TEATRO

TEATRO

sənət portalı

post-title

Cavanşir Qasımov - İmpressionizm: Təəssürat sənəti

           “İmpressionizm” termini latıncadan “təəssürat” və yaxud “müşahidə” mənalarını verən “impressio” sözündən yaranıb. Bu termini ilk dəfə fransız rəssamı Klod Mone (Claude Monet) 1872-ci ildə kətan üzərində yağlı boya ilə çəkdiyi “Təəssürat, günəşin doğuşu” (orijinal adı: “Impression, soleil levant”) adlandırdığı rəsm əsəri üçün istifadə edib. Sonradan həmin tablo, sənət aləmində böyük rezonans doğurduğu üçün “impressio” terminini fransız dilinə uyğunlaşdıraraq, bu cərəyanın adını “Impressionnismeˮ ifadəsi ilə əvəz ediblər. Bu ifadə isə, fransızcadan dilimizə tərcümə edildikdə müşahidəçilik” və yaxud “təəssüratçılıq” mənalarına gəlir. Beləliklə, XIX əsrin ikinci yarısında yaranmağa başlayan impressionizm cərəyanı əsrin sonrlarında bir çox Avropa ölkəsində öz parlaq dövrünü yaşadı.

Bu cərəyanın əsas səciyyəvi xüsusiyyətləri əsərlərdə verilmiş bədii səhnələrin (buraya rəssamlıq, musiqi, ədəbiyyat, həmçinin, dramaturgiya sahələri aid edilir) qısa müddətli təəssüratlarını təsvir və təcəssüm etməkdən, həmçinin, müşahidə anındakı məkanın atmosferini oxuculara və tamaşaçılara dəqiq çatdırmaqdan ibarət idi. Buna görə də ani hisslərin müxtəlif obrazların individual müşahidə proseslərini təsviri, ədəbi və dramatik sənətə çevirən bu metod impressionizmin əsasını təşkil edirdi.

Bu cərəyan təsviri sənətdə, əsasən, kiçik formatlı rəsmlərlə xarakterizə olunurdu. Öz əsərlərində ictimai-sosial mesajların dolğunluğuna və dəqiqliyinə önəm verən rəssamlarla müqayisədə impressionistlər rənglərdəki işıqların parlaqlığına daha çox üstünlük verərək, ilk təəssüratlardan əmələ gələn görüntüləri ön plana çıxarırdılar. Buna görə də, rəssamlıq sənətində işığın və atmosfer şəraitinin hakimiyyəti impressionizmin bədii üsullarından sayılırdı. Qatı və qeyri-adi dərəcədə qabarıq rənglər, təəssüratları parlaq rənglərlə ötürmək metodu, aydın kompozisiya, iqlim və təbiət təsvirlərinin hərəkətliliyi impressionist rəngkarlığın konseptual əsasını təşkil edirdi. İmpressionistlərin naturalistlər ilə əsas fərqi isə, həyatı olduğu kimi əks etdirmək metodunun daha mürəkkəb formada tətbiqi ilə bağlı idi.

Çünki, impressionistlərin hədəflədiyi təsvirçilik metodu, naturalistlər kimi obrazların instinktiv hərəkətlərinə yox, gözlə görülən təsvirin həmin anda insan psixikasına necə yansımasına və hansı təəssüratları doğurmasına yönəldilmişdi.

        İmpressionizmin incəsənət aləmindəki təzahür tarixi olduqca maraqlıdır.

Image result for wilhelm richard wagner

 

Belə ki, Fransada rəssamlıq sənəti XIX əsrin əvvəllərinə qədər rəsmi şəkildə XIV Lüdovikin dövründə yaranmış “Kral Rəssamlıq və Heykəltəraşlıq Akademiyası”nın nəzarətində idi. Akademiyanın doktrinasında gözəllik idealı antik heykəltəraşlıq modellərinin surətinə istinadən müəyyənləşdirilmişdi.

