Teatr deyilən şeyi fenomenoloji reduksiyadan keçirsək, yəni ki, onu bir stuktur kimi ələ alıb, “öz”ünün üstünə yüklənmiş digər elementlərdən təmizləsək, ortada nə qalacaq? Yalnız ünsiyyət! Teatrın mahiyyəti, “öz”ü, özəyi ünsiyyətdir. Teatr ünsiyyət modelidir. Bütün teatr cərəyan və formaları isə zaman-zaman sənətçi-seyrçi arasındakı ünsiyyətin qorunub saxlanması üçün zühur edib. Bəs, Azərbaycan teatrı niyə “YOX!” kimi bir şeydir?!. Ona görə ki, potensial seyrçisiylə ünsiyyət qura bilmir, onunla heç bir tanışlığı-filanı yoxdur. Sadəcə özü üçün mövcuddur, bir də bir ovuc sənət sevdalısı və işbazlar üçün. Xülasə, Azərbaycan teatrının bu gününə belə bir diaqnoz qoyuram: Sosialist düşüncəli istehsalçı (teatr və teatrçılar) və postindustrial düşüncəli istehlakçı (seyrçi) iki dünya bir olsa, hər hansı dialoqa girə və heç bir alış-veriş edə bilməzlər. Burada biz “sosialist” kəlməsini fəlsəfi-sosioloji etimologiyasından qoparıb, “köhnə”, “çürümüş”, “iylənmiş” sözlərinin əvəzinə işlədirik. Yəni ki, Azərbaycan teatr sektoru qocalıb və hamının zəhləsini tökməkdən başqa heç bir işə yaramır. Bəs, çarə nədir?.. Çarəni yalnız, necə deyərlər, fərdlər axtarırlar... bayaq dediyim o bir ovuc sənət sevdalısı. Məsələn, Tərlan Rəsulov kimi fərdlər. Tərlan Rəsulov müstəqil “dOM” teatrını yaradıb, orada İsmayıl İmanovun pyesini bəhanə gətirərək, “Limbo” tamaşasını qurub və tamaşanı qoltuğuna vurub gedib Başqırdıstana, Türkdilli Teatrların Beynəlxalq “Tuğanlıq” Festivalına. Biz də bunu bəhanəyə çevirib “dOM” kollektiviylə söhbətə gəlmişik. Girişi Tərlan Rəsulov özü eləsin: “ 23-30 may tarixində Mədəniyyət Nazirliyinin xətti ilə Başqırdıstanın paytaxtı Ufada festivalda iştirak etdik”.
Qeyd edim ki, “Limbo” tamaşası immersiv teatr türünə aid edilir. Bu da interaktiv teatrın qollarından biridir və ənənəvi aktyor-seyrçi münasibətlərini inkar edir, “döndüncü divar”ı yıxıb, seyrçiylə aktyor arasındakı məsafəni sıfırlayır. Mən də kollektivdən bu və bu qəbildən olan teatr formalarının Azərbaycan teatr məkanında yeri və perspektivi haqda danışmalarını xahiş etdim.
Tərlan Rəsulov: “Doğrusu, bizim tamaşa festivalın formatına bir o qədər də uyğun deyildi. Festivalın formatı daha klassik idi. Bizim tamaşa orada çox fərqlənirdi. “Limbo” festivalın əhvalına bir yenilik və rəngarənglik gətirdi”.
Yaqut Paşazadə: “dOM”un poetikası və “Limbo” tamaşasının quruluşu Azərbaycan teatrı üçün də bir yenilikdir, orijinallıqdır. Bu teatr artıq beş tamaşa oynayıb və seyrçilərin reaksiyasından belə qənaətə gəlmişik ki, bu türün inkişafı arzuolunandır. Sadəcə ömrü nə qədər olacaq, bunu zaman göstərəcək”.
