TEATRO

TEATRO

sənət portalı

post-title

Cavanşir Qasımov - Kuklalar

Hәr bir insanın öz prinsipləri, hər bir cəmiyyətin özünəməxsus mental dəyərləri, hər bir yazıçının öz yaradıcılıq sferası var. Fərqli dünyagörüşünü, fəlsəfi mövzuları məişət fonunda təqdim edən və onların simvolik strukturunu yarada bilən yazıçılardan biri də Henrix Yohan İbsendir. 

Əvvəla, İbsenin “Kuklalar evi” əsərinin təhlil edərkən hansı səbəbə görə yazının adını “Kuklalar” qoyduğumu aydınlaşdırım. İlk baxışdan, əsəri oxuyan, yəni, ümumiyyətlə İbsenin siyasi, ictimai-sosial, elmi-fəlsəfi düşüncələrinə bələd olmayan oxuculara belə görünə bilər ki, haqqında danışdığımız həmin “Kuklalar evi”, birmənalı olaraq, qadın azadlığı haqqında yazılmış bir əsərdir. Lakin, deməliyəm ki, məsələnin kökündə tamam başqa və daha böyük ideyalar, fərqli eyhamlar, həmçinin simvolik məna qatları dayanmaqdadır. Bu məqamda belə bir sual ortaya çıxır: Əgər Henrix İbsen, həqiqətən, məişət mövzusunda yazılmış bir əsərdə qadın azadlığını bildirən ideya ilə çıxış etsəydi, onun Cəfər Cabbarlı, ya da İlyas Əfəndiyev yaradıcılığından nə fərqi ola bilərdi? Əslində, onların yaradıcılığı ilə İbsen yaradıcılığı arasında yerlə göy qədər fərq var... Mən isə bu fərqlər arasında ən vacib bir məqama toxunmaq istəyirəm. Yeni dramın yaradıcılıq impulsu süjetin illuziyalaşdırılması fonunda əsərin fəlsəfi ideyalarını daha dərin qatlarda gizlətmək prinsipidir. Elə buna görə də, əgər Cəfər Cabbarlı və İlyas Əfəndiyev üçün məişət mövzusu əsasdırsa, İbsen üçün həmin məişət mövzusu sadəcə olaraq illüziyadır, səthi qatdır. “Kuklalar evi” isə elə bir dünyadan bəhs edir ki, burada bir kukladan, ya da hər hansı bir evdən danışılmır. 

Elə bu səbəbdən düşünürəm ki, “Kuklalar evi”nin ictimai-sosial əsasını, simvolik məna qatlarını və əsərin alt qatında yatan müəllifin bədii-fəlsəfi mövqeyini təyin etməyimiz daha vacibdir. Müəyyənləşdirdiyim hipotezə istinadən deyə bilərəm ki, mövzunun əsası varlıq fəlsəfəsi ilə əlaqədardır. Çünki, “Kuklalar evi”nin fəlsəfi qatlarında Lord Bayronun “Qabil” əsərinə bənzəyən bir üsyankarlıq var.

Məsələn, Bayronun maarifçi düşüncələrini ehtiva edən simvolik Şeytan obrazını İbsen özünəməxsus bir düşüncə ilə Həkim Rankın simasında yenidən üzə çıxarmışdır. 

Ona görə ki, Həkim Rank obrazı Noraya eynilə Qabil əsərinin süjetində baş verən məqama oxşar bir tərzdə, Şeytanın Qabilə yardım etdiyi kimi gizli yolla kömək edəcəyini vəd edir. 

