Bəlkə də, qədim zamanlardan müasir dövrümüzə qədər gəlib çıxan müəyyən suallar vardır ki, hələ də onların cavabı subyektiv səciyyə daşıyır. Sənətkarlığın əsas prinsipləri haqqında danışdığımız zaman isə istər-istəməz həmin klassik suallardan birinə cavab vermək yerinə düşər: "Sənət sənət üçündür, yoxsa xalq üçün?"
Bu suala cavab axtarmağımız əbəs yerə deyil. Çünki sənətkarlığın fəlsəfəsini aydınlaşdırmaq, hansı şərtlərin bədii məhsulu sənət əsərləri cərgəsinə daxil etdiyini tapmaq, incəsənət aləmində, həqiqətən, sənət əsəri yaratmaq eşqi ilə yaşayan insan üçün əsas prinsipləri əhatə etməlidir.
Bu klassik sualın özündə isə antoloji qüsur var. Ona görə ki, iki variantdan birini seçməli olsaq, istənilən halda digər variantdan imtina etmiş oluruq. Gəlin, əvvəlcə bu antoloji tələni aradan qaldırmağa çalışaq.
Əslində, hər iki variantı ayrı- ayrılıqda təhlil edən zaman, kifayət qədər ortaq məxrəclərə gəlmək mümkündür. Aristotelə görə, sənət təbiətin təqlidindədir. Biz hər hansı seçim variantını kənarlaşdıraraq, Aristotelin düşüncə prizmasından məsələyə yanaşanda görürük ki, sənətkarlığın ruhu öz ilhamını təbiilikdən və yalnız gerçəklik duyğusundan alır. Sənətkarlıq öz təbiətini mövcud olan gözəlliklərdən alırsa, təbiətin bir parçası hesab edilən canlılar, yəni insanlar, daha geniş formada desək, cəmiyyət özü sənətkarlıqdan ayrı təsəvvür edilə bilərmi? Əlbəttə ki, yox. Sənətkarlıq nümunələrinin fantastik təzahürlərində belə, biz gerçəklikdən doğan təşbehlərə rast gəlirik. Hətta sürrealist formanın dərin qatlarına enəndə onun da öz təbii mayasında göstərilmiş istənilən həqiqətləri müşahidə edirik.
Beləliklə, bizə məlum oldu ki, sənət və cəmiyyət bir- birindən ayrı var ola bilməz. Bu sualın cavabını tapdığımıza görə əsas məsələyə keçə bilərik. Əgər cəmiyyət və sənət bir- biri üçün mövcuddursa, bəs sənətkarlığın fəlsəfi prinsipləri deyəndə nəyi başa düşməliyik?
Bundan əvvəl verdiyimiz suala cavab axtararkən demişdik ki, reallıqdan kənarda sənət ola bilməz. Bəs bu reallıq hansı formada sənətkarlığın fəlsəfəsini bizə aydınlaşdırır? Bunun izahını verərkən, vizual görünüşlərə aldanaraq, onun real və fantastik səciyyəsi olduğunu deyə bilmərik. Ona görə ki, hər bir sənət nümunəsini təhlil edərkən, görürük ki, sənətkarlığın fəlsəfi prinsipləri çox vaxt vizual xarakterlərinə görə yox, daha dərinlərdə mövcud olan ideyasına görə tənqid edilir.
Gəlin sənətkarlığın fəlsəfəsinə çevrilən prinsiplərin dərinliyinə varmaq üçün, ən azından, ədəbiyyat, rəssamlıq və teatr yaradıcılığının sirli aləminə doğru səyahətə çıxaq və onun fəlsəfi cazibəsini hiss etməklə həmin sirlərə vaqif olaq.
Sənətkarlıq anlayışında hər kəs üçün obyektiv səciyyə daşıyan prinsiplərin ironik, simvolik və poetik təsviri onun fəlsəfi mahiyyətini açmağa kömək edir.
Təklif edirəm ki, məşhur İtaliya şairi və mütəfəkkiri Aligyeri Dantenin “İlahi komediya” əsərinə müraciət edək və bu obyektivliyin nə dərəcədə və hansı formada olduğunu müşahidə edək. Sual oluna bilər ki, bu qədər sənətkarlıq nümunələri qaldığı halda, niyə məhz “İlahi komediya”? Məsələ burasındadır ki, əsərin süjeti fantastik formada inkişaf edir. Yəni biz bu əsərə müraciət etməklə, həm də fantastik süjetli əsərlərdə fəlsəfi prinsiplərin əhəmiyyəti haqqında verilən sualları bəri başdan cavablandırmış olarıq.
Ümumiyyətlə, güman edirəm ki, yarana biləcək daha çətin sualların qarşısını almaq məqsədilə, fəlsəfi prinsiplər mövzusunu araşdırarkən, sənətkarlıq sahələrində, yəni ədəbiyyat, rəssamlıq və teatr sənətinin təhlilində fantastik janrlara müraciət etməyimiz daha dolğun nəticələr verəcək.
