TEATRO

TEATRO

sənət portalı

post-title

“Bermud üçbucağı”nda – Ayaz Salayev

TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı kinorejissor Ayaz Salayev.

Könül Əliyeva-Cəfərova: Kinonun bu günkü vəziyyətini necə qiymətləndirirsiniz – dünyada və onun bir parçası olan Azərbaycanda? Ümumiyyətlə, Azərbaycan kinosunu dünya kinosunun bir parçası kimi görürsünüzmü?

Ayaz Salayev: Deməzdim ki, müasir dünya kinosu ilə yaxından tanışam, imkan daxilində izləməyə çalışıram. Müasir kino mənə ötən illərin şah əsərləri ilə müqayisədə bir qədər bəsit görünür. Amma mən bunu həm Yer kürəsində baş verən proseslərlə, həm də mədəniyyətin ümumi vəziyyəti ilə əlaqələndirirəm. Dünya kinosunun belə bir dahi sənətkarı var idi – Sergey Eyzenşteyn. Mən doğulmazdan 12 il əvvəl dünyasını dəyişməsinə baxmayaraq, onu özümə müəllim hesab edirəm. O öz yaradıcılığı və nəzəriyyəsi ilə kinonu ümumi tamaşa mədəniyyətinin bir hissəsi kimi gördü, təqdim etdi. Məhz Eyzenşteynin vasitəsiylə kino özünü mədəniyyətin bir parçası kimi dərk etdi. Və mənə təkcə kinoda yox, incəsənətin bütün növlərində özlərini və yaratdığı əsərləri dünya mədəniyyəti kontekstində dərk edən sənətkarlar yaxındır. Mən belələrini sevirəm, belələrinə qibtə edirəm. Sənətkar, o cümlədən rejissor özünün “ilahi missiya”sını dərk etməlidir. Bunu deyəndə mən həm dünya kinosunu, həm də milli kinomuzu nəzərdə tuturam. Amma müasir Azərbaycan kinosuna gələndə mən mütləq bir fikri qətiyyətlə bildirmək istərdim: bizdə çox yalnış bir düşüncə formalaşıb ki, guya Sovet vaxtı filmlər daha səviyyəli idi, nəinki, müstəqillik dövründə. Mən elə düşünmürəm, müstəqillik dönəmində çəkilən filmlər çox fərqləndi, dünyaya çıxdı. Bu mənada, bizdə ciddi bir deqradasiya görmürəm. O ki qaldı mənfi cəhətlərə, mən həm kinomuzun, həm ədəbiyyatımızın bir mənfi cəhətini qeyd etmək istərdim: ciddi müqavimət göstərə bilən, özlərini cəmiyyətdə təsdiq edə bilən qəhrəmanların olmaması. Ən gözəl əsərlərdə belə qəhrəmanlar yazıq, əksər hallarda aldadılmış, nəyinsə qurbanı kimi göstərilir. Nədənsə, milli kinomuzda da sənətkar öz missiyasını yalnız yazıq adamın dərdinə şərik çıxmaq kimi qavrayır. Məncə, bunun səbəbi Azərbaycanın çar Rusiyasının tərkibinə qatılmasıyla bağlıdır. Məsələn, mən Azərbaycan nağıllarını çox sevirəm. Uşaqlıqdan onları oxuyanda sehrli və məncə, əsl milli mentalitetimizi çox gözəl əks etdirən bir aləmə qovuşurdum. Nədənsə, biz bu xətti saxlamadıq, ədəbiyyat və sonradan kino tənqidi realizmin “balaca adam”ına uydu. Və bu günə qədər də bu problem bizim kinoda qalmaqdadır. Məsələn, rus ədəbiyyatını götürsək, orada iki klassika var – milli və bəşəri klassika. Necə ki, bizdə aşıq sənəti və muğam – biri millidir, o biri bəşəri. Məncə, Sovet dövründəki filmlərimizin əksəriyyəti yalnız milli rus mədəniyyətinə qoşula bildi, bəşəri mədəniyyət kontekstinə isə vara bilmədi.