Məhz bundan sonrakı hadisələr, Şeytanın təsiri ilə Tanrıya və qardaşı Habilə qarşı çıxan Qabil kimi Nora da qayda-qanunlara üsyan edir və bu üsyan onun aid olduğu mühitdən ayrılması, öz yurdunu tərk etməsi ilə bitir. Bu məqamda Nora, nəinki cəmiyyətin moralist mövqeyini qırır, həmçinin onun Helmerə verdiyi cavablardan aydın olur ki, Qabil kimi o da teizm fəlsəfəsini şübhə altına alır. İbsenin düşüncə prizmasından baxdıqda və Noranın dini əqidələri şübhə altına almasından belə aydın olur ki, dramaturq cəmiyyətdə hökm sürən patriarxal sistemin dayağını radikal teizm fəlsəfəsində görür. Çünki, Nora hələ ata evində bu düşüncələrlə böyümüş, yetkin insan olduqda belə həmin fikirlərin təsir dairəsini hiss etməyə vadar edilmişdir. Belə çıxır ki, İbsen üçün dini “dəyərlərin” təzahürü cəmiyyəti idarə etməyin bir yolu, yəni, siyasi oyunların çoxşaxəli manevrləridir. İbsenə görə, kuklalar nəinki hər hansı bir evdə, nəinki müxtəlif ailələrdə, həmçinin yaradıcılıq sahələrində də mövcuddurlar. Əgər belə demək mümkünsə, İbsen, sözsüz ki, hər hansı bir evin, ya da cəmiyyətin kuklalarını yox, ümumiyyətlə sənətkarlıqda, fəlsəfədə, bədii yaradıcılıqda və siyasi idarəetmədə mövcud olan kuklalığa, yəni, doqmatik prinsiplərə, formalaşmış şablonlara müharibə elan edir.

Əgər məsələ sadəcə bir kukladan, yəni Noradan ibarət olsaydı, dramaturq onun keçmişdə atasının kuklası olması barədə ümumiyyətlə məlumat verməyə ehtiyac duymazdı.

İbsen, öz bədii-fəlsəfi ideyalarına istinadən göstərmək istəyir ki, “moralistlərin” dünyaya baxış mövqeyi zəncirvari xarakter alaraq, nəsildən-nəsilə ötürülmüş və hakimiyyət idarələrində qeyd-şərtsiz formada yeni siyasi düşüncələrin yaranmasının qarşısını almağa xidmət etmişdir. Elə buna görə də İbsenin “Kuklalar evi” əsəri Kuklalar dövləti, yaxud Kuklalar cəmiyyəti, hətta, Kuklalar teatrı kimi də eyhamlaşdırıla bilər.

Başqa bir tərəfdən isə, "Kuklalar evi" əsərinin ideoloji təsbiti ilə bağlı fikir yürüdərkən, mövzunun məişət məsələləri üzərində qurulmadığını təkcə dramaturqun şəxsi nüfuzuna, ya da yeni dramın tətbiq elementlərinə baxmaqla deyil, eyni zamanda, həm də, əsərin simvolik potensialının aşkarlanması ilə də duymaq mümkündür. 

Elə isə gəlin, personajların adlarında gizlədilmiş həmin o simvolik mənaları aşkarlamaqla dramaturqun ideyasını daha aydın qavramağa çalışaq.

Məsələn, qədim normand dilində Torvald sözü “sahib” və “yaradan”  Helmer isə İsveç dilindən tərcümədə “qoruyucu” və “mühafizəkar” kimi məna daşıyır. Bu mənalardan belə məlum olur ki, Helmer Torvald adı ilə dramaturq teizm fəlsəfəsinə mənsub bir surəti, yəni, Tanrını simvolizə etmişdir. 

Helmerin adı çəkilməyən üç uşağı, çox güman ki, cəmiyyəti ətalətdə saxlayan “teatr” monopoliyasının, doqmatik dini ənənələrin və mental dəyərlərin gələcək kuklaları kimi simvolizə edilib. Uşaqların adlarının verməməklə, İbsen, bir növ, gələcəyə heç bir ümidi olmadığını bəyan edir.

İndi isə Kroqstad obrazına fikir verək. Kroqstad sözü Norveç dilində “ferma sahibi” deməkdir. Bunu isə belə izah etmək mümkündür ki, dramaturq bu adla cəmiyyəti idarə edən siyasətçiləri simvolizə edərək, onların insan kütlələri ilə heyvan kimi rəftar etməsinə işarə edir. Əsərdən Kroqstadın daima fırıldaqçılıqla məşğul olduğunu bilməyimiz bu ehtimalı daha da gücləndirən məqamlardandır.