XIX əsrin əvvəllərində isə bəzi rəssamlar, o cümlədən Vilyam Bleyk, Vilyam Törnir, Fransisko de Qoya və Eujen Delakru yeni bir rəngləmə üsulu tapmışdılar. Bir müddət sonra Aristotelin antik dövrdə miras qoyduğu pedaqogikanı qəbul etməyən bəzi rəssamlar, tədricən akedemiyadan uzaqlaşaraq, öz emalatxanalarını yaratmağa başladılar. Əsərlərinin şiddətli tənqidlərə məruz qaldığını görən gənc rəssamlar rəsm çəkmək və müzakirə etmək üçün bir araya gəlməyə başladılar. Bu rəssamlar arasında, xüsusilə Claude Monet, Pier Aqust Renyar, Alfred Sisli və Fredrik Beizil fərqlənirdilər. Qısa müddət ərzində onların arasına Kamil Pizarro, Paul Sizanne və Armand Qilyomin də qatıldı. Təəssüratların gerçəkliyini sədaqətlə əks etdirməyə çalışan gənc rəssamlar, parlaq rənglərə və işıq effektlərinə üstünlük verməklə, keçmişin böyük döyüş səhnələrindən imtina edərək, daha çox mənzərə və ya gündəlik həyatdan götürülmüş motivləri təsvir etməyə başladılar. Bununla da, artıq XIX əsrdə impressionizmə doğru ilk kütləvi meyllər başlanmış oldu.

        Onu da qeyd etmək lazımdır ki, Kral Rəssamlıq və Heykəltəşarlıq Akademiyasının üzvləri arasında impressionizmə meyil edənlər də var idi. Məsələn, akademiklərdən Fransua Buşe və Antonio Vettonun əsərlərindəki impressionist elementlər bunu əyani olaraq sübut edirdi.

        İmpressionizm cərəyanı rəssamlıq sənətində ilk dəfə Parisdə 1874-1886-cı illər aralığında keçirilən silsilə rəsm sərgilərində mütəşəkkil şəkildə özünü göstərdi.

       İmpressionist rəssamların yaradıcılığına ictimai marağın çoxalması onun digər sənət növlərinə də təsirini artırdı. Lakin ilk mərhələdə impressionistlər musiqi sahəsində naturalistlərin kəskin təzyiqi ilə üzləşdilər. Digər tərəfdən isə musiqidə impressionizmi tətbiq etmək bir qədər çətin idi. İmpressionizmin dünya baxışı ilə səsləşən librettolar yazmaq çox çətin görünürdü. İlk növbədə, çoxyönümlü təəssüratlara cavab verə biləcək librettoların yazılması mühüm tələb kimi qarşıya çıxırdı.

        Alman bəstəkarı Rixard Vaqnerin 1857-1859-cu illərdə bəstələdiyi “İzolda və Tristan” adlı üç pərdəli operası, böyük mənada, impressionist üslubun mövqeyini ifadə edirdi. Libretto üçün nəzərdə tutulmuş bu dastan, Korniş sərkərdəsi Tristan və İrlandiya şahzadəsi İzoldanın sevgisindən bəhs edən bir faciə idi. Bu əfsanəvi hekayənin mənbəyi və onun haqqında  mövcud olan fikirlər birmənalı deyildi. Bir qütb tədqiqatçılar onu müqəddəs eşqin, digər qütbə aid olan alimlər isə zinakar məhəbbətin simvolu olaraq görürdülər. Bu ziddiyət isə, sözsüz ki, özü-özlüyündə rəngarəng təəssüratlar yaratmaq imkanı verirdi.

Qısa səhnələrdə baş verən psixoloji gərginliklərdən və çoxmiqyaslı təəssüratlardan məharətlə yararlanan Vaqner öz yaradıcılığı ilə musiqi sənətində impressionizmin zəminini yaratdı. Musiqi sənətində impressionist üslubu tam mənasında tətbiq edən bəstəkarlar isə Erik Sati, Klod Debüssi və Moris Ravel oldu.

