TEATRO

TEATRO

sənət portalı

post-title

 Dağlar Yusif - Özünə qapanmış dünyanı oxumaq: İşarə

Peirce işarəni üç elementdən ibarət stuktur kimi ələ alır: ideya ilə bilinc arasındakı mediator –göstərən, işarəni yozan başqa bir ideya, bir də göstərənin aid olduğu obyekt. Peircenin işarə konsepsiyası Mark Gottdienerin “Postmodern işarələr” adlı əsərdində bu cür şərh olunur: “Bir yandan işarə məkanda nəsnədir və ideyanın ortaq məkandakı müxtəlif biçimləri kimi meydana çıxır. Digər tərəfdən isə işarə dünyadan təcrid olunmuş “özəl sfera”dadır. Öz təbiətinə uyğun olaraq mənimçün bir, səninçün  başqa cür yozulur. Deməli, işarə həm də  bilincimizin faktıdır.” 

İşarə nəsnələşdirdiyi informasiya (obyekt) ilə bilinc arasında mediator-dizayndır. Bu dizayn insan bilincində öz obyekti haqda təsəvvür yaratmaq amacı güdür. İşarə “özündə ŞEY”in “bilincdə ŞEY” təzahürüdür, “özündə ŞEY”in yozum variantıdır. “Özündə Şey” enerjidirsə, “bilincdə Şey” şüurun  məna kimi dəyərləndirdiyi enerji titrəyişidir. Klassik teatr nəzəriyyəsinə görə səhnə informasiya sferasıdır və onun estetik çərçivəsində hər bir xırda element belə potensial informasiya daşıyıcısdır. Məkanda predmet potensial işarədir. Martin Esslin “Dramın sferası”ında teatral işarələrin üç növünü sadalayır: ikonik, indeks və simvolik işarələr.

Teatral mətnin işarələrinin hamısı ikonikdir: dramatik aktın hər anı xəyalın, yaxud gerçəkliyin vizual və audial işarələridir. Bütün bunlar ikonik stukturun “təqlid edilən gerçəklik” kontekstində mövcuddur. 

Gerçək həyatda işlətdiyimiz jestlər, küçədəki müəyyən obyekti eyhamlaşdıran ox işarələrə indeks-təyinedici və ya deiktik işarələr deyilir.

Üçüncü növ işarələr isə indeks və ikonik işarələrdən fərqli olaraq eyhamlaşdırdıqları şeyə münasibətdə ilk baxışdan anlaşılmayan simvolik işarələrdir. 

Klassik teatrşünaslığın analiz metodu məhz bu işarələri çözüb, tekstin alt qatını, müəllifin “əzəli nitqi”ni aşkarlamağa çalışır. Nədən ki, səhnə materiyası özlüyündə çözülməyə ehtiyacı olan kod-şəbəkədir. Roman İnqarden bir pyesi haupttext və nebentext olaraq iki yerə ayırır. Haupttext aktyorlar tərəfindən danışılan formal mətndir, nebentext isə bu formal mətnin paradiqmasına yerləşdirilmiş, yalnız yozum prosesində aşkarlanan alt mətndir. Birincisi məna istehsalçısı olaraq göstəri mətninin yalnız seyrçilərə yönəlik qatıdır, ikincisi isə sözlərdən qeyri işarələrə səpələnmiş mənadır. Klassik teatr üçün tamaşa bu iki mətnin oyunundan başqa bir şey deyil. Burda nebentext  işarələrin bağlı olduğu obyektlər, haupttext isə ierarxik işarələr sistemidir. İşarələrlə onların obyekləri, şeylərlə ifadə etdiyi mənalar arasından simmetriya mövcuddur. Əvvəlcədən təyin olunmuş məna və ideya ierarxik işarələr sistemi vasitasiylə resipentə ötürülür və ya ötürüldüyü idda olunur.

Postmodern teatrda isə işarələr sisteminin təbiəti Lemanın “parataxis” termini ilə açıla bilər. Bu anlayışa görə teatrın işarələri arasında klassik teatra xas ierarxiya dağılıb. Yazı dominant  deyil. Klassik teatrda işarələr mərkəzdən kənarlara doğru düzülürsə, postmodern teatrda  işarələr hərəsi özlüyündə bir mərkəzdir. Burada işarələr “vahid ideyanı” və düzxətli eyləmi modulə etmək əvəzinə öz spektral təbiətiylə onu parçalayır, fraktal “stuktur” yaradır. Əgər postmodern teatrdan danışırıqsa, gərək, “işarələr sistemi” ifadəsini “işarələr seli”iylə əvəzləyək. Leman deyir ki, modern sonrası teatrda işarə bolluğundan və ya işarələrin aşırı  seyrəkliyindən danışmaq olar. Ya az sayda işarədən istifadə edilərək səhnə aşırı informasiyadan arınır, ya da işarə bolluğu mənanı parçalayır. İşarənin seyrəkliyi yoxluğa, heçliyə işarədir. Bu mənada yoxluq özünə qapanmış işarənin məkanıdır. Yoxluq məna potensialı, parçalanmış bilincin oxşarıdır. (Fukonun oxşarlıqlarını xatırla...) Postmodern dünyanın bütün forma və təzahürlərində mürgülüyən yoxluq gizli məkanı, gizli dünyanı eyhamlaşdırır.  Ona görə Tao da deyirdi ki, yoxluq informasiyadır. 