Ulu babamız Stanislavski deyirdi ki, Meyerhold nə istədiyini yaxşı bilir, amma təəssüf ki, aktyorları onu anlamırlar. Mənə də “dOM”un gənc aktyorları maraqlıdırlar, görəsən, bunun nəmənə olduğunu anlayıblarmı?
Dəniz Tacəddin: “Klassik teatrda azdan-çoxdan təcrübəm olub və bu formaları özümə heç cür doğmalaşdıra bilməmişəm, heç cür qane etməyib məni. Sonra Tərlan müəllimlə, onun təklif etdiyi “spontan aktyor texnikası” ilə tanış oldum və “dOM”da fəaliyyətə başladım. Məhz bu poetika mənə içimdəki çərçivələri qırmağa və istədiyim kimi formalaşmağa şərait yaradır. Spontan ifaçılıq texnikası aktyoru mətnin, mizanın, quruluşun çərçivələrindən xilas edir və sırf aktyor yaradıcılığına, tamaşaçıyla birbaşa, xalis ünsiyyətə sövq edir. Bunun üstün cəhətlərindən biri də odur ki, hər dəfə karkas dəyişir, quruluş tamaşaçının ovqatından asılı olaraq, müxtəlif istiqamətlər alır. Məncə, bu, əsl teatrdır!”
Tərlan Əli: “Biz əgər teatra “canlı sənət” deyiriksə, onda hər şeydən əvvəl bu canlılığı tapmalı və qorumalıyıq. Klassik teatrda müəyyən bir quruluş var və tamaşanın neçə dəfə oynanılmasından asılı olmayaraq, həmən quruluşda bir dəyişiklik görmək mümkün deyil. Orada orijinal, gözlənilməz bir şey tapmaq çətin məsələdir. Sözün düzü, bu, mənimçün maraqsızdır. Mənə bu an baş verən şeylər, məhz o anilikdəki canlılıq maraqldır”.
Fikirlər maraqlıdır, amma onu da unutmayaq ki, bu günə qədər yaranmış bütün aktyor texnika və sistemlərinin işi, zatən, aktyorun içini işə salmaq, onu şərti zaman-məkanda yaradıcılıq nöqtəsinə ulaşdırmaq olub. Stanislavski “sistem”inin məqsədi səhnədə aktyorun beyin-bədən orqanikliyinə nail olmaq idi, əvvəlcədən hesablanmış, qurulmuş strukturu imitasiya etmək yox. Bir də ki, quruluş artıq rejissor yaradıcılığıdır, aktyor isə istənilən quruluşda canlı, üzvi, orqanik olmağı bacarmalıdır, yalançılıqdan qaçmalıdır. “Sistem” bunu deyir, immersivlik isə bunun bir başqa, postindustrial resipientin beyninə hesablanmış formasıdır. Bu beyin hər şeyin bir anda hazırlanmasına, bir dəfəlik istifadəyə vərdiş edib. Məhz bu düşüncə yeni teatr formasını labüdləşdirir, həmçinin immersivliyi.
Bu yeni teatr düşüncəsinin içində köhnənin təptəzə sənətkarları da var. Məsələn, Yuğ Teatrının aktyoru, Əməkdar artist Qasım Nağı: ““Limbo” “dOM” Teatrındakı ilk işimdir. Bu ideya, bu yanaşma şəxsən mənimçün yeni deyil. Nədən ki, 26 illik Yuğ Dövlət Teatrı təcrübəm var. Amma bu yanaşma, bu üslub, Tərlan müəllimin meydana gətirdiyi bu yenilik mənimçün çox maraqlı və doğmadır. Ona görə Tərlan müəllimin təklifini böyük məmnuniyyətlə qəbul elədim. Uğurlu iş oldu, ölkə daxilində də, ölkədən kənarda da. O ki, qaldı yeniliyə, 1996-97-ci illərdə iki mövsüm Vaqif İbrahimoğlu bununla məşğul olub. “At, daş, qadın”, “İtmiş saat” və s. işlər oldu, bunlara performanslar, yaxud “səhnə hadisələri” deyirdik. Həmən bu strukturla praktiki orada tanış olmuşam. Tərlan müəllimin bu işləri isə onun daha da təkmilləşmiş, qeyri-teatr məkanlarında zühura gələn variantlarıdır. Festivalla bağlı da hər kəsi təbrik edirəm, çox uğurlu iş idi. Ən çox da sevinirəm Tərlan müəllimin ətrafındakı gənclərə görə... Onlara tövsiyəm budur ki, Tərlan müəllimdən ayrılmasınlar. Çünki orada yaradıcılıq var, sənət var, işıq var.
