Tamaşaçıların romantik pyeslərə öyrəşdiyi bir vaxtda o, realist pyeslər yazmışdı. Bütün pyeslərində fərdiliyin vacibliyini və hər kəsin həyatın bir nöqtəsində cəmiyyətə qarşı üsyan qaldırması lazım olduğunu vurğulamışdı. Henrik İbsen əsərlərində qadınların cəmiyyətdəki yeri probleminə toxunan yazıçıların bayraqdarlarından idi. Bu məqalədə H.İbsenin həmin mövzuda yazdığı əsərlərin ən məşhuru olan "Kuklalar evi" pyesi haqqında danışmaq istəyirəm.
“Kuklalar evi” pyesi ilk dəfə 1879-cu ilin dekabr ayında Kopenhagendə, Danimarka Kral Teatrında tamaşaya qoyulmuş, elə həmin ayda da nəşr olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, üç pərdədən ibarət pyes dünyanın ən çox səhnəyə qoyulmuş əsərlərindən biridir. Pyes mövzusuna, aktuallaşdırdığı ideyalara görə yazıldığı dövrdə müqavimətlə qarşılanaraq, kəskin tənqid edilmişdir. Bunun səbəbini isə belə izah etmək olar: ilk dəfə idi, bir bədii əsərdə qadın uşaqlarını, həyat yoldaşını, özünü tanımaq üçün, hətta deyərdim ki, “kukla olmaqdan” qurtulmaq üçün evini tərk edir.
Bəs, pyesin əsas qəhrəmanı Nora niyə özünü “kukla” kimi görürdü? Əsəri oxuyarkən məni ən çox maraqlandırlan suallardan biri də bu idi. Pyes başladığı andan etibarən Noranını hərəkətlərini izlədikdə, sanki qarşımda kiçik bir qız uşağı var idi. Öz şıltaqlığından əl çəkə bilməyən, heç böyüməyən Nora. Bu anda yeni bir sual ortaya çıxır. Nora nəyə görə şıltaq qız uşağı təəssüratını oyadır? Bu sualı cavablandırmaq üçün, ilk növbədə, onu və yaşadığı həyatı tanımaq lazımdır.
Helmerlər ailəsinin evində Torvald Helmer, Nora, onların üç uşağı, xidmətçi və dayə də daxil olmaqla yeddi nəfər yaşayır. Torvald Helmer vəkildir, sonra isə vəzifəsi qaldırılaraq səhmdar bankın direktoru təyin olunmuşdur. Pyesin başlanğıcından hiss olunur ki, Torvaldın vəzifəsi yüksələnə qədər ailənin maddi durumu ağır olub. Vəzifəsi yüksələndən sonra müəyyən qədər rahatlayan ailənin xanımı Nora, Torvaldın fikrincə, israfçılıq edir. Əhvalat yeni il ərəfəsində yaşandığı üçün evə bayram bazarlığı olunur. Hər kəsi düşünən, hər kəsin qayğısına qalan Nora yalnız özü üçün heç nə almır.
Pyesin sonrakı bölümlərində Noranın rəfiqəsi Frü Linne və ailə dostları Həkim Rank onların evinə təşrif buyururlar. Həkim Rank Torvaldın kabinetinə keçir, Nora Frü Linne ilə söhbət edir. Onların arasında baş verən dialoqdan məlum olur ki, Frü Linnenin həyatı heç də asan keçməyib. Valideynlərinin israrı ilə ailə həyatı qurub, bir müddətdən sonra həyat yoldaşı dünyasını dəyişib. Bundan sonra Frü Linne üçün ağır günlər başlayıb, işləyərək təkbaşına ayaq üstdə qalmağa məcbur olub. Hazırda da iş axtarır. Nora ona iş tapmaq üçün Torvaldla danışacağını bildirir. Söhbət əsnasında Nora öz həyatından danışmağa başlayır. Vaxtı ilə çox çətinliklər çəkdiyini bildirir. Təbii ki, ilk növbədə, Frü Linne ona inanmayıb, hər zaman atasının onlara dəstək olduğunu deyir. Nora isə bunları inkar edir və “sirr”inin üstü açılır. Məlum olur ki, Torvald xəstə olarkən Noranın atası onlara maddi yardım göstərməyib. Çünki həmin zamanlar atasının da səhhətində problem var idi. Həmin günlərdə ailənin həkimi Torvaldın sağalmağı üçün İtaliyaya getməli olduqlarını demişdi. Nora da yoldaşını razı salmaq üçün əlindən gələni edirdi. Məlum olur ki, həmin zamanlar Nora pulu bankdan qeyri-qanuni yolla borc alıb və illərlə işləyərək borcunu ödəyib. Son zamanlarda işinin yaxşı getdiyi üçün borcunu təkbaşına ödəyə bilib. Lakin Frü Linnenin fikrincə, onun belə bir məsələni öz həyat yoldaşından gizləməyi doğru hərəkət deyil.