http://teatro.az/wp-content/uploads/2018/05/ayaz2-1024x683.jpg

Dağlar Yusif: Ayaz müəllim, keçənlərdə Bodriyarın “sənətin ölümü haqda” bir əsərini oxudum və düşündüm ki, müasir Azərbaycan kinosu üçün “saf sənət” ölüb və imitasiya ön plana keçib. Bunu hətta dünyaya çıxan bəzi filmlərimizdə də sezmək olar. Məsələn, filmin tematikası adi məişət mövzusudur, amma estetikasında Tarkovskidən, Berqmandan ştrixlər boğazacandır. Yəni bu gün Azərbaycan kinosu hələ də kimlərəsə bənzəməyə çalışır. Bəlkə də bayaq dediyiniz “şah əsərləri dövrü”nə, “bəşəri mədəniyyət”ə çatmaq iddiasından doğur bu şeylər.

A.S: Bilirsiz, heç kimin mənəvi, intellektual haqqı yoxdur, sənətin ölümü haqqında danışmağa. İncəsənət tarixində olub ki, uzun illər durğunluq höküm sürüb, amma yenə dinamika bərpa olunub. Bu gün müasir Azərbaycan kinosunun məhsulu dünya festivallarını gəzir. Bu, Azərbaycan kinosu tarixində yeni mərhələnin başlanğıcı haqqında danışmağa səbəb verir. Amma şəxsən məni kinomuzun sosial problemlərdən bir az yüksəyə qalxa bilməməsi kədərləndirir. Sənətçilər özlərindən böyük qəhrəmanlar yarada bilmirlər, ya da yaratmaq istəmirlər. Bu da məncə, bu adamların mənsub olduğu təbəqələrdən asılıdır, elə təbəqələrdən ki, orada xırda məişət problemlərindən başqa bir şey görməyiblər. Məncə, dünyada müəyyən qüvvələr mövcuddur ki, onlar milli kinematoqrafiyaları öz istədikləri kimi formalaşdırmağa çalışırlar. Bizdən əvvəlki yaradıcı nəsil SSRİ-nin plakatçı sənətindən, konyukturasından bezmişdi. Sonra SSRİ-nin dəmir pərdəsi götürüldü və biz gördük ki, əslində, dünyada da konyuktura var və bu konyuktura da sovet konyukturası kimi çirkindir. Həmin konyukturanın tələblərinə əməl etsən, asanlıqla uğur əldə edə bilərsən. Məsələn, “Artuş və Zaur” əsərini ekranlaşdır, hətta zəif olsa belə, dünyanı gəzəcək. Çünki burda iki mövzu önə çəkilib – pasifizm və eynicinsli nigahlar. Yadımdadır, 1995-ci ildə “Yarasa” filmim Berlində idi və o özəl pula çəkildiyinə görə satılmalı idi. Orada bir tanışım mənə dedi ki, sən o pulu qaytarmaq istəyirsən? Filmi satmaq lazım deyil, başqa bir sənədli film çək ki, Bakıda geyləri necə döyürlər, mən o filmi satım və “Yarasa”ya qoyulan pulu artıqlamasıyla ödəyək.

http://teatro.az/wp-content/uploads/2018/05/ayaz3-e1526390841899-1024x531.jpg

D.Y.: Çəkdiz?

A.S.: Mən belə iyrənc əməl edə bilən adama oxşayıram?! Düzdür, mən pula görə sifarişlə bir neçə sənədli film çəkmişəm. Amma bilirdim ki, birinci, bu, pula görədir, ikinci, orada heç nə mənim mövqeyimə zidd deyil. Bədii kinoya qalanda isə, heç vaxt sənət əsəri çəkməkdən başqa qabağıma heç bir məqsəd qoymuram. Pafoslu səslənsə də, mənim üçün əsl sənət əsəri yaratmaq müqəddəs məsuliyyətdir. O, bir dəfə alına bilər, bir dəfə alınmaya bilər, bu, Allahın işidir. Öz işinə səmimi yanaşan sənətkarlara çox şeyi bağışlamaq olar. Amma sənəti başqa məqsədlər üçün vasitəyə çevirən adamlardan zəhləm gedir, onlara nifrət edirəm!

K.Ə-C.: Bayaq Dağların sualına cavab olaraq dediniz ki, kinonun ölümü ilə bağlı iddialar cəfəngiyyatdır. Amma “Yarasa” filmində əsas ideya “kinonun ölümü”dür.

