TEATRO

TEATRO

sənət portalı

post-title

Cavanşir Qasımov - Barokko teatrı

“Barokko” sözü italyancadan dilimizə tərcümədə yöndəmsiz, qüsurlu, ifrata meyilli, kələ-kötür, “qüsurlu mirvari” mənalarını verir. Bir çox tədqiqatçılar iddia edir ki, bu termin Barokkonun erkən inkişafında mühüm rol oynamış iki görkəmli sənətkarın: rəssam Federigo Barocci və memar Giacomo Barozzinin adlarından əmələ gəlmişdir. Barokko termini, ilk dəfə 17-ci əsr İtalyan memarlığının əsərlərini təsvir etmək üçün bir kateqoriya kimi istifadə edilmişdir. Fransada isə bu termin, ilk dəfə XIV Lüdovikin dövründə ilədilmişdir. Barokko üç mərhələyə bölünür:

1) Erkən barokko (1600–1650)

2) Yüksək barokko (1650–1720)

3) Son barokko (1720–1770)

Avropa mədəniyyətində bu cərəyanın əlamətlərinə, ilk olaraq XVI—XVII əsrlərdə İtaliyanın Roma, Mantuya, Venesiya, Florensiya kimi böyük şəhərlərində  rast gəlinir.

Daha sonralar isə, barokkonun  əsas əlamətləri olan, xristianlıq mövzusunun təsviri sənətdə geniş şəkildə tətbiq olunması, təmtəraqlı geyim və dəbdəbəli memarlıq nümunələri italyan, ispan, flamand, holland və fransız cəmiyyətinin estetik zövq anlayışına təsir edərək, vizual keyfiyyətlərin ön plana çıxması ilə nəticələnir. XVII əsrdə incəsənət aləmində barokko mərhələsi ümumiyyətlə mədəni və bədii yaradıcılıq tarixində yeni bir cərəyan kimi öz mövcudluğunu diktə etməyə başlayır. Məsələn, sənətşünaslar barokko dövrünü “Qərb sivilizasiyasının zəfər yürüşünün başlanması dövrü!” adlandırırlar. Belə bir dövrün başlanması isə, sözsüz ki, rəssamlığa, musiqiyə və teatr sənətinə təsirsiz qala bilməzdi.    

Barokko teatrının yaranması

Əslində barokkonun yaranması və bir çox sənət sahələrinə (rəssamlığa, heykəltaraşlığa, musiqiyə, ədəbiyyata və s.), o cümlədən, teatr sənətinə olan təsiri amili, əsasən intibah teatrına və biləvasitə, Avropada alman ilahiyyatçısı Martin Lüterin başlatdığı reformasiya hərakatına qarşı bir reaksiya kimi meydana gəlmişdir. Belə ki, həmin dövrlərdə, mütləqiyyətin və katolik kilsəsinin mövcudluğunun qorunub saxlanılması məqsədilə, nüfuzlu ruhanilər və kral hakimiyyətləri, bir çox rəssamlar, memarlar və heykəltəraşlarla yanaşı, dramaturq və aktyorları da öz himayəsinə almağa başlamışdı. Nəticədə isə, həmin sənətkarlar, əvvəllər Roma imperatorlarının tətbiq etdikləri bir metoda arxalanaraq, inqilabi və siyasi məzmunlu pyeslərin əvəzinə, xalqı əyləndirən komediyalar yazmağa, bu dünyanın keçici olduğunu, yəni, var-dövlətin və taxt-tacın “lənətli” olduğunu vurğulayan tamaşalar ifa etməyə başlamışdılar.

Yeri gəlmişkən, Roma imperatorları bu metodu “panem et circenses” yəni,  “yemək və əyləncə” prinsipi adlandırırdılar. Bu prinsipə görə, bir parça çörək və əyləncəli tamaşa verildiyi təqdirdə, cəmiyyəti “daha yaxşı” idarə etmək olar. Çünki, bu yolla xalqı ictimai-siyasi hadisələrdən yayındırmaq mümkündür.

