TEATRO

TEATRO

sənət portalı

post-title

Cəfər Cəfərov: Teatrşünas, ədəbiyyatşünas və incəsənət xadimi

Görkəmli teatrşünas, Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cəfər Haşım oğlu Cəfərov 1914-cü ildə 7 sentyabr tarixində dünyaya gəlib. 60 ilə yaxın ömrünün 40 ilə qədər böyük bir hissəsini milli ədəbiyyata və incəsənətə həsr etmişdir. XX əsrin milli ədəbiyyat tarixində özünəməxsus yeri olan tənqid və ədəbiyyatşünaslığımızın görkəmli şəxsiyyəti Cəfər Cəfərov kiçik bir tacir ailəsində dünyaya göz açıb. Tarixin çox keşməkeşli bir dövründə çətinliklərə sinə gərərək yazıb yaradıb. C.Cəfərov milli ədəbiyyatşünaslıq və ədəbi tənqid sahələrində nəinki dövrünün görkəmli siması olmuş, hətta özündən sonra böyük məktəb qoymuşdur.

Ədibin fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənir. Belə ki, o, yaradıcılıq fəaliyyətinə teatr tarixi, tənqidi və nəzəriyyəsi, sənətşünaslıq kimi mürəkkəb sahələri sığdırmışdır.

Hər hansı sənətkar bir neçə fəaliyyət növü ilə məşğuldursa, onun yaradıcılığının ana xəttini təşkil edən bir istiqamət vardır. Cəfər Cəfərov fəaliyyəti bir neçə sahədə kəsişsə də, əsas xətt teatrşünaslıqla bağlıdır. Əbəs yerə Cəfər Cəfərovu fundamental milli teatrşünaslığının bünövrəsinin qoyan alim təqdim etmirlər. Teatrşünaslığın akademizm dərəcəsinə çatdırılmasında sənətkarın böyük əməyi olub.

Cəfər Cəfərov Akademik Milli Dram Teatrının timsalında milli teatr tarixinin akademik tədqiqinin əsasını qoydu. Teatr sənətinin müxtəlif aspektlərdən araşdırılması da məhz onun adı ilə bağlıdır. Bu sahənin tədqiqində dramaturqun nəzəri-estetik düşüncələri əhatə baxımından genişliyi ilə seçilir, çoxşaxəlidir və özündən sonrakı nəsillər üçün əvəzolunmaz mənbədir. 

Alimin tədqiqat obyekti bədii ədəbiyyat  idi. Sonralar teatr tənqidçisi kimi fəaliyyət göstərməsinə baxmayaraq, ədəbi düşüncə konteksi onun bütün təhlillərində özünü göstərirdi. Ədib ədəbiyyatımızın keçmişi ilə yanaşı, dövrünün ədəbiyyatına da dərindən bələd idi, ədəbi problemlərə aydın konseptual mövqe nümayiş etdirirdi. 

Hansı sahədə olursan ol, gətirilən yeniliklər hər zaman inkişafa xidmət edir. Əlbət ki, söhbət  Cəfər Cəfərov kimi görkəmli tədqiqatçının elm və faktlara dayanan novatorluğundan gedir. Alim ədəbiyyatımızı milli aspektdən dəyərləndirməklə yanaşı, həm də Qərb ədəbiyatı konteksindən qiymətləndirirdi. Əlbəttə ki, bu onun Qərb ədəbiyyatına da nə dərəcədə dərindən bələd olmasının göstəricisi idi. Alimi səciyyələndirən daha bir önəmli xüsus məhz axtarışı sevməsi idi. Ümumiyyətlə, yaradıcı insan inkişaf etmək istəyirsə, daim axtarışda olmalıdır. Cəfər Cəfərov da daim axtarışda idi. Əvvəla, bu axtarış  kortəbii şəkildə deyil, məqsədyönlü şəkildə aparılırdı. Məhz buna görə də Cəfər Cəfərovun əsərlərinin nəticələri  milli sənətşünaslığımız tərəfindən həvəslə qəbul edilirdi. O, milli teatrın bir əsrlik tarixini məhz bu axtarışlara dayanaraq sistemləşdirmişdi. Fəaliyyət sahəsində nəzərəçarpan yeniliklər onun yaradıcılığının ayrılmaz hissəsidir. Qərb ədəbiyyatına dərindən bələd olan alim Şekspirdən yazırdısa, Azərbaycan oxucusuna Şekspiri bütün incəlikləri ilə təqdim edirdi. Onun yaradıcılığını ən kiçik xırdalıqları ilə oxucuya çatdırmaqçün can atırdı və bu məqsədinə nail olurdu.