A.S.: O çoxdan çəkilmiş bir filmdir… yeri gəlmişkən, mən o filmlə gələcəyi gördüm də…

http://teatro.az/wp-content/uploads/2018/05/ayaz4jpg-1024x683.jpg

K.Ə.C.: O filmi çəkdiz və uzun müddət susduz…

A.S.: Böyük rus şairi Zabolotskinin bir sözü var: “Ruh zəhmət çəkməlidir! Gecə-gündüz, gecə-gündüz…” Mən, necə deyərlər, gecə-gündüz zəhmət çəkmədim. Min dənə kənar səbəb gətirə bilərəm, amma yenə də günahı özümdə görürəm. Birinci əsər sadəcə avans kimi verilir insana, hər şey sanki öz-özünə yaranır. Amma ikinci film artıq iradə tələb edir… yəqin, bu iradəni toplaya bilmədim. Yəqin, başqa şeylər haqda fikirləşdim, amma fikirləşməməliydim! Sözün düzü, hazırda siz məni ən intim suala cavab verməyə məcbur etdiniz…

D.Y.: Ayaz müəllim, məncə, Azərbaycan kinosunun və mədəniyyətinin problemi özünü “dünya mədəniyyəti”nin bir hissəsi kimi yox, ÖZÜ kimi dərk etməməsidir.

A.S.: Dünya mədəniyyəti prosesindən kənarda yaşamaq həm cəmiyyət, həm də milli incəsənət üçün çox təhlükəlidir. Yuxarıda dediyim kimi, bizdən elə sizin dediyinizi gözləyirlər…

D.Y.: Bu, ümumiyyətlə, utopik fikirdir: dünya mədəniyyəti. Dünya mədəniyyəti nə deməkdir? Məsələn, Rusiya mədəniyyəti, Amerika mədəniyyəti, Almaniya mədəniyyəti və s. Biz özümüzü dərk edə bilmirik, ona görə, Tarkovskini, Berqmanı, İran kinosunu və s. imitasiya edirik.

A.S.: Niyə utopik fikirdir?! Müasir insana ibtidai insandan fərqli olaraq, dünya çox balaca görünür. İbtidai insan üçün onun mağarası elə bütöv bir dünya idi. Müasir insan isə özünü böyük kainatda Yer kürəsi adlanan balaca bir qayıqda üzən kimi dərk edir. Biz bir çox ümumi problemlərlə, hamıyla birlikdə yaşayırıq. Və bununla bağlı hər bir xalqın qabağında bir tapşırıq dayanıb – Yer kürəsinə, insaniyyətə fayda vermək. Məncə, bu haqda həmin bu xalqların ziyalıları düşünməlidir. Mən tam əminəm ki, həm də Qarabağ məsələsi dünyanın bir çox problemləri ilə kompleks şəkildə həll oluna bilər.

http://teatro.az/wp-content/uploads/2018/05/ayaz5-e1526390974237-1024x481.jpg

D.Y.: Bayaq yüksək sənətdən və sənətçinin “müqəddəs missiyası”ndan danışdız. Amma müsahibələrinizin birində demişdiz ki, çoxlu pulum olsaydı, qətiyyən sənətə xərcləməzdim. Məndə belə bir fikir yarandı ki, Ayaz Salayev heç də özünü, necə deyərlər, “müqəddəs missiya”ya qurban gətirəcək bir insan deyil.

A.S.: Yoox, təbii ki, başqa yol olmasa, xərcləyərəm. Sadəcə demək istəyirəm ki, sənətkara öz sənəti ilə, öz əsərləri ilə pul qazanmağa imkan yaradan cəmiyyət çox xoşbəxt cəmiyyətdir.

K.Ə-C.: Qarabağ problemi haqqında sosial çarx çəkdiniz və bu, ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

A.S.: Nə mənada birmənalı qarşılanmadı?