Lakin, barokko üslubunu yaradanlar, öz dövrünün şərtlərini nəzərə alaraq, bir zamanlar, Roma imperatorlarının tətbiq etdiyi antik teatr prinsiplərini bir qədər zənginləşdirmiş və daha effektiv formaya salmışdılar. Nəticədə, barokkonun ideya cəhətdən antik teatr ənənəsindən əsas fərqi tamaşaçılara tanrıların alternativi kimi “ali keyfiyyətlərə malik insan” faktorunun mövcudluğunun aşılanmasında özünü göstərirdi. Barokko teatrında, tanrıların əvəzinə, kralların, zadəganların və nüfuzlu ruhanilərin böyük mədəniyyətə sahib olduqlarını və ən böyük əzablara da məhz onların düçar ola biləcəyi ideyasını tamaşaçılara çatdırmaq üçün, dəbdəbəlilik ənənəsinin tətbiqi, vizual cəhətdən onun əsas prinsipinə çevrilmişdi.

Barokko dövrü, dramatik əsərlər yaratmaq üçün müxtəlif sənət növlərinin birləşməsi ilə xarakterizə olunan bir dövr idi. O digər dönəmlərlə müqayisədə, tragikomediya janrına daha çox üstünlük verməsi ilə seçilirdi. Bu dövrdə həm binaların dizaynı, həm də teatr tamaşalarının formatı böyük dəyişikliyə məruz qalmışdı. Məsələn, “Opera teatrı” ifadəsi barakko cərəyanının təsiri ilə XVII əsrin birinci yarısından etibarən işlədilməyə başlanmışdır.

Barokko teatrının texnoloji yenilikləri

Deyə bilərik ki, hətta indiki dövrdə, teatrda mövcüd olan və müasir rejissura sənətində tətbiq edilən multimedia texnologiyası, elə məhz barokko üslubunun səhnə dizaynındakı mexaniki yeniliklərindən ilhamlanmışdır.

Belə ki, hal-hazırda Brodvey və ya kommersiya oyunlarında istifadə olunan texnologiyanın ilkin variantı məhz barokko dövründə icad edilmiş və sonradan təkmilləşdirilmişdir. Məsələn, həmin dövrdə, teatrların səhnəsində ilk dəfə müraciət edilmiş mexaniki yeniliklər sayəsində bir neçə saniyə ərzində romantik bağdan dəbdəbəli sarayın içinə keçmək mümkün idi. Haqqında danışdığımız yeniliklərin vizual keyfiyyəti, əsasən, ipləri və kasnaqları gizlədərək, yalnız müəyyən bir hərəkəti görməyə imkan verən səhnə tərtibatı ilə seçilirdi.

Bu yeniliyi XVII əsrin teatr səhnələrində ən yaxşı şəkildə tətbiq edənlərdən biri o dövrün məşhur italyan mühəndisi Jakomo Torelli (Giacomo Torelli) idi. J.Torelli 1641-ci ildə Venesiya şəhərində yerləşən Novissimo Teatrının mexaniki maşınlarını quraşdırdığı dönəmlərə qədər gəmi mühəndisi olaraq çalışmışdı.

J.Torellinin teatrda ilk işi məhz 1641-ci ilin yanvarında Venesiyada baş tutan Novissimo teatrının açılışı oldu. Novissimo Teatrı, möhtəşəm tamaşaların, xüsusilə də musiqi əsərlərinin ifa edildiyi mərkəz olmuşdur.

J.Torellinin teatr sənətinə gətirdiyi yeniliklər, xüsusən də, möhtəşəm mənzərə dəyişiklikləri və digər xüsusi effektləri hərəkətə gətirə bilən mexaniki maşınların teatra tətbiq edilməsi səhnədə ümumi dizaynı asanlıqla dəyişmək imkanını yaradırdı. Bu mexaniki üsul XVII əsrin ortalarında qurulmuş səhnə tərtibatlarının ən ehtişamlı versiyası kimi yadda qalmışdır. Torelli Novissimo Teatrında opera sənətinin tarixi siması və barokko dövrünün məşhur italyan bəstəkarı Françesko Sakratininin “Özünü dəli kimi aparan adam” operasının dekorasiya və səhnə maşınlarının dizaynında iştirak etmişdi.

