TEATRO

TEATRO

sənət portalı

post-title

B.Y.ZAXAVA. "VAXTANQOV VƏ ONUN STUDİYASI"

Görkəmli rejissor, aktyor, pedaqoq və nəzəriyyəçi, SSRİ Xalq artisti, sənətşünaslıq doktoru, professor, Vaxtanqov teatrının yaradıcılarından biri, yarım əsr Şukin məktəbinə rəhbərlik etmiş Boris Yevgenyeviç Zaxavanın "Vaxtanqov və onun Studiyası" kitabı 1926-cı ildə yazılmış, ilk dəfə 1927-ci ildə işıq üzü görmüş, 1935 və 2010-cu illərdə yenidən nəşr olunmuşdur. Oxuculara təqdim olunan bu dəyərli əsər kitabın 2010-cu il nəşri (Захава Е.Б. Вахтангов и его студия (третье издание) — М: ООО «РА Арсис-Дизайн», 2010, — 304 с., 61 илл.) əsasında Abdulla Elşadlı tərəfindən tərcümə edilmişdir.

Müəllifdən:

Professional ədəbiyyatçı olmadan, xeyli həyəcan və hətta bir az da qorxu içində bu işimə başladım. Eyni anda da mən düşünürdüm: axı axır-əvvəl Y.B.Vaxtanqovun tələbələrindən biri Yevgeni Boqrationoviçin necə dərs keçdiyi haqda yazmağı, danışmağı öz öhtəsinə götürməli idi; mənə elə gəldi ki, əgər şahidi olduqlarımı doğru və düzgün çatdıra bilsəm, o zaman çox böyük və dəyərli bir iş görmüş olacam.

Y.B.Vaxtanqovun şəxsiyyətinin, onun baxışlarının, axtarışlarının təsvirində mən bircə şeyə nail olmaq istədim: maksimal həqiqətə. Ona görə də qərara aldım ki, yazılanlardan bəzi nəsnələrin bu və ya digər oxucu üçün lazımi önəm kəsb etməyəcəyindən, bəzən çox sentimental məqamların olacağından qorxmayım. Düşündüm ki, əgər mərhum müəllimin özünün çoxsaylı tələbələri və dostları arasında qazandığı tükənməz məhəbbətin səbəblərini heç nəyi gizlətmədən, yadıma düşdüyü kimi, bütün doğruluğu və səmimiyyəti ilə qələmə ala bilsəm, sonunda oxucular da bu məhəbbətin nədən doğduğunu başa düşəcək. Əsas da, əgər oxucu bundan başqa, bu kitabın vasitəsilə teatrın yaranmasına gedən yolun nə qədər çətin, nə qədər əzablı olduğunu başa düşsə, o zaman müəllif ümumilikdə öz qarşısına qoyduğu məqsədə çatmış olacaq.

Y.B.Vaxtanqov K.S.Stanislavskinin tələbəsi və davamçısı olduğundan, təbii, mən məcbur idim ki, bu kitabda K.S.Stanislavski sisteminin bir neçə elementinə toxunam. Ancaq bunu xüsusi qeyd etməliyəm ki, birincisi, kitabda təbii olaraq əksini tapmış K.S.Stanislavskinin bir neçə fikri yalnız ona görə mənə lazım gəldi ki, Y.B.Vaxtanqovun yaradıcılığındakı ayrı-ayrı məqamları daha da dərin təhlil edim, ikincisi isə, K.S.Stanislavskinin fikirləri bu kitabda mənim tərəfimdən Y.B.Vaxtanqovun danışıqlarından qavradığım şəkildə öz əksini tapsın; eyni zamanda bu kiçik həcmli kitab, mənə yalnız Y.B.Vaxtanqovun yaradıcılığının bu və ya digər vaxtlarında ayrı-ayrı anlarını ifadə etməyə imkan verdi. Ona görə də bu kitab heç bir halda K.S.Stanislavskinin "sisteminin" özündə tam və dəqiq təsvirinə iddia edə bilməz.

Yoldaşlarım, Yevgeni Boqrationoviçin çox yaxın tələbələri - A.A.Oroçkoya, P.Q.Antokolskiyə, O.N.Basova, İ.M.Tolçanova, Y.Vaxtanqov adına Studiyanın xüsusi tapşırığı ilə bu kitabın redaktəsində iştirakı və öz göstərişləri ilə mənə bir sıra səhv və boşluqları buraxmamağa kömək etdiklərinə görə dərin minnətdarlığımı bildirirəm. Eyni minnətdarlığı mənə bu işdə, bu və ya digər formada öz köməkliklərini əsirgəməyən digər yoldaşlarıma da çatdırıram, əsas da K.İ.Kotlubaya, V.V.Kuzeyə və A.P.Ruslanova. Xüsusi minnətdarlığımı rəhmətlik müəllimin həyat yoldaşı Nadejda Mixaylovna Vaxtanqovaya mənə Yevgeniy Boqrationoviçdən qalmış materialları araşdırmaqda kömək etdiyinə görə bildirirəm.