K.Ə-C.: Yəni, tənqid olundu…

A.S.: Tam birmənalı qarşılandı. Tənqiddə hədəf mən idim, çarxlar deyildi… Ömrümdə birinci dəfə elə şey çəkdim ki, o, tamaşaçıda göz yaşlarına səbəb oldu. Siz nəzərdə tutduğunuz adamlar isə mənim əhatə dairəmdə olan adamlar deyil.

http://teatro.az/wp-content/uploads/2018/05/ayaz6-1024x683.jpg

K.Ə-C.: Sizcə, Qarabağ müharibəsi bir problem kimi kinoda öz realizəsini tapıb?

A.S.: Yox! Əslində, gözəl əsərlər var, məsələn, Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru”, Elçin Musaoğlunun “Nabat” filmi və s. Amma yenə deyirəm, dünya konyukturası ilə Qarabağ səmimiyyəti üst-üstə düşmür. Bəlkə, səhv edirəm, amma şəxsən mən hər hansı bir azərbaycanlının Qarabağ məsələsinə milli mövqedən yox, hardansa, yuxarılardan yanaşmağının, bu məsələnin “işğal” kimi yox, “münaqişə” kimi görməyinin səmimiyyətinə inanmıram. Dünya informasiya məkanı ab-havasında nəsə dəyişməlidir ki, bizim Qarabağ ağrımız başqaları üçün də ağrı olsun.

D.Y.: Nə vaxtsa bu haqda nəsə çəkmək arzunuz olubmu?

A.S.: Olub, ancaq bədii yox, sənədli, salnamə kimi…

K.Ə-C.: Ayaz müəllim, Lars von Triyerin “Antixrist” filmi haqqında danışanda demişdiniz ki, kişi çılpaqlığını sənət əsəri kimi təqdim eləmək üçün rejissor gey olmalıdır…

A.S.: Mütləq! Viskontinin, Pazolininin filmləri… Mikelancelonun “David” əsəri… …o dəqiqə özünü büruzə verir.

http://teatro.az/wp-content/uploads/2018/05/ayaz7-e1526391019168-1024x589.jpg

D.Y.: Hiss edirəm ki, sizdə üçüncü cinsə qarşı çox güclü aqressiya var.

A.S.: Yox, aqressiya yoxdur. Sadəcə, təbliğinin əleyhinəyəm. Gəlin, bir az uzaqdan başlayaq. Tutalım ki, heç Allah yoxdur. Ateizm mövqeyindən biz hər şeyi izah etməli olsaq, nə ilə eləməliyik? Həyatı davam etdirmək qüvvəsi ilə… Məsələn, orqanizm xəstələnəndə özü özünü müdafiə mexanizmi formalaşdırır və başlayır o xəstəliklə mübarizə aparmağa. Cəmiyyətdə də belədir. Peyğəmbərlər gəlir və həmin bu cəmiyyəti iflasdan saxlaya bilən mənəvi paradiqmaları yaradırlar. Niyə görə məhəbbətdən, şəhvani hisslərdən, seksdən böyük hiss yoxdur? Yalnız bundan sonra qadın doğur, əzab çəkir, uşaq böyüdür və s. Əgər bu hissi yaşamasa, heç bir qadın o əziyyətlərə qatlanmaz. Bunu təbiət şirin eləyir. Pişiyin, itin, insanın balası niyə görə insanda məhəmət, sevgi hissi oyadır? Əslində o, eybəcərdir – danışa bilmir, yeriyə bilmir, ağzında dişi yoxdur və s. Təbiət onu belə şirin edir ki, sən onu qoruyasan. Bu baxımdan, eyni cinsin nigahı həyatın davamına gətirmir, axı. Onlar sadəcə, parazitdir. Başqasının doğduğunu götürür.

http://teatro.az/wp-content/uploads/2018/05/Ayaz9-e1526391070699-1024x500.jpg

D.Y.: Triyeri ona görə sevmirsiniz?

A.S.: Yox, Lars von Triyer, mənim aləmimdə, ustaddır, hər şey öz yerindədir, amma baxırsan ki, nəsə çatmır – qanadı yoxdur, çox istedadsız adamdır… Məsələn, “Antixrist”i İranda çək, baxım. Amma oturub tox Danimarkada belə bir film çəkmək heç bir cəsarət tələb eləmir axı…

K.Ə-C.:Ayaz müəllim, uzun illər televiziyada “Retro” verilişinin aparıcısı olmusuz, sonra bir müddət ABA telekanalında “Anlam” verilişini apardınız. Retro teleproqramı, mənə görə, Azərbaycan tamaşaçısında kinoya münasibəti dəyişdi, kinoya sevgini, kino düşüncəsini formalaşdırdı. Niyə indi sizi bu tip layihələrdə görmürük? Halbuki bir toplum olaraq buna çox ehtiyacımız var.