Torellinin ən əhəmiyyətli yeniliyi mərkəzi ümumi iplərlə birləşdirilmiş alt pilləli arabalardan ibarət “dirəkli səhnə maşınları sistemi” idi ki, bu da tamaşaçıların gözü qarşısında çox koordinasiyalı effektlər yaradaraq, səhnə məkanının qısa zamanda dəyişdirilməsinə imkan verirdi. Bu sistem, hətta aktyor truppasına on altı məkandan ibarət olan bir tamaşanı ifa edərkən, səhnənin alt hissəsindəki tək bir köməkçi ilə nəzərə çarpacaq dərəcədə möhtəşəm mənzərə effektləri yaratmağa şərait yaradırdı. Teatr xadimləri baş verən yenilikləri müşahidə etdikdən sonra libretto müəliflərinə tövsiyə edirdilər ki, onlar öz əsərlərini mexaniki aparatların ixtiraçısı olan Torellinin texnoloji yeniliklərinə uyğun olaraq yazsınlar. Bunun nəticəsində isə, öz yaradıcılıqlarını zənginləşdirməyə çalışan müəlliflər, musiqili-dram əsərlərini “dramma per musica” (italyanca: Musiqi üçün dram) adlandırmağa başladılar.

Barokkonun teatr sənətində inkişaf etməsi italiyan bəstəkarlarından sonra, alman bəstəkarlarının yaradıcılığına da təsir göstərmişdir. Məsələn, Georq Fridrix Hendel və İohann Sebastyan Bax, barokkonun ən məşhur alman bəstəkarları kimi yadda qalıb. Lakin, Almaniyada opera sənəti ilk dəfə erkən barokko dövründə Michael Praetorius, Johann Hermann Schein, Samuel Scheidt və Heinrich Schütz kimi bəstəkarların yaradıcılığı ilə vüsət almışdır. Xətti perspektivin öyrənilməsi və inkişafı isə, daha sonralar teatr dizaynının təkamülünə yol açaraq, opera tamaşalarını hər kəs tərəfindən geniş şəkildə qəbul edilmiş bir janra çevirmişdi.

Barokko dövründə teatr memarlığı

Barokko memarlığı daha çox əzəmətli kilsələri və sarayları ilə tanınsa da, teatrların dizaynına və inşasına da ehtiyac duyulurdu. Avropada mövcud aristokratiya əyləncə üçün daha böyük salonlar tələb edir və teatrlar yavaş-yavaş monarxiya üçün ayrılmış binalardan daha çox ictimai yerlərə çevrilirdi.

Barokko teatrlarının memarlığı bir sıra səciyyəvi xüsusiyyəti və yeniliyi ilə seçilirdi. Məsələn, yeni teatr salonları daha çox tamaşaçı qəbul edə bilir və tamaşaçılara oyun zamanı daha geniş mənzərəni görmək imkanı verirdi.

Barokko dövründə tikilən opera binalarının içərisində ən məşhuru İtaliyanın San Karlo Teatrıdır. Bu teatr İtaliyanın ilk opera evlərindən biri olmuşdur. San Karlo teatrı öz ümumi vizual görünüşü, geniş tamaşaçı auditoriyası qəbul etmək imkanı və ecazkar dekorasiyaları ilə seçilirdi. Qeyd etmək lazımdır ki, San Karlo teatrı öz ölçüsünə və yenilikçi keyfiyyətlərinə görə, barokko dövründə tikilən bir çox teatrlar üçün, ilham mənbəyi olmuşdur.

Barokko dövründə dramaturgiya

Barokko dövründə dramaturgiya dedikdə, istər istəməz, ağlımıza ilk olaraq, Fransa dramaturgiyası gəlir. Ona görə ki, fransız teatrları barokko ənənəsinin təsiri altında olarkən dramaturqlar tərəfindən son dərəcə maraqlı intriqalarla zəngin əsərlər yazılır və teatrların səhnələrində böyük anşlaqla oynanılırdı.

Tamaşalar komediya, faciə və tragikomediya janrlarında olurdu. Barokko dövründə Fransa teatrında tabu anlayışı, ümumiyyətlə, yox idi. Pyeslərdə psixoloji gərginlik, şizofreniya və hətta dəlilik əlamətlərinə, erotizm, qətl və intihar səhnələrinə geniş yer verilirdi. Bəlkə də barokko teatrını misilsiz edən amillər elə bunlar idi. Xüsusilə, Fransa kimi bir ölkədə bu dövrdə belə səhnələrin oynanılması teatr sənətində əsl inqilab sayıla bilərdi!  