Beləliklə, impressionizmin təsiri bir sıra Avropa ölkələrində də görünməyə başladı. Avstriyalı fizik və filosof Ernst Max impressionizmin fəlsəfi izahını verdi. Onun təliminə görə, daimi bir reallıq yoxdur. Onun üçün reallıq bir sıra təəssüratlar və sensasiyalardan başqa bir şey deyil.

Image result for arthur schnitzler

İmpressionist meyillərin əsas cəhətləri süjetlərdə qeyd olunan keçici hisslər, ani təəssüratlar, qeyri-müəyyən hiss stimulları, incə rənglər və yorğun səslər lirikası idi. Rəssamlıqdan musiqiyə keçən impressionizm 1900-cü illərdə ədəbiyyatı da fəth etdi. Xüsusilə, Renyar Maria Rilk, Ceyms Coys, Paul Verlayn, Oskar Uayld, Marsel Prust və Artur Rembo kimi yazıçılar ədəbiyyatda impressionizmin elementlərindən geniş istifadə etməyə başlamışdılar. İmpressionist yazıçılar özlərini ifadə etmək üçün eskizlərə, romanlara, birpədəli dramlara müraciət edir və ya nəzm formasına üstünlük verirdilər. Birpərdəli dram forması və mənzum parçalar təəssüratları gücləndirmək üçün ideal variantlar hesab edilirdi.

XX əsrin əvvəllərində Avropada teatr mühiti fövqəladə dərəcədə rəngarəng idi. 1890-cı illərdən etibarən müxtəlif sənət cərəyanları bir-birini əvəz etdiyinə görə dramaturgiyada tez-tez fərqli üslubların sintezi meydana çıxırdı. İncəsənət aləmində baş verən bu yeniliklər, yəni impressionizm cərəyanının təsir dairəsinin genişlənməsi təsviri sənət, musiqi və ədəbiyyat kimi, teatr sənətinə də təsir göstərdi.

Birpərdəli pyeslər impressionist dramaturqların məqsədlərinə daha çox cavab verirdi. Təxminən 1900-cü ildə “dramolet” termini, məhz bu üsluba cavab verən kiçikhəcmli dramların bildiricisi kimi meydana çıxdı. İmpressionist dramaturqlar lirik dram və ya tragikomediya kimi formalarda da təcrübələr aparmışdılar.

        Bu cərəyan teatr sahəsində xüsusilə Artur Şnitzlerin və Hüqo von Hofmanştalsın yaradıcılığlarında öz əksini tapdı. “Gənc Vyana” ədəbi qrupunun bu iki əsas nümayəndəsinin elmi və bədii fəaliyyəti bir-biri ilə sıx bağlı idi. Artur Şnitzlerin dramları, ilk növbədə, insan psixikasının dərin təhlili ilə səciyyələnir. O, yalnızca burjua fərdinin deyil, dövrünün, cəmiyyətinin və mədəniyyətinin dəqiq diaqnozunu qoymağı bacarırdı. Sosial hadisələri dəyərləndirən dramaturq XIX əsr burjuaziyasının təbiəti və quruluşu haqqında maraqlı fikirlər yürüdürdü. Yazıçı, ittiham irəli sürmür və ya siyasi dəyişiklik təklif etmirdi. Onun əsərlərində müəllifin skeptik dünyagörüşü duyulurdu.

Hüqo von Hofmanştalsın lirik və yığcam dramatik pyeslərində isə əsas diqqət hərəkətlərə yox, pyesin içindəki situasiyalara yönəlmişdi. Hər iki yazıçı vahid dünyagörüşünün əlaqəsiz hisslərə, təəssüratlara parçalanmasını əks etdirən impressionizmlə yanaşı, simvolist elementlərə də can atırdı.

       Artur Şnitzlerin “Anatol” (1892-1893), həmçinin, Hüqo von Hofmanştalsın “Titanın ölümü”  (1892) və “Ölüm qapısı” (1893-1894)  əsərləri impressionizmi dramaturgiyada əks etdirən yaradıcılıq nümunələri idi.