A.S.: Çox sağ olun bu cür düşündüyünüzə görə. Amma gerçəklik onu göstərir ki, televiziyaların buna ehtiyacı yoxdur.

D.Y.: Hauptman deyir ki, Amerikada hər şey var, sənətsəl ruhdan başqa. Mənə görə, sənət yaranmazdan öncə sənət düşüncəsi yaranmalıdır. Ayaz Salayevin də üzərində belə bir vəzifə var idi ki, Azərbaycanda sənət düşüncəsini, konkret kino düşüncəsini yaratsın. Ayaz Salayevsə yazmadı, prosesə girmədi, sanki çəkildi kənara və hər şeyi öz axarına buraxdı. Hesab eləmirsiz ki, siz məsuliyyəti üstünüzdən atdınız, görməli olduğunuz işi görmədiniz?

A.S.: Mən sizinlə razıyam. Eləmədim…

http://teatro.az/wp-content/uploads/2018/05/konul-daglar1-1024x683.jpg

K.Ə-C.: Niyə eləmədiniz?

A.S.: Birincisi, hər şeyi çatdıra bilmədim. Minimum həyat şərtləri buna imkan vermədi, mən o məsələlərin dalınca qaçmalı oldum. Bu baxımdan, sizinlə razıyam. Digər tərəfdən isə, bəlkə də, heç nə eləyə bilməzdim.

D.Y.: Və siz onlarla mübarizə aparmağı lazım bilmədiniz.

A.S.: Bəlkə də aparmalıydım, bəlkə də, siz haqlısınız… Hər halda, bu mənim özüm üçün də mübahisəlidir. Ən azı, deyə bilərəm ki, siz mənə verdiyiniz sual haqqında hər zaman düşünürəm. Bilirsiz necədir, mən 17 yaşımda gözümü Moskva Kinematoqrafiya İnstitutunda açmışam. O mühitdə böyümüşəm. Mən burda başqa mühitin adamıyam, məni başqa mövzular düşündürür. Mənim aləmimdə, kinoşünas, tənqidçi yaşadığı mühitə sıx bağlı olmalıdır – bir mühitin dərdini çəkib, o biri mühitdə yaşaya bilməz.

D.Y.: Yəni bir mühitdə yaşayıb başqasının həsrətini çəkirsiz və ona görə də kinoşünas kimi özünüzü realizə etmək istəmədiniz.

A.S.: Bəli… Rus kino oxucularına deyiləsi daha çox sözüm var, nəinki burada…

K.Ə-C.: Kinoşünas kimi özünüzü realizə eləmədiniz, bəs, kinorejissor kimi necə?

A.S.: Gəlin, kinoşünaslığı tənqiddən ayıraq. Mən burda sizinlə mübahisə edə bilərəm. Kinoşünas kimi mən fəaliyyət göstərirəm. Pedaqoji işlə məşğulam, mənim tələbələrim var, özümü tərifləməyi sevmirəm, amma mən dərs dediyim tələbələrlə dərs demədiyim tələbələr arasında böyük düşüncə fərqi var. Tənqidçi kimi isə, istəmədim – eləmədim.

K.Ə-C.: Rejissurada necə?

A.S.: Eləyirəm. Mən özümü tənqidçi kimi dərk eləmirəm, baxmayaraq ki, yaxşı məqalə də yaza bilirəm. Məndə film çəkməyə böyük istək var. Bunsuz həyat mənim üçün tam mənasızdır. Tam mənasız. Kinoda uğurlu işim olub.

K.Ə-C.: Uğurlu iş deyəndə “Yarasa” filmini nəzərdə tutursunuz?

A.S.: Bəli.

K.Ə-C.: Amma bayaq müasir kinonun problemlərindən danışdıqlarınızı nəzərə alsaq, “Yarasa” filmində qoyulan problem bu gün aktual deyil, film bu gün aktuallığını itirib sizin üçün…

A.S.: Mən elə bir fikir deməmişəm.