Azərbaycan səhnəsində Şekspirin “Antoni və Kleopatra” əsərinin tamaşası haqda yazan Cəfər Cəfərov teatrdakı yenilikləri təqdirəlayiq hesab edirdi. 

Onun  “Azərbaycan teatrı (1873-1973)” adlı monoqrafiyası elmi baxımdan alternativsiz sayılan, ədibin uzun illər axtarışlarının nəticəsi olan və hər sətri söz- söz yığılan çox qiymətli bir tədqiqatdır. Ədib burada tarixi və elmi faktları sistemləşdirərək özündən sonrakı nəsillər üçün dəyərli bir mənbə hazırlamışdır.

Ədib elmi-tənqidi fəaliyyətinə 1930-cu illərdə, tariximizin ən çətin dövrlərində başlamışdır. Elə bu zamanlardan həm teatrın, həm də dramaturgiyanın tarixi, nəzəri problemlərini əks etdirən sanballı ədəbi nümunələri ilə milli teatrşünaslıq sahəsinə böyük töhfələr bəxş etmiş, elmi-nəzəri əsaslarla böyük bir məktəb yaratmışdır.

C.Cəfərov teatr tənqidini ayrıca bir sahə kimi təqdim etməyə nail olmuş sənətkardır. Teatr tənqidini müstəqil bir sahə kimi inkişaf etdirməyə müvəffəq olan alim Azərbaycanda gənc ədəbiyyatşünasların və teatrşünasların peşəkar tənqidçi kimi yetişməsində bir pedaqoq kimi xeyli əmək sərf etmişdir.

C.Cəfərov teatr tariximizin zəngin köklərini dərindən araşdıraraq milli teatr səhnəmizin hər bir incəliyinə bələd olan, bütün dövrlərini ən xırda detallarınadək tədqiq edən alim olub.  M.F.Axundov irsinin tədqiqi onun elmi fəaliyyətinin ayrılmaz hissəsi olub. Azərbaycan ədəbiyyatında ilk komediyanəvisin əsərlərinin təhlili alimin 40 illik elmi fəaliyyətində müstəsna yerə malikdir.

M.F.Axundovun dramaturgiyasını dərindən tədqiq edən alim teatrın yaranması haqda yazır: “...Azərbaycanda teatr yaranması heç də gözlənilməz və təsadüfi bir şey deyildi; 1873-cü ildə oynanan ilk Azərbaycan tamaşası mədəni mühitdə çoxdan hazırlanmaqda olan qanuni hadisə idi ki, bu hadisə tarixin hökmü üzrə Axundovun adıyla bağlanmaya bilməzdi. 1873-cü ildə mart və iyun aylarında göstərilən “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşaları ilə həm Azərbaycan teatrının, həm də Axundov pyeslərinin milli səhnəmizdə tarixi başlayır” [1,s.28].

Alimi narahat edən əsas məqam böyük dramaturqun komediyalarının səthi öyrənilməsi məsələsi idi. Onun fikrincə, bu komediyaların səhnə tarixi haqda məlumatlar azdır və səthi xarakter daşıyır. Bunlara baxmayaraq, dövrün siyasi-ictimai, mədəni vəziyyəti bu əsərlərin medana gəlməsini labüdləşdirir.

Cəfər Cəfərov “Azərbaycan dramaturgiyası” adlı məqaləsində N.B.Vəzirovun yaradıcılığına geniş yer vermişdir. Bu məqalədə ədib maarifçilik ideyaları haqqında öz fikirlərini bildirmiş, "gənc adam" mövzusuna toxunaraq, bir sıra dramaturqlarımızın, o cümlədən, M.F.Axundovun, N.B.Vəzirovun öz maarifçilik ideyalarını məhz bu "gənc adamlar" vasitəsilə təbliğ etdiklərini göstərmişdir. Ədib qeyd edir ki, XIX əsrdə dünya ədəbiyyatında populyar olan “gənc adam” obrazına uyğun bir obraz Azərbaycan dramaturqlarının əsərlərində də yer almışdır. Axundovun və Vəzirov kimi dramaturqlarımızın demək olar, bütün komediyalarında, həmçinin Haqverdiyevin pyeslərində bu cür obrazlar işlənmişdir. Bu haqda danışan ədib “gənc adam” obrazını belə səciyyələndirir və onun maarifləndirmə işindəki əhəmiyyətini bu cür açıqlayır:
“Bu “gənc adam”lar özlərinin haqlı olduqlarına inanaraq və əməllərinin rüşeymlərini görərək, asanlıqla təslim olmurdular və köhnə dünyanın onlara verdiyi əzaba və etdiyi təhqirlərə baxmayaraq, ideyaları uğrunda yenə də mübarizə aparırdılar. Bunun nəticəsində komediyaya istər-istəməz dramatik element daxil olurdu ki, bu da tədriclə inkişaf edərək pyesanın əsas konfliktinə çevrilirdi.

