TEATRO

TEATRO

sənət portalı

post-title

Cəvahir Əliyeva - Azərbaycan teatr tarixi Cəfər Cəfərovun təfsirində

Cəfər Cəfərov Azərbaycan teatrşünaslıq elmində silinməz iz buraxan görkəmli şəxsiyyətlərdən və mütəfəkkirlərdən biridir. Hazırki dönəmə qədər bu iz üzərində addımlamağı bacaran şəxslər – professorlar, alimlər və tələbələr yetişmişdir və yetişməkdə davam edir. C.Cəfərovun teatr sənətinə və teatrşünaslıq elminə bəslədiyi sevgi teatrşünas olmaq istəyən gənclər üçün böyük stimuldur. Alimin 1930-cu ildən bəri, yəni, teatrşünaslıq fəaliyyətinə başladığı vaxtdan bu günə kimi yazdığı məqalələr, resenziyalar, elmi əsərlər və kitablar bu elmin sirlərinə vaqif olmaq istəyənlər üçün istinadgah olmuşdur.

Cəfər Cəfərov Azərbaycan teatr tarixini ilk olaraq sistemli şəkildə tədqiq etmiş teatrşünasdır. Teatr tariximizin müxtəlif mərhələlərinin dəqiq təsnifatını da ilk dəfə məhz Cəfər Cəfərov vermişdir.

Cəfər Cəfərovun “Azərbaycan teatrı” adlı kitabında teatr tariximiz üç hissə, doqquz fəslə bölünməklə təfsir edilir. Teatrşünas alim C.Cəfərovun teatrşünaslıq elminə böyük töhfə verən bu kitabı illər keçsə də, teatrşünaslar üçün öz dəyərini qoruyub saxlayacaq.

 C.Cəfərov xalqımızın keçdiyi çətin sınaqlardan sonrakı dövrü –  1873-1905-ci illəri “Azərbaycan teatrının doğuluşu və təşəkkülü” kimi səciyyələndirir. 1873-cü il mart ayının 10-da milli teatrımız “Lənkəran xanının vəziri” tamaşası ilə həyata qədəm qoyur. C.Cəfərov qeyd edir ki, M.F.Axundovun arxivindən əldə edilən afişa, o zaman Tiflisdə rus dilində nəşr olunan bir müxbir yazısı, tamaşa üçün icazənin alınması ilə bağlı bir sıra rəsmi sənədlər martın 10-da Bakıda səhnəyə qoyulmuş ilk tamaşanın, həqiqətən, “Lənkəran xanının vəziri” olduğunu təsdiqləyir.

C.Cəfərov XIX əsrin 70-ci illərində Azərbaycan şəhərlərində səhnəyə qoyulan tamaşalar barədə məlumatın az olduğunu təəssüf  hissi ilə qeyd edir. Lakin 1875-ci ildə Qubada, 1879-cu ildə isə Şəkidə səhnələşdirilən tamaşalar haqqında məlumatın olduğunu diqqətə çatdırır. Teatrşünas-alim 80-ci illərin sonlarını Bakıda teatr həyatının canlandığı dövr kimi xarakterizə edir. Bunun səbəbi isə Azərbaycan şəhərlərində yaşayan teatr həvəskarlarının Bakıya üz tutması idi. Teatrşünas-alim 90-cı illərdə, demək olar ki, hər ay tamaşaların oynanıldığını xüsusi vurğulayır. Beləliklə, 1873-1905-ci illəri əhatə edən zaman kəsimi teatr tariximizin mühüm əhəmiyyət kəsb edən dönəmlərindən sayılır. Bunu görkəmli alimin mülahizələri sübut edir. O, qeyd edir: “1905-ci il inqilabına qədər Azərbaycan teatrında bir sıra mühüm nailiyyətlər əldə edilir. Bu nailiyyətlərdən önəmlisi o idi ki, Ə.Haqverdiyevin və C.Zeynalovun rəhbərliyi ilə Azərbaycan teatrında mübazirə aparan az-çox əzmli bir aktyor kollektivi təşəkkül tapır, ikincisi, “Nadanlıq”, “Bəxtsiz cavan”, “Müsibəti-Fəxrəddin”, “Müfəttiş”, “Evlənmə”, “Otello” və bu kimi digər yeni orijinal və tərcümə əsərləri teatrın repertuarını zənginləşdirir, üçüncüsü, teatrın yaradıcılıq imkanlarının daha geniş vüsət alması bütün yaradıcı qüvvələrin bir təşkilat içərisində birləşməsi zərurətini ortaya qoyur” [1, səh.23].