K.Ə-C.: “Yarasa” filmi ilə özünüzü kinoda realizə etmiş hesab edirsiniz?

A.S.: Yox. Amma bir fakt var ki, bu filmlə tarixə düşdüm. Yeganə film “Yarasa”dır ki, orta məktəb dərsliyinə düşüb. Tarixi şəxsiyyətlərlə yanaşı, mənim filmimi də öyrədirlər uşaqlara… Müstəqil Azərbaycanın dünyaya çıxan ilk filmi mənim filmimdir. 

http://teatro.az/wp-content/uploads/2018/05/ayaz10jpg-1024x683.jpg

D.Y.: Ayaz müəllim, özünüz haqqında bir pozitiv proqnoz deyin də bizə…

A.S.: Bir dəfə yaxşı bir dərs aldım, yenə də mənə ibrət olmadı. Deməli, “Yarasa” filmi festivalda qran-pri alıb. ANS radiosuna qonaq çağırıblar məni. Düz bir saat filmdən danışmışam, özümü tərifləmişəm (gülür). Aparıcı soruşub, mən cavab vermişəm, “Yarasa” belə… qran-pri elə… filan… Söhbət ancaq pozitivə köklənib. Və birdən öz-özümü tərifləməkdən utandım. Ona görə də, bunu yumşaltmaq üçün bir cümlə işlətdim: düzdür, bu festivallar arasında uğursuzu da oldu. Bu, bir saat ərzində cəmi bircə cümlə idi… Aparıcı söhbəti, bilirsiniz, necə yekunlaşdırdı? Eybi yox, Ayaz müəllim, heç də ruhdan düşməyin (gülüşürük). İndi siz də onun kimi…

K.Ə-C.: Mən belə bir şey hiss elədim ki, siz kinodan küskünsünüz…

A.S.: (təəccüblü) Yox… Niyə ki?

K.Ə-C.: Söhbətimiz ümumi ab-havasından hiss elədim… Həmişə deyirsiniz ki, teatra yad adamsınız. Amma teatrda tamaşa qurmaq istəyinizi bilirəm. Bu ideya kinoya küskün olmağınızdan qaynaqlanmır ki?

A.S.: Yox, yox. Sadəcə, mənə maraqlı oldu. İş ondadır ki, mən iş yerimdə teatrşünaslarla dolu bir otaqda otururam. Onların söhbətlərinə qulaq asırdım, mənə maraqlı gəlirdi. Tamaşa anlayışı haqqında ciddi düşünməyə başladım. Gördüm ki, bizim teatrlarda bəzən tamaşa anlayışı yoxdur, eləcə “aktyorlaşdırılmış söhbət”lər var.

http://teatro.az/wp-content/uploads/2018/05/Ayaz11-1024x623.jpg

K.Ə-C.: Və qərara gəldiniz ki, özünüz bir tamaşa qurub göstərəsiniz – tamaşa o deyil, budur… (gülüşürük)

A.S.: Yox… Ümumiyyətlə, teatrda tamaşa qurmaq fədailikdir – sən əziyyət çək, can qoy və o, həmişəlik itir, məndən fədai çıxmaz (gülür).

K.Ə-C.: Qurmaq istədiyiniz əsər bəllidir?

A.S.: Sözsüz. Elə o əsər məni vadar elədi – Kalderonun “Kabus qadın” əsəri. Tamaşanın varlıq məsələsi, tamaşa anlayış kimi məni daha çox maraqlandırır. Səhnədə hərəkət edən adamlar nə dərəcədə realdır – bax, bu məni narahat edir. Mənim teatrda özümü təsdiq eləmək kimi bəsit iddialarım yoxdur, mən belə yaşamıram, mən başqa cür yaşayıram. Onsuz da bir tamaşanın müəllifi kimi heç kimin yadında qalmayacağam.

D.Y.: Deyirsiniz teatrda peşəkar hesab eləmirsiz özünüzü. Tamam, bəs bir seyrçi kimi, Ayaz Salayevə görə, Azərbaycan teatrında nə çatışmır?

