TEATRO

TEATRO

sənət portalı

post-title

B.Y.ZAXAVA. "VAXTANQOV VƏ ONUN STUDİYASI" II Fəsil

Didərginliyə  son

Öz parlaq uğursuzluğundan sonra, Studiya 1914-cü ilin bütün yayı boyunca daimi məkan axtarışı ilə məşğul oldu və nəhayət ki,- artıq payız aylarında,- Ostojenkadakı Mansurov dalanında iki mərtəbəli kiçik bir mənzilə yerləşdi.

Mənzilin bir hissəsini gələcəkdə bu məkanı bütünlüklə satın almaq ümidi ilə studiyaçılar üçün pullu yataqxana etmişdilər; mənzilin digər hissəsində isə kiçik səhnə və 35 nəfərlik tutumu olan tamaşa zalı quraşdırmışdılar.

 

"Vicdanıma and olsun"

"Laninlər malikanəsinin" uğursuzluğu həm Studiya, həm də onun rəhbəri üçün ciddi xoşagəlməz nəticələr verdi: Bədaye teatrının rəhbərliyi Vaxtanqova teatrın divarlarında kənarda və Studiyada hər hansı fəaliyyəti qadağan etdi. Ona görə də, Vaxtanqov bir şərtlə Studiyada işə davam etməyə razı oldu ki, burda işləməsi faktı ciddi bir sirr kimi qorunub saxlanılsın.

Bu səbəbdən, Tələbə Studiyasının bütün əməkdaşları Studiya barəsində kənarda, öz dostları,  tanışları, hətta yaxın qohumları arasında qətiyyən danışmamaq haqqında "Vicdanıma and olsun" adlı xüsusi sənədə imza atmalı idilər.

Beləliklə, Studiya, ictimai baxımdan öz fəaliyyətini qanunsuz formada, bir növ, gizli təşkilat kimi davam etdirirdi.

"Vicdanıma and olsun" adlı sənəd, bir növ, hər kəsə, öz üzərilərinə götürdükləri məsuliyyəti daim yada salmaq üçün Studiyanın ən görünən yerindən asılmışdı.

Bu konspirasiya narahatlıqlarla yanaşı, özündə müsbət dəyərlər də daşıyırdı. Üzərilərinə götürdükləri qarşılıqlı məsuliyyət, onları özləri və rəhbərləri ətrafında sıx və qopmaz köklərlə birləşdirən bir zəmanət idi. "Studiyanın daxilindəkilərlə" və onun xaricində baş verən və verəcəklər arasında sərt bir sərhəd yaranmışdı: belə ki, Studiyadan kənarda olarkən hər kəs özünü bir "sirr" daşıyıcısı kimi hiss edir və bu onları eyni “sirr”in digər daşıyıcılarından əhəmiyyətli dərəcədə fərqləndirirdi.

 

Studiyaya qəbulda yeni qaydalar

Studiyaya qəbulda, -bundan əvvəlki ilə nisbətən, -əhəmiyyətli yenilik, artıq teatral qabiliyyət imtahanının tətbiqi oldu.

Lakin, yeni qəbul olunanlar, qabiliyyət imtahanına yalnız "şəxsi keyfiyyətləri" yoxlanıldıqdan sonra buraxılırdı. Yenə də əvvəlki kimi qəbul olmaq istəyən hər bir abituriyentlə "qəbul komissiyası" tərəfindən uzun söhbətlər aparılır və yalnız bundan sonra onlar Vaxtanqovun şəxsən özünün götürdüyü qabiliyyət imtahanına buraxılırdı. Əgər imtahanların nəticəsi qənaətbəxş olardısa, o zaman namizəd "müsabiqə iştirakçıları" siyahısına qəbul edilirdi, - amma, yenə də, - xırda bir qeyd şərti ilə: əgər qəbul olunduğu gündən iki həftə ərzində özünü yaxşı tərəfdən göstərərsə.

Sonralar "həqiqi üzvlər" və "müsabiqə iştirakçılarından" (gələcəkdə adları dəyişdirilib "əməkdaşlar", daha sonra isə "şagirdlər" adlanacaqlar) savayı, üçüncü (aralıq) qrup da yarandı: "həqiqi" üzvlər sayılmayan "Studiya üzvləri".

"Studiya üzvləri”indən heç kəs ciddi xəta törətmədiyi halda Studiyadan xaric edilə bilməzdi. "Həqiqi üzvlərin yığıncağı" tərəfindən bir il ərzində (sonralar bu müddət iki il oldu) "Studiya üzvləri" siyahısına qəbul olunmayan "əməkdaşlar" Studiyanı tərk etməli idilər.

Studiyanın idarəçiliyi, artıq yuxarıda deyildiyi kimi, "həqiqi üzvlər" qrupuna məxsus idi. Vaxtanqov Studiyanın baş idarəçisi kimi, "həqiqi üzvlərin yığıncağı" qrupunda veto hüququna malik idi. Bu qrup artıq "müsabiqə iştirakçıları" sıralarından deyil, ümumi səsvermənin yekdil qərarı ilə "Studiya üzvləri" arasından seçilərək artırılırdı.

Beləliklə, Studiya üç qrupdan ibarət idi:

1. "Müsabiqə iştirakçısı olan üzvlər" (eyni zamanda "əməkdaşlar", daha sonra isə "şagirdlər");

2. "Studiya üzvləri";

3. "Studiyanın həqiqi üzvləri".

Göründüyü kimi, "Studiyanın həqiqi üzvləri" siyahısına daxil olmaq çox çətin idi: buna ancaq vicdanlı, Studiyaya sonsuz sadiq, onun məktəbini keçmiş və beləliklə, studiya etikası və nizam-intizamı canına hopmuş studiyaçı ümid edə bilərdi.

 

Teatr tərbiyəsi

(K.S.Stanislavski məktəbi)

1914-15-ci illər mövsümü çox ciddi tədris prosesi ilə keçdi. Artıq qırıq-qırıq deyil, addım-ba-addım, sistematik şəkildə, Yevgeni Boqrationoviç K.S.Stanislavskinin dahiyanə sistemini izah edir və səhnə məşğələləri vasitəsi ilə tətbiq etməyə çalışırdı.

Vaxtanqov deyirdi - "Stanislavski sistemi qarşısına məqsəd kimi səhnə yaradıcılığını öyrətməyi qoymayıb: yaradıcılığı öyrənmək olmur - yaradıcı kimi doğulmalısan".

Sonralar Vaxtanqov öz gündəliyində belə yazır: "Allah bilir teatr məktəblərində nə iş görürlər. Məktəblərin əsas səhvi ondadır ki, tərbiyə etməklə deyil, öyrətməklə məşğuldurlar".

