Mesajın müəllifi - Uillem Dafoe, ABŞ
Aktyor, teatr xadimi
Mən, əsasən, kino aktyoru kimi tanınıram, amma köklərim teatra dərindən bağlıdır. 1977-2003-cü illərdə Nyu-Yorkdakı The Performing Garage-da orijinal tamaşalar yaratmış və onlarla dünyanın müxtəlif yerlərində qastrollarda iştirak etmiş Vuster Qrup-un üzvü olmuşam. Həmçinin Riçard Formen, Robert Uilson və Romeo Kasteluççi ilə işləmişəm. Hazırda Venesiya Teatr Bienalesinin bədii rəhbəriyəm. Bu təyinat, dünyada baş verən hadisələr və yenidən teatr fəaliyyətinə qayıtmaq istəyim məndə teatrın unikal gücünə və əhəmiyyətinə böyük inam formalaşdırıb.
Nyu-Yorkda fəaliyyət göstərən teatr şirkəti olan Vuster Qrupda işləməyə başladığım ilk dövrlərdə bəzi tamaşalara seyrçi az gəlirdi. Belə bir qayda vardı ki, əgər tamaşaçı sayı ifaçıların sayından az olardısa, tamaşanı ləğv edə bilərdik. Amma biz heç vaxt belə etmədik. Şirkətin bir çox üzvünün teatr təhsili yox idi. Müxtəlif sahələrdən gələn və teatr yaratmaq üçün bir araya toplaşmış insanlar idilər. “Şou davam etməlidir” - bizim əsas şüarımız deyildi, lakin tamaşaçı ilə görüşümüzü davam etdirmək borcumuzun olduğunu anlayırdıq.
Tez-tez gündüzlər məşq edər, axşam isə materialı prosesdə olan iş kimi tamaşaçıya təqdim edərdik. Bəzən bir tamaşa üzərində illərlə işləyər, bu müddətdə isə əvvəlki tamaşalarla qastrollara çıxaraq özümüzü dolandırardıq. Bir əsər üzərində illərlə işləmək mənim üçün çox vaxt yorucu olurdu və məşqləri darıxdırıcı hesab edirdim. Amma çox az sayda tamaşaçının gəlməsi gördüyümüz işə marağın səviyyəsi barədə sərt bir hökm kimi görünsə də, bu “yarımçıq təqdimatlar” həmişə həyəcanverici idi. Bu isə mənə bir şeyi aydın şəkildə göstərdi: tamaşaçıların sayı nə qədər az olursa-olsun, onların iştirakı teatra məna və həyat verən əsas amildir.
Kazino zalındakı lövhədə yazıldığı kimi: QALİB GƏLMƏK ÜÇÜN HAZIR OLMALISAN. Əvvəlcədən qurulmuş və planlaşdırılmış olsa belə, yaradıcı aktın real vaxtda paylaşılan təcrübəsi hər dəfə fərqli və təkraolunmazdır və heç şəksiz, bu, teatrın ən aşkar gücüdür. Sosial və siyasi baxımdan teatr heç vaxt bu qədər vacib, özümüzü və dünyanı anlamağımız üçün bu qədər həyati əhəmiyyətli olmamışdır.
Hamının gördüyü, lakin dilə gətirmədiyi ən böyük problem yeni texnologiyalar və sosial şəbəkələrdir. Onlar əlaqə vəd etsə də, görünən odur ki, insanları bir-birindən uzaqlaşdıraraq təcrid etmişdir. Sosial media hesablarım olmasa da, hər gün kompüterdən istifadə edirəm. Aktyor kimi özümü quqlda axtarıram. Məlumat üçün süni intellektə də müraciət edirəm. Amma insan ünsiyyətinin cihazlarla əvəz olunma riskini görməmək üçün kor olmaq lazımdır. Texnologiyanın bəzi növləri bizə yaxşı xidmət edə bilər, lakin ünsiyyət şəbəkəsinin o biri ucunda kimin olduğunu bilməmək həqiqət və reallıq böhranını dərinləşdirən çox ciddi problemdir. İnternet suallar yarada bilsə də, çox nadir hallarda teatrın yaratdığı heyrət hissini çatdıra bilir. Bu heyrət diqqətə, iştiraka, ifaçı və respondent arasında spontan əlaqəyə söykənir.
Aktyor və teatr xadimi kimi mən teatrın gücünə inamımı qoruyub saxlayıram. Getdikcə daha çox bölünən, nəzarət altına alınan və zorakılıqla dolu dünyada biz teatr xadimlərinin əsas vəzifəsi teatrın yalnız diqqəti yayındırmaq üçün əyləndirici kommersiya alətinə çevrilməsinin və ya ənənələri kor-koranə qoruyan bir institut kimi donub qalmasının qarşısını almaqdır. Əksinə, onun insanları, icmaları, mədəniyyətləri birləşdirmək gücünü inkişaf etdirmək və hər şeydən əvvəl, hara doğru getdiyimizi sorğulamaq lazımdır…
Böyük teatr bizi düşüncələrimizi sorğulamğa və arzuladığımız şeyləri xəyal etməyə ruhlandırır.
Biz sosial varlıqlarıq və bioloji olaraq dünya ilə qarşılıqlı əlaqə qurmaq üçün proqramlaşdırılmışıq. Hər duyğu orqanı qarşılaşma üçün bir qapıdır və bu görüşlər vasitəsilə kim olduğumuzu daha aydın dərk edirik. Teatr total sənət forması kimi hekayəçilik, estetika, dil, hərəkət, səhnəqrafiya vasitəsilə bizə düyamızın keçmişdə necə olduğunu, indiki halını və gələcəkdə necə ola biləcəyini görməyə imkan verir.
Tərcümə edən: Mina Qurbanova
Müəllifin digər yazıları
Mesajın müəllifi - Uillem Dafoe, ABŞ
Aktyor, teatr xadimi
Mən, əsasən, kino aktyoru kimi tanınıram, amma köklərim teatra dərindən bağlıdır. 1977-2003-cü illərdə Nyu-Yorkdakı The Performing Garage-da orijinal tamaşa...
ABŞ Ədliyyə Nazirliyinin Cefri Epşteyn işi ilə bağlı yayımladığı yeni sənədlər ictimaiyyətdə böyük rezonans doğurdu. Son günlər gündəmi zəbt edən məlum hadisələr qanunvericilik, güc strukturları və cəmiyyət arasındakı mü...
Müraciətin müəllifi: Teodoros TERZOPOULOS, Yunanıstan.
Teatr rejissoru, pedaqoq, müəllif, Attis teatr şirkətinin qurucusu və bədii rəhbəri, Teatr Olimpiadalarının təşəbbüskarı və Beynəlxalq Teatr Olimpiadaları Komitəsinin sədri...
Teatro.az Norveç dramaturqu və yazıçısı Con Fossenin Beynəlxalq Teatr Günü mesajını təqdim edir.
Hər bir insan unikaldır və eyni zamanda, digər insanlar kimidir. Bizim zahiri görünüşümüz, əlbəttə k...
Günün müəyyən saatlarında sosial şəbəkələrdə vaxt keçirmək adi hala çevrilib, çünki bu platformalar bir çox üstünlükləri olmaqla yanaşı, bizə ən son xəbərləri, aktual, trend mövzusu ...
İncəsənət hər zaman mövcud olduğu dövrün və ölkənin sosial-iqtisadi vəziyyətinin, texnoloji inkişafının təsir dairəsində olub və olacaq. İctimai-tarixi proseslər müxtəlif bədii problemlərə fərqli həll yolları göstərən sə...