B.Zaxava

I FƏSİL

Studiyanın yaranması

1913-cü ilin noyabrında beş nəfərdən ibarət tələbə qrupu Moskvada "Tələbə Dram Studiyası" yaratmağı qərara aldı.

Moskvanın bütün ali təhsil müəssisələrində tələbələrin və kurs müdavimlərinin yenicə yaradılmış studiyaya üzv olmağa çağıran elanlar asıldı. Elanda "Studiyada dərslərin Moskva Bədaye Teatrının artistləri tərəfindən aparılacağı" və Studiyaya qəbul olunacaq hər kəsdən "a) işə ciddi əqidəli münasibət, b) Studiyanın nizam-intizamına tam tabe olmaq" tələb olunduğu qeyd edilmişdi.

Studiyanın təsisçiləri tərəfindən öz aralarından üç nəfərdən ibarət "qəbul komissiyası" seçilmişdi. Bu komissiyanın öhdəliyinə Studiyaya qəbul olmağı arzulayan hər kəslə əsaslı tanışlıq düşürdü. Komissiya üzvləri Studiyaya qəbul olmaq üçün yazılmış hər tələbədən uzun sürən söhbətlər əsnasında niyə, nəyə görənəyin xatirinə öz asudə vaxtlarını teatr işinə səft etmək istədikləri barədə soruşur, daha sonra ümumi müzakirənin nəticəsində, ortaq məxrəcə gəlib öz qərarlarını verirdilər. Komissiyanın müsbət rəyini almış az saylı xoşbəxtlər, həmin an Studiyanın tam həqiqi üzvü sayılmır, hələlik "müsabiqə üzvləri" kimi, onlar yalnız Studiyanın gənc kollektivinin ümimi iclasında "məşvərətçi səs"lə etmək hüququ qazanırdı.    

Qeyd etmək lazımdır ki, təzə qəbul olanlarla hələ heç bir teatral qabiliyyəti olub olmadığını yoxlayacaq sınaq keçirilmirdi. Onlar yalnız öz "şəxsi keyfiyyətləri" baxımından imtahana çəkilirdilər. Yeni işin təşəbbüskarları, onların yaratdıqları bu təşkilatın o vaxt çox geniş yayılmış "həvəskar dərnəklərə" bənzəməsini istəmirdilər.

"Həvəskarçılığa", həvəskar yanaşmaya birmənalı müharibə elan edilmişdi: Studiyaya əylənməyə, "vaxt keçirməyə", öz "mənini xoşhal etməyə" gələnlər Tələbə Studiyasına qəbul olunmurdular, və ya əgər onlardan kimsə komissiyanın inamından və etibarından "sui-istifadə edirdisə", Studiyada çox qala bilmirdilər.

Beləliklə, Studiyada "artistlik bacarığı" ilə fərqlənməsə də, ciddi və yüksək incəsənət zövqünə malik, tərbiyəsi və mədəniyyəti yerində olan gənclərdən ibarət tələbə gənclər qrupu (birliyin orta yaş həddi 18-19 idi) yarandı.

"Həvəskar tamaşalar" və bu tamaşalarda "parlamaq" arzusu bu qrupun üzvlərinin maraq dairəsində deyildi. Həm də onlar özlərində teatr peşəkarlığını inkişaf etdirmək deyil, əksinə, hələlik bu əsil, çox ağır sənətin mahiyyəti və qanunları ilə tanış olmaq istəyirdilər.

Onların hamısı təbii ki, Bədaye Teatrının ən qaynar tamaşaçıları və buranı yüksək qiymətləndirənlər idilər. Bu teatrın ustadlarının peşəkarlığı gənc teatrallar üçün bütün digər teatrlardan üstün, əsil sənəti meyarı sayılırdı. Onlar nəinki hər hansısa "həvəskarçılığın" düşməni, hətta istənilən professional ştampa, istənilən şablonçuluğa və primitivçiliyə, teatral əyalətçiliyə (heç olmasa paytaxt səhnəsində) qarşı idilər. Onlar həqiqətən də, heç bir dırnaqsız, əsil - teatr sənəti sevdalıları idilər.

1914-cü ilin yanvarında təsisçilərin və onlar tərəfindən qəbul olunan "müsabiqə iştirakçıları"nın ilk ümumi iclası çağrıldı və həmin içlasda qərara alındı ki, Studiyada dərslərə rəhbərlik etmək üçün Moskva Bədaye Teatrının aktyoru Yevgeni Boqrationoviç Vaxtanqovu dəvət etsinlər.

Y.B.Vaxtanqov həmin vaxt gənc olsa da artıq Moskva teatralları tərəfindən Bədaye Teatrının studiyasında hazırladığı "Sülhün bayramı" tamaşasından sonra qəbul edilmiş rejissor idi.