Vaxtanqovun şəhadətinə görə, Stanislavski məktəbi, tələbədə, onun yaradıcı individuallığını əsir edən ştamplardandan azad edib, özünün şəxsi bacarıq və keyfiyyətlərini aşkar etməyi tərbiyə edir. Sərbəstlik (fiziki və psixoloji) və individuallığın açılması - teatr məktəbinin əsas məşğul olacağı iş bundan ibarət olmalıdır. Teatr məktəbi tələbənin yaradıcı imkanları yolunun üstünü təmizləməlidir, - bu yolla düzgün addımlamağı isə onun özü başlayacaq; bunu öyrətmək olmur. Məktəb, bu yolun üstündə duran zir-zibili təmizləyib, tələbənin dərinliklərində gizlənib qalan qeyri-iradi təhtəlşüuri bacarıqlarını aşkara çıxarmalıdır.

Stanislavski hansı yol və metodlarla aktyorun özünü səhnədə əsl “yaradıcı hal”a gətirə biləcəyini göstərirdi. Və əgər, gələcəkdə aydın olsa ki, təqlid vasitəsilə cibə bolluca doldurulmuş ştampların yalançı, trafaret zir-zibili arxasında heç nə durmur, əgər "yaradıcılıq halı” üçün bütün şəraitlərin yaradılıbsa, buna baxmayaraq tələbə yaradıcılığa qadir deyilsə və əgər baxmayaraq ki, yaradıcılıq fürsəti üçün bütün yollar təmizlənib və relslər qoyulub, amma onda heç bir tərpəniş yoxdursa, - o zaman bu, onun üçün əlindən gələni edən və hər bir şəraiti yaradan məktəbin yox, həmin tələbəyə özünü səhnədə ifadə edə biləcək heç bir haqq və fürsət (bir sözlə istedad) verməyən təbiətin günahıdır.

Əgər məktəb qarşısına başqa məqsəd qoyur və tələbədə yaradıcılıqla məşğul ola biləcək xüsusiyyətləri aşkar edib çıxarmaqla yox, ona yaradıcılığı öyrədirsə, bu zaman həmin

tələbə də təbiətin ona verdiyi istedadı məhv edə bilər; bu zaman o, tələbədə yığılıb qalmış səhv təsəvvürləri və ştampları təmizləmək əvəzinə, ona mütləq yaradıcılığa aid özünə məxsus olan bir yığın səhv təsəvvür və ştamplar yükləyəcək.

Yaradıcılıq tədris olunmur, çünki, hər bir yaradıcı proses qeyri-iradi , tədris isə - iradi aktdır. Yaradıcılığa ancaq hazırlamaq hazırlaşmaq olar.

Vaxtanqov öz gündəliyində belə yazır: - "Şüur heç vaxt heç nə yaratmır - yaradan şüuraltıdır. Şüuraltına, onun özünün müstəqil şəkildə şüurun xəbəri belə olmadan material yığma qabiliyyətindən savayı, yaradıcılıq üçün şüurun vasitəsilə siqnal yollanıla bilər. Bu mənada hər məşq o zaman səmərəlidir ki, onda növbəti məşq üçün yeni material tapılıb verilir. Elə məhz məşqlər arasında yaranan boşluqlarda söhbət əsnasında həmin alınan informasiyanın emalı gedir. Heç nədən nəsə yaratmaq olmur, - bax elə buna görə də "ilham gəlmədən" rol oynamaq mümkün deyil. İlham - şüurun iştirakı olmadan - yalnız onun çağırışı ilə - bundan əvvəlki işləri cəmləşdirib bir forma verən andır. Bu anı müşayiət edən və həmin an daxildə yaranan alov isə - ilhamdan doğan təbii haldır. Şüurlu şəkildə yaranan hər bir nəsnə, özündə bu enerjinin əlamətlərini daşımır. Təhtəlşüurda şüursuz şəkildə  formaya düşən yaradıcılıq, elə həmin bu enerjinin bələdçiliyi ilə yaranır; daxili aludə edən (yoluxduran-red.)  də məhz elə bu enerjidir. Aludə olmaq (yoluxmaq-red.), yəni təhtəlşüurun şüursuz şəkildə qavramağı, elə istedadın göstəricisidir. Kim ki, şüurlu şəkildə şüuraltını qidalandırır və şüuraltının işinin nəticəsini şüursuz şəkildə aşkar edib işə çevirir - həmin şəxs istedaddır. Kim ki, şüursuz şəkildə təhtəlşüurun ona verdiyi qidanı qəbul edir və şüursuz şəkildə onu aşkar edib işə çevirir - həmin şəxs dahidir.

Qəbul etdiyini şüurlu şəkildə aşkar edib işə çevirən - ustaddır.

Şüurlu və şüursuz şəkildə qidalanmağı bacarmayan, amma yenə utanmadan boş təhtəlşüurununu işə çevirmək istəyən isə - istedadsızdır.

Ya da onun öz siması yoxdur. Ya da o, yaradıcı sahə olan təhtəlşüuru sıfırla qidalandırıb,  elə sıfır da ortaya qoyur".

Beləliklə, yaradıcılığı öyrənmək mümkün deyil, ona ancaq hazırlaşmaq olar. Elə Vaxtanqov da yorulmadan öz tələbələrini yaradıcılığa "hazırlayır": o, onlara yaradıcı şüura şərait yaratmağı, bir sözlə, özünü şüursuz şəkildə şüuri yaradıcılığa, yaradıcılığın xəzinəsi olan şüuraltına necə material toplayıb ötürməyi öyrədir.

 

"Yaşama" məktəbinin paradoksal fikirləri

Burada, tələbələr qarşısında ilk baxışdan "yaşama" məktəbi üçün paradoksal, - lakin, Stanislavski təlimi üçün çox vacib - bir fikir ortaya çıxır: hissi oynamaq olmaz, hiss haqqında aktyor düşünməməlidir, hiss öz-özünə gələcək.

Adətən, mühakimə etməyə cəhd etdikləri predmet haqqında az məlumatları olan Stanislavski təliminin tənqidçiləri, Stanislavskinin metodunda birinci yerdə duran bu fikrin yanından görmədən keçirlər.

 

 

 

Onlar indiyə qədər də hansısa "özünə təlqindən", "hipnozdan", səhnədə Stanislavskinin öz tələbələrini lazımi hissləri "yaşamağa" məcbur edən hansısa narkotik təsirlərdən istifadə etdiyini deyirlər.

Bu arada isə, Stanislavski tam əksini deyir: "yaşamağa" çalışma, hissi sifariş etmə, onu tamam unut...

