TEATRO

TEATRO

sənət portalı

post-title

“BAXIŞ - 2”dən baxanlar və görünənlər

Builki Milli Teatr Günü ikiqat əlamətdar oldu. Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında qurumun yaranmasının 125-ci ildönümü qeyd edildi. Eyni zamanda, əlamətdar yubiley münasibətilə ittifaqın nəzdində fəaliyyət göstərən rejissor laboratoriyasının təşkil etdiyi martın 6-dan 9-dək davam edən “Baxış - 2” festivalı reallaşdı. Məlumat üçün bildirək ki, “Baxış -1” festivalı 2019-cu ilin oktyabrında keçirilib.
Dörd gün ərzində Az.TXİ-nin Mustafa Mərdanov adına səhnəsində və böyük səhnədə Benkt Alforsun “İllüziyaçılar”, Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanının motivləri əsasında “RaskolnikOFF”, Əziz Nesinin “Bir qadının dueti”, Corc Bayronun “Qabil” pyesi əsasında hazırlanmış “Xülya”, Jan Koktonun “İnsan səsi”, Zəhra Quliyevanın “Lənətlənmiş svastika” və Akyuz Salihin “Qış gecəsi” tamaşaları nümayiş olundu. Martın 8-nə nəzərdə tutulmuş
Slavomir Mrojekin “Karol” tamaşası üzrlü səbəbdən oynanılmadı. Oxucularımıza yalnız baxdığım tamaşalardan bəhs edib təhlillər aparmağa çalışacam.

“İllüziyaçılar”ın gerçəyi

Festivalın ilk tamaşası teatr, teatr aləminin görünən və görünməyən tərəfləri haqqındadır. Tamaşa ilk dəqiqəsindən final səhnəyədək tamaşaçının diqqətini özündə saxlayır. Qocaman teatr aktyoru (Gənc Tamaşaçılar Teatrının aktyoru Kərəm Hadızadə) karyerasının gedişatından narazıdır, üstəlik səhhəti də pisləşib, daha doğrusu, yaxasını bədbin ovqatın əlinə verməsi ucbatından sağlamlığında çox ciddi problemin olmasına tam əmindir. Həkim gözlədiyi anda
kasıb, baxımsız evinə gənc bir qız olan dramaturq (Gənc Tamaşaçılar Teatrının aktrisası Zümrüd Quliyeva) gəlib çıxır, qocaman aktyor onunla görüşməli olduğunu az qala unudubmuş. Onun yazdığı pyes kişi-qadın münasibətlərindən bəhs edir. Və son dərəcə tünd boyalarla işlənib. Gənc dramaturq pyesini qocaman aktyora oxuyur (çünki aktyor özü pyes kimi çətin janrı mütaliə etməyə hövsələsi çatmadığını deyib bunu müəllifin öhdəsinə buraxır), sözarası aktyor
yaradıcılıq taleyindən gileylənir, qız macal tapıb evdə yır-yığış edir, aktyorun özündən bədgümanlığının əsassız olduğunu ona çatdırmağa və şəxsi həyatı haqqında nələrsə öyrənməyə çalışır. Lakin aktyor şəxsi həyatı barəsində danışmaq istəyindən hələ ki çox uzaqdır. Tamaşa bitəndən sonra özü də aktrisa olan zaldakı tamaşaçılardan biri ədəbi materialın yaxşı olduğu təqdirdə rejissor və aktyorlar üçün tamaşanı ərsəyə gətirməyin asanlığını qeyd etdi.
Deməzdim. Çünki dəfələrlə olub ki, mükəmməl pyes və ya qeyri-dram janrında qələmə alınmış bitkin bir əsər səhnədə öz inikasını tapmayıb – ya illüstrasiya kimi qalıb, ya da deklamasiya aktından uzağa gedə bilməyib... Birinci halda ön planda quru təsvirlər, cansız portret cizgiləri, ikinci halda isə əsərin mətni baş qəhrəmana çevrilib - hər iki halda bu və ya digər anlamda ön planda ədəbi mətn olub, onun teatr quruluşu yox. Ona görə yaxşı ədəbi material
hələ yaxşı tamaşa demək deyil.
“İllüziyaçılar”la belə olmadı – quruluşçu rejissor da (Gənc Tamaşaçılar Teatrının aktyoru Müşfiq Əliyev), aktyorlar da əsərlə sadəcə tanış olub mətnlərini əzbərləməyiblər, oxuyub, dərk edib, duyğu və düşüncə süzgəclərindən keçiriblər, süjetin gözlənilməzlik effekti tamamilə qorunub-saxlanılıb – gənc dramaturqun qocaman aktyorun qızı olduğu aşkarlanan səhnənin duyğusallığı da bayağı sentimentallığa yuvarlanmır. Və bütün bu müvafiqliklər, müqabilliklər düzgün musiqi həllini də tapmışdı (musiqi tərtibatçısı Zaur Rəşidov). Bircə həkim rolunda çıxış edən əməkdar artist Elnur Hüseynovun oyununda bu təəssüratı azaldan elementlər var idi.