Lakin, ayrıca vurğulamaq lazımdır ki, alman mütəfəkkirlərinin barokko teatrının estetik prinsiplərinə verdiyi töhfələr misilsiz əhəmiyyət kəsb edirdi. Məsələn, barokkonun dramaturji əsasları haqqında ümumi qaydaları ilk dəfə 1624-cü ildə alman yazıçısı və şairi Martin Opitz işləyib hazırlamışdı. Martin Opitz, demək olar ki, barokko teatrının bütün janrlarını əhatə edən həmin kitabını “Deutsche Poeterey” yəni, “Alman poetikası” adlandırmışdı. Digər tərəfdən, alman filosofu Qotfrid Vilhelm von Leybnits  teatr nəzəriyyəsi üzrə estetik sənət anlayışının əsasını təşkil edən “təbiətin təqlidi” metodunu “hiss olunan həqiqət” fəlsəfəsi ilə əvəz etmişdi. Bu yanaşma isə, təbii olaraq, barokko teatrının “vizual xarakterlər” konsepsiyasını təyin edirdi.

Barokko teatrının dramaturji mövzularını yaradan əsas bədii-fəlsəfi amillər, daha çox aşağıdakı motivlərlə bağlı idi:

  1. Dəlilik əlamətləri;
  2. İnsanın mahiyyəti;
  3. İnsanın taleyi;
  4. Qısqanclıq;
  5. Sevgi;
  6. İllüziya oyunu;
  7. Ölüm qorxusu.

Barokko teatrının personajları

Adını çəkdiyimiz “xarakterlər konsepsiyası” barokko dövründə teatr sənətinin öz vizuallığı vasitəsilə fərqli düşüncələr sistemini yaratmağa başlamışdı. Bu, konsepsiyanın əsası isə, aktyorların barokko ənənəsinə xas olan xüsusi qrimlər vasitəsilə personajların xarakterinə məxsus olan psixoloji və əxlaqi parametrləri nümayiş etdirmələri ilə izah edilirdi. Belə ki, barokko dövründə, teatr sənətinin təcəssümü ilə bağlı olan əsas komponentlərdən biri, personajların zahiri görünüşləri ilə özlərinin hansı səviyyəyə malik bir qəhrəman olduğunu bildirməsi idi.

Məsələn, özündə ali və müsbət keyfiyyətləri cəmləşdirən hər hansı bir qadın personajı bu əlamətləri heyvan dərisindən hazırlanmış kələ-kötür geyim üslubu, qeyri-təbii saç düzümü, korsetle “incə” görünən beli, süni qabardılmış ətəyi və dikdaban ayaqqabısı ilə nümayiş etdirə bilərdi.

Səhnədə ideal kişi personajını yaratmaq üçün həmin aktyor alicənablıq və centelmenlik anlayışlarının simvolu kimi bığ və saqqalın ümumi görünüşünü bir birinə uyğun formada saxlamalı, həmçinin parlaq və rəngli naxışlarla bəzədilmiş geyimlər, dar və uzunboğaz çəkmələr geyinməli, ifrat dərəcədə qoxu yayan ətirlərdən istifadə etməli və başına pudralı parik qoymalı idi.

Mənfi qəhrəmanları səciyyələndirən aləmətlərə gəlincə isə, burada biz İtaliyanın “del arte” komediyalarındakı kimi xüsusi maska, ya da simvolik rəngləri görə bilmirik. Çünki, bu dövrün mənfi personajları, səliqəsiz geyinmiş, pırpız saçlı və iri əzələlərə sahib olan aktyorlara həvalə edilirdi. Belə bir nəticəyə gəlmək olar ki, səhnəyə çıxmış hər hansı bir aktyorda müşahidə edilən fiziki güc və iri cüssə həmin dövrün teatral mühitində ədəbsiz adam və təhlükəli xarakter təsəvvürü yaradırdı.

Ümumiyyətlə, barokko dövrünün alicənab təbəqəsində belə bir fikir hakim idi ki, muşketin tətiyini çəkməklə öldürmək mümkündürsə, fiziki gücə ehtiyac yoxdur! Buna görə də barokko dövründə təbiilik vəhşiliyin, ədəbsizliyin sinonimi kimi təqdim olunurdu. İngilis filosofu Tomas Hobbsa görə: “Təbiilik anarxiya, hamıya qarşı üsyan və müharibə deməkdir!”

