TEATRO

TEATRO

sənət portalı

post-title

Dövlət teatrın inkişafında israrlıdır

Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşünə münasibət

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 1-də mədəniyyət işçiləri ilə çoxdan gözlənilən görüş keçirdi. Təsadüfi deyil ki, 2003-cü il məhz martın 1-də İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdi. Bu il isə prezidentin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət proqramının son ilidir. Prezident bir sıra mədəniyyət xadimləri ilə keçirdiyi görüşdə onların təklif və arzularını, bəzi problemlərini dinlədikdən sonra teatr, kino və musiqi sahəsində islahatların həyata keçiriləcəyini bildirdi. Təsadüfi deyil ki, görüşdən bir neçə gün sonra Rus Dram Teatrına və Musiqili Teatra Akademik statusu verildi. 

Bu  görüşə münasibət öyrənmək üçün mədəniyyət işçilərindən, teatr xadimlərindən fikirlərini soruşduq. Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov: “Cənab prezidentimizin bu görüşünü çox yüksək qiymətləndirirəm. Həmin görüşdə bir çox teatrları, əməkdaşları həmişə narahat edən məsələlərə aydınlıq gətirildi və ölkə başçısı bir daha sübut etdi ki, o, mədəniyyət xadimlərinin dostu və himayəçisidir, ulu öndərimizin apardığı uğurlu siyasəti  layiqincə davam etdirir. İlk növbədə, bütün teatrlarda əməkhaqlarının artırılması, bəzi teatrların statusunun, kateqoriyalarının qaldırılması çox təqdirəlayiqdir. Həmin gün səslənən fikirlər, edilən xahişlər demək olar ki, hamısı öz həllini tapdı. Hər birimizin ürəyincə olan bu təklifləri cənab prezidentimiz müsbət qiymətləndirdi və elə bir çıxış olmadı ki, ölkə başçısı onun üzərində ayrıca dayanmasın, açıqlamasın, münasibət bildirməsin. O gündən etibarən teatrda çox yüksək əhval-ruhiyyə yaranıb. Əməkhaqlarının, kateqoriyaların, statusların qalxması teatrda hər kəsin böyük sevincinə səbəb oldu və teatr xadimlərini yeni yaradıcılıq uğurlarına daha da həvəsləndirdi”.

Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli: “Həm teatr, həm də kino haqqında olan on illik proqram başa çatıb. Həmin proqramlar Azərbaycan teatrı və kinosunu Sovet dövründən qalmış halından yeni bir keyfiyyətə qaldırdı. Yeni keyfiyyət ondan ibarətdir ki, teatr və kinomuzun beynəlxalq festivallarda iştirakı minimum idi, hətta yox dərəcəsində idi.  Bu proqramların ən böyük rolu onda oldu ki, Azərbaycan teatrı və kinosu beynəlxalq arenaya çıxdı, beynəlxalq səviyyəyə qaldırıldı. Nəinki paytaxt teatrlarının, həmçinin region teatrlarının festivallar və qastrollarda iştirakı, nüfuzlu beynəlxalq kino festivallarında Azərbaycan kinosunun təmsil olunması və mükafat almasını misal kimi göstərmək olar. İndiki etapda yeni yanaşma və yeni konsepsiyalar lazımdır. Prezidentimizin incəsənət işçiləri ilə görüşünün də əsas məqsədi həm teatr, həm kino işçilərinin fikrini öyrənmək, gələcək dövrdə Azərbaycan incəsənətində daha hansı işlər görməyin mümkünlüyünü aşkarlamaq idi. Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşü, teatr və kinoya münasibəti, verdiyi sərəncamlar bir daha onu göstərdi ki, dövlət başçısı Azərbaycan incəsənətinə böyük yer verir və dövlət olaraq incəsənətimizin inkişafında çox maraqlıdır. Teatrlarımızın statusunun, əməkhaqlarını artırılması, yeni kino konsepsiyasının yaradılması incəsənətimizin ikinci bir nəfəs yaşayacağı anlamına gəlir. Mənə elə gəlir ki, biz teatr və kino işçiləri bu konsepsiyaların işlənməsində yaxından iştirak etməliyik, öz töhfəmizi verməliyik”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Azərbaycan Dövlət YUĞ Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov:

