TEATRO

TEATRO

sənət portalı

post-title

Con Fosse: SƏNƏT SÜLHDÜR

Teatro.az Norveç dramaturqu və yazıçısı Con Fossenin Beynəlxalq Teatr Günü mesajını təqdim edir.

Hər bir insan unikaldır və eyni zamanda, digər insanlar kimidir. Bizim zahiri görünüşümüz, əlbəttə ki, başqalarından fərqlidir. Bunların hamısı çox gözəl, çox pakizədir. Amma və lakin...

Həm də hər kəsin daxilində yalnız o insana aid olan nəsə var və məhz bu, həmin insanı unikal edir. Biz bunu onların canı və ya ruhu adlandıra bilərik. Bəlkə də heç onu sözlə ifadə etməyə də ehtiyac yoxdur.

Hamımız bir-birimizdən fərqlənsək də, bənzərik. Dünyanın dörd bir yanından olan insanlar danışdıqları dildən, dərilərinin, saçlarının rəngindən asılı olmayaraq, mahiyyətcə oxşardırlar.

Paradoksal görünə bilər: biz tamamilə oxşar və tamamilə fərqliyik. Ola bilər ki, mahiyyətcə insan bədəninin və ruhunun vəhdəti paradoksaldır. Biz həm torpağa bağlı maddi varlıq, həm də yerin hüdudlarını aşan ruhsal nəsnələri ehtiva edirik.

Əsl sənət, tamamilə unikal olanı universal ilə birləşdirməklə yaranır. Bu, bizə nəyin fərqli, nəyin yad, təbir caizsə, universal olduğunu anlamağa imkan verir. Bununla da incəsənət dillər, coğrafi bölgələr, ölkələr arasındakı sərhədləri aşır. Bu, təkcə hər kəsin individual keyfiyyətlərini deyil, başqa mənada, hər bir insan qrupunun, məsələn, hər bir xalqın fərdi xüsusiyyətlərini bir araya gətirir.

Sənət bunu fərqləri silməklə və hər şeyi eyniləşdirməklə deyil, əksinə, nəyin bizdən fərqli olduğunu, nəyin yad olduğunu göstərməklə edir. Bütün yaxşı sənətlər məhz bunu ehtiva edir: yad bir şey, bizim tamamilə başa düşə bilmədiyimiz və eyni zamanda müəyyən mənada başa düşə bildiyimiz bir şey. Bu, belə deyək, bir sirr ehtiva edir.  Bizi heyran edən və beləliklə, hüdudlarımızdan kənara çıxaran və bununla da bütün sənətlərin həm özündə ehtiva etməli, həm də bizi aparmalı olduğu transsendensiyanı yaradır.

Mən qütbləri bir araya gətirməyin daha yaxşı yolunu bilmirəm. Bu, texnologiyanın bizim ixtiyarımıza verdiyi ən qeyri-insani ixtiralardan istifadə edərək, yad, unikal və fərqli olan hər şeyi məhv etmək üçün dağıdıcı vəsvəsəyə yol verən, dünyada tez-tez gördüyümüz zorakı münaqişələrdən tam əks yanaşmadır. Dünyada terror var. Müharibə var. Çünki insanların digərini, başqa olanı füsunkar bir sirr kimi deyil, öz varlığına təhlükə kimi dərk etmək instinkti ilə idarə olunan heyvani tərəfi də var.

Beləcə, unikallıq – hamımızın görə bildiyi fərqlər yox olur və geriyə hər hansı fərqliliyi təcili aradan qaldırılmalı təhlükə kimi görən kollektiv eynilik qalır. Kənardan fərqli bir  şey kimi görünən, məsələn, dində və ya siyasi ideologiyada məğlub edilməli və məhv olunmalı olan bir şeyə çevrilir.

Müharibə ruhumuzun dərinliklərində olan unikal şeylərə qarşı döyüşdür. Bu həm də sənətə qarşı, bütün sənətin təməlində dayanan şeylərə qarşı döyüşdür.

Mən burada, məxsusi olaraq, teatrdan və ya dramaturgiyadan deyil, ümumiyyətlə sənətdən danışdım. Ona görə ki, dediyim kimi, bütün yaxşı sənətlər mahiyyətcə eyni şey ətrafında fırlanır: tamamilə unikal, spesifik olanı götürmək və onu universallaşdırmaq.

Müharibə və sənət bir-birinə ziddir, müharibə və sülh də bir-birinə ziddir - bu qədər sadə. Sənət sülhdür.

Tərcümə edən Mina Qurbanova

Load Time (S) : 0.003817