Həyatda bizim hisslərimiz bizə iradəmizdən asılı olmayaraq, öz-özünə gəlir. Bizim istəklərimizdən bu və ya digər əməl doğulur, həmin əməl isə bizim istəklərimizi təmin etməyə yönəlir. Əgər bu istəklər təmin olunsa, qeyri-iradi olaraq müsbət (sevinc) hiss yaranır. Və əgər bu istəklərə gedən yolda hər hansı maneəyə rast gəlinsə, o zaman mənfi hiss (kədər) yaranır.

Bundan da savayı, məzmunu ya gələcəkdə gözlənilən sevinc, ya da uğursuzluq qorxusu olan iradənin təminatına yönələn əməl, onun yanında qeyri-iradi olaraq yaranan fasiləsiz hisslərlə müşaiyət olunur.

Beləliklə, hər bir hiss - ya təmin olunmuş, ya da təmin olunmamış iradədir.

Birinci istək yaranır, bir sözlə iradə işə düşməyə başlayır, sonra bu istək ağılla dərk olunur, sonra insan öz iradəsini təmin etmək üçün şüurlu əmələ keçir, son olaraq, - və üstəlik qeyri-iradi olaraq (şüursuz şəkildə), hərdən isə iradənin əksinə olaraq (mən ağlamaq istəmirəm, amma buna baxmayaraq - ağlayıram), hiss gəlir. Beləliklə də, hisslər iradəli və şüurlu (hərdən isə, şüursuz) əməlin məhsulu kimi, onun təminatına yönəldilirlər.

Ona görə də aktyor, Stanislavskinin öyrətdiyi kimi, birinci növbədə onu fikirləşməlidir ki, onun (pyesdəki obrazlardan biri olaraq) hal-hazırda öz rolundan istəyi nədir və bunun üçün o nə edəcək, hiss ediri düşünməyə ehtiyac yoxdur: hiss, eynən onu aşkara çıxaran "vasitə" kimi şüursuz, qeyri-iradi, bu və ya digər istəyin həyata keçirildiyi əməlin icrası prosesində doğulacaq.

Aktyor, beləcə, səhnəyə hiss etmək üçün deyil, əməl (iş görmək) etmək üçün çıxmalıdır, - yalnız bu zaman o canlı olacaq və... hiss edəcək. "Hissi gözləməyin - o saat əmələ keçin, - deyir Stanislavski: - Aktyor səhnədə boş qalmamalıdır, əməllə məşğul olmalıdır".

Hər bir əməl hissdən onda iradi elementin olması ilə fərqlənir, "inandırmaq", "sakitləşdirmək", "istəmək", "qınamaq", "ələ salmaq", "bağışlamaq", "gözləmək", "qovmaq" və sair bunlar iradi əməli ifadə edən fellərdir (mən "incitmək" istəyirəm və incidirəm, mən "sakitləşdirmək" istəyirəm və sakitləşdirirəm və s.). Bu fellər, aktyorun rol üzərində işi zamanı qarşısına qoyduğu tapşırıqları ifadə edə bilər etməlidir. Bu arada isə "qıcıqlanmaq", "yazığı gəlmək", "ağlamaq", "qəzəblənmək", "gülmək", "kədərlənmək", "nifrət etmək", "dözümsüz olmaq" və s. - hissləri ifadə edir (mən "qıcıqlanmaq" istəmirəm, amma qıcılanıram, mən "yazığım gəlməyini istəmirəm", amma yazığım gəlir və s.) və buna görə də rolu analiz edən zaman bu fellər tapşırıq kimi ola bilməzlərolmamalıdırlar: bu fellərdəki hisslər, qeyri-iradi və şüursuz şəkildə yuxarı sırada qeyd olunan fellərin əməlinin icrası nəticəsində yaranmalıdır. Əməlin motivi istəklərdir. Deməli, aktyorun birinci öyrənəcəyi şey, - sifarişlə, ona verilən obraz kimi istəməkdir.

Kustar aktyor isə onun öz təbiətinin ondan tələb etdiyinin və Stanislavski məktəbinin öyrətdiyinin tam əksini edir: o, necə deyərlər, "özünü artıq əziyyətə vermədən" hisslərdən yapışır və oturduğu yerdəcə onun ifadə formasını ("vasitə") doğmağa çalışır. Stanislavski deyir - "Kustar aktyor həmişə sondan başlayır. Həyatda insan ağlayarkən göz yaşını saxlamaq istəyir, - kustar-aktyor isə tam əksini edir: müəllifin "ağlayır" remarkasını görən kimi o, bütün var gücü ilə ağlamaq üçün çalışır, gücənir və beləliklə onda heç bir şey alınmadığı üçün (və təbii ki, alına da bilməz), o məcbur qalır ki, suda batan adamın saman çöpündən yapışdığı kimi, teatral ağlama ştanpından yapışsın. Eynən gülüşdə də belədir: kimə əldəqayırma, xoşagəlməz, süni, falş aktyor gülüşü tanış deyil? Eyni şeylər, eləcə də, digər hisslərin ifadəsində baş verir.

Beləliklə, Stanislavski özündən heç nə "uydurmayıb". O, təbiətin özünün bizə göstərdiyi yolla hərəkət etməyi öyrədir.

Təbiət tərəfindən göstərilən (Stanislavski tərəfindən yalnız kəşf edilən) qanunlar, təsvir edilən dövrdə Studiyada dərslərin əsasını təşkil edirdi.

Və heç kim K.S.Stanislavskinin təlimini Yevgeni Boqrationoviç Vaxtanqov kimi bu qədər aydın, sadə və inandırıcı tədris edə bilmirdi.

 

Etik tərbiyə

(L.A. Sulerjitskinin məktəbi)

Tədris işlərindən savayı, o dövrdə, Studiyada, böyük təlim-tərbiyə işləri də aparılırdı.

Studiyanın bütün kollektivi, həmin dövrdə, Bədaye teatrının Studiyasında qurulmuş Dikkensin "İşıldaquşunun" güclü təəssüratı altında idi. "İşıldaquş" tamaşası üzərində iş və Bədaye teatrının Studiyasının rəhbəri, sözü gedən bu möhtəşəm tamaşanın döyünən ürəyi, sevimlisi olan Leopold Antonoviç Sulerjiçki haqqında Yevgeni Boqrationoviç Vaxtanqov öz tələbələrinə çox danışırdı. O, həmişə Dikkensdən belə sitat gətirirdi, - "İşıldaquş xoşbəxtlik vəd edir" - və daha sonra əlavə edirdi: "Onu Studiyaya gətirin".