“Qabil”in İblis “Xülya”sı

Yarımbaşlığı yazanda düşündüm ki, tamaşanın adını bu cür də qoymaq olardı. Gənc Tamaşaçılar Teatrının aktrisası, ixtisasca rejissor olan Səbinə Məmmədova ingilis ədəbiyyatının romantizm cərəyanının ən parlaq nümayəndəsi Çarlz Qordon Bayronun (1788-1824) “İncil” motivlərindən qaynaqlanan “Kain” (“Qabil”) mənzum dramının bir hissəsinə quruluş verib. Əsərin bu səhnəsində cənnətin yaxınlığında məskunlaşmış ilk bəşər övladlarının - Adəmin, Həvvaın, onların övladları Qabilin, Habilin, Adanın və Sellanın Tanrıya sitayiş vaxtı Qabilin qəlbinə və beyninə hakim kəsilmiş şübhə, sual, hər nəsnənin, hər mətləbin kökünə, dərinliyinə, əsl məğzinə varmaq ovqatına qərq olub tək qalaraq İblislə görüşü səhnəsi təsvir edilib. İfaçılardan biri kimi rejissorun kiçikyaşlı qızı da tamaşanın iştirakçısı idi - əvvəl əlində bir yığın şam girişdə dayanıb tamaşaçıları qarşılamaqla, onlara şam götürməyi təklif etməklə, final səhnəsində isə “Qur`ani-Kərim”dən ayə oxuyaraq... Bəri başdan qeyd edim ki, festivalın proqramında süjetində əvvəl xristian dininin, sonra isə islam dininin təzahürləri olan, bunları mövzunun kontekstinə daxil edə bilməyən daha bir tamaşa oynanıldı. Doğrusu, bu yanaşmanı o qədər də məqbul saya bilmərəm – məkan teatr tamaşaları festivalıdırsa dini çağırışlar və ya xristian dinindən bəhs edilməyə davamında islam dinindən bəhs etməklə bəraət qazandırmaq kimi əhvallar qəribə görünür, az-çox var olan yaradıcı, bədii interpretasiyanı da zəiflədir, təkrar edirəm: kontekst kənarda qalıb, onunla həmahənğ olsaydı bu qeyd olmazdı.
Qayıdaq tamaşanın özünə. Səhnədə sonadək bir Qabildir, bir də İblis. Aradabir ekranda II Dünya Müharibəsinin dəhşətlərini əks etdirən videoxronika göstərilir. Və İblis Qabilin həyat, dünya, ölüm haqqındakı suallarını cavablandırır, onu özününkü sayır, Allahın mömin bəndəsi hər nəsnə ilə bu dərəcədə maraqlanıb bir belə sual verə bilməz. Qabil rolunun ifaçısının (“Səhnə” teatrının aktyoru Elçin Əmirov) səhnədə özünü daha rahat hiss etməsi nəzərdən qaçmır - gənc aktyor vurnuxmaq, çabalamaq kimi ziyanlı vərdişlərdən xalidir. Onun bir aktyor kimi
öyrənməli olduğu hələ çox şey var. Və sadalanan vərdişlərdən xali olması öyrənəcəklərini yerli-yerində istifadə edəcəyi əminliyini yaradır.
İblis obrazının ifaçısı Beyrək Rüstəmzadə tərəf-müqabilindən çox fərqlənir, hətta onun tam əksidir, bilik və bacarıqlarını təhlil və səfərbər edib optimallaşdırmalıdır. Üstəlik bu festivalda onun amplua çərçivəsinə düşmək təhlükəsi yaranmışdı (bu barədə bir qədər sonra).