Torvald öz kabinetində Həkim Rankla oturduğu zaman bankda işləyən məmur Kroqstad gəlir. Onu görən Nora təşvişə düşür. Daha sonra Həkim Rank otaqdan çıxır Kroqstad içəri daxil olur. Onlar otaqdan çıxanda Nora öz rəfiqəsi üçün bankda iş olub-olmadığını Torvaldan soruşur. Cavabında isə Torvald elə təzəcə iş yerinin boşaldığını deyir. Artıq bəlli olur ki, Torvald Kroqstadı işdən çıxarıb. Bəs, bunun səbəbi nə idi? Torvald nəyə görə Kroqstadı işdən çıxarmışdı? Təbii ki, pyesin sonrakı bölümlərində bunun səbəbi müəyyən qədər də olsa açılır.
Torvald, Frü Linne, Həkim Rank evdən çıxırlar, Nora tək qalır. Bir az sonra dayə uşaqları gətirir. Nora uşaqlarla oynayaraq onlarla vaxt keçirir. Bu səhnədə Noranın uşaqlarına qarşı sevgisinin şahidi oluruq. Bununla yanaşı, onun içindəki balaca qızı yenidən görürük. O, sanki yetkin qadın deyil, balaca qız uşağı kimi öz uşaqları ilə oynayaraq əylənir. Təbi ki, bu əyləncə yarımçıq qalır. Kroqstad gizli şəkildə otağa daxil olur. Ona görə Nora uşaqları dayə ilə barəbər digər otağa göndərir. Kroqstad, Torvaldın onu işdən çıxarmaq istədiyini deyir və Noradan xahiş edir ki, həyat yoldaşını bu fikirdən daşındırsın. Lakin Nora bu xahişi rədd edir. Bunu eşidən Kroqstad isə onu təhdid edərək bildirir ki, İtaliyaya getməkdən ötrü bankdan qeyri-qanuni, saxta sənədlə aldığı borcu üzə çıxaracaq. O bilir ki, Nora bankdan pulu atasının imzası ilə alıb. Çünki həmin zaman Torvald çox xəstə idi və təcili İtaliyaya getməsi lazım idi. Lakin, onların imkanı yox idi. Bununla yanaşı, həmin vaxtlar Noranın atası da xəstə idi və bu xəstəliyə qarşı mübarizə apara bilməyərək həyatını itirmişdi. Həmin an başqa çarəsinin qalmadığını düşünən Nora atasının imzasını təqlid edərək bankdan borc almışdı.
Əvvəlcə Nora bu hərəkətlərinin mahiyyətini anlamayaraq özünə haqq qazandırırdı. Yəni, etdiklərinin yanlış olduğunu düşünmürdü. Amma sonra məsələnin ciddiyyətinin fərqinə vardı və qorxmağa başladı. Çünki baş verən bu hadisələrdən Torvaldın xəbəri yox idi. Nora bilirdi ki, həyat yoldaşı baş verənləri öyrənsə, onun üçün yaxşı olmayacaq.
Kroqstad gedir və Torvald evə qayıdır. Nora çalışır ki, həyat yoldaşını Kroqstadı işə qaytarması üçün dilə tutsun. Lakin Torvald imtina edərək, qəti şəkildə cavab verərək deyir: “Kroqstad yalançıdır və dəhşətli cinayət edib. Sənədlərdə saxtakarlığa yol verib”.
İkinci səhnədə Frü Linne ilə Nora əyləşib rəqs gecəsi üçün paltar yamadıqları vaxt Torvald bankdan qayıdır. Nora yenidən onu razı salmaq üçün yalvarmağa başlayır və deyir: “O, sənin haqqında böhtançı məqalələlər yaza və sənin karyeranı dağıda bilər”. Təbi ki, Torvald onun qorxularına əhəmiyyət vermir. Bu barədə fikrinin qəti olduğunu deyir. Daha sonra səhnəyə ailə dostu Həkim Rank gəlir. Nora ilə aralarındakı dialoqdan məlum olur ki, Həkim Rank xərçəng xəstəliyinin ciddi mərhələsindədir və onun Noraya qarşı gizli məhəbbəti var. Nora eşitdiklərindən çox narahat olur. Həkim Rankı əminliklə və nəzakətli şəkildə rədd edir. İşdən çıxarılan Kroqstad onlara gəlir. Nora isə Həkim Rankdan xahiş edir ki, Torvaldın otağına getsin və onların danışmasına mane olsun. Kroqstad Noraya belə cavab verir: “Narahat olma, qalan borcuna görə daha narahat deyiləm, amma əvəzində Torvaldın karyerasını dağıdacam”. Nora həyat yoldaşını dilə tutmağa çalışdığını desə də, Kroqstad fikrini dəyişmir, saxta sənədlə və onun detalları ilə bağlı yazı yazdığını, yazdıqlarını isə Torvaldın poçt qutusuna atdığnı deyir. Poçt qutusu kilidlidir, açarlarsa Torvaldadır.
