TEATRO

TEATRO

sənət portalı

post-title

Əbülfəzəmin - Nəfəs

Mədəniyyət haqqında ard-arda, gəlişi gözəl cümlələr sıralamazdan öncə, zənnimcə, bəzi suallar ətrafında dərin-dərin düşünmək gərək. Düşünmək gərəkdir ki, ümumiyyətlə, nədir bu mədəniyyət adlanan nəsnə və kimə lazımdır, həyatımızda, yaşantımızda nə kimi yeri və rolu var?! Yaxud olmalıdırmı?!

Təbii olaraq mən mövzuya öz rakursumdan baxacağam və qeyd etmək vacib ki, hər kəsə görə öz rakursu ən doğrusudur.

Mədəniyyət azadlıqdır: Əngin səmalarda azadlığını iliklərinə qədər hiss edərək qürurla pərvaz edən quş misalı.

Mədəniyyət anlayışdır: Mahiyyəti anlayaraq, qabığın daxilinə nüfuz edib nüvəyə varmaqdır.

Mədəniyyət yaşantıdır: Həyatın özü. Burada hər şey canlıdır. Burada hər şey nəfəs alır. Burada süniliyə zərrə qədər yer yoxdur.

Mədəniyyət təfəkkürdür: İnsan düşündükcə insan olmanın fərqinə varır. İnsan təfəkkürlə arınır. İnsan təfəkkürlə kamilləşir. Mədəniyyətsə insanı kamilliyə ucaldan Büraqdır1.

Mədəniyyət mediumluqdur: Pərdə qapanır, dünya ilə əlaqə kəsilir və sən artıq Mədəniyyət adlı sehr və möcüzələr dolu metafizik diyardasan.

Mədəniyyət varlıq üzərində qurulmuş yoxluqdur: Onun ən uca zirvəsində duranlar varlıqlarını ona həsr edib yox olanlardır. Yox olduqdan sonrasa, qəribə də səslənsə, varoluş başlanır.

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən! (Mirzə Cəlil)

Mədəniyyət insanları öləndən sonra da yaşadan yeganə sahədir!

Bəs, bu qutsal sahənin bizim həyatımızdakı yeri və önəmi hansı səviyyədədir? Bax maraqlı, maraqlı olduğu qədər də cavablandırılması müşkül sual budur.

Əfsuslar olsun ki, günümüz etibarı ilə yaşantımız süniliyə doğru gedir. Hər kəsin virdi-zəban etdiyi bir cümlə var. Harda qaldı əvvəlki uşaqlıq?! Indikilər uşaqlıq yaşayır?! Ehhh... Amma bizim vaxtımızda...

Bütün bu süniliklərin içərisində mədəniyyət də ovucdan süzülən qum dənələri misalı həyatımızdan süzülüb gedir.

Süni intellekt sahibi olan mobil telefonlar kitab oxuma mədəniyyətini, axşamlar telekanallarda estafet yarışıtək bir-birini izləyən seriallar ailə daxili mədəniyyəti yavaş-yavaş, fərqinə varılmadan süpürərək evimizin kandarından bayıra atır. Hələ buna bir də sosial qayğılar əlavə olununca vəziyyət daha da gərginləşir. Ola bilsin, elə sosial qayğıların təsiridir ki, paytaxt insanları mədəni hadisələrə əyalət insanına nisbətdə daha adekvat reaksiya verir. Paytaxt sakinləri mədəniyyətlə daha çox iç-içədir.

Bəlkə əyalətdə insanların maraq və diqqətini üzərində fokuslaşdıran mədəni hadisələr, tədbirlər olduqca az gerçəkləşir. Bu bir fərziyyədir sonucda.

Misal: - Təxminən 2 il öncə əyalət xalq teatrlarının fəaliyyətinə həsr olunmuş doğrudan-doğruya möhtəşəm onlayn görüşdə iştirakçılardan biri maraqlı bir fikir səsləndirərək bildirdi, “teatrın inkişafında müasir yanaşmalar olmalıdır. Günün tələblərinə cavab verən piardan, reklamdan istifadə etmək lazımdır. Sonucda bu da bir marketinqdir. Mən 28 ildir Bərdədə yaşayıram, amma Bərdədə teatr olduğunu bu görüşdə öyrəndim”.

