TEATRO

TEATRO

sənət portalı

post-title

Bir rəng içində...

Onun haqqında yazmağı lap çoxdan istəyirdim. Çünki hazırda peşəkar Azərbaycan teatrının ən işlək rəssamlarından, saysız quruluşları ilə seçilənlərindəndir.

Akademik Teatrın repertuarındakı bir çox fundamental səhnə nümunələrinin titul vərəqlərində quruluşçu rəssam kimi Nazim Bəykişiyevin adı yazılır. Bu da o deməkdir ki, o, bir quruluşçu, tərtibatçı rəssam kimi illərdir fasiləsiz, özü də yaradıcılığından zövq ala-ala işləyib.

Yəqin bir neçə dəfə onunla söhbət, yazı cəhdimə də məhz bu fasiləsiz iş tempi mane olub.

Bu dəfə də cari məsələləri bir yana atib onunla ürəkli bir yubiley söhbəti eləmək istəyim baş tutmadı. Səhhətindəki problem və xarakterinə, nə bilmək olar, bəlkə də rəssamlara məxsus susqunluğuna görə ilk və son görüşümüzdə daha çox susmağa üstünlük verdik. Istədim rəngləri, əsərləri, eskizləri, onlara qatdığı duyğuları “danışsın”.

Anadan olmasının 75-ci ildönümündə, özü də peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illiyində onu belə susqun“dindirdim”. Gəl gör ki, o susqunluq nələrdən danışmadı.

... Xalq rəssamı, dövlət mükafatı laureatı, sənətşunas, professor Nazim Zöhrab oğlu Bəykişiyev. 1948-ci ildə Bakıda anadan olub. 1969-cu ildə Ə. Əzimzadə adına rəssamlıq məktəbinin rəngkarlıq bölməsini bitirib. 1975-ci ildə Rusiya Teatr Sənəti Akademiyasının (Moskva, QİTİS) quruluşçu rəssam fakültəsini bitirib. Orada SSRİ xalq artisti Sergey Obraztsovun sinfində oxuyub. Həmin təhsil ocağını bitirdikdən sonra Orconikidze şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam vəzifəsində işləyib. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışıb. 1979-cu ildən SSRİ Rəssamlar, 1980-ci ildən Azərbaycan Teatr Xadimləri  ittifaqlarının üzvüdür.

2002-ci ildə Azərbaycanın Əməkdar, 2006-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. “Qızıl Dərviş”  və “Humay” mükafatları laureatıdır.

Azərbaycanla yanaşı İngiltərə və  Rusiyada fərdi sərgiləri açılıb.

Əsərləri dünyanın bir sıra  sərgilərində nümayiş olunub...

 Adam yox ola biləydi

Bir rəng içində

Ağ bulud üzündə

Düm ağ göyərçin kimi...

Xalq şairi, bənzərsiz şeirlər ustası Vaqif Səmədoğlunun Nazim müəllimə həsr etdiyi poeziya nümunəsindən götürdüyüm bu bir bənd özlüyündə bir rəssam, sənətkar, yaradıcı insan ömrünə nəzər üçün kifayət edir.

Bəli, o, tamamilə haqlıdır. Nazim müəllim özünü, ömrünü, ən gözəl illərini rənglər içində itirib, sonra bambaşqa boyalarda yenidən  zühur edib. O, bu mənada müasir Azərbaycan teatr rəssamlığı və təsviri sənətimizdə özlüyündə bir cığır müəllifidir.

Təsadüfi deyil ki, o sənət aləmində müxtəlif istiqamətlərə maraq göstərən və öz parlaq istedadı və zəhmətsevərliyi ilə vurğunu olduğu peşəsinə bağlı adamdır.

 Biz onu sözsüz ki, əsasən teatr rəssamı kimi tanıyırıq. 2001-ci ildən Akademik Milli Dram Teatrının baş rəssamı kimi məhsuldar fəaliyyəti ilə seçilib.  Ən müxtəlif mövzulu və ağır səhnə əsərlərinin tərtibatını verib. Bu mənada  akademik teatrın səhnəsində uğurla tamaşaya qoyulan H. Cavidin “İblis” və “Afət”i, M. F. Axundzadənin “Lənkəran xanının vəziri”, U. Şekspirin “Hamlet”i,  Elçinin “Qatil”i, J. Koktonun “İnsan səsi”, Mir Cəlalın “Dirilən adam”ı kimi fərqli və fundamental əsərlərin bədii tərtibatı ona məxsusdur.