Nora düşdüyü çətin vəziyyətdən çıxa bilməyib, başına gələnləri Frü Linnenə danışır. Məlum olur ki, Frü Linne evlənməmişdən öncə Kroqstad ilə görüşüblər və onlar hələ də bir-birilərini sevirlər. Bu səbəbdən də onu dilə tutacağına inanır və Kroqstadın evinə gedir. Torvald poçt qutusunu açmağa gedir, Nora isə ona mane olmağa çalışır. Balaca şıltaq qız uşağı kimi israr edərək onu rəqs gecəsinə aparmağa çalışır. Torvald onun bu hallarını çox sevir və ona yox deyə bilmir. Birlikdə rəqs gecəsinə gedirlər. Həmçinin Həkim Rank da gecədə iştirak edir.
Üçünçü pərdədə isə Kristina (Frü Linne) və Kroqstadın söhbəti baş tutur. Onların arasındakı dialoq əsnasında Kristina başına gələnləri, daha doğrusu, evlənməsinin səbəbini açıqlayır. Bildirir ki, xəstə anasına və kiçik qardaşlarına baxmaq imkanı olmadığından, həmçinin Kroqstadın ailə həyatı qurmaq fikri olmadığından ərə getmək məcburiyyətində qalıb. Artıq həyat yoldaşı dünyasını dəyişib və yenidən Kroqstandın sevgisini geri qaytarmaq istəyir.
Frü Linne Kroqstadı dilə tutur ki, Torvalda göndərdiyi məktubu geri götürsün. Kroqstad onun dediklərindən təsirlənərək məktubu geri götürməyə razı olur. Amma bir qədər sonra Frü Linne fikrini dəyişir. O düşünür ki, Torvald və Nora həqiqət naminə bu məktub oxunmalı və Torvald həqiqəti öryənməlidir.
Əslinə qalsa, ilk baxışda Frü Linnenin bu qərarı yanlış qəbul oluna, hətta Noraya xəyanət etdi deyə də düşünülə bilər. Lakin bir anlıq düşünəndə çox doğru qərar olduğu anlaşılır. Mənim fikrimcə, Nora özü bunu açıb deməli idi. Torvald həqiqətləri Noranın özündən öryənməli idi. Lakin Noranın bu sirri açıb demək kimi bir niyyəti olmadığını düşünsək, Frü Linnenin hərəkətinin yanlış olmadığını görərik. Ailənin təməlinin güvən və dürüstlük olduğunu qəbul etməliyik. Bu səbəbdən də, sonu nə olursa olsun, bu hadisə üzə çıxmalı idi. Bəlkə də, Nora özü demiş olsa, hər şey daha fərqli ola bilərdi. Nəyə görə bu ehtimalı da nəzərə almayaq ki?
İndi isə gələk Torvaldın həqiqəti öyrəndiyi ana və verdiyi reaksiyaya. Rəqsdən sonra Torvald poçt qutusunu yoxlamağa gedir, amma onları izləyən Həkim Rank onu saxlayır. Onlar bir qədər söhbət edirlər. Torvald onun xərçəng xəstəsi olduğunu öyrənir və bu xəbərə üzülür. Həkim Rank onlarla sağollaşıb evinə gedir. Nəhayət, Torvald poçtu açaraq, məktubu oxuyur. Noranı qeyri-səmimi, mənəviyyatsız qadın adlandıraraq, uşaqların tərbiyəsini onun kimi bir qadına etibar etməməli olduğunu bildirir. Təbii ki, bu sözlər Noraya pis təsir edir. Hər şeyi izah etməyə çalışır, amma Torvald onu dinləmir. Torvalda yalvararaq, baş verənlərə görə onu bağışlamasını istəyən Nora bir anda fikrini dəyişir. Yaxşı, buna nə səbəb olur? Bir az keçdikdən sonra daha bir məktub gəlir. Kroqstad Noranın borcu haqqında olan bütün dəlilləri zərfin içinə qoyaraq onlara göndərir. Torvald zərfi oxuduqdan sonra sevinir, dəlilləri dərhal yandırır, həyat yoldaşına bildirir ki, sözlərini geri götürərək onu bağışlayır. Bu sözləri eşidəndə bayaqdan yalvar-yaxar edib bağışlanmasını istəyən Nora həyat yoldaşını tərk etdiyini deyir. Bunu eşidən Torvaldın təəccüb içində verdiyi “Niyə?” sualının cavabında isə Nora: “Çünki sadəcə bezmişəm. Əvvəl atamın, sonra sənin kuklan olmuşam. İndi isə özümü tanımaq istəyirəm.”