Həmin iştirakçıya cavab olaraq bildirildi ki, sən nə vaxt Bərdədə teatrın varlığı ilə maraqlanmısan? Nə vaxt gəlib Mədəniyyət İdarəsinin qapısını açmısan? Təbiri caizsə, sən bizi tanımırsansa bu sənin problemindir.

Düşünün, bir məhsul istehsal edirsən və satış olmadığı üçün, məhsulun varlığından heç kimin xəbərinin olmadığına görə müştərini günahkar bilirsən. Nə qədər absurd yanaşmadır, deyilmi?!

Lütfən, yanlış anlaşılmasın. Məramım qəlb qırmaq deyil. Əsla və əsla!

Madam ki, Bərdə adı çəkdik o zaman uzağa getməyə nə hacət?! Elə mən özüm də Bərdə rayonundanam və burada yaşayıram. Ailəmlə əlaqəli olaraq uşaqlığımdan mədəniyyətin içərisində böyümüşəm. Hələ məktəbə getməmişdən tanıdığım insanların əksəriyyəti ya şairlər idi, ya da teatr xadimləri. Odur ki, mən bu sahəni sevdim, sevirəm və sevəcəm. Yaşadığım rayonda olan mədəni tədbirlərdə kəsintisiz iştiraka can atıram. Ancaq təəssüf ki, uzun zamanlar Bərdə mədəniyyəti dedikdə göz önündə musiqi məktəblərindən savayı bir nəsnə canlanmırdı. Fikrimcə, bu halı tək Bərdə üçün səciyyələndirmək ədalətsizlik olar. Ümumi durğunluq söhbət mövzusu idi.

Sanki mədəniyyətimizdə bir süstlük vardı. Ələlxüsus da əyalətlərdə. Qeyd etdiyim kimi, paytaxt daha diridir, daha canlıdır və daha səsli-küylüdür (yaxşı mənada). Ancaq bunu əyalət haqda söyləmək hardasa imkansıza yaxındır. Yeni nəfəsə ehtiyac duyulurdu. Canlanmaya vəsilə olacaq bir nəfəsə. Yeri gəlmişkən, həyat öz axarı ilə davam edərkən yaxın dostlarımdan biri mənə telefon açaraq Bərdə mədəniyyətinə gənc bir xanımın rəhbər təyin olunduğunu bildirdi. Təbii olaraq, ilk növbədə, adını soruşdum: - Vəsilə Möhsümova və ya Vəsilə Əfqanqızı. Bu cavab məni şaşırtdı. Adətən, incəsənət xadimləri ata adından soyisim kimi istifadə edir. Deməli, bu xanım da mədəniyyətə bağlı və bilavəsitə içərisində olan insandır. Hələ bu xanımın fəlsəfə doktoru elmi dərəcəsi də var. Nə gözəl. Bəs, yaxşı, Vəsilə xanım Bərdədə mədəniyyətin inkişafına vəsilə ola biləcəkmi?! Bax bu sualın cavabını zaman verəcək.

Mədəniyyətin ilk şərti ədalətdir (Ziqmund Freyd)

Vəsilə Möhsümovadan öncə Bərdə mədəniyyətinə rəhbərlik edən İlyas Hacıyevin də əziyyəti az olmayıb. Necə deyərlər, igidi öldür, amma haqqını yemə. İlyas Hacıyev Mədəniyyət İdarəsinin infrastrukturunu namusu kimi qoruyurdu. Bu da böyük mədəniyyət tələb edir. Ancaq bu sahə fərqli sahədir, həssas sahədir. Bu sahəyə könül qapdıranlar da fərqli və həssas olur. Mədəniyyət idarəsi başqa idarələrə bənzəməz. Mədəniyyət sahəsində işlər kağız üzərində qurulan zaman ölüm qaçılmazdır. Dediyimiz kimi, mədəniyyət canlıdır. Onun nəfəsi var. Formallıqsa onun nəfəsini kəsərək canlılığını məhv edir.