Onun  səhnə tərtibatı sahəsindəki milli teatr dekorasiya sənətimizə verdiyi böyük töhfələrdir.  Bu mənada rəssamın fərdi üslubu, milli koloriti və yeni dünyagörüşü  ilə fərqlənən  rəngkarlıq əsərləri dünyanın bir çox ölkələrində, nüfuzlu sərgilərdə nümayiş etdirilmişdir.

Hələ  2006-cı ilin sentyabrında Vyananın məşhur Kammeroper Teatrında hazırlanan dahi bəstəkar Üzeyir Hacıbəylinin  “Arşın mal alan” operettasına verdiyi quruluş onun rəssam kimi fərdi üslubunun, musiqili əsərə biçmiş olduğu təsvir zənginliyinin bariz nümunəsidir.

Bundan illər əvvəl – 1984-cü ildə SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun quruluş verdiyi “İblis” tamaşasına verdiyi tərtibata görə Dövlət mükafatına layiq görülən N. Bəykişiyev  öz parlaq istedad və zərif zövqü ilə maraqlı tərtibatçı rəssam kimi daim diqqət mərkəzində olmuşdur.

Işini yalnız bir istiqamət üzrə məhdudlaşdırmayan, yaşı elə də qoca olmayan peşəkar Azərbaycan teatr rəssamlığı və səhnə tərtibatçılarının yetişməsinə də öz töhfələrini verən sənətkar uzun illərdir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

Yaradıcılıq üfüqləri zəngin olan rəssam haqqında danışarkən peşəkar fırça ustalarının da rəylərinə yer vermək yerinə düşərdi.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun təbirincə desək N. Bəykişiyev həm quruluşçu istedadına malik, həm səhnə mədəniyyətini dərindən bilib müasir teatr aləmində baş verənlərin önündə getməyi bacaran müəllifdir.

“Nazim Bəykişiyev səhnə sənəti ilə yanaşı, öz emalatxanasında teatr dünyası ilə çətin uyğunlaşan rəngkar rəssam kimi çalışır və onun elə dərinliklərinə baş vurmuşdur ki, hətta bir müddət teatrdan uzaqlaşmışdır. Biz sərgilərdə N. Bəykişiyevin həm tamaşaçıların, həm də tərifləməyi o qədər də xoşlamayan rəssam həmkarlarının diqqətini özünə cəlb edən istedadlı, rənginə görə çox incə lirik əsərlərini gördük.

O, bütün zamanlarda rəssam adını uca tutmuş, çox dəyərli əsərlər yaratmışdır. Sevinirəm ki, bizlərlə yanaşı geniş tamaşaçı auditoriyası da  onun böyük önəm daşıyan istedadlı səhnə əsərlərini teatrda görmək imkanı qazandı”.

Nazim müəllimi iki müxtəlif janr – teatr və rəssamlıq arasında sülh bağlayan, onların hər hansı birinə xəyanət etməyən, əksinə, hər iki istiqamətin bir-birini tamamlamasında böyük yol qət edən insan kimi də xarakterizə edirlər.

Mərhum rejissor, Xalq artisti, professor Azər Paşa Nemət illər əvvəl rəssamın fərdi sərgisinin açılışında məhz bu məqama – rəssamın teatr sənəti ilə təsviri sənət arasındakı tandeminə diqqət çəkərək onu hər iki sənətin səlahiyyətli nümayəndəsi adlandırmışdır: “Rejissorluqla rəssamlığın bir sıra oxşar, hətta üst-üstə düşən yaradıcılıq səciyyələrini aşkarlamaq mümkündür. Belə ki, hər ikisinin yaradıcılıq məkanı boşluqdur: boş səhnə və boş kətan... Və hər ikisi bu məhsuldar boşluğu bədii təxəyyülündə yaşayan görüntüləri əsərə çevirməyə can atır.  Hər ikisi bu tələbkar boşluğu  öz ruhunda çırpınan duyğu, xəyal, kədər və sevincləri, şübhə və ümidləri ilə  canlandırmaq həvəsi ilə yaşayır. Beləcə hər ikisi bu məsuliyyətli, cazibədar, mürəkkəb, mübarək işi ləyaqətlə yerinə yetirməkdə sənətkarlıq və peşəkarlıq təməllərindən təkan almağa çalışır.