Və Vaxtanqovun tələbələri "İşıldaquşu Studiyaya gətirməyi" nəinki səhnədə, hətta kollektivin gündəlik məişət həyatında da çalışırdılar. Onlar inanırdılar ki, pis insanlar yoxdur - yalnız bədbəxt insanlar var. Onlar inanırdılar ki, insanın yaxşı olması üçün - gərək bir-birinə qarşı sığal və qayğı olsun, incikliklər bağışlansın və yaddan çıxsın, - "İşıldaquş" onların qulaqlarına belə pıçıldayırdı.

Və onlar bu hikməti həyata keçirir, Studiyada "İşıldaquşun" rahat yaşaya biləcəyi isti dostluq, yoldaşlıq atmosferi yaradırdı, - onun şən və sadə məğməsinə qulaq asanlar üçün isə həyat daha gözəl olurdu...

Bütün dünyadan gizlin, sirli ("Vicdanıma and olsun") şəkildə bura gələn Studiya sakinləri üçün Studiyada həyat gözəl idi; onlar buraya həyatdan dincəlmək, sənət ocağında isinmək və bu ocağı özünə sığınacaq seçmiş "İşıldaquşa" qulaq asmağa gəlirdilər...

Ən qiymətli şey isə o idi ki, - buradakılar insana qarşı diqqətli idilər, əgər kimsə fikirli idisə, - onu əyləndirməyə çalışırdılar, kimsə qəmgin idisə, - onu sevgi ilə əhatə edirdilər, kimsə tənhalıqdan əziyyət çəkirdisə, - həmin adamı mehriban ünsiyyətlə əhatə edirdilər...

Hətta insanlara "yaxınlaşmaq" üçün xüsusi mütəxəssislər yaranmışdı və əgər görürdülər ki, kiminsə halı yaxşı deyil, bu mütəxəssislərdən birini "nəvaziş göstərmək" tapşırığı ilə onun yanına yollayırdılar, o isə öz növbəsində zəhlətökənlik etmədən, nəzakətlə, heç nə olmamış kimi öz vəzifəsini icra edir və xəstə sağalırdı.

 

 

Əgər kimsə kobud idisə, öz yoldaşlarına və Studiyaya qarşı pis davranırdısa - o zaman ona yumşaq, eyni zamanda ciddi şəkildə öz yerini göstərirdilər. Əgər kimsə, bütün görülən tədbirlərə baxmayaraq düzəlmirdisə, ona (Studiyadan) uzaqlaşmağı təklif edirdilər...

Bu yolla məktəbin öz qarşısına qoyduğu əsas tapşırıq kimi qoyduğu, yaradıcı individuallığın formalaşması üçün münbit şərait yaranırdı.

Beləliklə, "studiyaçılıq", "studiyaçı" və "qeyri-studiyaçı" hərəkət, "studiyaçı" və "qeyri-studiyaçı" davranış və nəhayət "studiyaçı" və "qeyri-studiyaçı" insan anlayışları formalaşırdı. Yoldaşlarla görülən birgə iş və sevincli yaradıcılıq atmosferi yaradan hər şey - "Studiyaçılıqdır". Bu atmosferi dağıdan hər bir şey isə - "Qeyri-studiyaçılıqdır".

Həqiqi üzvlər çox çətinliklə seziləcək bir çox əlamətlər əsasında "şagirdlərdən" hansının artıq "bizimki", hansının isə hələ də "bizimki olmadığını" müəyyən edirdilər.

Kollektivin tərbiyəsində Vaxtanqovun təsiri çox böyük idi.

Yevgeni Boqrationoviç isə öz növbəsində, o vaxtı, L.N.Tolstoyun davamçısı olan L.A.Sulerjiçkinin çox güclü təsiri altında idi. Vaxtanqov öz müəllimindən aldıqlarını, öz tələbələrinə ötürürdü.

O deyirdi: "Əgər biz incəsənətlə məşğul olmaq istəyiriksə, o zaman özümüz daha yaxşı olmalıyıq. Təbliğ etmək, öndə getmək - bunları mən bacarmıram, amma sizinlə birgə gedə bilərəm.

Aktyorun, - insan kimi, - daha yaxşı olması fikrini mən L.A.Sulerjiçkidən miras almışam.

Biz, tamaşaya qoyduğumuz pyesdən xeyrə xidmət etməyini tələb edirik. Pyesdən xeyrə xidmət etmək tələbi aktyorlara keçir. Biz isə, xeyir ideyasının bizdən tələb etdiyi kimi yaşamırıq.

Hər bir aktyor, müəyyən etik tələblərə cavab verməlidir.

Onun, özünü tabe etməli olduğu normalar, heç olmasa beyində doğularaq yarana bilər. Onlar tədricən formalaşacaq. Onları uydurmaq lazım deyil”.

Başqa yerdə Vaxtanqov deyir: "Teatrın pak, təmiz olması üçün, onun məbəd olması üçün, - biz, bəlkə də, necəsə təriqətə bənzəməliyik. Nə vaxta qədər ki, teatr tamaşa yeri kimi fəaliyyət göstərir, o, insana, həyatın böyük suallarına cavab tapmağa kömək üçün xidmət etməlidir.

Vaxtanqov öyrədirdi ki, hər bir əsil studiyaçı üçün "həyatında əsas yeri Studiya, Studiyada isə - onun ideyaları tutmalıdır". O deyirdi: "Studiyanın hər bir üzvü yadda saxlamalıdır ki, yaxşı qurulmuş tamaşa, yaxşı aktyor yetişməsi, tamaşaçı qarşısında uğur, yüksək əmək haqqı (bunun üçün hələ yetişməlisiniz) və s. - Studiyanın qarşısına qoyduğu böyük tapşırıqlara gəlib çatmağı üçün yalnız və yalnız vasitədir - başqa heç nə, yalnız vasitə. Tamaşalar, aktyorlar, əmək haqqı sizin məqsədiniz olan andan, - əsil Studiya qalmayacaq və banal kustar teatr başlayacaq. Studiyanın əsası - onun ideya tərəfidir".

 

"Nə üçün"

Beləliklə, biz görürük ki, Vaxtanqova "təmiz estetika" və "sənət sənət naminə" ideyaları nə qədər yad idi. Özünün bütün fəaliyyəti və hər bir dediyi sözü ilə Vaxtanqov tələbələrini inandırırdı ki, əsil sənət həmişə, sənətin öz sferasından kənarda duran məqsədlərə qulluq edir.