Frü-Linne adlı personajın adının iki dilin birləşməsindən yarandığını müşahidə edirik. Frü sözü almancadan “xanım”, Linne sözü isə irland dilindən “bizim” mənasına gəlir. Ümumiyyətlə, əsərdə baş verən dialoqlardan belə anlaşılır ki, Frü-Linne obrazı keçmişdə böyük əzablar çəkmişdir. Dilimizə “bizim” sözü ilə tərcümə edildiyindən və həmin personajın böyük məşəqqətlərə qatlaşmasını bildiyimizdən onun yalnız xalq kütlələri ilə simvolizə edilə biləcəyini zənn edirik. İbsen personajın cinsi təyinatını qeyd etmək məqsədilə ona “xanım” sözünü əlavə etsə də,  “bizim” mənasında olan sözü isə məhz “bizdən olan” yəni “sadə xalq nümayəndəsi” kimi yoza bilərik. Hətta əsərdə Frü-Linnenin əməyi nəticəsində Kroqstadın məkrli planlarından əl çəkməsinin şahidi oluruq. Belə çıxır ki, dramaturq dolayı yolla bu növ məkrli siyasətçilərin qarşısını almaqda xalq kütlələrinin rolunu əsaslı güc mənbəyi hesab etmişdir.

Uşaqların dayəsi olan “Anna-Marie” adına gəlincə isə, həmin adın ibranicə Hanna, yəni, “mərhəmətli” və Marie isə “Maria” yəni,  xristianlıqda “Məryəm ana” kimi nəzərdə tutulduğunu aşkarlayırıq. Həmin personajın hadisələr xəttində xüsusi bir rolu olmasa belə, onun simvolik təyinatı olduqca maraq doğurur. Məhz bu səbəbdən, mənə elə gəlir ki, xristian dininin uşaqlara, yəni dolayı yolla millətin gələcək vətəndaşlarına psixoloji cəhətdən təsir etdiyini göstərən bədii təyinat Anne-Marie adı ilə simvolizə edilib.

Həkim Rank obrazına verilmiş bu adı analiz edərkən isə, onun almancadan “narın” və “küsəyən” mənaları ilə ifadə etdiyini aşkarladıq. Teizm anlayışında isə, heç şübhəsiz, şeytanın tanrıdan küsməsi, ondan ayrılmağı da hər kəsə məlumdur. Təsadüfi deyil ki, əsərdə Həkim Rank, məhz Nora kimi, hətta Noradan əvvəl birdəfəlik Helmerlə vidalaşmışdır...

Qəribəsi odur ki, Nora personajının adının simvolik mənaları çoxşaxəlidir. Fransız mənşəli Nora, Elanora sözünün təhrif edilməsindən yaranıb. Çox güman ki, bu cəhət, həmin personajın xarakterinə uyğun olaraq, monarxiya sisteminə qarşı inqilabi hərəkatların Fransadan başlanmasına işarədir. Azərbaycan dilinə “parlaq” kimi tərcümə edilən Nora adının, Helmer obrazı ilə bədii analizindən belə müəyyən olur ki, dramaturq mühafizəkar cəmiyyətlə aydınlar arasında olan mübarizəni nəzərə çatdırmaq istəyir. Yəni, müəllif, personajların adları ilə həm də əsərin bədii strukturunda dini-siyasi hadisələri simvolizə edə biləcək bir mexanizm yaratmışdır. Sözsüz ki, bu cəhətlər, əsərin ideyasına dramaturqun özünəməxsus bir eyham vurması kimi anlaşılır.

Bütün bu simvolik mülahizələrdən, aldığımız nəticələrdən isə belə aydın olur ki, əsərin məişət üslubunda yazılması və yaxud qadın azadlığı məsələsi, sadəcə olaraq, dramaturqun yaratdığı illüziyalar, yəni, səthi bir fondur. Əsərin əsas bədii-fəlsəfi məqamları isə dini-siyasi problemlərlə bağlıdır.

Dramaturqun həyatına nəzər saldıqda görmək olar ki, o, siyasətçilərdə daima bir riyakarlıq və satqınlıq görmüşdür. Hətta belə demək mümkünsə, İbsen “Kuklalar evi” əsərini yazarkən anlayırdı ki, hәr yaltaq siyasətçinin içindә gәlәcәyin bir tiranı yatır vә hər tiran özünün kədərli keçmişini həmin yaltaqların simasında yenidən yaratmağa cəhd edir.

İbsenə görə, belә siyasәtbazlar, dini “dəyərləri” siyasi maraqlara çevirərək insanları siniflərə ayırmış, cəmiyyəti istədikləri kim “tərbiyələndirmiş” və xalq kütləsini həmin yollarla getməyə vadar etmişdir. 

İbsenin nəzərində, mədəniyyət aləmində mövcud olan “moralistlər” isə həmin siyasi maraqlara xidmət edən, keçmiş kuklaların ustalığı nəticəsində ərsəyə gəlmiş yeni kuklalardır!

Load Time (S) : 0.004366