İşarənin aşırı bolluğu isə mənanı əridib atmosferə çevirmək, seyrçinin vahid ideyaya köklənməsinin qarşısını almaqdır. Səhnə məkanında qum dənələri kimi üst-üstə qalaqlanmış işarələr axınmərkəzli, Delyozun təbirincə desək, “köçmərkəzli” dünyanı eyhamlaşdırır. Lixtenin Robert Vilsondan gətirdiyi misala baxaq:“Robert Vilson tamaşalarında 300-dən çox işıq növünü 120 dəqiqədə dəyişə bilən texnologiyadan istifadə edir. İşığın bu dinamikası insanın bilincini, qavrayışını, dərketmə bacarığını üstələyən narrativ yaradır. İnsan işığı bütün “səthi”lə alğıyalır və işıq  insanın psixiki məkanına nüfuz edir. Performativ məkan  atmosferik məkana çevrilir.” 

Burda işarələr axını qavramaq üçün deyil, insanı dünyanı və dərk etməkdə aciz olan varlığı ilə üzləşdirmək üçündür. Bizim Vaqif İbrahimoğlu da deyirdi ki, insan suya və ya yanan ocağa saatlarla baxa bilər. Amma ondan nə əxz etdiyini soruşsan heç bir şey deyə bilməz. Nədən ki, axar su və ya yanan ocaq informativ mətn deyil, assosiativ mətndir. Qəzəl və ya muğam da də belədir, biz onun mənasından çox ritmini və ya atmosferini sevirik. Sayrışan işarələr seli atmosferik məkan yaradır. Postmodern teatrda mimetik və semiotik estetikanı atmosferik estetika əvəzləyir. Semiotik estetika sənətin bir dil olaraq anlaşılması ehtimalından yola çıxaraq  məna yaratma, mənalandırma prosesini gerçəkləşdirir, atmosferik estetika bədənə və bədənin enerjisinə yönəlir.

Klassik teatra aid edilən tamaşalarda teks determinist məntiqələ qurulur. Fəzada işarələr bir-birinin səbəbi və nəticəsi kimi düzülür. Postmodern teatrda isə hər cür eynilik və oxşarlığın qəstinə durmuş işarələr yığını bütöv məna “partiturası” əvəzinə xaos yaradır və seyrçini sintez imkanından məhrum edir. Mişel Fuko Borxesin hekayəsində şeylərin müdhiş təsnifatından heyrətə gəlir. O, heç bir ortaq nöqtəsi olmayan dünyaların ümumi məkana yığılmasına diqqət çəkirdi və deyirdi: ”Bu, qanundan və həndəsədən məhrum HETEROKLİT sahəsində çoxsaylı qaydaların fraqmentlərini üzə çıxaran nizamsızlıqdır. Heterotopiyalar adamda narahatlıq doğurur, çünki onlar əlaltdan dili məhv edir, adlandırmağa mane olur, ümumi isimləri darmadağın edir, yaxud onların arasında hərc-mərclik yaradır və hər şeydən qabaq “sintaksis”i məhv edir. Özü də bununla yalnız cümlə quran sintaksisi yox, sözləri və nəsnələri, yan-yana, yaxud qarşı-qarşıya qoyaraq,bir-birinə calayan sintaksisi nəzərdə tuturam.”

Modern teatrda işarələr vahid sintaksisə və məkanın “cazibə qanunları”na tabe edilir. Postmodern teatr isə ümumi məkanın parçalanması və sonsuzluğa dağılmasıdır. Postmodern teatrın parçalanmış məkanı  yeni, “spektral-fraktal sintaktik patternlər teatrı” yaradır. Bu “köçən işarələr” teatrıdır. İşarələrin bu cür dinamikası “axan məkan” , Lakanın təbrincə desək, FLUX, yəni göstərənlər axını yaradır. Mədəniyyət şəhər arxetipindən köç arxetipinə qayıdır. Postmodern həyat köçəri həyatdır. Onun bir yerdə dayanmaq, tarixə çevrilmək  təbiəti yoxdur. Belə olan halda mədəniyyətin şəhər stixiyasında çözünən stabil (tarixi) işarələr sistemi, köç stxiyasına qayıtmış dinamik (tarix sonrası) işarələr sistemiylə əvəz olunur.

“Qobustan” jurnalının qış sayına istinadən

Load Time (S) : 0.004696