Həmin iclasda həmçinin qərara alındı ki, Studiyanın büdcəsini üzvlərin aylıq üzvülük haqqı təşkil edəcək. Üzvülük haqqının həcmi hər kəs üçün gəlir vergisi prinsipi əsasında formalaşmışdı: hər kəs aylıq gəlirinin 5%-ni büdcəyə ödəməli idi. O dövrdə bir tələbənin aylıq yaşayış minimumu 30 rubl təşkil etdiyini nəzərə alıb, minimum aylıq üzvülük haqqı 1 rubl 50 qəpik miqdarında təyin edilmişdi.

Daha sonra qərara alındı ki, kollektivin tamhüquqlu üzvləri hələlik ancaq "Studiyanın həqiqi üzvləri" adını almış təsisçiləri sayılsın. Gələcəkdə həqiqi üzvlərin tərkibinə əlavə olunması və artırılması həqiqi üzvlərin yekdilliklə səs verdikləri "müsabiqə iştirakçıları" arasından seçilməsi yolu ilə həyata keçirilsin. Beləliklə, "Həqiqi üzvlərin yığıncağı" adlanan heyət Studiyanın rəhbər orqanını təşkil etdi, və daha sonra bu yığıncaq "Studiyanın Böyük Şurası", ən sonda isə "Studiyanın Mərkəzi Orqanı" adlanmağa başladı.

Daha sonra sual yarandı: Studiyanın fəaliyyəti nə ilə və necə başlamalıdır - Studiyanın dərslərinin keçirilməsi üçün məkan yox idi, aylıq üzvülük haqları toplamda düzgün funksional məktəb yaratmaq üçün yetərli büdcəni yığa bilmirdi, - necə etməli? Qərara aldılar ki, tamaşa hazırlasınlar. Amma Studiyanın əsas məqsədi yenə də tədris idi. Ona görə də qərara alındı ki, üzərində işləyəcəkləri pyes tədris üçün bəhanə və ya səbəb rolunu oynayacaq, və əgər nəticədə ortaya tamaşaçılara göstərməyə layiq tamaşa çıxsa, bununla qabaqlarına qoyduqları ikinci məqsədə də çatacaqlar: tamaşa məktəbi möhkəm maliyyə təməlini yaradacaq.

"Laninlər malikanəsi"

İlk ümumi iclasda Studiyanın üzvlərindən biri bu yaxında "qalın" jurnalların birində yenicə çap olunmuş Boris Zayçevin "Laninlər malikanəsi" pyesi ilə tanış olmağı məsləhət gördü.

Pyesi oxudular və hamıya aydın oldu ki, çoxdandır hamının ürəyində arzuladığı həmin o pyesi tapıblar.

Pyes hamının Bədaye Teatrının səhnəsindən vurğunluqla izlədikləri həmin o Çexov çalarları ilə yazılmışdı. Sonralar rəyçilərin biri pyes haqda yazırdı, - "Bu pyes sehirli sevgi ətiri və kənd cazibəsi ilə doludur, sanki Çexovun "Qağayısından" doğulub. "Laninlər malikanəsinə" baxanda, elə təsəvvür yaranır ki, sanki bu Sorinlərin malikanəsinin yanındakı həmin o sehirli gölün ətrafında olan altı malikanədən biridir. Pyesdəki obrazların birinin dediyi kimi - Burada hər kəs onları bir-birinə hörən, sonra həmin hörüyü açıb birinə xoşbəxtlik, digərinə isə bədbəxtlik gətirən sevginin elektrik gücü ilə əhatə olunmuşdur. Burada, su quyusunun yanında, hələ malikanənin sahibinin babasının XVIII əsrdə Fransadan buraya gətirdiyi "Möhtəşəm sevgi macəralarının" yaradıcısı Eşq Tanrıçası Veneranın heykəli durur. Bu yer, etiraflar məkanıdır. Burada skamya, hələ köhnə vaxtlardan qalmış və üzərində eşilərək, ortasından ox keçən ürəklər çəkilmiş ağcaqayın və palıd ağacları durur.

Burada da eynən "Qağayıdakı" kimi, zərif və faciəli sevirlər, Çexovun dramındakı kimi, eynən Zayçevin bütün pyesi boyunca da həmin bahar qoxulu zərif sevgi hissləri səpələnib. Və elə təəssürat yaranır ki, Sorinlər malikanəsinə artıq sevib-sevilmiş və bu sevginin dərdini çəkib bitirmiş personajlarınnın əvəzinə, 20-25 ildən sonra sanki əsrlər boyu əvvəlcədən talelərinə cızılmış sadiqcəsinə və qarşılıq ummadan, həmin o personajların sevgi və kədərlərini, inciklik əzabını çəkmək üçün, - bir dəstə tanımadığımız cavan qəbilə, - Laninlər malikanəsinin sakinləri gəlib. Sanki köhnə gölməçənin buxarlanması ilə birlikdə axşamlar dumanların dolandığı bu sevgi və kədər malikanəsindəki Venera heykəlinin ətəyində qarşılıqlı cazibə, nəciblik və həsrət atomları doğulur və hər şey şirin heyrət, ehtiraslı məhəbbət  burulğanında fırlanır".

