TEATRO

TEATRO

sənət portalı

post-title

Cavanşir Qasımov – Pandemiya dövrü  teatrına alman yanaşması 

Yaxşı yadımdadır, hələ 2020-ci ilin əvvəlində, demək olar ki, hər gün başqa bir ölkədə rast gəlinən və gələcəkdə pandemiyaya çevriləcəyi haqqında həyəcan təbili çalınan virusdan söz düşəndə, az qala hamı “çox çəkməz, uzağı üç-dörd aya çıxıb gedər!” deyə söyləyirdi... Elə həmin dövrdə Almaniyanın teatr xadimləri bizim əhəmiyyətsiz hesab etdiyimiz və bir neçə aya qurtarıb gedər dediyimiz o təhlükənin törədə biləcəyi ən pis senarilərə hazır olmaq və teatrlarının fəaliyyətini qorumaq məqsədilə Almaniya Berlin Teatrının nəzdində öz rəqəmsal səhnə emalatxanalarını yaratmağa başladılar.

Deməli, bir müddət keçir və günlərin bir günü elə bir məqam yetişir ki, həmin o “əhəmiyyətsiz virus” pandemiyaya çevrilib Azərbaycan teatrlarının qapanmasına səbəb olur. Və biz hər zaman olduğu kimi, necə deyərlər: “Coğrafiyamız taleyimizdir!” devizini bəhanə gətirib, hələ də pandemiyanın bitməsini gözləməliyik... Hərçənd ki, nə etmək olar? Göz görür, qulaq da eşidir... Biz də gözlərini uzaqlara zilləyənlər kimi pandemiya şəraiti ilə əlaqədar karantin qaydalarının Yer kürəsini öz ağuşuna aldığını görsək də, mövcud vəziyyətin digər ölkələrin teatr mühitlərinə eyni dərəcədə təsir etmədiyindən də yetəri qədər agahıq. Yəni işin amması var. Amması isə odur ki, bizdən fərqli olaraq, alman teatrşünasları, rejissorları və dramaturqlarının bu sahədə həyata keçirdikləri çoxsaylı layihələr bu məqamda onların dadına çatdı. Reallaşdırdıqları müxtəlif layihələrlə öz teatrlarının yaradıcılıq təcrübələrini nəinki genişləndirdilər, hətta pandemiyanın törədə biləcəyi fəsadları öz səhnələrində göstərməyə də müvəffəq oldular! Bu baxımdan, ən yaddaqalan işlər Fridrix Şillerin əsəri əsasında Anne Lenkin hazırladığı “Mariya Stüart” və Alber Kamünün “Vəba” əsərinin motivləri əsasında Andras Dömötör və Eniko Deesin səhnələşdirdikləri tamaşalar oldu.

 Almaniyanın teatr mühitində, xüsusən 2021-ci ildə rəqəmsal texnologiyaların teatra tətbiqi ilə bağlı layihələr o qədər geniş vüsət aldı ki, karantin dövründə nəinki teatr tamaşaları, hətta bu yaxınlarda keçirilən müxtəlif festivallarda, məsələn “Treffen Teatr” və “Çex teatrşünasları mükafatı”nın təyin olunması ilə bağlı olan müsabiqələrdə diskussiyalar və canlı performansların yerindəcə qiymətləndirilməsi mümkün oldu. Bütün bu yeni fəaliyyət üsulları sözügedən istiqamətdə alman teatrlarının qazandığı təcrübənin imkanları hesabına baş tutdu.

“Berliner Ansambl”da ənənəvi nümayişlərin bərpası üçün “Berlin pilotu” adlı test layihəsi həyata keçirilsə də, görünən odur ki, indiki məqamda rəqəmsal teatr modeli nəinki təkcə Almaniya üçün, o cümlədən digər almandilli ölkələr üçün də effektiv bir vasitə kimi qəbul edilməyə başlanıb.

Məsələn, bu ilin 19-26 mart tarixlərində İsveçrənin Bazel Teatrında Ovidinin “Metamorfozlar” və aprelin 27-si S.t Gallen Teatrında Esxilin “Oresteya” əsəri əsasında hazırlanan tamaşalar rəqəmsal teatr modelinin məhsulu idi. Digər tərəfdən, yaxın günlərdə rəqəmsal teatr şəbəkəsini beynəlxalq miqyasda genişləndirmək məqsədilə Almaniyanın Dortmund və Auqsburq Dövlət Teatrlarının ortaq layihəsi olan və ilk mərhələdə 15 teatrla əməkdaşlığı nəzərdə tutan “Rəqəmsal Teatr Akademiyası” adlı yeni nəsil teatr modelinin hazırlanmasına da start verildi. Bu layihədə başda Almaniya olmaqla, Avstriya və İsveçrə kimi digər almandilli ölkələrin özəl teatrları da öz layiqli yerlərini aldılar. Əslində, rəqamsal teatr modelinin ilk təşəbbüskarı olan Almaniyanın Berlin Teatrı bu layihəni, Dortmund və Auqsburq Dövlət teatrlarından fərqli olaraq, fundamental şəkildə təkmilləşdirmək üçün deyil, onu sadəcə məlum durumdan müvəqqəti bir çıxış yolu və yaxud ehtiyyat tədbiri kimi həyata keçirmişdi. 

Berlin Teatrının yaradıcı kollektivi həmçinin, may, iyun, iyul və avqust aylarında ənənəvi tamaşa nümayişlərini bərpa etmək niyyətindədir. Kollektiv bunun üçün nəzərdə tutduqları “Açıq hava” adlı yeni bir layihə ilə canlı olaraq öz tamaşaçılarının görüşünə gələcəklər. Sözügedən layihə çərçivəsində oynanılması nəzərdə tutulan premyera tamaşaları isə artıq indidən Berlin Teatrının rejissorları tərəfindən müəyyən edilib. Teatrın kollektivi tədbirin ilk günü tamaşaçılarda xoş ovqat yaratmaq məqsədilə “Açıq hava” layihəsinin ilk premyerası üçün Molyerin “Tartüf” komediyasını oynamağı qərara alıb.

Load Time (S) : 0.006093