orta hesabla 50-70 arasında dəyişir. Reach (paylaşımın göstərildiyi istifadəçilərin sayı), reaksiya (like, dislike, emoji, şərh, paylaşım və s.) və “post engagement”lə (paylaşımın ünsiyyət, yaxud cəlb olunma dərəcəsi) ilə bağlı da eyni vəziyyət müşahidə olunur. 

Təcrübə göstərdi ki, özəl teatrların virtual fəaliyyəti daha yaxşı təşkil olunub. Bu da təbiidir, çünki özəl teatrlar mövcud ola bilmək üçün PR işinə daha ciddi yanaşmağa məhkumdurlar. Dövlət tərəfindən dotasiya almadıqlarına görə özəl teatrların, demək olar ki, yeganə gəlir mənbəyi bilet satışıdır ki, bu da təbliğat işi olmadan mümkün deyil. Həm də, görünür, özəl teatrlara rəhbərlik edən insanların gənc olması və müasir texnologiyalardan daha yaxşı baş çıxarması da nəticəyə təsir edən amillərdəndir. Bu istiqamətdə ƏSA teatrının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Ölkənin yeganə inklüziv teatrı olaraq, ƏSA teatrı onsuz da, sosial əhəmiyyətinə görə, tamaşalarının bədii səviyyəsindən asılı olmayaraq, həmişə müəyyən qədər diqqət mərkəzindədir. Fiziki məhdudiyyətli insanları sənətə cəlb etmək təşəbbüsü cəmiyyət arasında bu teatrın müsbət imicinin formalaşmasına zəmin yaradıb. Ancaq sevindirici haldır ki, kollektiv təbliğat işinə xüsusi diqqət yetirir və bacardıqları qədər müxtəlif PR gedişlərindən, xüsusilə, sosial media marketinqindən istifadə edir. Tamaşaları haqqında məlumatları ödənişli reklama qoymaqla, daha geniş auditoriyanı cəlb edir. Karantin müddəti başlayandan bu yana teatrın sosial hesablarında paylaşılan videoların baxış sayı bunu deməyə əsas verir. 

Internet World Stats-ın məlumatına görə, 2020-ci ildə Azərbaycanda aktiv internet istifadəçilərinin sayı 7,9 milyona çatıb ki, bu da 79-80 faiz deməkdir. Ölkədə istifadə olunan internetin 39%-i kompüter və noutbuk vasitəsilə, 59%-i mobil telefon vasitəsilə, qalan hissəsi isə  planşet və digər cihazlar vasitəsilə istifadə edilib. Bu isə o deməkdir ki, tamaşalara baxış sayının əhalinin kompüterləşməməsi və internetləşməməsi ilə əlaqəsi yoxdur.

Təbii ki, burada çağdaş Azərbaycan teatrının iki bir-biri ilə bağlı fundamental problemi ortaya çıxır: tamaşaçı problem və PR. Tamaşaların videolarını sosial şəbəkələrdə yerləşdirməklə, linkləri “bayram təbrikləri” kimi dostluqda olan insanlarda göndərməklə iş aşmır. Mütləq teatrın həm real, həm də virtual məkandakı fəaliyyəti - facebook yayımları, youtube premyeraları sosial şəbəkələrdə reklam olunmalıdır. Sosial media marketinqi kiçik büdcə ilə böyük auditoriyaya tanınmağınıza və yeni tamaşaçılar cəlb etməyinizə kömək ola bilər. “Ads menecerlə” peşəkar şəkildə işləyə bilmək, SEO, CTR, CPC və ROİ kimi metrikalara nəzarət etmək, hədəf kütləsini dəqiq seçmək və lazımi məqamlarda dəyişikliklər etmək üçün SMM sahəsində təcrübəli kadr olmalıdır. Bu iş üçün müəyyən maliyyə vəsaitinin ayrılması və peşəkarların cəlb olunması vacibdir. 

Düşünürəm ki, kütləvi informasiya vasitələri də teatrın təbliği işinə daha həssas yanaşmalıdırlar. Televiziyalarda “tamaşayla teatr sözünü ayırd edə bilməyən” adamların teatr haqqında veriliş hazırlaması sənətin təbliğinə xidmət etmir. Yaxud 60-cı illərin ədası, köhnəlmiş televiziya estetikası, çəkiliş və montaj üsuları, bir sözlə arxaik yanaşma tərzi ilə, guya ki, teatrı təbliğ edən proqramlara baxanda mən küsürəm teatrdan, o ki qala sıravi tamaşaçı.

Load Time (S) : 0.006913