Teatr tariximizin 1905-1917-ci illəri C.Cəfərov tərəfindən “1905-ci ilin inqilabı və Azərbaycan teatrı” başlığı altında təfsir edilmişdir. Teatrşünas-alim qeyd edir ki, inqilabdan öncəki Azərbaycan teatrının yaradıcılıq yolu rəvan olmamışdır. Bu yolda çətinlik və maneələr çox olmuşdur. Teatrda iki mədəniyyət mübarizə aparmışdır, bunlardan birincisi teatrı mürtəce cəbhəyə çəkməklə repertuarı burjua-millətçi, dini, əyləndirici pyeslərlə korlamağa və səhnə sənətində antirealistik prinsiplər yaymağa çalışmış, ikincisi isə teatrı xalqın həyatı ilə əlaqələndirməyə, onu xalqa, işçi kütləsinə yaxınlaşdırmağa, ictimai eybəcərlikləri ifşa etmək üçün silahlandırmağa, teatrı realizm yolu ilə aparmağa cəhd etmişdir. C.Cəfərov onu da qeyd edir ki, bu iki mədəniyyət arasındakı qarşıdurmada əksərən ikinci mədəniyyət qələbə qazanmışdır.

“Azərbaycan teatr tarixi” əsərində 1917-1920-ci illəri “Sosialist inqilabı ərəfəsi” başlığı altında təfsir edən alim qeyd edir ki, bu dövrdə ictimai-siyasi mühit teatra olduqca böyük təsir göstərmişdir. O, “Səfa” və “Nicat” mədəni-maarif cəmiyyətlərinin nəzdində yaradılmış teatr truppalarının, eləcə də “Hacıbəyov qardaşları” və “Müsəlman artistləri ittifaqı” müdriyyətinin dramatik və musiqili tamaşalar sərgiləyən yeni truppasının 1917-ci ildə də öz fəaliyyətini davam etdirdiyini bildirir.

“Azərbaycan Sovet teatrının yenidən yaradılması” adlı bölmədə 1921-1925-ci illər dövrünü təfsir edərkən C.Cəfərov həmin zaman kəsiminin ən mühüm hadisələrdən birinin “Tənqid və Təbliğ” teatrının əsasının qoyulması olduğunu nəzərə çatdırır. O, “Bakinski raboçi” qəzetinə istinad edərək, bu teatrın həmin dövr üçün nə qədər vacib əhəmiyyət daşıdığını nəzərimizə çatdırır: “Biz bu yeni təşəbbüsü təbrik edərək inanırıq ki, Azərbaycan “Tənqid və Təbliğ” teatrı Şərqin həyatında yeni bir dövrün təməli olacaqdır”.

 1922-ci il mayın 9-da səhnəyə qoyulmuş “Aydın” pyesi C.Cabbarlının teatr səhnəsində oynanılan ilk pyesi idi. Teatrşünas-alim qeyd edir ki, tamaşa həddindən ziyadə gurultulu keçdi və böyük müvəffəqiyyət qazandı. “Aydın” pyesi,  həqiqətən də, o dövrün problemlərini özündə ehtiva edən ən mükəmməl pyeslərdən biridir. O dövrdə belə bir səhnə əsərinə ehtiyac çox böyük idi. Tamaşaçı artıq reallığı görməli və anlamalı idi. C.Cəfərovun “Aydın” pyesi və tamaşası ilə bağlı dolğun fikirləri bunu bir daha təsdiqləyir. Dövrün təfsirinin sonunda C.Cəfərov bu dövrdə əldə olunan böyük uğurları qeyd etsə də, ideya-yaradıcılıq inkişafı ilə əlaqəli çətinliklərin hələ də davam etdiyini də qeyd etməyi unutmur [bax: 1, səh. 56].

1926-1932-ci illəri əhatə edən “Yeni repertuar uğrunda” başlıqlı fəsildə C.Cəfərov yazır ki, 1926-cı ildən etibarən Bakı İşçi-kəndli teatrı “Dövlət Türk Akademik teatrı” adı altında fəaliyyət göstərməyə başlayır. Həmçinin, bu teatrla birlikdə Akademik teatrın da fəaliyyət göstərdiyini qeyd edir. Lakin teatrşünas-alim iki teatrın fəaliyyətinin ziddiyyət təşkil etmədiyini, əksinə, son nəticədə teatrların qarşılıqlı şəkildə bir-birilərindən bəhrələnməsinə və respublikada ümumi teatr mədəniyyətinin yüksəlməsinə səbəb olduğunu da qeyd edir.

