Üçüncü kursda oxuyurdum. Teatr tənqidi dərsində kurs rəhbərimiz Aydın Talıbzadə məni qaldırdı və dedi: -Məmməd Əmin, əgər teatrşünas olmaq istəyirsənsə yazmaq vaxtıdır. Sənsə yatmısan fil qulağında. Bəlkə əyalət teatrları haqqında bir yazı yazasan. Sən axı əyalət teatrında böyümüsən və orada yaşananları, o insanların ruh halını bizdən daha yaxşı bilirsən. Ancaq yazını tənqid xarakterli yazma.
Getdim papağımı qoydum qabağıma fikirləşdim... fikirləşdim... fikirləşdim... Daha sonra telefonu götürüb atamı yığdım. Başladıq teatr haqqında dərdləşməyə. Niyə atamı? Çünki atam 1994-cü ildən 2014-cü ilədək Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub. Bütün bu dərdləşmələrin və fikirləşmələrin sonunda “Əyalət teatrı necəsən?” adlı yazı ortaya çıxdı. O gün bu gündür mənim yazılarımın əksəriyyəti əyalət teatrları haqqında olub (yazılarım deyəndə, böyük səslənməsin. Üst-üstə yığsan, beş altı yazım var, ona da yazı demək olarsa).
Aydın müəllim bir söz də deyirdi mənə: - Məmməd Əmin, sən teatrdan nə qədər uzaqlaşmağa çalışsan da içində adını bilmədiyim nə isə var. Bax o səni hərləyib-fırlayıb yenə teatra gətirəcək.
Elə də olur. Bu gün fərqli strukturda çalışsam da hər fürsətdə can atıram teatra. Bilmək olmaz bəlkə gələcəkdə o xoşbəxtlik mənə də nəsib olacaq ki, mən də teatr üçün çalışım. Atam kimi! Olub olmayacağınısa Allah bilir.
Özümü qoyum, keçim yenə də əyalət teatrına. Daha dəqiq desəm, Füzuli Dövlət Dram Teatrına. Çərçivəni biraz da daraltsam Nicat Mirzəzadəyə. Özünün təbirincə isə Mirzə Nicat. Füzuli Dövlət Dram Teatrının quruluşçu rejissoru. Kişinin oğlu paytaxtda iş-gücünü atıb gəlib ki, mən əyalətdə teatrla məşğul olmaq istəyirəm. Bəyənilsin! Bu addım deməyə əsas verir ki, Nicat teatrı sevir. Teatrı sevirsə, deməli, hər şey yaxşı olacaq.
Haqqında eşitdiyim, özünü isə qiyabi tanıdığım Nicatın paylaşdığı “Nar şirəsi” anonsları demək olar hər gün feysbukda qarşıma çıxırdı. Nicatdan premyeranın vaxtını dəqiqləşdirdim və “göz namərddi, əl mərddi” deyib, tutdum Füzuli yolunu. Getdim və baxdım. Nə yaxşı ki, getdim. Təəccübləndim də, gülümsündüm də, düşündüm də, hirsləndim də. Cəmi bir saatlıq tamaşasında qarışıq hisslər yaşatdı bizə Nicat. Amma bir hissi yaşamadım. Bəlkə də yaşaya bilmədim. Yazığım gəlmədi nədənsə. Şikəst və əlil arabasına məhkum olan, bir şüşə nar şirəsini dağıtdığı üçün həyatı cəhənnəmə çevrilən gəncə yazığım gəlmədi. Bəlkə də rejissor belə istəyirdi. İstəyirdi ki, ona yazığımız gəlməsin. Tamaşanın sonunda Mehdini onun ətrafındakıların köməyi ilə ayağa qaldırması da bunu simvolizə edirdi. Rejissor bizə deyirdi ki, camaat, ətrafınızda olan fiziki qüsurlu insanlara yazığınız gəlməsin. Onlara baxıb göz yaşı tökərək heyfsilənməyin. Onlara dəstək olun. Dəstək olun ki, həyata tutunsunlar. Özlərini sizdən biri hiss etsinlər. Onlara sizin heyfsilənməyiniz, göz yaşlarınız əvəzinə dəstəyiniz lazımdır.
