“Pillə” 3 tələbə tamaşalar festivalının üçüncü günü, günorta vaxtı festivalın yeni hoqqası başlayır: “Yay gecəsində yuxu”.
Pərdələr açılır, açılan kimi də iki fərqli qütbün yansıması görünür. Ağ və qara libasdakı bu iki personaj, mənə uzaq şərq fəlsəfəsində “yin və yang” elementlərini xatırladır. Əslində tamaşa boyu izləyəcəyimiz bu qütbləşmə - əksliklərin vəhdəti, elə tamaşanın janrından təkan götürərək yeriyir. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov “rok-ballada” janrını əsərin ümumi konsepsiyasına uyğun gələcəyini fikirləşərək janrı belə təyin edib. Bu janrla tamaşa, sanki zəlzələ effekti yaradır və klassik əsərə uyğun qəlibləşmiş klassik ideyanı dağıdaraq tamaşaçını silkələyir. Bu silkələnmə yuxu sistemini pozur: rok və ballada kimi elementləri bir araya gətirərək cəsarətli olduğunu göstərən rejissor, bununla da, tamaşaçını diqqətli olmağa çağırır.
“Yay gecəsində yuxu” tamaşasının məqsədinin yalnız festivalın “ən yaxşı tamaşa”-sı mükafatını qazanmaq olduğunu düşünmürəm. Hətta demək mümkündür ki, bu tamaşa Azərbaycan teatr sferasında klassik əsərə olduğundan fərqli quruluş verilə biləcəyinin də bir göstəricisidir. Həmçinin, tamaşa bizə dramaturji materialın nə qədər keçmiş zamana aid olursa olsun, rejissor yozumunun, ideyasının necə bir dəyişikliyə səbəb olacağını göstərir. Və bu dəyişiklik Amazon kraliçası İppolitanın (Ləman Quliyeva) əlinə mikrofon götürərək rok janrında mahnı ifadə etməsi ilə başlayır.
Tamaşa ilk oxunu atır, statikləşmiş klassik obraz seyrçi gözü qarşısında pozulur və yeni libası əyninə geyinərək tamaşaçı fikrində öz yerini almış olur. Tamaşanın məhz bu səhnəsində beynimin bir hissəsində rejissor Stivan Malerin çəkdiyi “Hamlet 360” filmini xatırladım. Məhz bu film dünya səviyyəsində klassik əsərə verilmiş müasirlik elementlərini özündə daşıyan ən gözəl yozumlardan biri hesab edilir. “Yay gecəsidə yuxu” tamaşasında da müasir eksperimentallığın elementlərini gördüyüm zaman anladım ki, səhnədə bizə fərqli bir tamaşa təqdim etməyə çalışırlar. Fərəh hissi ilə tamaşanı daha maraqla seyr etməyə başladım. Nəyə görə fərəh? Çünki bu cür klassik əsərə belə bir quruluş vermək, böyük cəsarətin göstəricisidir.
Rejissor Mikayıl Mikayılovun yalnız cəsarətli deyil, eyni zamanda məntiqli addımlar atdığını tamaşada ilk növbədə musiqi seçimlərində görürük. Səslənən musiqilər tamaşanın tempo-ritmini dinamikləşdirərək, vahid tamaşa balansını qoruyur.
Bu əsər üçün musiqinin önəmi XIX əsrə dayanır. Belə ki, alman bəstəkarı Feliks Mendelson tərəfindən 1842-ci ildə bəstələnmiş “Toy marşı” məhz “Yay gecəsidə yuxu” əsəri üçündür. U.Şekspirin bu əsəri sevginin dəyişkənliyini, mürəkkəbliyini və anlaşılmazlığını hələ o dövrdə sevgi, sehr və yuxu üçbucağında göstərmiş olsa da, rejissor bu üçbucağı dağıdaraq rok, ballada və yuğ konsepsiyasından istifadə etmiş və tamaşanın süjetini üç xətt üzərində qurmağı bacarmışdır. Tamaşanın süjet xətti boyunca hadisələr Afinada, onun yaxınlığında yerləşən sehrli meşədə və kastinqdə baş verir. Məhz burada fikirlər, ideyalar əks olunmağa başlayır. Titaniya (Ləman Quliyeva) və Eşşək (Murad Fərzəliyev) – bu iki personaj arasında sevgi hissinin yaranması ilə sevginin necə anlaşılmaz olduğunu, həmçinin Helana (Firuzə İbrahimova), Hermiya (Fatimə Əliyeva), Lisandr (Rüfət Əhmədov), Demetri (Elay Hənifəzadə) arasındakı sevgi dördbucağı bu məfhumun necə dəyişkən olduğunu tamaşaçılara göstərir. Qeyd etdiyim nüanslar tamaşanın nağılvari məzmununun daxilində ciddiyyətin də öz əksini tapdığının bir göstəricisidir.