Teatrşünas-alim həmin dövrdə C.Cabbarlının pyesi əsasında İ.Hidayətzadənin hazırladığı “Dönüş” tamaşası haqqında fikirlərini bu sözlərlə ifadə edir: “Tamaşa sənətdə həyatilik, müasirlik və xəlqilik prinsiplərini təsdiqləyirdi. Lakin bununla belə, o, 20-ci illərin sonu və 30-cu illərin əvvəllərində Azərbaycan teatrı üçün səiyyəvi olan tərəddüdləri də özündə ehtiva edir və ona işarə edirdi ki, səhnə sənətində həqiqi novatorluqla saxta yenilikçilik arasındakı sərhədi teatr bütünlüklə və sona qədər müəyyənləşdirə bilməmişdir” [2, səh. 5].

1933-1941-ci illəri əhatə edən “Yüksəliş illəri” mərhələsini teatrşünas-alim Azərbaycan teatrının yaradıcı kamilliyi dövrü kimi səciyyələndirir. Bəs, görkəmli alim bu dövrü niyə belə səciyyələndirirdi? Buna səbəb kimi alim, teatr tərəfindən təbliğ edilən ideyaların respublikada həmin dövrdə daha geniş vüsət almasını, xalqın mənəvi inkişafına böyük təsir göstərdiyini qeyd edir. O, Bakıda yerləşən M.Əzizbəyov adına teatrı “ana teatr” adlandırır və bu teatrın böyüyüb inkişaf etdiyini xüsusi nəzərə çatdırır. C.Cəfərov bu dövrdə inkişaf edən teatrlardan Naxçıvan, Kirovabad (Gəncə) teatrlarının da adlarını qeyd edir. Yekunda isə, böyük teatrşünas dövrlə bağlı fikirlərini belə ümumiləşdirir: “Digər teatrlar da yaradıcılıq axtarışları yolu ilə gedir və öz peşəkar mədəniyyətlərini yüksəltmək qayğısına qalırdı. Çətinliklərin əksinə olaraq, Şəkidə, Qubada, Ağdamda da gənc yaradıcı qüvvələr yetişir və bərkiyirdi. Əzizbəyovçuların rasional yaradıcılığının nüfuz etdiyi şəhər və rayon teatrları öz tamaşaları ilə geniş tamaşaçı kütlələrinə xidmət göstərir, böyük və xeyirli işlər görürdü”.

1941-1952-ci illəri əhatə edən “Böyük Vətən müharibəsi və Azərbaycan teatrı” sərlövhəli bölmədə teatrşünas-alim vətənpərvərlik mövzusuna xüsusi diqqət yetirir.  Alim nəzərimizə çatdırır  ki, “xalqın azadlığı uğrunda mübarizə hərəkatına həsr edilən “Vaqif”, “Xanlar”, “Qaçaq  Nəbi” tamaşaları respublikanın, demək olar ki, bütün teatrlarında oynanılırdı”. Böyük alim bu dövrdə müharibə mövzulu pyeslərin də teatr səhnələrində tamaşaya qoyulduğunu bildirir. Alim onu da vurğulayır ki, “həmin dövrdə müharibə mövzulu əsərlər yazılmadığı üçün, əksərən, tərcümə əsərlərindən istifadə olunurdu” [2, səh. 13].

 “Müasirlik yolları ilə” adlı ilə təqdim edilən 1953-1967-ci illəri əhatə edən dövrü C.Cəfərov Azərbaycan teatrının ən mürəkkəb dövrü kimi səciyyələndirir  və  bunun obyektiv və subyektiv səbəblərinin olduğunu iddia edir. Teatrşünas-alim Ə.Ələkbərovun, S.Vurğunun, M.Hüseynin, C.Məcnunbəyovun dünyalarını dəyişməsinin milli səhnə sənəti üçün ağır itki olduğunu qeyd edir, lakin bu itkilərlə bərabər, C.Cəfərov  teatrın qazandığı nailiyyətləri də oxucuların nəzərinə çatdırır.

ƏDƏBİYYAT

1. Cəfərov C.H. “Azərbaycan teatrı. Bakı, Azərnəşr, 1974, 315 s .

2. Rəhimli İ.Ə. “Akademik Milli Dram Teatrı”. 2003, № l.

Cəvahir Əliyeva
ADMİU-nun magistrı

 

 

Load Time (S) : 0.006303