Yeri gəlmişkən, Səbinə Haqverdiyevanın rusca qələmə aldığı, Xalq artisti Vidadi Həsənovunsa dilimizə tərcümə etdiyi əsərdə hadisələr əlil arabasında yaşamağa məcbur Mehdinin ətrafında, məktəb direktoru Rəfail müəllimin evində cərəyan edir. Evdə kostyumda gəzən, səhər yeməyi gecikdi deyə aləmi bir-birinə qatan, oğlu Mehdiyə əlil arabasında, həyat yoldaşı İsmətə və digər oğlu Zeynala isə ayaq üstə həyatı cəhənnəmə çevirən, ancaq yeri gələndə ətrafa mədəni görünmək üçün evə tar müəlliminin gəlməsinə icazə verən Rəfail müəllim. Bəli bu evə yalnız Rəfail müəllimin icazə verdiyi adamlar gələ bilər. Çünki heç kim Mehdini görməməlidir. Heç kim bilməməlidir ki, məktəb direktorunun evində fiziki qüsurlu uşaq var. O uşaq ki, əlləri tutmadığı üçün bilmədən nar şirəsi olan butulkanı yerə saldığına görə atası onu yerdən-yerə vurur. Bax beləcə, Rəfail müəllim bir ana və iki oğulun həyatını cəhənnəmə çevirir. Amma sonda onu da maşın vurub salır bu cəhənnəmin içinə. İlahi ədalət onu da oturdur o arabaya.
Bəlkə də əsərin sujeti bəsit təsir bağışlaya bilər. Yazar əsərdə hadisələri kələf kimi bir-birinə düyünləməyib. Amma əsası odur, maraqlıdır. Maraqlıdır ona görə ki, bizdən danışır. Ətrafımızda saysız Mehdilər, Rəfaillər var, deyilmi?! Hələ camaatın qınağından qorxaraq, özünü bədbəxt ailə həyatını yaşamağa məcbur sanan və xoşbəxt görünməyə çalışan İsmətləri demirəm. Məhz bu səbəblədir ki, seyçilər tamaşa boyu cərəyan edən hadisələrə canlı reaksiya verirdilər. Önəmli olan da budur. Seyrçinin yaxşı mənada reaksiyasını qazanmaq. Canlı reaksiya varsa deməli, izləyici səni maraqla izləyir. Demək, rejissoru təbrik etmək olar. O işin yarısını həll edib. Tamaşaçıya ona lazım olan motivi göstərir. Qaldı ki, işin həll olunması vacib olan digər yarısına, bax bu haqda müsbət və ya mənfi fikir söyləmək olduqca çətindir. Açıqcasını demək gərəksə, əyalət teatrında canlı tamaşaya baxandan sonra tənqid etmək gəlmir içimdən. Sizinlə tam mənası ilə razıyam, tamaşa dediyin zatən canlı olar. Amma gəlin razılaşaq ki, cansız tamaşalar da az deyil, əsnədiyimiz və ya ədəb xatirinə özümüzü əsnəməməyə vadar etdiyimiz, yuxuladığımız. Məndən iki sıra arxada əyləşən adamın xoruldadığını eşitmişəm. Özü də harda...
Bu kimi hallarla müqayisə etdiyimiz zaman Nicatın tamaşası kifayət qədər canlı idi. Ən azı daxilimizdə bir ümid oyadır. Əyalət teatrının gələcəyinə bir ümid. Elə yeri gəlmişkən tamaşadan bir gün sonra rejissor “Ümid” mükaafatına layiq görüldü. Təbriklər. Nə xoş ki, yanılmamışam və Nicat o ümid işartılarını tək mənim içimdə oyatmayıb. Ancaq bir məsələ də var. Yanlış olduğunu hesab etdiyimiz məqamları da deməliyik. Deməliyik ki, Rəfail müəllim kasıb və həddən ziyadə sadə bir evdə yaşadığı halda bizə çox varlı olduğunu deməsin. Əslində bir məqamda bunun rejissor tərəfindən öz həllini tapdığını düşündüm. Evinə “yuxarı”dan qonaq gələn Rəfail müəllim arvadına öz etirazını bildirir.
-Eldar müəllim axşam bizə gəlir.
- Gəlsin də nə var ki burda?
- Hara gəlsin evdi bura?!