Məndən ötrü Nazim Bəykişiyev  boyakarlığın azadlığını, boyakarlığa isə səhnənin nizamını gətirib. Tam səmimi olaraq onu da vurğulamalıyam ki,  Nazim milli mədəniyyət məkanında ustad sənətkar kimi mövcuddur və yaradıcılığın ən yüksək şərt və tələblərinə cavab verən böyük rəssamdır”.

Uzunmüddətli fəaliyyəti sayəsində Azərbaycan səhnəqrafiya sənətinin inkişafında özünəməxsus yeri olan  N. Bəykişiyevin teatr-dekor sənəti sahəsindəki yaradıcılığı rəssamın  dramaturji əsərin dərin qatlarına  həssaslıqla nüfuz etməsi və ədəbi materialın çox dəqiqliklə yozulması faktları ilə  əlamətdardır.  Dünya və Azərbaycan klassiklərinin fərqli janrlı əsərlərinə, eləcə də müasir teatr estetikasına uyğun səhnə işlərinə verdiyi çoxqatlı tərtibatlar buna əyani sübutdur. O, tablolarında olduğu kimi dekorasiyalarında da Azərbaycan milli koloritini  sərhədsiz, dünyəvi müasirliklə uzlaşdırmağa çalışır.

Teatrşünas, professor İlham Rəhimli onun yaradıcılığını analiz edərkən maraqlı bir məqama diqqət çəkir: “Nazim ilk növbədə tamaşanın ideya-bədii dəyərini, rejissorun ali məqsədini tamaşanın bədii tərtibatında təcəssüm etdirməyə çalışır. Onun tərtibatları tamaşanın obrazı kimi səciyyələnir. Rəssam tamaşanın janrına uyğun olaraq rəng variasiyalarını dəyişir. Bu dəyişmələri və müxtəlifliyi şərti olaraq üç prinsipə bölmək olar: Şux və parlaq rənglər; Sərt və soyuq rənglər; Rəmzi detallar və qarışıq rəng çalarları.

Nazim Bəykişiyev quruluş verdiyi teatrda səhnənin texniki ölçülərini dərindən mənimsəyir. Buna görə də onun tamaşalarında kompozisiya bitkindir. Fəza genişliyində poetik vüsət var. Bir sıra tamaşalarda Nazim Bəykişiyevin tərtibatı ikimərtəbəli olur. Bu iki mərtəbə də çox maraqlı və obrazlı detallarla əlaqələndirilir. Məkanından asılı olmayaraq, onun tərtibatlarında aktyorların sərbəst və məzmunlu davranışları, hadisələrə sərbəst daxil ola bilmələri üçün bitkin şərait var”.

Nazim Bəykişiyev xarakter etibarilə sadə, səmimidir. Əsərlərinə bu yumşaq, zərif detalları da əlavə etməyi bacardığından onun istər mənzərə və fiqurlu kompozisiyalarında, istərsə də səhnə tərtibatlarında bu məqam aydın sezilir. Yetkinlik, daxili nizam, saf ruh, şəxsiyyətin iç dünyası və ətraf mühitlə harmoniyası  səciyyəvi keyfiyyətləri kimi yaradıcılığında da öz əksini tapır.

Rəssamın ən çox sevdiyi rəng ağdır. Bunu istər onun rəngkarlıq nümunələrinə, istərsə də teatr-dekor işlərinə baxarkən aydın sezmək olur. Yaradıcılığında bu rəngin əhəmiyyəti böyükdür.  Gah günəş kimi parlaq və bərq vuran, gah da sonsuzluq qədər qəmli və sirli-sehrli görünən  ağ rəng rəssamın qarşısına qoyduğu məqsəddən asılı olaraq müxtəlif əsərlərində tamamilə fərqli effekt yaradır. Bu isə biz izləyicilər üçün rəssamın əsərlərindən gələn fövqəladə müsbət enerji ilə yanaşı, onun ruhi qatda saflığı ilə rabitəyə maneəsiz keçiddir. Sənətin mövcudluq və təsir gücü də, yəqin, məhz bundadır. Hə, həm də öz daxili dünyasındakı azadlığını böyük sevgi və səxavətlə ifadəsində...

Həmidə Nizamiqızı

 

Load Time (S) : 0.007030