Ərtoğrul Kamalov: “Mənimçün bu yenilikdir ona görə ki, ayağımı “dOM” teatrının səhnəsinə qoyan kimi, hiss elədim büdrəyirəm, az qalıram yıxılım. Baxmayaraq ki, müəyyən bir təcrübəm var, baxmayaraq ki, Yuğda yetişmişik, amma burada da mənimçün yeni qapılar açıldı. Ümumi götürəndə isə çox doğmadır, çox tanışdır. Məsələn, Vaqif müəllimin “Don Kixot” romanı əsasında qurduğu “Psix” tamaşasında buna bənzər məqamlar bol idi”.
Mənə maraqlıdır, “dOM” teatrının potensial alıcı kütləsi varmı, yoxsa o da başqa özəl teatrlarımız kimi hansısa layihələr, qrandlar hesabına dolanır. Bu haqda danışır “dOM”un prodüseri Səbuhi Məmmədov:
““dOM” teatrı yaranandan bu günə qədər öz ayaqları üzərində durur. Çünki klassik teatrdan fərqli olaraq, bu teatrın var olması üçün bir o qədər maliyyə vəsaiti lazım deyil. Bu artıq yeni bir uğurdur və prodüser işi tərəfdən böyük qənaətdir. Buna görə də teatrın qazandığı beş-üç manatı biz yeni layihələrə xərcləyə bilirik. O ki qalda Azərbaycan teatrlarında menecment məsələsinə, bizdə menecment yoxdur. Bizim teatrlar hələ də Sovetin qədim direktor üsul-idarəsiylə fəaliyyət göstərirlər. “dOM” cox qısa zamandır fəaliyyət göstərir, buna baxmayaraq iki beynəlxalq layihəyə imza atıb və müəyyən qədər alıcı kütləsini ətrafına yığıb”.
Tərlan Rəsulov: “İstəyirəm menecment məsələsinə toxunum. Bu gün məhsullar heç də hər hansı labüd ehtiyacdan yaradılmır. Sadəcə məhsul yaradılır və əgər normal təqdim edilirsə, ona təlabat yaranır və alıcı kütləsi formalaşır. Heç bir telefon istifadə edən şəxs yatıb yuxusunda görmür ki, filan cür telefon olsaydı, istifadə edərdim. İkincisi, yenilik məsələsinə gələk, elmdə belə heç bir düşüncə, fikir birdən-birə meydana çıxmayıb. Bu gün əgər bir yeni fikir varsa, başa düşməliyik ki, o fikir mürəkkəb bir təkamül prosesi keçib. Təyyarəni bir elm nəsli icad edir, amma o sonuncu detaldan sonra uçmağa başlayır və məhz o sonuncu detalı qoyan adamın adı tarixdə qalır”.
Dağlar Yusif: İndi demək istəyirsiz ki, bu söhbətə nöqtəni siz qoymusuz?”
Tərlan Rəsulov: “Sənətdə nöqtə yoxdur. Bu gün Azərbaycanda özəl teatrlar çoxdur, hər kəs yeni mexanizmləri işə salmaq istəyir, bununçun yollar axtarırlar. İstənilən halda bu olacaq. O proses ki, Azərbaycan teatrında 15 il bundan qabaq getməliydi, indi gedir. İnanıram ki, bu prosesin sonunda sağlam rəqabət yaranacaq”.