       Artur Şnitzlerin 1893-cü ildə yazdığı yeddi pərdədən ibarət “Anatol” əsəri impressionizmin məhək daşı kimi qəbul olunur. Əsərin baş qəhrəmanı Anatol qadınlara qarşı sevgi və nifrət hissini birgə yaşayır və bu hissləri tədqiqat sahəsinə çevirir. Lakin bu tədqiqatlar zamanı sevdiyi qadının xəyanətini aşkarlamaqdan qorxduğu üçün tərəddüdlər keçirir. Beləliklə, müəllif impressionizmə xas olan fərdi və qeyri-müəyyən təəssürat analizini ortaya qoyur. Elə məhz bu səbəbdən, Artur Şnitzler Anatolun fərqli emosiyalarını və tərəddüdlərini ustalıqla işlədiyinə görə Ziqmund Freyd (Sigmund Freud), onu “psixologiyanın tədqiqatçısı” adlandırır. Lakin Hüqo von Hofmanştals öz əsərlərində yaratdığı impressionist təsvirlər, təəssüratların paradoksallığı və canlılığı baxımından heç də Artur Şnitzlerdən geri qalmırdı. Buna misal kimi onun “Ölüm qapısı” adlı əsərini nümunə göstərmək olar. “Ölüm qapısı” Huqo fon Hofmanştalsın 1893-1894-cü illərdə nəzmlə yazdığı kiçik həcmli lirik dramıdır.

Müəllifə görə, hadisələr XIX əsrin 20-ci illərində baş verir və Klaudio adlı bir zadəganın ölümlə qarşılaşmasından bəhs edir. Ölüm Klaudionu həyatdan aparmaq üçün gəlir və onu həyatındakı vacib insanlarla – anası, keçmiş sevgilisi və uşaqlıq dostu ilə qarşılaşdırır. Əsərin gedişatında onun indiyə qədər öz doğmaları ilə dərin əlaqələr qurmadığı aydın olur. Çünki o, insanlara münasibətdə hər zaman soyuq rəftar edir və onları yaxına buraxmadan yaşayır. Klaudio əsərdə narsisizmin simvolu, təkəbbürlü burjua nümayəndəsi kimi verilib. Lakin o, ölüm ayağında bundan narahat olmağa başlayır. Həyatı boyu insanlardan uzaq duran Klaudionun ölüm saatı gəldiyində qarışıq duyğulara qərq olması onun fərqli və canlı təəssüratlarını ortaya çıxarır. “Ölüm qapısı” əsərində Hüqo von Hofmanştals impressionist elementlərlə simvolik illüziyaların sintezini verməyə çalışır. Bu məqamda qeyd etmək lazımdır ki, impressionizmin simvolizm ilə birgə inkişaf etməsinə səbəb olan ən vacib amillərdən biri insanın hisslərini, onun parlaq təəsüratlarını tamaşaçılara simvolik elementlərlə ötürmək metodu ilə bağlı idi.

Image result for hugo von hofmannsthal

Öz əsərlərində simvolizmi impressionist yanaşmayla sintezləşdirən məşhur ingilis yazıçısı və dramaturqu Oskar Uayld impressionizmin tətbiq metodunu insan psixikasının müşahidə refleksi ilə izah edərək, deyirdi: “Əşyaların görünüşü ona baxanların müşahidəsindən asılıdır.”

Fransız yazıçısı və tənqidçisi Marsel Prust impressionist rəssamların predmetləri güclü işıqların və incə rənglərin köməyi ilə vermələrini, hadisələri hərəkət halında təsvir etmək meyillərini, bəstəkarların gerçəkliyi fasilələrlə ötürməsini, o cümlədən, dramaturqların yaratdığı kiçik pyeslərdə mövcud olan müxtəlif obrazların paradoksal təəssüratlarını, haqlı olaraq, belə ifadə edirdi:

“Həqiqi kəşf, yeni mənzərələr axtarmaqdan yox, yeni gözlərlə görməkdən ibarətdir”.

Load Time (S) : 0.005400