Barokko dövründə teatrların repertuarı

Barokko dövründə mövcud olan teatrların reperturında İtaliyada Beneditto Ferrari, Antonio Sartorio, Françesko Sakrati, Karlo Qoldini, Fransada Jan Batist Molyer, Jan Fransua Renyar, Pyer Kornel, İngiltərədə Con Dreyden, Ben Conson, Uilyam Şekspir, İspaniyada isə Lope de Veqa, Tirso de Molina, Migel de Servantes kimi yazıçı, bəstəkar və dramaturqların əsərləri hər zaman ön planda idi.

Barokko cərəyanı yeni mövzularla məşğul olmağa çalışır və bədii detallara estetik cəhətdən böyük diqqət yetirirdi. Xüsusən də, dramaturqlar əsərlərində əxlaqi dəyərlər haqqında prinsiplərə önəm verirdilər.

Barokko mədəniyyəti İspaniyandakı teatrların repertuarına da güclü təsir göstərmişdi. Başda İspaniyanın məşhur dramaturqu Tirso de Molinanın yaradıcılığı olmaqla ölkənin teatr mühitində yeni bir dövr başlanmışdı. Onun əsərlərində olan eyhamlar birbaşa cəmiyyətin əxlaqi kodeksinə yönəldilmiş ittihamlarla zəngin idi.

Dramaturqların barokko teatrı haqqında tənqidi mövqeyi

Barokko dövrünün vizual konseptini tənqid edən və bu xarici görünüşün aldadıcı olduğunu göstərmək istəyən sənətkarların siyahısında İngiltərənin ən məşhur dramaturqu Uilyam Şekspirin adını görə bilərik. Dramaturqun şah əsəri hesab edilən “Hamlet” pyesində həmin mövzu ilə bağlı maraqlı bir məqam var. Belə ki, Hamletin “Siçan tələsi” adlı səhnəsində personajların barokko stilindəki geyimlərlə ən ali təbəqəyə məxsus olan personajlar kimi seçilməsinə baxmayaraq, Qonzaqo həmin “ali obraz” tərəfindən xaincəsinə qətlə yetirilir. Bununla yanaşı, Hamletin aktyorla dialoqu zamanı maraqlı bir situasiyanı da müşahidə edirik.

Həmin dialoqda Hamletin barokko dövrünün aktyorları üçün nəzərdə tutulan deklamasiya sənətinə kəskin şəkildə öz etirazını bildirdiyinin və həmin aktyoru belə hərəkətlərdən çəkindirməyə çalışdığının şahidi oluruq. Bütün bunlar, Şekspirin barokko ənənəsinə qarşı ironik yanaşmasının göstəricisi idi.

Fransız teatrında isə biz, onun görkəmli nümayəndələri olan Kornel və Molyerin barokko cərəyanının vizual keyfiyyətlərə köklənməsinə qarşı çıxdıqlarını müşahidə edirik. Belə ki, öz əsərlərində yaratdıqları personajlar və hadisələr vasitəsilə çox vaxt zadəganları əxlaqsızlıqda ittiham edən, onları böyük cinayətlər törətmiş azğın şəxslər kimi  göstərən bu dramaturqlar hər zaman xarici görünüşün aldadıcı olduğunu göstərməyə və gerçəkləri təcəssüm etməyə çalışırdılar.

Sözsüz ki, bu dramaturqların tənqidi baxışları  öz təsirini göstərsə də, barokkonun dramaturji mövqeyinə ən böyük zərbəni vuran yazıçı, məhz alman şairi, nəzəriyyəçisi və dramaturqu Qothold Efraim Lessinq olmuşdur.

Lessinq müəllifi olduğu “Müdrik Natan” əsərində, barokko cərəyanının qətiyyətlə müdafiəsində durduğu katolik kilsəsinin maksimalist yanaşma tərzini ciddi şəkildə tənqid edir, kəskinliklə belə bir dünya görüşünə qarşı çıxırdı.

Lakin, son olaraq qeyd etmək lazımdır ki, istər tamaşa salonlarında istifadə edilən tərtibat yeniliklərinin, mexaniki vasitələrin, istərsə də dram və opera teatrlarının inkişafı baxımından barokko dövrünün teatr tarixində böyük əhəmiyyəti var.

 

 

Load Time (S) : 0.004926