Ona görə də, bu və ya digər pyes üzərində işə başlayanda Vaxtanqov həmişə soruşardı: biz bunu "nə üçün" qururuq. Teatr haqqında danışanda da, Vaxtanqov eyni sualı ortaya qoyurdu: teatr "nəyə görə" var? - və cavab verirdi: tamaşaçıların səhnədən aldıqları xoş hisslərin bayramına xatir. L.A.Sulerjiçki ilə birlikdə Vaxtanqov inanırdı ki,  "incəsənətin məqsədi - insanları bir-birinə qarşı diqqətli olmağa məcbur etmək, ürəkləri yumşaltmaq, əxlaqı yaxşılaşdırmaqdır". O inanırdı ki, "nə üçün" sualına cavab tapmadan həqiqətən dəyərli heç nə yaratmaq mümkün deyil.

Əsas sualdan: "incəsənət nəyə görə mövcuddur?" - sualından başlayaraq, Vaxtanqov, hər tələbənin cavab verməli olduğu suallar pilləsi yaratmışdı:

İncəsənət nə üçün mövcuddur?

Teatr nə üçün mövcuddur?

Bizim Studiya nə üçün mövcuddur?

Studiya nə üçün bu pyesi qurur?

Bu pyesdə mən öz rolumu nə üçün oynayıram?

Mən, rolumun bu parçasını nə üçün oynayıram?

Vaxtanqov deyirdi ki, verilən rolun hər bir parçasını aktyor yalnız bu suallar pilləkənini yuxarıdan aşağı doğru cavablandırdığı zaman düzgün oynayacaq.

 

Studiyanın "sülh bayramları"

Vaxtanqov "sülh bayramını" təkcə səhnədə yaratmamışdı: o həyatda da, real insanlar içərisində də oxşar "bayramları" yaratmağın ustası idi.

Nə vaxt ki, dostluq və birlik rəmzi olan Studiyanın həyatına düşmənçilik soxulurdu, nə vaxt ki, mübahisə və fikir ayrılığı yaranırdı, - köməyə Yevgeni Boqrationoviç çağrılırdı. O, aralarında yaranan mübahisəni çözə bilməyən tələbələri tərəfindən edilən telefon zəngindən narahat halda, - hərdən gecənin bir yarısında - gəlirdi və bütün gecə mübahisənin səbəbini, mənbəyini araşdırır, gərginliyi yatızdırır və "düşmənlər" bir-birlərinin əllərini sıxıb, barışana qədər onlarla əlləşirdi.

Vaxtanqov hesab edirdi ki, mübahisə edənlərin hər ikisi eyni dərəcədə günahkardır və bunu başqalarına da inandıra bilirdi.

Sulerjiçki bir gün "sülh bayramının" personajları barəsində belə demişdi: "onlar ona görə mübahisə etmirlər ki, pis insanlardır, əksinə, ona görə barışırlar ki, onlar mahiyyət etibarilə gözəldirlır".

Vaxtanqov isə, bu sözləri ümumi olaraq bütün insanlara şamil edirdi: onun insanlara qarşı dərin və dönməz inamı var idi və insanların hər birinin əməlini o yaxşı tərəfə yozurdu.

Studiyadakı hər bir "sülh" gecəsindən sonra, studiyaçılar, təsirlənmiş, həyəcanlı halda, konfliktdən də öncə olmayan daha böyük dostluq və yoldaşlıq məhəbbəti ilə ayrılırdılar.

Vaxtanqov belə balaca "sül bayramlarını" əsil, diri insanlar arasında yaratmağı çox sevirdi, - bəlkə də bu ona görə idi ki, bu mövzunu o səhnədə də açmağı çox sevirdi? Təsadüfi deyil ki, onun ikinci rejissor işi, mahiyyət etibarilə "süll bayramı" olan "Daşqın" tamaşası olub.

Lakin, Vaxtanqovun səhnədə yaratdığı "sülh bayramlarının" sonu, müəllifin iradəsi ilə, onun, real həyatda rəhbərlik etdiyi "gənclər arasında yaratdığı həmin o sülh bayramları" qədər uğurlu olmurdu. Reallığı görən və bu reallığı olduğu kimi qələmə alan yazıçılar göstərirdilər ki, həyatın obyektiv şərtləri, yer üzündə mümkün olacaq sülh və sevgini öldürür. Haupmanın dramındakı burjua evliliyi yaş, düşüncə və istəklər etibarilə fərqli olan iki insanı birləşdirir və çıxışı olmayan ailə cəhənnəmi yaradır: Frau Buhner tərəfindən düşünülmüş "sülh bayramı" alt-üst olur, heç nə ilə qurtarır.

"Daşqındakı" fərqli maddi maraqlar və onların əsasında meydana çıxan sosial təbəqələşmə, insanlara, onların bir-birləri ilə "qardaş" olduqlarını başa düşməklərinə mane olur: yalnız ölümün yaxınlaşması bir gecəlik onlarda bütün "təbəqələri və bərabərsizliyi" unutdurdu, amma "Daşqın" bitən kimi, hər şey əvvəlki halına qayıtdı: - kapitalist cəmiyyətin amansız qanunları olan yerdə, bütün mehriban hisslər və xristianlığın coşqun sevgisi köməksizdir.

Amma, Studiyada, bu incəsənət və sevgi fanatları (həmin sevgi naminə olan incəsənət) məbədində, - burada, Vaxtanqovun sevinc və sevgi ilə qeyd etdiyi kiçik "sülh bayramlarının" uğursuzluğu üçün o dövürdə hansı "obyektiv şərait" ola bilərdi ki?

Və əgər, kimsə də pis düşüncələrə qapılıb, öz yoldaşının xətrinə deyirdisə, o isə, öz növbəsində səbirsizlik edib, ona eynisi ilə cavab verirdisə, onları barışdırmaq çox asan idi, çünki, onların arasına mahiyyət etibarilə düşmənçilik toxumları səpəcək heç bir şey yox idi.

Çətin günlər və ciddi sınaqlar uzaq gələcəkdə idi. Gün gələcək və Vaxtanqovun nəinki ehtiraslı nitqləri, hətta acı göz yaşları da düşmənçilik və ixtilaflar qaşısında gücsüz olacaq... Burada ideya və "ideoloji" ayrılıqlardan söhbət belə gedə bilməzdi: hər şey aydın və sadə idi.

 

Studiyanın gecə yığıncaqları

Hələ ki gənc Studiyanın parlaq həyatı demək olar ki, kədərli heç bir şeylə pozulmurdu.

Hərdən, ciddi tədris işindən dincəlmək üçün, Studiya, hərənin nəyə qadir olduğu bacarıq və istedadını göstərəcək kiçik bayramlar və yığıncaqlar təşkil edirdi.