İlk görüş

Beləliklə, qərara alındı: "Laninlər malikanəsi" quruluş üçün qəbul edildi və tezliklə, nəhayət ki, gənc kollektivin öz gələcək rəhbəri ilə çoxdan gözlənilən görüşü baş tutdu.

Toplantı studiyaçıların birinin şəxsi mənzilində keçirildi. Bayram ab-havasında geyinmiş, yaraşıqlı, yandan şahinə bənzəyən, mehriban və sirayətedici baxışları olan, böyük mavi gözlü Yevgeni Boqrationoviç gümrah və enerjili addımlarla içəri, öz yeni tələbələrinin yanına daxil oldu.

Vaxtanqovun iştirakı ilə pyes oxunmağa başlandı. İkinci pərdədən sonra o oxunuşu saxladı və yığışanların gözləmədiyi halda və tərzdə pyesi qəti tənqidə məruz qoydu: pyesdə əməl yoxdur, teatrallıqdan uzaqdır, dinamika mövcud deyil, danışıq həddən artıq çoxdur və s. və i.

Orada olanlar tərəfindən Yevgeni Boqrationoviçə yönələn tənqid partlayışını təsvir etmək çətindir. Gözlərindəki çox çətinliklə sezilən təbəssümlə, daha sonralar "Şahzadə Turandot" tamaşasında qığılcım kimi saçacaq həmin o Vaxtanqov ironiyası ilə Yevgeni Boqrationoviç "Malikanəyə" bu qədər vurulmuş və onun müdafiəsinə qalxmış cavanlara qulaq asırdı.

Nəhayət, Vaxtanqov təslim olduğunu elan etdi. O, onların işə bu qədər yekdil və ehtiraslı aludə olduqlarını gözləmədiyini boynuna almağa məcbur qaldı; o, indi ümidvardı ki, pyesə olan bu aludəçilik və məhəbbət, onda olan bütün çatışmazlıqları dolduracaq.

İncəsənətə ilk toxunuşlar

Sonrakı hadisələr rol bölgüsünə həsr olundu. Hər bir studiyaçı istədiyi rola öz namizədliyini verə bilərdi; ona özünü sınamağa imkan verilirdi və daha sonra hamı bir yerdə namizədləri müzakirə edib, birlikdə bu və ya digərinə üstünlük verirdik, - təbii ki, sonuncu veto hüququnu Vaxtanqovda saxlamaq şərti ilə.

Burada, mənim fikrimcə, Studiyanın gələcək həyatında mühüm rol oynayacaq bir hadisəni yada salmaq yerinə düşərdi. Qadın rollarından birinə eyni anda iki studiyaçı öz namizədliyini irəli sürmüşdü: onlardan biri təsisçilər qrupuna daxil idi, bir sözlə, Studiyanın təşkilati işlərində çox aktiv və dəyərli birisi və "Həqiqi üzvlərdən" idi, - digəri isə hələ ki, "müsabiqə iştirakçıları" siyahısına yenicə qəbul olunmuşdu. Hər ikisi də özünü yoxladı və ümumi müzakirədən sonra qərar "müsabiqə iştirakçısının" xeyrinə verildi. Lakin Vaxtanqov birinci studiyaçını öz müdafiəsi altına aldı; o, bunu onunla əsaslandırdı ki, Studiyanın yaranmasının təşəbbüskarlarından sayılan, Studiyanın təsisçiləri qrupunda axırıncı adam olmayan birini yaradıcılıqdan kənarda qoymaq olmaz.

Bu yerdə, yaranan fikir ayrılığının səbəbkarı elan etdi ki, o, öz namizədliyini geri götürür, çünki, onun fikrincə, rol bölgüsü zamanı gələcək tamaşadan başqa heç bir digər maraq güdülməməlidir; o elə düşünürdü ki, onun Studiyada gördüyü bədii-təşkilati işlər yaradıcılıq planında ona heç bir üstünlük qazandırmamalıdır.

İlk baxışda əhəmiyyətli görünməyən bu epizod, kollektivin gələcək həyatına teatr etikası baxımından bir istiqamət verdi. Bununla həm də Vaxtanqov onun şahidi oldu ki, işləyəcəyi kollektivdə, "özlərini sənətdə deyil, sənəti özlərində sevən" insanlar var və onlar öz şəxsi maraqlarını ümumi işin xeyrinə qurban verməyə qadirdirlər.