Tamaşanın göstərə bildiyi digər bir özəllik isə Azərbaycan teatr sferasında bir qəlib olaraq formalaşmış klassik, nəhəng tamaşa dekorasiyasını əlinin tərsi ilə uzaqlaşdırmasıdır. Rejissor bir neçə stul və iki kəndirdən asılmış pərdələrdən istifadə edərək səhnəni doldurmağı, öz ideya və fikirlərini ortaya qoymağı bacarmışdır. Bunun digər səbəbi isə sadəcə dekor və rekvizit probleminin yaşanması ilə əlaqəli ola bilər.
Tamaşa onu izləyənləri trans halına salmağı bacarır desəm, zənnimcə, yanılmış olmaram. Çünki tamaşa başdan sona qədər musiqinin müşayiəti ilə, çox gözəl şəkildə işlənmiş, fraqmentar olmayan keçidlərdən ibarətdir. Bu keçidlər bizi daim dəyişən bir atmosferə salır. Tamaşada bu keçidlərin, dəyişkənliklərin məkanı, mərkəz nöqtəsi sehrli meşədir və bu meşə tamaşaçıları öz ağuşuna almağı bacarır.
Tamaşanın mərkəzi fiquru olaraq Fiostrat, Piter Kvins, Pak obrazlarını oynayan Rahib Allahquliyevi hesab etmək olar. O, məhz bu dəyişkənliyə öz cəldliyi, adekvatlığı ilə cavab verir və özünü tamaşanın axıcı sujeti ilə bütünləşdirə bilir. Məhz o, oynadığı tamaşanın axırıncı səhnəsində, musiqi tempinin yüksəldiyi bir anda, alçaq səslə “to be or not to be” ifadəsini işlədir. İngiliscədən tərcümədə bu söz “olum və ya ölüm” mənasına gəlir. Dünyaca məşhur dramaturq U.Şekspirin yenə də dünyaca məşhur olan bu ifadəsi müəllifin “Hamlet” faciəsində elə Hamlet tərəfindən işlədildilmiş və işlədildiyi gündən bəri insanlar tərəfindən sual halına salınaraq, ortaya müxtəlif cavablar gətirmişdir. “Yay gecəsində yuxu” tamaşasında da yalnız diqqətlə izləyənlərə və dinləyənlərə, onların eşidə biləcəyi bir sual ünvanlanır.
Qeyd etməli olduğum əsas məqamlardan biri də rejissorun tamaşaya açıq final verməsidir. Düşüncəmə görə, rejissor tamaşanı izləyən seyrçilərə “Əgər tamaşanı bəyənmədinizsə, bunların bir yuxu olduğunu düşünün” mesajı ilə bir növ deməyə çalışır ki, sən qərarlaşdıracaqsan: izlədiyin tamaşa idi, yoxsa sadə bir yuxu.
Tamaşa festivalın “Ən yaxşı tamaşa” mükafatına layiq görüldü. Tələbə tamaşasından daha artığı olan bu səhnə əsəri öz izləyicilərini çox güman ki, valeh etməyi bacara bildi. Əgər tamaşadan qaşları düyünlənmiş, heç nə anlamadıqlarını düşünərək çıxan seyrçilər varsa, onlara demək istədiyim budur: “Bu günorta vaxtı baş verən əhvalatları yuxunun hoqqası zənn edin”.
* Yazı ADMU-nun keçirdiyi “PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı haqqında ən yaxşı məqalə” müsabiqəsi çərçivəsində çap olunur.
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...