Bu yığıncaqlarda əvəzsiz və sözsüz, təkcə ciddi işləməyi yox, həm də əylənməyi bacaran Yevgeni Boqrationoviçin özü də iştirak edirdi: o, şəxsən özü öz tələbələri ilə birgə müxtəlif gülməli səhnəciklər improvizə edir, studiyanın gündəlik həyatına uyğun şən kupletlər uydurur, təkrarolunmaz şəkildə müxtəlif Fransa şansonlarına və şərq mahnılarına parodiyalar ifa edirdi...

Vaxtanqov yumoru tək səhnədə yox, həyatda da çox sevirdi. O, bunu, öz yaxınlarına qarşı olan bütün pis düşüncələrə qarşı ən yaxşı dərman hesab edirdi. Səbəbsiz yerə deyil ki, o, həmişə öz tələbələrinə deyərdi: "Bir-birinizin çatışmazlıqlarına qarşı yumorla yanaşın". O elə düşünürdü ki, yumor və pis düşüncələr biri digərinə uyğun olmayan fərqli şeylərdir.

Studiya yığıncaqları hərdən gecəyarısına qədər çəkərdi. Artıq səhərə yaxın, yetərincə əylənmiş, yorulmuş və süst düşmüş studiyaçılar öz müəllimlərini əhatələrinə alardılar. Öz əlləri ilə düzəltdikləri kiçik divanlarda sıx və mehribançılıqla Vaxtanqovun ətrafında oturub böyük maraqla onun söhbətlərinə qulaq asardılar. O onlara Bədaye teatrı, K.S.Stanislavski, L.A.Sulerjiçki, M.A.Çexov haqqında danışardı... Nəinki danışar, həm də onları göstərərdi... Söhbətlər "ümumi olaraq": incəsənət haqqında,  teatr haqqında,  Studiya və bu kimi mövzular haqqında olardı - ta o vaxta qədər ki, kimsə, pəncərənin pərdəsini aralayıb, çöldə artıq havanın aydınlaşdığını görər və daha gərək olmayan işığı söndürüb, hərə öz evinə getməli olduğunu bilərdi.

1914-cü ilin 27 noyabrında Studiya öz bir illik mövcudluğunu bayram etdi. Vaxtanqov həmin gün Studiyaya K.S.Stanislavskinin portretini hədiyyə etdi və portret təntənəli şəkildə divardan asıldı.

 

"Studiyaçı nəzakəti" tələbləri

Ancaq, Vaxtanqovun tələbələri öz müəllimlərini təkcə mehriban sülhməramlı, şən zarafatcıl və studiya bayramlarının təşkilatçısı kimi tanımırdılar. Onlar, həm də, tələbkar və sərt, hərdən isə, qəzəbli və amansız Vaxtanqovu da tanıyırdılar.

Vaxtanqovun ən ümdə tələbkarlığı studiya nizam-intizamına, qaydalara və öz işinə vicdanlı yanaşmada idi. O, həmin dövrdə olan dram məktəblərindəki tələbələri fərqləndirən iddialı və vulqar tona dözə bilmirdi.

Nəzakət və təvazökarlıqlığı o öz Studiyası üçün əsas bilirdi. O, həmin dövrün teatr tədrisi müəssisələrindəki boyalı, dodaqlarında papiros olan bər-bəzəkli, telli qızları öz yanında görmək istəmirdi.

"Sənətkar hər şeydə sənətkar olmalıdır, - deyirdi Vaxtanqov - yüksək aristokratik zövq hər bir sənətçinin ən ümdə keyfiyyətidir". Həmin zövqü Vaxtanqov öz tələbələrində tərbiyə edirdi və bu, özünü hər şeydə göstərirdi, davranış tərzindən tutmuş, geyimə qədər.

Vaxtanqovun tələblərinin xarakteri, o vaxt rəhbərlik etmək üçün çağrıldığı "A.O.Qunstun Dram məktəbindəki" tələbələrə yazdığı məktubdan aydın görünür. Onu sizə bütöv təqdim edirik:

"Əgər sizə gözəllik hissi yad deyilsə - yazır Vaxtanqov, - əgər Sizin özünüzü hazırladığınız sənət sizdə nəciblik hissləri oyadırsa, əgər Siz istəyirsinizsə Sizin evinizə gələn hər kəs, Sizdən saflıq, tərbiyə, zəriflik və gözəlliyə olan həssaslıq, - bir yaradıcı qrupun ən ali xüsusiyyətləri - hisslərini aparsınlar, o zaman Siz təcili olaraq yığışmalı və Studiyada papiros çəkən tələbə xanımlar haqda bir tədbir görməlisiniz.

Məndə zəmanət olmalıdır ki, nə mən, nə Anatoli Ottoviç, nə də Studiyaya sizin yanınıza çağıracaqlarım bu ləkəni bir daha heç vaxt görməyəcəklər. Yığışın, həll edin, Öz qərarınızı fərman şəkilində çıxarın və elanlar lövhəsindən asın, bu Sizin bir-birinizin qarşısında birinci dəyişilməz tələbiniz olmalıdır, qoy onda, əxlaq hissi ona yad olan biri, kollektivin bu iradəsinə etiraz etsin.

Mənim, Sizinlə birgə sevdiyimiz şey, - çox kövrəkdir!  Onu diqqətlə qorumaq üçün, mərdlik göstərmək lazımdır.

Əgər mən, Sizin göstərəcəyiniz, mənbəyi gözəlliyə sevgi olan mərdlik iddiasında yanılmıramsa, o zaman mən də, Anatoli Ottoviç də bunun sübutunu tezliklə görəcəyik.

18 dek. 1918 il.

Ye. Vaxtanqov."

Vaxtanqovun hər bir tələbəsi, Vaxtanqovun öz tərəfindən tərtib olunan "studiyaçı nəzakəti" tələbləri adlanan qaydaları öyrənməli idilər. Bura daxil idi: yoldaşlara münasibətdə nəzakət (öz yoldaşlarına necə, kənar şəxslərə qarşı da elə), şəxsi həyata münasibətdə təvazökarlıq (öz həyatına necə, yoldaşlarının həyatına da elə), iş vaxtı özünü aparmağı bacarmaq (məşqlərdə və dərslərdə), işlə məşğul olan yoldaşlarına, mane yox, kömək etmək (öz diqqətin və mehriban yanaşmanla), yad insanlar arasında maksimal təvazökarlıqlıq (həm özünə, həm də ümumilikdə Studiyaya qarşı), yoldaşlarının yaradıcı işlərinin tənqidində  ehtiyatı, nəzakəti qorumaq  və s. və i.

Vaxtanqov, hər bir tələbədən, Studiyanın əmlakına qarşı diqqətli olmağı tələb edirdi. Studiyanın daxili təmizlik və səliqə-səhmanını da o mütləq öhtəçiliklərdən hesab edirdi.