Şəxsən mənimçün, “Limbo” tamaşasının bu tərəfi maraqlıdır ki, burada iki müxtəlif düşüncə içində yetişmiş teatr sənətçiləri bir ortamda var olublar. Bu haqda iştirakçıların fikirləri çox maraqlıdır.
Dəniz Tacəddin: “Bu, bizimçün bir məktəb idi. Bu şəxslərlə işləyəndə hərədən bir ornament götürürsən. Düzdür, bu tamaşadan altı ay qabaq “Poliqon” platformasında altı aylıq təlim keçdik. Ona görə “Limbo”da özümüzü tam hazırlıqlı hiss edirik”.
Tərlan Əli: “Bu işin möcüzəli tərəfi və bizim teatrın özünəməxsusluğudur. Baxmayaraq ki, bu sənətdə elə bir təcrübəm yoxdur, illərin teatr sənətçisiylə bir bütöv ola bilirəm”.
Yaqut Paşazadə: “Zatən, “Limbo”nun kollektivi yığılanda oturub düşünürdük ki, kimlər bu düşüncə içində var ola bilər, kimlər bu düşüncəyə açıqdır, məhz onları yığdıq”.
Tərlan Rəsulov: “Əslində, çətin oldu. Hər dəfə məşq eləmək lazım gəlirdi. O adamlar ki, müəyyən peşəkarlıq vardı, onlar həmən peşəkarlığı unutmalı, oynamaq psixologiyasından arınmalı idilər. Gənclərlə isə Dəniz də dedi, treninqlər keçmişdik. Ümumiyyətlə, bu teatr türü saf düşüncə tələb edir, necə deyərlər, hələki peşəkarlıqla zəhərlənməmiş saf düşüncə. Onlar üçün tamaşa oynamamaq və səmimi ünsiyyət daha asan olur.
Qasım Nağı: “Mənə peşəkarlığım mane olmadı, amma çox ciddiyə aldım və çox həyəcanlandım. Qeyd olunduğu kimi, gənc dostlarımız tamaşadan qabaq məhz bu spontanlığa hesablanmış təlimlər keçmişdilər, biz keçməmişdik. Amma məndən ötrü Vaqif İbrahimoğlunun teatr düşüncəsi Azərbaycan teatrını 30 il qabaqlayır. Ona görə dedim ki, bu düşüncə mənimçün yeni deyil, amma təcrübə çox yenidir. Aktyor olmayan kəslərlə eyni ortamda gözlənilməz situasiyalarda var olmaq bizimçün yenidir”.
Deyirəm , nə yaxşı, zamanın bir dilimində, məkanın Azərbaycan küncündə İbrahimoğlu Vaqif yaşayıb. Məhz onun yetişdirdiyi kəslər bu gün Azərbaycan teatrından dünyaya belə kiçicik pəncərə aça bilərdilər. Bu gün o kiçik pəncərənin adı “dOM”dur, gərək ol pəncərənin yanında çoxlu belə pəncərələr dayansın...o qədər ki, Azərbaycan teatrı iri bir arı pətəyinə bənzəsin!
Müəllifin digər yazıları
“Görünməmiş bir hadisə baş verəcək. Jurnalistlər demişkən, a bala, “sensasiya!” Həm iqtidar, həm müxalifət qəbrimi ziyarətə gələcəklər. Müxalifət biri-birinə “mitinqlərdə görüşək” deyəcək, i...
XXI əsrin teatr düşüncəsi ötən əsrlə müqayisədə ciddi dəyişikliyə məruz qalıb, yeni yanaşmalar, yeni tendensiyalar, yeni janrlar, yeni teatr poetikaları, hətta yeni teatrlar yaranıb. Təbii, uğurlusu da olub, uğursuzu da&helli...
Teatr deyilən şeyi fenomenoloji reduksiyadan keçirsək, yəni ki, onu bir stuktur kimi ələ alıb, “öz”ünün üstünə yüklənmiş digər elementlərdən təmizləsək, ortada nə qalacaq? Yalnız ünsiyyət! Teatrın...