Nə xoş ki, bu canlılıq artıq hiss olunur. Bir neçə aydır ki, Bərdədə və Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan digər rayonlarda, sözün əsl mənasında, canlı mədəni tədbirlər bir-birini izləyir. Açıq havada film nümayişləri, gündəlik sosial qayğılardan, fiziki əmək fəaliyyətindən yorulmuş və usanmış kənd insanlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün təşkil olunan konsertlər. Hansı ki, o konsertlərdə  insanlar dincəlir, əylənir, oynayır. Bir neçə saatlıq qayğıların ağuşundan ayrılaraq mədəniyyətin sehrli diyarına səfər edirlər. Sevindiricidir! Sevindiricidir ona görə ki, bu tədbirlər eyni zamanda kəndlərdə baş tutur. Şəxsən mən vaxtı ilə kəndimizdə film nümayiş olunmasını valideynlərimdən eşitmişdim. Bu günsə bu layihə bizim kəndimizdə də gerçəkləşdirildi. İnsanlar qocasıyla, cavanıyla, uşağıyla, gəliniylə, qızıyla açıq havada əyləşib keyflə filmə baxır. Gözəl deyilmi, sizcə də?!

Bərdədə mədəni marafon start götürüb. Bu olduqca təqdirəlayiqdir. Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilən və olduqca böyük izləyici kütləsinə sahib “Muğam” Televiziya Müsabiqəsinə bu il Bərdə Regional Mədəniyyət İdarəsindən 5 nəfər qatılıb.

Onlardan şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin müəllimi Fuad Əzizzadə birinci yerə, Tərtərdən qatılan Ülkər Abdullayeva ikinci yerə layiq görülüb. Bu hal zənnimcə Bərdə mədəniyyəti üçün olduqca böyük uğurdur və bu uğurda payı olan hər kəsə dərin təşəkkür düşür.

Heç təsadüfi deyil ki, regional idarə 24 avqust 2022-ci il tarixində müsabiqənin laureatlarının iştirakı ilə “Uğur qazananlar” adlı möhtəşəm tədbirə imza atdı. Təşkilindən bir neçə gün öncə sosial şəbəkələrdəki reklamlar tədbirin maraqlı olacağına ilkin təəssürat oyadırdı. Elə də oldu. Tədbir, tədbir ampluasını tərk edərək şölənə çevrildi və bu şölən biz seyrçiləri iki saatlıq da olsa fərqli dünyalara apararaq rəngarəng hisslər yaşatdı. Bəzən güldük,  bəzən xəyallar aləminə səyahət etdik, həttta ağladıq da. Yevlax xalq teatrının gənc, istedadlı aktrisası Aynur Eldənizqızının ifasında dinlədiyimiz şeirlər və sonda Qarabağ şikəstəsi.  O Qarabağ şikəstəsi ki, qulaq pərdələrinə toxunduğu an etibarilə azad Qarabağ, azad Şuşa göz önündə canlanır. Bu zaman sevinc və qürur dolu göz yaşları yanaqlardan səssiz-səssiz süzülür.

Bax Bərdə Regional Mədəniyyət İdarəsi bunları yaşatdı bizə qısa zaman kəsiyində. Bir-birinin ardınca səslənən musiqi nömrələri, şeir parçaları zövqümüzü oxşadı. Üçüncü “Muğam” Televiziya Müsabiqəsinin ikinci yerin qalibi Asim Abbasov, beşinci “Muğam” Televiziya Müsabiqəsinin laureatı Misir Məmmədov, yeddinci “Muğam” Televiziya Müsabiqəsinin laureatı Zibər Zamanova və səkkizinci “Muğam” Televiziya Müsabiqəsinin qalibi Fuad Əzizzadə, ikinci yerin qalibi Ülkər Abdullayeva, laureatlar Tahir Şəfiyev, Əmrah Məmmədov, Sabir Hüseynov, Məhəmməd Əlizadə elə şövqlə oxudular ki, heyran olmamaq əldə deyildi. Bunun üzərinə səslənən şeirlər də qaymağın üzərinə süzülən bal kimi ləzzət elədi. Xüsusən Aynurun şeir ifası zamanı oyunu hər kəsi valeh etdi. Əyalətdə bu cür istedadlı gənclərin olması gözəldir. Hələ bu gəncin teatr fəaliyyəti ilə məşğul olması daha da gözəldir. Demək daha böyük işlər görmək olar.