- deyir. İndi də Torvald yalvarmağa başlayır. Amma onun yalvarışları Noranın fikrini dəyişmir. Torvaldın yanlız özünü, karyerasını düşündüyünü bildirir. Məktubu ilk alanda ad-sanı ləkələnəcək, karyerası dağılacaq deyə bu qədər əsəbləşdiyini iddia edir. Nora səkkiz ildir evli olduqlarına baxmayaraq, bir dəfə də ciddi şəkildə əyləşib söhbət etmədiklərini də deyir. Həmçinin onu da bildirir ki, atasının evində olanda atası kimi düşünməyə çalışırdı, öz fikirləri olduqda isə deməyə qorxurdu ki, atası onun fikirlərini qəbul etməz. Atasının kukla qızı olduğunu, onun öz kuklaları ilə oynadığı kimi, atasının da onunla oynadığını deyir. Sonra isə gəlib Torvaldın evində də eyni vəziyyətlə qarşılaşıb. Artıq kukla olmaq deyil, özünü tanımaq, həyatı kəşf etmək, hər şeyi özü öyrənmək istəyir. Buna görə də onu tərk edir. Nora açarı və üzüyü verir, Torvaldın halı pisləşir, Nora isə qapını çırparaq evdən çıxır.
Yazının əvvəlində də qeyd etdiyim kimi, ilk dəfə idi ki, bədii əsərdə bir qadın özünü tanımaq, “kukla olmaq”dan qurtulmaq, həyatı özü kəşf edə bilmək, öz düşüncələrini deyə bilmək üçün ailəsini, evini, uşaqlarını, həyat yoldaşını tərk edir. Uşaqlığından bu günə qədər özünü kukla kimi hiss edən, atasının, həyat yoldaşının kuklası olan Nora artıq buna tab gətirə bilmir və nəhayət, bu vəziyyətə son vermək qərarına gəlir. Mən deyərdim ki, bu addım balaca Noranın böyümək yolunda atdığı ilk və ən cəsarətli addım idi.
Əsərin final səhnəsi Noranın evi tərk etməsi ilə yekunlaşır. Bəs, pyesin davamı necə olardı? Bu barədə heç düşünmüsünüzmü?
Mən düşünmüşəm: Aradan bir neçə il keçir. Özünü, həyatı tanımaq, kəşf etmək üçün yola çıxan Nora artıq buna nail olub. Balaca Nora artıq böyüyüb. O, artıq öz fikirlərini deməkdən qorxmur. Hər mövzuya öz baxış bucağı var. Həyata öz pəncərəsindən baxır. Və bir gün öz keçmişi ilə - Torvaldla qarşılaşır. Bir-birlərini yenidən tanımağa başlayırlar.
Bəs, siz necə, bu pyesi neçə sonlandırardınız? Bu haqda düşünməyə dəyməzmi?
Nailə Qasımova
tələbə-teatrşünas
Müəllifin digər yazıları
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açar...
Akademik Milli Dram Teatrı dekabr repertuarı
1 dekabr-“İblis və…”-H.Cavid-19:00
3 dekabr-“Pələng”(A.M.Şərifzadə səhnəsində) “Xeyir xəbər”Sumqayıt Dövlət Dram Teatrının tamaşası Bölgə teatrlar...
Tələsik addımlarla keçir günlərimiz.
Bəli... Həmin gün mən “Qadınım”ı izləməyə tələsirdim. İnsan belədir, hər an nə isə üçün tələsir və zamanın qamçısı altında əzilir. Sahib olduqlarının dəyərin...
Rusiya Dövlət Dumasının deputatları dövlət teatrlarında vahid qiymət sisteminin tətbiqi ilə bağlı təşəbbüslə çıxış ediblər. “İzvestiya” qəzeti onların Rusiyanın baş naziri Mixail Mişustinə göndərdiyi məktuba ist...
Ötən 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin /ADMİU/ 100-illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bununla əlaqədar müxtəlif tədbirlər keçirildi, universitetin əməkdaşlarına fəxri a...
O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir, sanki hər şey dünən olub; təəssüratlar o qədər zəngin, o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə ta indiyə kimi həmin gecə haqqında söz-söhbətlər səngimir...
Xəbər verildiyi kimi Nicat Mirzəzadə Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin edilib.
Qısa arayış: Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət v...
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...