Hər şeydən əvvəl onu etiraf etmək lazımdır ki, biz sənət əsərlərini analiz edərkən, çox nadir hallarda ideal formada işlənilmiş sənət əsərləri ilə qarşı- qarşıya qala bilirik. Əgər işimiz obyektivliyi təmin etməkdirsə, var gücümüzlə çalışmalıyıq ki, heyranlığımız intellektimizi kor edərək, bizi əsassız və müşahidəçinin yalnız heyranlığına əsaslanan mülahizələr çıxarmağa vadar etməsin.
O cümlədən, “İlahi komediya” əsərində müəyyən qüsurlar da vardır ki, onlar kobud şəkildə gözə çarpır.
Əsərin poetik ruhu ilə simvolik quruluşunun ecazkar vəhdəti süjet xəttində Dantenin müəyyən subyektiv və maksimalist fikirlərinə çatanda, balans pozulur və təsir gücü zəifləməyə başlayır.
Belə ki, əsərin əsas ideyası xristianlığın təbliğidir. Yəni yüz illərdir varoluş fəlsəfəsində teizm və ateizm mövzusu aktuallığını saxladığı, XXI əsrdə belə müzakirə mövzusu olduğu halda, Dante XIV əsrdə teizmi qabartmış və hətta fanatik bir xristian kimi, İslam dininə qarşı qərəzli mövqe tutmuşdur.
Dantenin təsvirinə görə, İslam dinini yaydıqları üçün cəhənnəmə düşənlər sırasında Məhəmməd peyğəmbər və İslamın yayılmasında böyük xidməti olan Xəlifə və yaxud İmam Əli var. Daha da qəribəsi odur ki, Dante hələ o vaxtlar mövcud olmayan dini, yəni xristianlığı qəbul etmədikləri üçün qədim Yunanıstanın görkəmli filosofları Sokrat və Aristoteli də cəhənnəmə layiq bilir.
Dantenin fanatik teist yanaşması nə qədər yanlışdırsa, bəzi günahları obyektiv işləyə bilməsi də bir o qədər doğrudur. Simvolizmin banisi Moris Meterlinki bir neçə əsr qabaqlayan Dante burada bəşəriyyəti hər zaman müxtəlif bəlalara sürükləyən ehtiras, təkəbbür və acgözlük kimi xarakterləri müxtəlif heyvanlarla simvolizə etmişdir.
“İlahi komediya” istər siyasi, istərsə də dini motivlərinə görə konkret olaraq qərəzli mövqedə duran bir əsərdir. Sözsüz, bu onu sənət əsəri etməyə ixtiyar vermir. Çünki subyektiv olan hər bir tənqidin əks teoriyasi ola bilər və hər zaman da vardır. Ona görə də “İlahi komediya” əsərinin nəyə görə fəlsəfi mahiyyəti olduğuna bir az da aydınlıq gətirək.
Dante öz yuxusunda cənnətə daxil olmazdan əvvəl Matildanın köməyi ilə çayın içində paklanmalıdır. Bu mərasimin, əlbəttə ki, gündəlik həyatımızdakı tələbatla əlaqəsi yoxdur. Dante bu çayda yuyunarkən etdiyi günahları və yaşadığı iztirabları yaddaşından silinəcək və mənəvi rahatlıq tapacaq.
Əsərin müəllifi bu məqamda oxuculara müraciət edərək, hər bir ağrının, iztirabın, qorxunun, ümidsizliyin, insanın həyatı boyu yaşadığı travmaların bir andaca silinməsinin cənnətə bərabər olduğunu diqqətə çatdırır. Əsərin fəlsəfi tərəfi, həqiqətən də, üzərində çox da dayanılmadan işlənib. Hər şey çox sadədir.
Həyatımızda hansı yerə gəliriksə, gələk, nə qədər var- dövlət sahibi olsaq, nə qədər xoşbəxt olsaq belə, yaddaşı silinməyən insan mənəvi rahatlıq tapa bilməz.
Dantenin “İlahi komediya”sı kiçik bir səhnə ilə insan psixologiyasında onu ən çox narahat edən məsələyə toxunmağı ustalıqla bacarır.
İnsan psixoanalizinə dərindən bələd olan dahi yazıçı Fyodor Mixayloviç Dostoyevski isə bir qədər də irəli gedərək, bu mövzunu belə izah edir:
“ İstər şirin, istər ağrılı olsun, xatirə insana həmişə əzab verər... ”
Növbəti müqayisəmiz rəssamlıq sənətinin ən böyük uğurlarından biri hesab edilən, Böyük Piter Breygel tərəfindən çəkilmiş və Renessans dövrünün incilərindən sayılan “Əcəlin təntənəsi” adlı tablodur.
Əsərin fantastik və heyrətamiz görüntüsü ilə yanaşı, ideyası və fəlsəfi keçidləri də möhtəşəm işlənmişdir. Tablo acgözlüyün, xəsisliyin tənqidi və ölüm qarşısında hər kəsin bərabər olması ideyası üzərində qurulub. Burada bir çox yüksək rütbəli şəxslər və mötəbər insanların, həmçinin kralın ölümqabağı lazımsız tövbələri, o cümlədən, keşişlərin və kardinalın işlədiyi günahlar üzündən ölümdən qaçmaq istəməsi təsvir edilir. Varlanmaq eşqi ilə yaşayanların nə qədər yanlış yolda olduğunu və varlıların belə ölüm qarşısında nə qədər aciz olduğunu rəssam təsviri ilə geniş formada izah edir.