Bütün rollar bölündükdən sonra, pyes üzərində işə başlanıldı. Pyesin teatral məzmununu Vaxtanqov aşağıdakı kimi açmışdı - o deyirdi: "Bu pyesdə əsas oynayacağınız şey bahar fəslindən, onun havasından, yenicə açmış yasəmənin başgicəlləndirici ətrindən yaranmış bihuşluqdur... Pyesdə nə baş verirsə, hamısı bu "bihuşluğun" nəticəsidir. Bu hal heyranlıqdan, sevinc və xoşbəxtlikdən başlayır; sonra yasəmənin ətri başı dumanlandırır, daha sonra bihuşluq ən yüksək həddə çatır: hava çatmır, hal pisləşir; sonra tufan qopur; arası kəsilməyən şimşək çaxır; və nəhayət, - sonuncu qulaq batıran şimşək çaxışı və yenə də günəş öz şüalarını səpələməyə başlayır, aramlıq və rahatlıq gəlir, "bihuşluq" keçir, rahat, azad nəfəs almaq olur: atmosfer aydınlaşır və yenə də əvvəlki kimi göyqurşağı malikanə sakinlərini bir-birləri ilə barışdırır."

Vaxtanqov "tezbazar" şəkildə həvəskar tamaşası hazırlamaq yolu ilə getmədi; o həqiqətən də, pyes üzərində işi tədris və tərbiyə üçün bəhanə etdi: tədricən tələbələrin qarşısında K.S.Stanislavski tərəfindən dahiyanə şəkildə aşkar olunmuş aktyor yaradıcılığının qanunları və sirləri açılmağa başlayırdı. "Mən – Stanislavskinin tələbəsiyəm, - deyirdi Vaxtanqov, - sizinlə işimin əsas mənasını Konstantin Serqeyeviçin təlimini təbliğ etməkdə görürəm".

Lakin, studiyaçıların qarşısında teatrın qanunları aşkar edildikcə, onlar özlərini daha da çox çarəsiz hiss edirdilər, çünki real bacarıqları ilə qarşılarına tapşırıq kimi qoyduqları tələb arasında uçurum daha genişlənir və dərinləşirdi.

Amma, eyni zamanda əsil sənətə toxunuş o qədər sevincli bir hiss idi ki; Vaxtanqovun dərsləri o qədər maraqlı (əyləncəli) olurdu ki, sanki saatlar dəqiqələr kimi, gecələr isə bir göz qırpımında gəlib keçirdi. Hərdən də elə olurdu ki, dərslər səhər açılana qədər davam edirdi.

Studiyada Vaxtanqovun dərs protokolları

İş orasındadır ki, teatrın əsil mahiyyəti ilə tanış olduqca, cavanlar ümumiyyətlə incəsənətin mahiyyətini başa düşürdülər; K.S.Stanislavskinin kəşf etdiyi teatrın əbədi əsasları, eyni zamanda istənilən əsil incəsənət növünün kökünü təşkil edir. Əsil incəsənətin kökünün basdırıldığı və o kökləri böyüdən torpağın əsası isə həyatın özüdür. Beləliklə, Vaxtanqovun tələbələri incəsənət vasitəsilə real insan həyatının qanun və təzahürlərinin dərkinə gəlib çatırdılar.

Kim ki Vaxtanqovun bu məktəbini keçib, amma artist olmayıb, həmin kəs nəticəsiz keçirdiyi, itirdiyi vaxta görə peşiman olmayacaq; o, Vaxtanqovun dərslərində keçirdiyi saatları, ona həyatı dərk etməkdə kömək edən, ona həyat tərbiyəsi verən, insan qəlbinin dərinliklərinə enib, onu anlamağa kömək edən, insan ruhuna incə toxunuşu, ona şəfqət və sevgi ilə yanaşmağı, bu yanaşmanın çox dərin və incə nöqtələrini tapmağın yollarını necə sevgi ilə öyrətdiyini əbədi olaraq öz yaddaşında saxlayacaq.

"Laninlər malikanəsi" üzərində işləyənlər, eləcə də gələcəkdə yüzlərlə (mən şişirtmirəm: məhz - yüzlərlə) Vaxtanqovun əlinin altından keçib, amma nəticədə teatrda qalmayanlar, yenə də Vaxtanqov dərslərindəki saatları və gecələri sonsuz minnətdarlıq hissi ilə yada salırlar. Onlar bizim vətənimizin hər bir bucağında vardırlar - mühəndislər, müəllimlər, vəkillər, həkimlər, iqtisadçı alimlər və s., - hamısı Vaxtanqovun əlinin altından keçmişlər. Vaxtanqov məktəbində olmaqları, hamısının həyatında və insan kimi şəxsiyyətində unudulmaz iz qoyduğuna və həyat yollarında çox şeyi əvvəlcədən təyin etdiyinə onlar şahidlik edə bilərlər.

