TEATRO

TEATRO

sənət portalı

post-title

Cavanşir Qasımov - Berlin Teatrının “Mariya Stüart”ı

XXI əsr alman teatrında klassikanın ən uğurlu yozumlarından biri də Berlin Rəqəmsal Teatrının “Maria Stüart” tamaşasıdır. Anne Lenkin quruluşunda hazırlanan “Maria Stüart” tamaşasında rejissor Veymar klassisizminin filosofu və dramaturqu Fridrix Şillerin eyniadlı psixoloji dramını postdramatik teatr müstəvisinə gətirə bilib. Tamaşanın abstrakt səhnəqrafiyası və əsrarəngiz personajları haqqında ümumi təsəvvür yaratmaq üçün bir neçə nüansı qeyd etmək lazım gələcək. Deməli, mərkəzi otaqda Mariya Stüartın obrazı dayanır. Onun eqosu, qorxu hissi, pessimist, melanxolik, optimist təəssüratları və reformist düşüncəsi fərqli obrazlarla simvolizə edildiyi üçün həmin personajlar başqa otaqlardan keçərək, onun sürrealist dünyasına daxil olmaqla, Mariya Stüartın duyğularını və psixi vəziyyətini dəyişdirməyə nail olur. 
Tamaşanın bədii-psixoloji arxitekturasına nəzər yetirərkən antik poemaların ideoloji mahiyyətindən doğan klassik dramaturgiyanın ənənəvi mövzularını əhatə edən əsas stereotipləri, Maria Stüartın psixoloji-emosional vüsətini antik mifologiyanın daxilində tapmaq heç də çətin deyil. Məsələn, Doktor Faustun ölümsüzlük eşqi, Hamletin tərəddüdü, Ledi Maqbetin əbədi ehtirası və yaxud ideoloji anlamda antik tanrılara məxsus olan bir təkəbbürdən ali şəxsiyyətin ümumi obrazına keçid.



Anne Lenk hadisələrin inkişafını məhz bu prinsiplə izləyir, Maria Stüartın daxili iztirabları, tərəddüdləri və bunun kimi bir çox psixoloji situasiyaların ümumi vəhdəti  içərisində görməyə çalışır. Məsələn, Maria Stüartın simasında rejissor tamaşanın əvvəlində Ledi Maqbet kimi ehtiraslı, Doktor Faust kimi iddialı, Hamlet kimi tərəddüdlər içində boğulan bir zadəgənı, final səhnəsində isə öz ali şəxsiyyətini dərk etməyə qabil olan azad insanı görür. Bir sözlə, Anne Lenkin vizual yozumuna söz ola bilməz. Əlbəttə ki, tamaşanın vizual həlli fonunda, impressionizm, simvolizm, sürrealizm və eksiztensializm elementlərini müşahidə edib, onların balanslaşdırılmış konseptual mövqeyini izləyərkən səhnə əsərinin hansı ictimai problemə əsaslandığını görməmək mümkün deyil.
Rejissorun dramaturji seçimi bir daha onu sübut edir ki, indiki dövrdə klassik dramaturgiyanın bədii-fəlsəfi cəhətdən ölümsüzlük iddiasında olması rejissorun səhnə estetikasından və ən əsası, onun ictimai-sosial problemlərə nə dərəcədə adekvat cavab verə bilməsindən asılıdır. Çünki rejissorun sosial mesajı pandemiya dövründə evdə özü ilə təkbaşına qalan insanların əvvəllər sahib olduqları azad həyatlarında bəzi yanlış qərarlarını nəzərdən keçirməsinə, bir zamanlar nə qədər xoşbəxt olduqlarını dərk etməsinə və bundan sonra öz həyatları haqqında daha ciddi düşünmələrinə hesablanıb.
Təsadüfi deyil ki, tamaşanın bu dərəcədə uğurlu olması teatrşünasların diqqətindən də yayınmayıb. Belə ki, Anne Lenkin Maria Stüart tamaşası 2020-ci ilin noyabr ayında, almandilli ölkələr arasında keçirilən Praqa Teatr Festivalının “Ən uğurlu beynəlxalq teatr təcrübəsi” kateqoriyası üzrə qalib olub. Elə bu yaxınlarda, 2021-ci ildə Treffen Teatr Festivalında isə 285 namizəd arasında keçirilən seçimlərdə Berlin Rəqamsal Teatrının iki tamaşası - Sebastian Hartmannın “Sehirli dağ” və Anne Lenkin “Maria Stüart” tamaşaları münsiflər tərəfindən ilk onluğa daxil edilib. 

https://www.deutschestheater.de/programm/a-z/maria-stuart-lenk/
https://www.deutschestheater.de/
http://www.theater.cz/de/
 

Load Time (S) : 0.006167