Mövzu teatr sənətinə gəldikdə isə düşünürəm ki, bu mövzuda çox uzağa getmədən, öz teatrımızda müşahidə edilən yaradıcılıq prinsiplərinə nəzər salaq. Janr isə bəllidir. Təbii ki, fantastik janr. Fantastik janr deyildikdə, yenə də sənətkarlığın fəlsəfi mahiyyətinə varmayan insanlar bu növ yaradıcılıq nümunələrini bəyənməyə bilər. Onlar, çox güman ki, süjet xəttinə görə əsərin dərin qatlarına enməkdən özlərini məhrum edirlər.
Biz isə ruhdan düşmədən və yüksək səbir nümayiş etdirərək, teatrda fantastik janrda tamaşaçıya təqdim edilən əsərlərin belə fəlsəfi mahiyyəti ola biləcəyini və bu prinsiplərin necə işlədiyini izah edək.
Azərbaycan teatrının realist və demokratik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin 1901-ci ildə yazdığı “Pəri Cadu” pyesini tənqidçilər birmənalı qarşılamadı. Bəzi tənqidçilər iddia edirdilər ki, fantastik elementlər “Pəri Cadu” pyesini həyatilik prinsipindən uzaqlaşdırır. “Həyatilik prinsipi” deyəndə biz nə başa düşməliyik?
Onda belə bir sual yaranır. Realizm üslubunda yazılmış hər bir pyesə sənətkarlıq nümunəsi deyə bilərikmi? Belə bir fikir, incəsənət aləminin sivilizasiyasına və onun gələcəyinə zərbə vuran bir düşüncə olardı.
Əbdürrəhim bəy Haqverdiyev bu prinsiplərə yad olan tənqidçilərə ""Pəri Cadu" haqqında qeydlər" adlı məqaləsi ilə cavab verdi:
““Pəri Cadu”ya mövhumat adı qoyurlar... “Pəri Cadu”-nun əsas ideyası: Hər kəsin öz əlinin əməyi onun müqəddəratını təmin edər.”
Deməli, əsas məsələ mistik, yaxud real süjet xəttində yox, sənətkarlığın fəlsəfi prinsiplərinə bələd olmaqdadır.
Cavanşir Qasımov
Tələbə-teatrşünas
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Verilən məlumata görə teatr "Birinci B...
Gənc Tamaşaçılar Teatrının səhnəsində vətən müharibəsinə həsr edilən “Balaca kişilər” tamaşasının premyerası olacaq.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, tamaşa, 27-28 may tari...
Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru Əliyar Əliyevlə müsahibə
– Əliyar bəy, bu yaxınlarda Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edildiniz. Teatrın kollektivi sizdə hansı təəssüra...
“İnklüziv” termini latıncadan “daxil edirəm” mənasını verən “include” sözündən götürülüb. Daha sonra həmin termin fransızlar tərəfindən dilimizə “özünə daxil edən&...
Avstriya Akademik Burq Teatrında “Kremator” tamaşasının premyerası olacaq. Premyera oktyabr ayının 13-ü yerli vaxtla saat 20:00-da baş tutacaq. Tamaşanın rejissoru Nikolaus Habjan, bəstəkarı Klaus von Heydenaber, səhnə tərtibat&ccedi...
Human Teatrının direktoru Şamil İbrahimov ilə müsahibə
Şamil İbrahimov kimdir… aktyor, rejissor, yoxsa teatr rəhbəri?
Şamil aktyordur. Teatrı idarə etsəm də bu, gerçəyi dəyişə bilməz. Əslində, fərq eləmir,...
1989-cu ildən bəri mütəmadi olaraq gənc dramaturqların festivalı kimi keçiriliən “Lyubimovka” builki proqramını açıq elan edib. Lyubimovka Teatr Festivalının rəsmi saytından aldığımız məlumata görə, açılşı S...
“Sankt-Peterburq Opera” Teatrının mətbuat xidmətindən verilən məlumata görə, 16-17 iyul tarixlərində Rusiyanın Xalq Artisti Yuri Aleksandrovun quruluşunda, Vinçenço Bellininin “Norma” operasının premyerası o...
Moskvada Çexov Festivalı çərçivəsində Fransız şirkəti “Paul en Seine” və baletmeyster Murad Merzukinin “Folia” tamaşası nümayiş olunub. “Folia” portuqal dilindən tərcümədə “dəli...
Bu il 6-17 iyul aralığında keçiriləcək 74-cü Kann Film Festivalının münsiflər heyətinin və müsabiqədə iştirak edəcək filmlərin siyahısı açıqlanıb. Spike Lee-nin başçılıq etdiyi həmin siyahıda bir çox tanınmı...