Vaxtanqov bunu bilirdi və tələbələrinin çoxunun teatrda qalmayacaqları onu heç də narahat etmirdi; o, yanına gələn hər bir gəncin baharlı çağlarına sevinc gətirdiyindən razı idi...

Vaxtanqov elə məhz buna görə özünün bütün gücünü onlara sərf edirdi, elə məhz buna görə o dərslərə, öz "tələbələrinin" yanına gəlməyi sevirdi, sanki elə məhz buna görə o belə səxavətlə özünün gecələrini, öz temperament və fantaziyasını, öz fikir qığılcımlarını onlara qurban verirdi...

Bu arada isə, Vaxtanqovun həyatına son qoyacaq həmin o sağalmaz xəstəlik özünü göstərir, elə artıq həmin vaxtdan Yevgeni Boqrationoviç arada dərsə azca ara verir və mədəsindən qalxan ağrını bir azca da olsa yatızdırmaq üçün həmişə özü ilə gəzdirdiyi balaca qutudan bir çimdik soda götürüb dilinin üstünə tökürdü... Vaxtanqov öz səhhətinə az vaxt ayırırdı - buna onun vaxtı yox idi: gündüz - Bədaye Teatrının studiyasında, sonra - Xalyutinin dramatik məktəbində dərs, sonra ya tamaşa olurdu, ya da "tələbələrlə" dərs, hərdən isə tamaşa bitdikdən sonra Studiyaya gəlir və bütün gecəni orada keçirirdi.

Həmin vaxtlar Vaxtanqov kiminsə Studiyaya hansısa praktiki nəticə - rol, tamaşa, teatr yaratmaq - üçün gəlməyini xoşlamazdı; o sevirdi ki, hər kəs Studiyaya bayram üçün gəlsin, onun ətrafında bayram ab-havası olan üzləri görməyi sevirdi; hətta o, sevirdi ki, tələbələr adi günlərdən fərqli olaraq, Studiyaya bir az təntənəli geyimdə gəlsinlər...

Vaxtanqov yaradıcılıqda prosesin özünü sevirdi, nəticəni deyil... O, bunu öz "tələbələrinə" də öyrədirdi: "praktiki nəticə öz-özünə gələcək" deyirdi Vaxtanqov və onun şagirdləri də "nəticə" haqqında düşünmürdülər: onlar bütünlüklə özlərini bugünkü məşqə, bugünkü dərsə, bügünkü axtarışlara təslim edirdilər.

Artıq deyildiyi kimi "Laninlər malikanəsi"-in məşqləri ərəfəsində Studiyanın öz daimi məkanı yox idi, - harda alınırdısa, orada da yığışırdılar: gah iki çarpayısı və üstünə kitablar yığılmış masası olan kursantlardan birinin tələbə otağında, gah da ki, bir gecəlik kirayə götürülmüş fərdi mənzilin qonaq otağında... Tutaq ki, dərslərin biri Moskva-çayı ətrafında bir yerdə olurdu, səhərisi isə Dolqarukova harasa qaçmaq lazım idi ki, sabah üçün Preçistenka və ya Arbatın dolaşıq dalanlarında yeni mənzil axtarıb tapsın... Xüsusi növbətçilər əvvəlcədən telefonla və ya şəxsən kollektivin üzvlərinə bugünkü məşqin harada baş tutacağı ilə bağlı xəbər verirdilər...

Bunların hamısı çox çətin olsa da, eyni zamanda Studiyanın məişət həyatına "romantik" xarakter qatır və onu orada çalışanlar və oxuyanlar üçün daha da cəlbedici edirdi.

İlk "uğursuzluq"

Lakin, pyes üzərində iş üçün ayrılmış üç ay sona çatırdı, təyin olunmuş tamaşanın o həyati əhəmiyyətli həmin günü yaxınlaşırdı: artıq Vozdvijenkada yerləşən Ovçular (Oxotniçiy) klubu kirayələnmişdi, afişalar sifariş verilmişdi, biletlərin daha geniş kütləyə yayılması üçün bütün tədbirlər görülmüşdü...

Vaxtanqov, nəhayət ki, özünün naşı və təcrübəsiz "artistləri" ilə - heç olmasa bir az da olsun teatr tamaşasına bənzəsin deyə - tez bir zamanda mizanları qurmaq üçün qollarını çırmadı.