Dodağımı dişlədim. Rejissora əhsən də dedim. Bəlkə də əsərdə Rəfail müəllim çox varlı ola bilər. Amma rejissorun onu varlı göstərməyə lazımi materialı yoxdursa məcbur olub çözüm tapmalıdır. Nicatın da tapdığını düşünərək, hadisələri qabaqladım. İndi Rəfail deyəcək ki, hamı elə bilir mən varlıyam. Bu qonaq gəlib görsə ki, mən harada yaşayıram, büs-bütün biyabır olaram. Təəssüflər yanıldım. O, yenə məsələni Mehdiyə gətirdi və gələcək qonağın Mehdini görməməli olduğunu bildirdi.
Tamaşa başlayanda rejissorun qurduğu mizana hələ də məna donu geyindirə bilmirəm. İşıqlar yanır, sonradan əlil olduğunu görəcəyimiz Mehdi ilə qardaşı Zeynal səhnənin önündə diz üstə oturublar. Onların fonunda isə Rəfail müəllim başı əllərinin arasında oturub stol arxasında. Mehdinin əlində qırmızı rəngli maye ilə dolu butulka var və o butulkanı qaldıraraq hayqırtı ilə gülməyə başlayır. Eyni zamanda gülə-gülə stolun ətrafında dövrə vurur. Kulislərdən çıxan aktyorlar da onun arxasınca fırlanırlar. Və budur, Mehdi əlində tutduğu ağzı bağlı butulkadan arxasınca fırlanan adamların ağzına su tökür. Növbə ilə öz payını içən məst olurmuşcasına qəribə hərəkətlər edərək geri çəkilir. Rəfail müəllimsə hələ də öz yerindədir. Ən sonda növbə Mehdinin anasına çatır. Ancaq Zeynal ona mane olmağa çalışır. Mehdi də ona su verməkdə tərəddüd edir. İsmət (Mehdinin anası) öz payını içir. Hamı bir nəfər kimi Rəfail müəllimin ətrafında toplaşır və onu bataqlıq kimi içlərinə alırlar. Təbiri caizsə, bihuşedici mayeni içib zombiləşir və Rəfail müəllimə hücum edirlər.
Sonra məlum olur ki, bu, Zeynalın yuxusudur. Yəqindir ki, yaxşı yuxu yoza bilmədiyimçün bu yuxuya yozum verə bilmədim. Yanlış düşünmüş olsam belə, mən fərqli qurardım bu mizanı. Mənim Mehdim abı-kövsər paylarmışcasına butulkanın ağzını açıb o sudan hər kəsə verərdi. Rəfail müəllim isə nə qədər içməyə çalışsa da içə bilməzdi. Mehdinin ürəyi yumşalıb su vermək istəsə belə bu dəfə Rəfail müəllimi fərqli formatda yenə o “bataqlıq”a salardım. Ancaq bir həqiqət var ki, rejissor Nicat Mirzəzadədir və yozum da onundur. Zeynal hər şeyin yuxu olmasına şükürlənir və stolun üstündə olan su butulkasından su içir. Əslində onun su butulkası olub olmaması da dartışılandır. Çünki, o butulkadan gah Zeynal su içir, gah da qonaqlar araq. İçkidən demişkən cənab rejissor, sizdən son dərəcə acizanə rica edirəm. Əgər tamaşada aktyor tarda canlı ifa edirsə, bir zəhmət o yemək kasalarına da iki çömçə şorba qoyun. Xahiş edirəm, gələn dəfə camaata “zakusqa”sız araq içirməyin.
Qoy yeməyə çalışdığı şorba Mehdinin ağzının qırağından tökülsün. Anası dəsmalla onun ağzının kənarında qalan yemək qalıntılarını təmizləsin. Mehdinin əli kasaya dəyəndə o şorba olmazmı ki, İsmətin üzərinə dağılsın. Ananın verəcəyi reaksiyanı, daha doğrusu verməli olduğu reaksiyanı göstərin bizə.