O, hər bir studiyaçıdan, təyinatı yalnız və yalnız iş və yaradıcılıq üçün nəzərdə tutulan səhnəyə xüsusi diqqət tələb edirdi. Ehtiyac olmadığı təqdirdə səhnədə olmaq qəti qadağan idi.

Bir dəfə Vaxtanqovun, səhnədə ikən onunla əlləri ciblərində danışan tələbəyə qarşı təsvirə gəlməz qəzəbi tutmuşdu.

Yevgeni Boqrationoviçin əsas tələbkarlığı, Studiyanın inzibati işlərini idarə etmək üçün təyin olunmuş studiyaçılara qarşı idi. Bu mənada L.A.Sulerjiçkinin təlimini əsas tutaraq, Vaxtanqov Studiyanın idarəçiliyi üçün təyin edilmiş studiyaçıdan tələb edirdi yadda saxlasın ki, ona verilən səlahiyyətlər "hakimiyyət yox, xidmətdir". O, Sulerjiçkinin dili ilə belə deyirdi: "Adətən, başqa insanları idarə etməyə təyin olunanlar, özləri də bunu hiss etmədən xidmətçidən idarəçiyə çevrilirlər". Kim ki, başqalarını öz hakimiyyəti altında saxlamaqdan özünün zövq almağı üçün istifadə edir, ən yaxşısı lap başdan həmin adamı bu qədər təhlükəli (etika baxımından) mövqeyə təyin etməyəsən.

Nə vaxt Vaxtanqov görürdü ki, nizam-intizam düşür, "studiyaçı nəzakəti" qaydalarına etinasız və gözardı yanaşılır, dərslərdə maraq və diqqət zəifləyir, daxildə, otaqlarda kir və səliqəsizlik baş alıb gedir, studiyanın idarəçiliyi ilə məşğul olanlarda digərlərinə qarşı təkəbbürlü diqqətsizlik yaranır, - o saat onun alnında, qaşları arasında sərt və dərin qırış peyda olurdu və tələbələrin başına gurultulu və qəzəbli nitqlər axını yağırdı.

Mədəni yetkin insanlar, sanki məktəblilər kimi ona qulaq asırdılar: qorxularından nə tərpənir, nə də nəfəs alırdılar. Qəzəbli nitqarası pauzalarda elə bir sükut yaranırdı ki, sanki otun necə boy atdığı belə, eşidilirdi...

Amma Yevgeni Boqrationoviç tez soyuyardı: qəzəbi tezliklə keçər və əvəzində yalnız kədər qalardı. "Bəlkə, burda məşğul olduqlarımızın heç biri sizə gərək deyil, - o, qəmli halda deyərdi, - elə isə, bunu mənə söyləyin, Allah xatirinə: məni yanılmağa qoymayın. Əgər bu belədirsə, o zaman ataq hər şeyin daşını, dərslərimizi dayandıraq və sülhlə, mehribanlıqla ayrılaq. Yadınızda saxlayın, mən burada özümə görə qalmamışam, sizin mənə, guya, bunun sizə lazım olduğunu inandırdığınıza görə burdayam". Öz nitqini belə bitirirdi: "yığışın, hər şeyi yaxşıca müzakirə edin və öz qərarınızı mənə söyləyin. Bütün dərsləri, bütün məşqləri ləğv edin, ta ki, qərara gələnə qədər. Əgər qərara gəlsəniz ki, dərslərimiz davam etməlidir, o zaman bizə işləməyə mane olan bütün pislikləri aradan götürmək üçün konkret tədbirlər görün. Sizdən cavab almayana qədər, mən sizin yanınıza gəlməyəcəm"...

Çox hallarda, Vaxtanqov qəzəbinin şimşək kimi çaxan vaxtı, onun tərəfindən hədiyyə edilmiş Stanislavskinin portretini divardan sökəcəyi ilə hədələyirdi və bir gün o, öz hədəsini həyata keçirtdi. Qüssə ilə tələbələr divardakı boş yerə baxır və səbirsizliklə gözləyirdilər ki, nə vaxt yenə divarın həmin yerində portret peyda olacaq...

 

"Varlı və xoşbəxtlər"

Vaxtanqov Srudiyaya yüngül münasibəti, onların hansı böyük vara sahib olduqlarını hiss etmədiklərini gördükdə, daha çox kədərləndirdi.

Elə həmin bu kədərin, studiya dərslərində iştirakların azalmasının təsiri altında o "mənim tələbələrimə" adlı məktubu yazmışdı. Bu məktubu bütöv təqdim edirik:

"Mənim əzizlərim!"

Əgər bilsəydiniz ki, siz necə varlısınız. Əgər siz bilsəydiniz ki, həyatda hansı xoşbəxtliyə sahibsiz. Əgər bilsəydiniz ki, siz (yaşadığınız ömrə qarşı) necə israfçısız. Həmişə, itirdikdən sonra qiymətini bilirsən.

Əgər siz bircə bilsəydiniz ki, sizə də nəinsə qiymətini verməyə gecikəcəksiniz, - təkcə bu hissdən qəhər və kədər boğazda necə düyünlənir.

İnsanların nail olmağa illər sərf etdikləri, ömürlərini verdikləri - hər şey sizdə var: sizin özünüzün sığınmağa öz küncünüz var.

Siz gəncsiniz və buna görə də günləri saymırsız.

Sizin sığındığınız o künc keçmişdə qaldıqda, onun xatirələrinin hərarəti sizə bəs edəcək.

Günləri saymayın. Onları buraxın.

Fikirləşin ki, birgə olmadığınız saatı nə ilə doldurursunuz. Hərçənd, həmin saatda birgə olub, o saatı sevinc içində keçirə, hamınızda eyni olan və çatmaq istədiyiniz bir məqsədin ətrafında toplaşa bilərsiniz.

Həyata keçmiş məqsəd.

Fikirləşin, məgər onlar çoxmu olur?

Sizin kimi varlı və xoşbəxtlər çoxdurmu?

Varlısınız ona görə ki, hamınız bir arzu ətrafında birşləşmisiz.

Xoşbəxtsiniz isə ona görə ki, sizin hamınızın eyni bir amal üçün ətrafında birləşdiyiniz həmin o arzu, artıq gerçəkləşib.

Belələri çox azdır və siz bunu bilirsiniz. Siz bunu tez-tez və çox görürsünüz.

Siz gəncsiniz və buna görə də, günləri saymırsınız.

Siz, həyatın gec geriyə baxana, gec peşiman olana qarşı necə amansız olduğunu bilmirsiz.

Siz, öz ömrünün qədrini bilmədən, onun günlərini saymadan yaşayanlara qarşı, həyatın bədxah təbəssümünü görmürsüz.