A.S.: Bir tamaşaçı kimi hansı halda teatra gedərdim? Birincisi, hansısa bir tamaşanın səs-küyü olsaydı. İkincisi, müasir dramaturgiya… müasir həyatı əks etdirən tamaşalara gedərəm. Məsələn, Vaqif İbrahimoğlunun tamaşalarında müasir həyat, mikrorayonların panel evlərindəki həyat səhnədə əksini tapırdı. Yeri gəlmişkən, Vaqif İbrahimoğlunun tamaşalarında tamaşa özünü bir anlayış kimi dərk edirdi – teatr şəxsən məni bir tamaşaçı kimi bununla cəlb edə bilər.

http://teatro.az/wp-content/uploads/2018/05/ayaza12-e1526391187568-1024x569.jpg

D.Y.: Sizcə, Kalderonla bugünün reallığına reaksiya verməyi bacaracaqsınız?

A.S.: Çalışaram…

K.Ə-C.: Müsahibələrinizin birində deyirdiniz ki, hər bir sənətkar gördüyü işdə “Həyat özü nədir” sualı ilə həyata toxunmağa çalışır. Ayaz Salayev üçün həyat özü nədir?

A.S.: Həyat naməlum, gələcəyi proqnoza gəlməyən, yaşam təcrübəmizdən üstün, mürəkkəb və maraqlı bir anlayışdır. Əsl sənət əsəri oxucuya, tamaşaçıya o tamaşaçının özünün həyat təcrübəsindən daha üstün bir həyat təcrübəsi bəxş edir. Sənət əsərinin məqsədi də budur. O, göstərir ki, həyat sən düşündüyündən daha mürəkkəbdir.

D.Y.: Ayaz Salayev VQİK-in (Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu) şinelindən çıxa bilib?

A.S.: Əlbəttə. Mənim həyatda ən böyük nailiyyətim 17 yaşımda ora qəbul olmağımdır. Mən Moskva tələbəsiyəm, bu bir anlayışdır. Bu gün məndən soruşsanız, həyatda ən böyük itkilərim, valideynlərimi yox, müəllimlərimi deyərdim. Onlarla danışmağın, dərdimi bölüşməyin elə həsrətindəyəm… Bulqakovun “Köpək ürəyi”əsərinin qəhrəmanı professor Preobrajenski deyir: “Mən, Şarikov yox, Moskva tələbəsiyəm”. Mən bu cümləni çox gözəl, elə bil ki, içəridən duyuram. Məndən soruşsanız, Ayaz Salayev kimdir – mənim cavabım dəqiq olar: mən Moskva tələbəsiyəm.

http://teatro.az/wp-content/uploads/2018/05/ayaz14-e1526391241555-1024x561.jpg

K.Ə-C.: Belə başa düşdüm ki, həyat Ayaz Salayev üçün əzabdır.

A.S.: Axı, məndən niyə görə bədbəxt, cəmiyyətə uyğunlaşa bilməyən, faciəvi bir personaj düzəltmək istəyirsiniz?! Axı niyə görə mənim kimi adamlar bizim cəmiyyətdə faciəvi görünür?! Mən böyük ləzzətlə yaşayıram, yaşamaqdan həzz alıram, ən çox xəstələnməkdən qorxuram, çox yaşamaq istəyirəm, min il…

K.Ə-C.: Ölümdən sonra həyatın olduğuna inanmırsınız. Ona görə də uzun yaşamaq istəyirsiniz…

A.S.: Ona tam inanmağa ruh yüksəkliyim çatmır, sadəcə ümid eləyirəm…

D.Y.: Demişdiniz ki, xoşbəxtlik hər kişinin öz əlindədir. Əgər heç bir xəstəlik olmasa, mən özünü xoşbəxt edə bilməyən kişini anlamıram. Ayaz Salayev özünü xoşbəxt eləyə bilirmi?

A.S.: Yollarını bilirəm…

D.Y.: Yollarını bilirsiniz, bəs özünüzü xoşbəxt eləyə bilmisinizmi?

A.S.: İcazə verin, bu sual haqqında düşünüm…

http://teatro.az/wp-content/uploads/2018/05/Ayaz1-e1526391288507-1024x494.jpg

Foto: Razimə İsmayılova

Load Time (S) : 0.005399