Şübhəsiz ki, ölkə başçısının mədəniyyət və incəsənət xadimləri ilə görüşü olduqca əhəmiyyətli hadisədir. Niyə əhəmiyyətlidir? Əvvəla, ona görə ki, bu görüş incəsənət xadimləri ilə Prezidentin və Birinci vitse-prezidentin bilavasitə, maneəsiz ünsiyyət imkanı yaratdı. Səmimi şəraitdə keçən görüşdə sənətkarlar onları narahat edən problemləri çatdırmağa nail oldular. Bu görüş teatr xadimlərində böyük ruh yüksəkliyi yaratdı, kuluarlarda danışılanların əksini sübut etdi və göstərdi ki, dövlət  teatra sahib çıxır, dövlət teatrın inkişafında israrlıdır və bunun üçün gərəkli addımlar atmaqdan, böyük vəsait ayırmaqdan çəkinmir. Ən əsası isə, bu görüşün nəticələrini uzun müddət gözləməli olmadıq. Mövcud problemlər haqqında məlumatlanan dövlət başçısı onların operativ şəkildə həll olunması üçün təcili tədbirlər gördü. Görüşdən keçən bir neçə gün ərzində bu günə qədər heç vaxt həyata keçirilməyən miqyasda islahatlar gerçəkləşdi. Teatrların inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncama əsasən, dövlət teatrlarına 1.8 milyon manat vəsait ayrıldı. Rus Dram Teatrına və Musiqili Teatra “akademik” statusu verildi. Aktyorların əməkhaqlarının əhəmiyyətli dərəcədə yüksəldilməsi gözlənilir. Mətbuat konfransında Mədəniyyət Naziri Əbülfəs Qarayevin də qeyd etdiyi kimi, Kukla Teatrının binasında müvəqqəti məskunlaşan YUĞ Dövlət Teatrının bina məsələsinin həll olunması istiqamətində də müsbət addımlar atılacaq. İnanıram ki, bu islahatlar davam etdiriləcək və yaxın günlərdə teatr sənətinin inkişafına yönəlmiş tədbirlər öz bəhrəsini verəcək. 

Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov: “Prezidentin incəsənət xadimləri ilə görüşü çox yaddaqalan və önəmli bir görüş idi. İncəsənət işçilərinin ürəyincə olan və çoxdan gözlənilən bir görüş oldu. Davamlı olmağını arzulayırıq. Cənab prezidentin teatrlara qayğısını və diqqətini dəfələrlə görmüşük. Mingəçevir Dövlət Dram Teatrı olaraq, 2018-ci ildə teatrımızın 50 illik yubileyini keçirmişdik. Həmin dövrdə teatrımızda çalışan işçilər prezidentimiz tərəfindən  Tərəqqi medalı, fəxri medallarla təltif olunmuşdular. Həmin görüşdə qaldırılan məsələlərin prezidentimizə çatdırılmasını yüksək qiymətləndiririk. Buna görə teatrımız, kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk. Teatr işçilərinə göstərilən bu yüksək etimadı bundan sonra da doğrultmağa çalışacağıq. Bilirsiniz ki, prezidentin sərəncamı ilə teatrımız çox gözəl təmir olunmuşdur, əla şəraitimiz var. Bizə də ancaq gözəl tamaşalarla şəhər sakinlərinin teatr tələbatını ödəmək qalır”.

Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Rəhman Rəhmanov: “Prezidentimizin  keçirdiyi bu görüşü çox yüksək qiymətləndirirəm. Belə görüşlərin tez-tez keçirilməsini arzulayıram. Əlbəttə ki, mədəniyyət xadimlərinin belə görüşlərə çox ehtiyacı var, çünki, teatrımızın, sənətkarların problemləri var və onlar dövlət səviyyəsində həll olunmalıdır. Gördüyünüz kimi, cənab prezidentimiz görüşdəki şəxslərin çıxışlarını, xahişlərini diqqətlə, maraqla dinlədi. Çox güman ki, bu günlərdə prezidentin fəarmanı ilə teatr işçilərinin maaşları qalxacaq, maraqlı yeniliklər olacaq. Və mən xüsusilə Afaq Bəşirqızına öz təşəkkürümü bildirirəm. Biz teatr işçiləri haqqında bildirdiyi fikirlər və cənab prezidentimizin bu fikirləri yüksək qarşılaması hamımızı çox sevindirdi. Sözsüz ki, bu təqdirəlayiq bir işdir və prezidentimizə, onun xanımına çox təşəkkür edirəm”. 

Gənc Tamaşaçılar Teatrının rejissoru, aktyor, Əməkdar artist Nicat Kazımov: “Bu görüşün keçirilməsini çox yüksək qiymətləndirirəm. Ölkə başçısı hər zaman mədəniyyət işçilərinə yüksək qayğı və diqqət göstərib. Bu görüş də həmin qayğının bariz nümunməsi oldu. Əminəm ki, bu görüşdən sonra diqqət və qayğı daha da artacaq. Problemlərimiz həll olunacaq. Buna görə çox sevinirəm və belə görüşlərin tez-tez keçirilməsini arzulayıram. Afaq xanım Bəşirqızının söylədikləri ilə də tam razıyam və dəstəkləyirəm. Ümid edirəm ki, tez bir zamanda bu məsələlər öz həllini tapacaq”.

Rejissor Mir Sahib Ağazadə: “Ölkədə baş verən istənilən hadisəyə, dövlət tərəfindən verilən qərarlara cəmiyyətin çevik və adekvat reaksiyası var. Cəmiyyətdəki, müəyyən mənada, ayıqlıq, çeviklik nə qədər qeyri müəyyən və pərakəndə olsa da, hər halda passiv tərzi-təfəkkürdən, ətalətdən üstündür. Bu fəallığa əsas səbəb, məncə, həm gənc və orta nəslin elektron mətbuat, xüsusilə sosial şəbəkələr vasitəsilə gündəmi izləməsi, həm də ölkə başçısı tərəfindən son zamanlar aparılan köklü islahatlardır. Mən belə bir görüş vasitəsilə olmasa da, bu islahat prosesinin yaxın zamanda mədəniyyət və incəsənət sahəsinə də yönələcəyini gözləyirdim. Cənab prezidentin bu təşəbbüsünü çox təqdirəlayiq hal hesab edirəm. Çünki mədəniyyət sahəsi və incəsənət adamlarına diqqət xalqın elitar düşüncəsinin və zövqünün inkişafı baxımdan olduqca mühüm məsələdir. Prezident də incəsənət adamları ilə görüşündə məhz bu məqamı məxsusi vurğuladı. Bu sahədə aparılan işlərin, o cümlədən teatr binalarının, muzeylərin təmiri və maddi-texniki bazasının yenilənməsi çox gözəl bir haldır. Amma incəsənət sahəsində çalışan insanların da maddi və mənəvi rifahının yüksəldilməsinə, bədii yaradıcılığın inkişafı üçün dövlət tərəfindən daha çox dəstəyə ehtiyac var. Bu baxımdan, görüşdə açıq müzakirənin olması çox önəmli idi ki, bu müzakirə də baş tutdu və prezident birbaşa sənətçilərin dilindən problemləri eşitdi. Ümid edirəm ki, çox yaxın zamanda mədəniyyət və incəsənət sahəsində də köklü islahatların, daha çox dövlət dəstəyinin şahidi olacağıq. Azərbaycanımızın bütün sahələrdə olan inkişafı, böyük mənada, mədəniyyətimizin inkişafıdır. Bütün həmkarlarıma uğurlar arzulayıram”.

Hazırladı: Nigar Pirimova 

Load Time (S) : 0.005264