Sizin hər birinizdə nə qədər gözəlliklər yatır, öz həyatımıza qarşı bu qədər israfçı və laqeyid olmasaydıq, yer üzündəki günlərimizi biz necə də coşqun və qaynar yaşaya bilərdik.

Bəlkə, bizim hər birimiz həyatda özünə əsas, əziz və arzu olunanı yaratmalı və bu əsas, əziz və arzu olunana xatir qalan digər işləri görməli idi: dərs vermək, məktəb oxumaq, həyatın verdiyi bütün çətinliklərə sinə gəlmək.

Bəlkə, elə yer üzündə yaşamağımın da mənası, özümün əsas, əziz və arzu olunanıma xatir, dünyanın verdiyi yükü daşıya bilməyimdir.

Bəlkə, yalnız o zaman bizim, elə həyatın özünün məcbur etdiyi günahkarlığımıza bəraət qazandıra bilərik.

Mən günah edirəm, mən pis davranıram, mən çox pisliklər edirəm, mən özümü murdar və çirkin xırda işlərlə xırdalayıram, - lakin bunlar əsas, əziz və arzu edilənlər deyil.

Lakin bu xırda işlərə və xırda həzzlər verən o kiçik dəqiqələrə, öz əsas məqsədlərimlə olacağım anların birini də qurban vermərəm.

Gərəkdir ki, bizim hər birimiz belə deməli və belə davranmalıyıq.

Bu arada isə, biz öz əsas tutduğumuzu ikinci dərəcəli edirik, öz əsas tutuğumuzu "xırda işlərə" çeviririk, və əsas tutduğumuzla olacağımız dəqiqələri, biz asanlıqla və israfçılcasına anlıq həzzlərə qurban verir və bununla da nə etdiyimizin hesabatını özümüzə vermədən, biz onları əsasa dəyişirik.

Biz diqqətsiz və ehtiyatsızıq.

Biz düşünürük ki, bunlar keçib getməyəcək.

Biz düşünürük ki, hələ vaxtımız çoxdur və hələ çatdıra bilərik.

Və bu ona görədir ki, biz cavanıq və günləri saymağı bacarmırıq.

Günlər isə gedirlər.

Gözə görünmədən, asanlıqla, bir-birinin ardınca sürüşüb gedirlər.

Bizə elə gəlir ki, bu gün biz dünənki kimiyik.

Əgər iyirmi il ərzində hər gün güzgüdə özümüzə baxsaq, görməyəcəyik ki, bizim öz üzümüzdə gedən ömrün ayaq izləri var, bizə elə gələcək ki, o elə ömür boyu belə də olub.

Həyat hiyləgərcəsinə bizi aldadır, hiyləgərcəsinə bizim gözlərimizi bağlayıb fikrimizi yayındırır, özü isə gündən-günə daha da surətlə qaçaraq, günlərimizi davam edən ömrümüzün qısa sapına düzür.

Biz, bu sapın tutumunun qısa müddətdə bitdiyini necə də görmürük, hiss etmirik ki, tezliklə düzməyə yer qalmayacaq. Geriyə baxırsan və adamı dəhşət bürüyür: ömrümün bütün bu günləri ərzində mən nə etmişəm? Əsas nəyə nail olmuşam? Günlərimin ən yaxşı saatlarını nəyə vermişəm?  Axı mən başqa cür yaşamaq istəyirdim, başqa... Kaş keçmişi qaytarmaq mümkün olaydı, qalan ömrümü necə də dəyərli yaraşayardım.

Sizin bu sözləri deməməyə imkanınız var. Gecikmiş və acı sözləri:

Siz varlısız.

Və elə israfçı, diqqətsiz və gənccəsinə-qayğısızsınız ki.

Ye. V."

 

Studiya orqanizmi

Vaxtanqov öz tələbələrini belə yetişdirirdi. Onun tərəfindən tərbiyə olunmuş kollektiv isə, öz növbəsində, bu tərbiyənin təsir gücünü, digər üzvlərə də sirayət etdirirdilər.

Nəticədə insanlar çox vaxt, sözün əsil mənasında göz qabağında yenidən doğulurdular, - həyasız gələnlər, - təvazökar olur, qıcıq yaradanlar yumşalır, həddən artıq yumşaq olanlar bərkləşirdilər; özünə qapalı olanlar ünsiyyətcil, həddən artıq ünsiyyətcil olanlar təmkinli, kobud olanlar nəzakətli, qəmgin üzlər isə, təbəssüm saçmağa başlayırdılar...

Beləliklə, bir-birləri ilə tək mexaniki olaraq, - yalnız praktiki (tədris və peşəkar) maraqlara görə deyil, həm də üzvi olaraq, - ümumi teatral-bədii, etik-tərbiyəvi və ümumi ideyaya can atan bir kollektiv yaranmışdı.

Beləliklə, Studiya, həyatda hər bir orqanizmin tabe olduğu qanunlarla yaşayır və inkişaf edirdi.

Hər bir yad cism orqanizmə düşdükdə, qaçılmaz olaraq ya orqanizmdə həzm olunur, ya da orqanizm tərəfindən qeyri-iradi olaraq rədd edilirdi. Eləcə də, hər bir yeni əməkdaş Studiyaya düşdükdə, ya Studiyanın orqanizminin qeyri-iradi təslim olduğu daxili qayda-qanunlarına tabe olmalı, ya da getməli idi. Studiyanın tərkibi onun var olduğu bütün ömrü boyunca dəyişirdi: biriləri gəlirdi, biriləri gedirdi. Nəticədə, son dövrdə "Laninlər malikanəsi" iştirakçılarından Studiyada demək olar heç kəs qalmamışdı.

Və, buna baxmayaraq, indiki "Y.Vaxtanqov adına Dövlət Akademik Studiyası", 1914-cü ildə "Laninlər malikanəsi" ilə başlayan həmin o Studiyadır. Hər bir inkişaf edən orqanizmidə bir hüceyrə ölür və onun yerinə başqası əmələ gəlir, beləliklə, orqanizm daimi olaraq yenilənir, eləcə də burda: biriləri gedirdilər ki, öz yerlərini başqalarına versinlər, - Studiyanın orqanizminin dərisi daim dəyişirdi, - lakin, Studiyanın orqanizminə həyat, hərəkət və təkamül verən, - qanına və canına hopmuş Vaxtanqov tərbiyəsi, - həmişə dəyişilməz olaraq qalırdı.

(Ardı var)

Rus dilindən tərcümə edən:

Abdulla Elşadlı
aktyor-rejissor

 

Load Time (S) : 0.005049