Beləliklə, XIX əsrin axırlarındakı yaşayış şəraiti Azərbaycanda dramaturgiya və faciənin əmələ gəlməsi zərurətini doğururdu” [2, s.71].

Cəfər Cəfərovun yaradıcılıq dövrü ziyalılarımızın sayının kəskin azaldığı dövrə təsadüf edir. Xüsusilə, teatr, dramaturgiya sahələrini tədqiq edənlər azlıq təşkil edirdi. Bunu əsl səbəbi dramaturgiya tənqidi ilə məşğul olan peşəkar alimlərin azlığı idi. Poeziya və nəsrlə müqayisədə dram əsərləri ilə bağlı biliklərin az olması, teatr məsələlərində nəzəri elmi biliklərin çatışmazlığı bu iki sənət növü sahəsində peşəkar araşdırmaların azlığı ilə müşahidə olunurdu.

Cəfər Cəfərov öz zəngin biliyi, daim bu sahədə inkişaf edərək yeniliklərə nail olması ilə, hardasa, mövcud boşluğu  aradan qaldıra bildi.

Dünya teatr sənətinə olan marağı Cəfər Cəfərovu bu sahə ilə dərindən bağlayırdı. Teatr sahəsi ilə bağlı araşdırmaları onu bu sahənin bilicisinə çevirmişdi. Teatrla bağlı olan bütün sahələri qiymətləndirmə bacarığı alimin ən əsas xüsusiyyətlərindən idi.

Cəfər Cəfərov haqqında danışarkən onun estetik fikrin inkişafında xidmətlərini də qeyd etmək vacibdir. Onun “Estetik fikir tariximizdən”,  “Estetik zövq”,“Estetika və sənətşünaslıq”, “Sənətlərin təsnifi” kimi neçə-neçə dəyərli məqalələri bu gün də estetika fənninin tədrisi üçün ən dəyərli mənbələrdən hesab olunur. Alimin teatr və estetika kimi geniş spektrli sahədəki yaradıcılıq fəaliyyəti fundamental xarakterə malikdir.Xalq teatrının mənbələri, milli teatrı meydana gətirən müxtəlif estetik nüanslar, bir əsrlik tarixində milli səhnəmizdə qazanılan uğurlarla yanaşı, ədibin yazıları, tədqiqatları arasında qarşıya çıxan problemlər, sənətkarlıq məsələləri, repertuar seçimindəki maneələr və digər aktual mövzular əksini tapmışdır, ədib tərəfindən öyrənilmişdir.

Bir işdə uğur qazanmağın ən əsas yolu işə sevgidən keçir. Sənət adamları sənətə aşiq olduqları üçün bu yolda olurlar. Bəlkə başqa sahələrdə könülsüz də çalışıb inkişaf etmək olur, amma ədəbiyyat, incəsənət elə bir sahədir ki, onun vurğunu olmasan, ədəbi sözün dəyərsiz, göstərdiyin sənət isə ruhsuz, donuq qalar. C.Cəfərov  teatrı sevdi, onun hər parçasına ehtiram bəslədi. Teatrşünaslığı elmin bir hissəsi kimi inkişaf etdirdi, bu sahədə onlarla alim yetişdirdi.

C.Cəfərov bir güzgü kimi teatr tariximizi əks etdirdi. Bu sahəyə könlünü verən sənətkarların yetişməsinə təkan verdi, elə bir məktəb yaratdı ki, bu məktəb və Cəfər Cəfərov imzası Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.


Ədəbiyyat siyahısı
1.  C. Cəfərov. Azərbaycan teatrı. B. 1974.səh.149.
2.  C.Cəfərov. Ədəbiyyatımızda ideya saflığı və yüksək sənətkarlıq uğrunda. 1951, №10, s.132
3. Cəfərov C.H. Azərbaycan Dram Teatrı: 1873-1941. Bakı, Azərnəşr, 1959, 418 
4.  Dramaturgiya və teatrımızın yeni yüksəlişi  uğrunda. “İnq. Və Məd .” jurnalı, 1950, №5, səh.140.
İnternet resurs
5.http://www.anl.az/down/meqale/525/2014/oktyabr/394351.htm

Load Time (S) : 0.000246