Düzdür, gənc aktyorlar öz rollarından hardasa bacardıqları qədər nələrsə öyrənmişdilər, səhnədə həqiqi və səmimi olmağı ("oyunçuluq etməməyi") bilirdilər: onlar artıq ulayaraq səhnədən sadəcə söz demir, sevgi etirafı etdikləri zaman əllərini ürəklərinin üstünə qoymur, nifrət hissini ifadə etmək üçün dodaqlarının uclarını yuxarı qaldırmırlar, ağıllı və düşünən görünmək üçün qaşlarını çatmır, "balaca" sözünü hündürdən, "böyük" sözünü isə asta səslə demirdilər - bir sözlə onlar istənilən bu və ya digər teatral ştampdan azad olunmuşdular; bundan da əlavə, onlar bu ştamplara qarşı amansız və barışmaz nifrət bəsləyirdilər. Bir sözlə, onlar səhnədə nəyi etmək olmaz-ları çox yaxşı başa düşmüşdülər, lakin nələr etmək lazım olduğunu hələ elə də öyrənməmişdilər. Sadə və inadırıcı ifadə etdikləri fikri onlar hələ tamaşaçıya çatdıra bilmirdilər: onların sözləri, göz yaşları, çəkdikləri əzablar, sevincləri - səmimi və doğru idi, - onlar qanadsız quşlar kimi uçmağa çalışır, amma o andaca rampadan o tərəfə, tamaşaçı zalına uçmağa taqətləri qalmayıb, səhnənin planşetinə, yerə düşürdülər.

Və nəhayət ki, 1914-cü ilin mart ayının 26-sı bu qədər həyəcanla gözlənilən həmin o tamaşa baş tutdu.

Az qala səhər açılandan gənc debutçular teatrda idilər, öz əlbisələrini əyinlərində yoxlayır və səliqəyə salır, dekorları quraşdırıb və asırdılar.

Dekorasiya barəsində ayrıca demək istəyirəm. Tamaşaya xüsusi qurğu quraşdırmaq və dekorasiya hazırlamaq üçün təbii ki, Studiyanın maddi imkanı yox idi. Ovçular klubunda mövcud olan adi "pavilyondan" və tağ-arkalardan (teatr işçiləri onları zarafatyana "şalvar" adlandırırlar) istifadə etməyə isə nə Studiya, nə də ki onun rəhbəri razı olmadı.

"Mahuddan" (mahud - yun və yarımyundan hazırlanmış keçə parça) quruluşlar o vaxtı teatr həyatına təzə-təzə daxil olurdu və bu formada həll böyük cəsarət tələb edirdi.

Həmin o "mahudlar" elə gələcəkdə baş verəcək "uğursuzluğun" ciddi səbəbkarlarından biri oldular. Mahud əvəzi səhnədə çeynənmiş parça görünüşünü verən pis keyfiyyətli yaşılaçalan boz çul parçası əldə edilmişdi. Təssüflər olsun ki, şərti teatrın prinsiplərinə hələ öyrəşməmiş tamaşaçılar bu "mahudları" heç cürə Laninlər malikanəsinin parkı kimi qəbul etmədilər...

Lakin, artistlərin özləri öz dekorasiyalarını möhtəşəm bir tapıntı kimi qəbul edirdilər. Yaşılaçalan boz cır-cındırlar onların özlərinə kölgəli bağçada yaşıllıq kimi görünürdü. Onların düşüncəsinə görə, bir neçə butafor yasəmən dibçəyi, rejissor həlli olan "kölgəsində oturub, yasəmən ətrindən bihuş olaraq asimana uçduqları" aynəbəndi tam özündə ehtiva edirdi. Kənd həyatının bahar fəslindəki yasəmən ətrini daha da çox hiss etmək üçün, onlar bütün səhnəni "Ostroumovskaya siren" (o vaxtı belə bir adekolon olub) ilə ətirləndirmişdilər...

Həqiqətən də o vaxtı Moskva küçələrində bahar çiçək açmışdı - butafor deyil, əsil: günlər isti və günəşli keçirdi, dalanlarda və meydanlarda güllər satılırdı - butafor deyil, əsil güllər...

Bu bahar, bu gün axşam teatral kütlə qarşısında yaşanılacaq həmin o baharla bir-birinə hörülmüşdü. Və burada artıq hansı yerdə teatrın bitib, həyatın başlandığını ayırd etmək çətin idi.

Onlar, heç vaxt inana bilməzdilər ki, özlərinin çox dəqiq, çox aydın şəkildə hiss etdiklərini tamaşaçılar ümumiyyətlə başa düşməyəcək...

Amma tamaşaçılar... hiss etmədilər... başa düşmədilər... Düzdür, pyes öz-özlüyündə hardasa uğur qazanmışdı - müəllif təzimdə iki dəfə gurultulu aşqışlarla geri çağırıldı - amma ifa... Təssüf! - hətta əsasən "artistlərin" özlərinin tanışlarından, dostlarından və tələbələrdən ibarət dostcasına izləyən tamaşaçılar üçün də bu, fiasko idi.