Təəssüf olsun ki, bəzi qüsurlar da vardı və bu qüsurlar xariqə bir işə müəyyən mənada kölgə salırdı. Öncə vurğulamaq istərdim səhnə tərtibatını. Dekorasiya az və öz qurulmağa çalışılmışdı. Bərdəni simvolizə edən tarixi “Nüşabə” qalası və ya “Allah-Allah” türbəsinin analoqu quraşdırılaq, ətrafı süslənmişdi. Ancaq süsləmədə istifadə olunan taxta parçaları arzuolunmaz bir biçimdə adamın gözünə batırdı. Səhnədə bu kimi hal yolverilməzdir və yad cisimlər kamüflə olunmalıdır. İfaçıları müşayət edən musiqiçilərin də düzülüşü heç yerində deyildi. Zənnimcə seyrçi səhnədə əyləşən musiqiçini profildən yox, anfasdan görməlidir. Yəni səhnədə əyələşən musiqiçi ilə seyrçi qarşı-qarşıya olmalıdır.  Eyni zamanda kulis arxasında kənar cisim və şəxslərin tamaşaçı tərəfindən görülməsi də qəbulounmazdır.

Xüsusən vurğulamağı lazım bildiyim məqamlardan biri ifaçıların Qarabağ şikəstəsi oxuduğu zaman yaşanan anlaşılmazlıqdır. On nəfər ifaçının cəmi iki mikrafonu var idi. Lakin bu ən az beş olmalıdır ki, heç olmasa ifaçılar cüt olaraq ifa edə bilsinlər.

Ən nəhayət, tədbir boyu oxuduğu mətnlə bir türlü bütünləşə bilməyən aparıcı. Hər dəfə səhnəyə daxil olan zaman bütün ab-hava dəyişirdi. Gözlərini oxuduğu mətndən ayırmamasına baxmayaraq sözləri düzgün tələffüz edə bilməməsi, tez-tez çaşması bizləri tədbirin axarından qopararaq real dünyaya qaytarırdı. Çox gözəl milli geyimdə səhnəyə gələn gözəl aparıcı xanım oxuduğu mətnə o qədər alüdə olmuşdu ki, zalda baş verənlərdən xəbəri belə yox idi. Mətni oxuduğu əsnada azyaşlı ifaçı Məhəmmədin ona hədiyyə edilən gül çələngini zala enərək müəlliməsinə təqdim etməsini nə yazıq ki, bizim aparıcı xanım görmədi və o sırada öz mətnini oxumağa davam etdi. Baxmayaraq ki, zalda əyləşən hər kəs bu maraqlı məqama olduqca səmimi reaksiya verərək Məhəmmədin bu nəcib addımını gur alqışlarla qarşıladı.

Tədbir boyu düşündüm ki, ya hu Aynur Eldənizqızı kimi istedadlı gənc aktrisası olan bir müəssisəni nə vadar edib ki, onun yerinə aparıcı missiyası başqa xanıma həvalə olunub?!

Son olaraq bir nüansa toxunmadan keçə bilmərəm. Mən əyalətdə birinci dəfə idi qarşılaşırdım ki, tədbir bitib, ancaq heç kəs yerindən qalxmır. Sanki Vəsilə xanımın təbəssümlə “əziz tamaşaçılar tədbirimiz artıq sona yetib” deməsi seyrçiləri oyatdı. Elə hesab edirəm ki, əyalətdə bu qəbildən olan tədbirlərin davamlı olması mütləqdir. Danılmaz faktdır ki, bu tipli yüksək keyfiyyətli tədbirlərdə kifayət qədər tamaşaçı olur. Sıralar arasında düzülmüş əlavə stullar və ayaq üstə sona qədər maraqla və pür-diqqət izləyən insanlar bunu deməyə əsas verir. Demək ki, olar. Sadəcə istəmək və sevmək lazımdır. Məşhur mahnıda deyildiyi kimi. Nə edirsən et eşq ilə et!

Uğur qazananların çox, uğurlarınsa davamlı olması diləyi ilə...

 

1. Məhəmməd Peyğəmbəri Meraca ucaldan əfsanəvi canlı.

         

                                                

 

Load Time (S) : 0.006803