Amma çoxdur gözəl və sözün əsl mənasında alqışa layiq məqamlar. Tamaşada ən ümdə məsələ aktyorun ruhu, eşqi və şövqü deyilmi?! Sehran Xanlarovun insanlıqdan kənar Rəfail obrazını qüsursuz canlandırması, Günel Hacıyevanın (Sevil) isə rolunun epizodik olmasına baxmayaraq ayaqyolu ilə çıxış qapısını səhv salaraq gülüş doğurması yadda qaldı. Orxan Təvəkküllünün (Kamran) səhnədə canlı tar ifasını xüsusi vurğulamaq istərdim. İstər Mehdi obrazını canlandıran Emin Abışovun oyunu, istərsə də digər ifaçıların: Sevinc Məmmədovanın (İsmət), Nicat Süleymanzadənin (Zeynal), İntizar Quliyevanın (Zəhra), Əli Hüseynovun (Eldar), Gülnar Quliyevanın (Təcili tibbi yardım həkimi), Elçin Məmmədovun (Sahə həkimi) öz üzərlərinə düşən işin öhdəsindən gəlmək üçün ürəklərini ortaya qoyması təqdirə layiqdir.
Feysbukda olan anonsları izləyərkən diqqətimi çəkmişdi Nicatın “bütün məşqlərimizə sevgiləşərək başlayırıq” deməsi. Sevgiləşmək. Necə də gözəl səslənir. Sevgi varsa bir işdə deməli, nəticəsi gözəl olacaq. Biz seyrçilər daha neçə maraqlı, canlı və ən əsası sevgi dolu tamaşalar izləyəcəyik.
Sonda bir nəsnəni demək istəyirəm Nicat Mirzəzadəyə. Nicat, “Nar şirəsi” çəkərkən çəkilmiş şirənin dadı qaçmasın, acılıq hiss olunmasın deyə narı dənələmək və qabığından arıtlamaq lazımdır və ən son süzmək gərəkdir ki, tumları və istənməyən digər yad cisimlər süzgəcdə qalsın. Ancaq önəmli olan şirənin təbii olmasıdır. Sənin bizə içirtdiyin nar şirəsi qabığı acılıq versə də, içərisində arzuolunmaz tumları olsa da təbii idi. İçdikcə mənə ləzzət elədi. Ağzın dada gəlsin!
Müəllifin digər yazıları
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...
2020-ci illər nəinki Azərbaycan, ümumilikdə dünya dramaturgiyasında dəyişikliklərlə yadda qaldı. İstər postpandemiya dövrü, istərsə də son texnoloji yeniliklər dramın mahiyyətində və dram növünə tələbatda köklü...
REJİSSOR, PROFESSOR FİKRƏT SULTANOVUN AD GÜNÜNƏ GECİKMİŞ TƏBRİK
Onu tələbəlik illərindən tanıyıram və həmişə sadəliyinə, səmimiyyətinə heyran qalmışam. Həm də hələ tanış olsam da, onunla ünsiyyət yaxınlığım yox idi. O, gənc müə...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırır.
Folklor ...
Salam, İsrafil müəllim!
Əvvəlcə bu məktubu yazma səbəbimin tarixçəsindən başlayım. Ötən ilin dekabrında bir əlyazmanızı kompüterdə yığmaq üçün mənə verdiniz. Məktub idi. Müəlliminizə - Tofiq Kazımova yaz...
Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikanın Əməkdar artisti Zemfira Nəcəfova avqustun 1-də 74 yaşında vəfat edib.
Zemfira Musabala qızı Nəcəfova 1 aprel 1950-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 17...
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası sizi Kür çayının hekayəsini Virtual Reallıq Eynəklərində izləmək üçün sərgiyə dəvət edir.
Bu sərgi “Kür çayı xronikaları” adlı layihə çərç...
Avrasiya teatrlar birliyinin, Portuqaliya Mədəniyyət nazirliyinin, CTB- Comphania de Teatro de Braga və Braga şəhər bələdiyyəsinin birgə keçirdiyi "MİT III" Beynəlxalq Teatr Festivalı başa çatıb. 19-27 iyul 2024-cü il tar...
MASK OR FACE / МАСКА ИЛИ ЛИЦО/- название книги английского актёра Майкла Редгрейва
ТЕАТР ДЛЯ ЛЮДЕЙ– название книги итальянского режиссёра Джорджо Стреллера
/мысли и высказывания европейских деятелей культуры о театральном искусстве/
&n...
22 iyul 2024-cü il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqının XV Konfransı keçirilib.
Konfransda 75 nümayəndədən 67 nəfər iştirak edib. Nümayəndələrin yekdil qərarı ilə Azərbaycan Respublilasının Əməkdar artisti Azad Ş...