Nə qədər qəribə olsa da, ifaçıların özləri öz uğursuzluqlarını qətiyyən hiss etmirdilər. Onlar özləri tərəfindən sifariş edilmiş Laninlər malikanəsinin cazibəsində və sehrində yaşayırdılar: sevib və qısqanır, sevinib və əzab çəkir, ağlayır və gülürdülər... Nə olsun ki, tamaşaçılara onların bu hissləri naməlum qaldı. Onlar ki, bu hissləri "yaşayır" və bu "yaşantıdan" elə özləricə sonsuz zövq alırdılar... Bəs tamaşaçı? Tamaşaçılardır da - Allah onların köməyi olsun! Həqiqətən də bu, əsil "özün üçün teatr" idi.

Tamaşadan sonra bütün iştirakçılar qrim otaqlarından birinə yığışdılar. Vaxtanqov sevincək - "Və budur, biz məğlub olduq" - dedi və qəribəsi budur ki, heç kəsdə kədər yox idi, heç biri qəmgin deyildi, Vaxtanqovun ətrafındakıların üzlərindən sevinc və xoşbəxtlik yağırdı, sanki indicə böyük bir qələbə qazanmışdılar. Vaxtanqov dedi - "Bu tamaşanın əhəmiyyəti ondadır ki, o öz ətrafına heç vaxt ayrılmayacaq, qırılmaz bütövlük yarada biləcək insanları topladı. İndi isə öyrənmək vaxtıdır"...

Hələlik isə, hamı bir yerdə, - sanki öz uğurundan daha çox gənc Studiyanın artistlərinin uğuruna sevinən müəllif də daxil olmaqla - restoranların birinə öz məğlubiyyətlərini-qələbələrini qeyd etməyə getdilər.

Onu da demək lazımdır ki, tamaşa heç maddi tərəfdən də ona bəslənən ümidləri doğrultmadı: studiya xəzinədarının qeyd kitabçasında böyük çatışmazlıq qeyd edilmişdi. Şam yeməyində, gərəkdiyi kimi, nitq və sağlıqlar söylənildi və daha sonra hamı öz rəhbərləri ilə bir yerdə Moskvanı dolaşmağa çıxdı. Bütün gecəni şəhəri dolaşdılar və səhər tezdən qəzetsatanı görəndə təzə qəzet üçün onun üstünə elə cumdular ki, qəzetsatan həyacanlandı: "müharibə başlayıb?"

Və qulaq batıran möhkəm qəhqəhə sədaları altında amansız tənqidi rəyləri oxudular. Rəyçilər ifanı "zəif", "uşaqcasına bacarıqsız", "texniki tərəfdən köməksiz", "ilk dəfə üçün bağışlanılası" adlandırırdılar.

Rəyçilərdən ən qəddarı isə yazırdı: "Bu pyes hansısa tələbə Studiyasına qismət oldu. Yazıq Boris Zayçev! Həvəskarların "lütfkar iştirakı" ilə onun pyesindən təkcə "buynuzlar və ayaqlar" qalmışdı. Quruluşun özü də elə "artistlərin" oyununun tam tayı idi. Lanin malikanəsinin gözəlliyi, onun ot bürümüş yaşıl parkları, "turqenevsayaq" bağçaları - hamısı əzik-üzük, boz cır-cındırlarla əvəz olunmuşdu. Rejissor cənab Vaxtanqov isə, o çirkli parçalardan birində deşik açıb, ifaçıları o deşiyə baxıb təbiətin gözəlliyinə heyran olmağa məcbur etmişdi. Eyni bu deşik aktyorların girişi və çıxışı üçün də istifadə edilirdi. Rejissor cənabları tapıntı edib!.."

Amansız tənqidçinin heç ağlına belə gəlməzdi ki, həmin o "rejissor cənabları" gələcəkdə elə tapıntılar edəcək ki, onun heç yuxusuna da girməyib.

Artıq səhərə yaxın studiyaçılar yaşanmış həyəcandan yorğun, amma çöhrələrində təbəssüm və sevinc hamısı bir yerdə rəhbərlərini yola salıb, hərəsi öz evinə getdi.

"Lanin malikanəsi" isə əbədi olaraq onun iştirakçıları üçün gənclik və məhəbbət sinonimi kimi qalacaq. Tamaşanın mühüm aksesuarlarından olan yasəmən budağı isə hələ çox illər Vaxtanqov Studiyasının emblemi sayılacaq. Və yəqin ki, yasəmən bu günədək hər bir "laninçinin" sevimli gülü olaraq qalıb: bu gülə baxarkən, - onların əksəriyyəti, - artıq yaşca böyümüş insanlar, - öz cavanlıqlarını, 1914 ilin baharını, "Laninlər malikanəsini" və... Yevgeni Boqrationoviç Vaxtanqovu yada salırlar...

Düz səkkiz il sonra başqa bahar gələcək və həmin yasəməndən ibarət gül dəstələri, bizi əbədi tərk edən müəllimimizin tabutunun üstünü bəzəyəcək.

(Ardı var)

Rus dilindən tərcümə edən:

Abdulla Elşadlı
aktyor-rejissor

Load Time (S) : 0.005752