TEATRO

TEATRO

sənət portalı

post-title

Dünyanın ilk kino məktəbi Bakıya gəlir

8-12 aprel tarixlərində S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professor-müəllim heyətindən və tələbələrindən ibarət 40 nəfərlik nümayəndə heyəti Azərbaycanda olacaq. ÜDKİ-nin rektoru, Mədəniyyət və İncəsənət tədris müəssisələri assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya Təhsil Akademiyasının akademiki, professor Vladimir Malışov rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə V.Arxipov, A.Zakirov, İ.Klebanov, V.Menşov, E.Rusinova, V.Fokin, V.Xotinenko, T.Yakovleva, Y.Yaromenko kimi məşhur pedaqoqlar, o cümlədən İnstitutun 25 tələbələsi daxildir. 

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkil etdiyi tədbir  “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (VQİK) günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində həyata keçirilir. 

9 aprel tarixində saat 11.00-da ADMİU-nun Elmi Şura otağında tədbirin açılış mərasimi və mətbuat konfransı baş tutacaq. Açılış mərasimində həmçinin iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi də imzalanacaq.  

VQİK günləri çərçivəsində bir sıra maraqlı tədbirlərin həyata keçirilməsi gözlənilir.  

Belə ki, aprel ayının 9-da Nizami Kino Mərkəzində Rusiyanın Xalq artisti, SSRİ Dövlət Mükafatı və “Oskar” mükafatı laueratı Vladimir Valentinoviç Menşovun yaradıcılıq gecəsi baş tutacaq. 

Məşhur sovet teatr və kino və televiziya aktyoru, kinorejissor, ssenarist, prodüser V.Menşov 17 sentyabr 1939-cu ildə Bakıda doğulub. Rusiya Federasiyasının Xalq artisti, SSRİ Dövlət Mükafatıdır. “Moskva göz yaşlarına inanmır” filminə görə “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülüb.  

Növbəti gün – aprelin 10-da isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professoru, aktyor emalatxanasının rəhbəri, Rusiyanın Xalq artisti, RF Əməkdar incəsənət xadimi Vladimir Petroviç Fokinin A.M.Volodinin əsəri əsasında quruluş verdiyi “Beş axşam” tamaşası nümayiş olunacaq. ADMİU-nun mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov “Kaspi” qəzetinin “Teatr” əlavəsinə verdiyi açıqlamada deyib: “V.Fokinin tələbələrlə hazırladığı tamaşanı ADMİU-nun həm müəllimləri, həm də tələbələri səbirsizliklə gözləyir. Hələ ki, tamaşa haqqında ətraflı məlumatımız yoxdur. Əlimizdə yalnız tamaşanın annotasiyası var. Annotasiyada deyilir:  

“Nə də olsa, həyat qəzəblidir. Birini sındırır, digərini əzir” – bu sözləri pyesin qəhrəmanlarından biri olan Slavik deyir. Əlbəttə ki, həyat qəzəblidir, amma insanın həyatdan daha yaxşı heç nəyi də yoxdur. Məsələ yalnız onun necə sərf edilməsindədir. Yaşca məndən çox da böyük olmayan Slavik körpə ikən müharibəni, hətta blokada həyatını yaşayıb, amma öz taleyi müqabilində onu bu həyatda saxlamış bibisini anlaya bilmir. 

Odur ki, bu günün gəncləri haqqında nə deyə bilərik ki... onlar üçün bizim müharibə Kulikov döyüşünə bənzəyir, müharibədən sonrakı illər “fokusdan kənar” qalıb, müxtəlif teleşoularda əks siyasi və sair qütblərin nümayəndələri bir-birini gəmirir. 

Mənim A.Volodinin pyesini “mükəmməlləşdirmək” kimi bir niyyətim olmayıb. Məqsədimiz ən azından bu pyesin dərinliklərinə qədər enib mənasına çatmaq, gənc aktyorlara öz personajlarını mum muzeyi fiqurları kimi deyil, diri insanlar qismində görməyə yardımçı olmaq, onların ağrılarını dərk edib özününküləşdirmək, aza qane olmaq və ən əsası, onların sevmək bacarığını aşkarlamaqdır. Məhz bu, illərlə sağalmaq bilməyən sevgi insana bəxş edilən və ona müharibənin dəhşətindən, blokadanın cəhənnəmindən, Stalin repressiyalarının qarabasmasından keçmək və insan olaraq qalmaq üçün güc verən nəsnədir. 

Tamaşaya parlaq mahnı və şeirlərini bəxş edən, bununla da nəzərdə tutulmuş ideyanın gerçəkləşməsində son dərəcə mühüm qatqısı olan Veronika Dolinaya və Yuliy Kimə dərin təşəkkürlərimizi, şeirləri ilə tamaşamızı bəzəyən rus şairlərinə ehtiramımızı çatdırırıq!”

Layihə çərçivəsində bir çox ustad dərsləri, seminarlar, treninq və məşğələlər, dəyirmi masalar, sərgilər, konsertlər, film nümayişləri və ÜDKİ-nin məzunları ilə görüşlər keçiriləcək. Bu günlərdə ADMİU-da ÜDKİ-nun kinoklubu da açılacaq.

Qonaqlar həmçinin ADMİU-nun tələbəsi Raulya Türkkanın hazırladığı “Səmavi” tamaşasına da baxa biləcəklər. 

Load Time (S) : 0.003508