“İnsan səsi” duyuldumu?

Bəli, duyuldu. Fransa sürrealizminin nümayəndəsi Jan Koktonun 1928-ci ildə qələmə aldığı və 1930-cu ildən bəri səhnələrdən, ekranlardan əskik olmayan bu pyesi aktrisaların təkidli xahişi ilə yazılıb; onlar Koktonun əsərlərində əsas sözün ssenariçiyə və ya rejissora aid olmasından narazılıqlarını bildirərək belə halda aktyorun, aktrisanın öz bacarığını ifadə etmək imkanının daraldığından gileyləniblərmiş... Beləliklə, bir aktrisa üçün nəzərdə tutulmuş “İnsan səsi”
monopyesi meydana gəlib.
“Baxış – 2” festivalında rejissoru və səhnə tərtibatçısı Gənc Tamaşaçılar Teatrının aktyoru Elgün Yəhyayev, ifaçısı Gənc Tamaşaçılar Teatrının aktrisası Könül Əbil olan tamaşa emosiya bolluğu ilə yadda qaldı. Hətta deyərdim ki, aktrisa aşırı dərəcədə enerji, emosiya sərf etdi. İfa etdiyi personajı sevdiyi və anladığı üçün tamaşaçının nəinki Koktonun beş ildən bəri sevgili olduğu əks cinsin nümayəndəsindən dönüklük, xəyanət görən Qadına, aktrisanın özünə də ürəyi yandı. Tamaşanın seyri rejissor-aktyor anlaşması təəssüratı ilə məhdudlaşmadı; aktrisanın oyunundakı
səliqə, özünə, müəllifə, rejissora, tamaşaçıya hörmət hissi ehtiraslı, sarsıntılı, hətta açıq-saçıq səhnələrin estetikasını təmin etdi.

Hitler, şaman ritmləri,
İncil və Qur`ani-Kərim

Zəhra Quliyevanın müəllifi və rejissoru olduğu “Lənətlənmiş svastika” tamaşası İttifaqın böyük səhnəsində oynanıldı (buna qədər haqqında bəhs edilən tamaşalar Mustafa Mərdanov səhnəsində oynanılmışdı). Müəllif və rejissor mövzu haqqında məlumatlı olsa da, onu səhmanlayıb quruluş verməkdə çətinlik çəkdiyi əsərin əvvəlindən hiss edildi - ilk beş dəqiqəni İncildən kəlamların lent yazısı ilə başlayıb son beş dəqiqəni Qurani-Kərimdən ayənin lent yazısı ilə tamamlayan tamaşa bunların arasındakı yeknəsəkliyin yoruculuğu ilə yadda qaldı. Yeganə - Adolf Hitlerin (Beyrək
Rüstəmzadə) daxili səsinimi, ikinci “mən”inimi, o dünyanın təmsilçisinimi canlandıran Vasif Vaqif adlı gənc aktyorun oyunu vəziyyəti bir qədər xilas etmiş oldu.
Tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxan və Avrasiya, Afrika, Kolumba qədərki Amerika mədəniyyətlərində rast gəlinən svastika xoş məramların ifadəçisi kimi meydana gəlib, hər halda sanskrit dilindən tərcümədə bu söz “yaxşı, xoşbəxt və sağlam olmaq” mənalarını verir. Lənətlənməsi isə XIX yüzilliyin sonunda ariyan irqinin rəmzi sayılanda baş
verib. “Lənətlənmiş svastika” tamaşasının məramı aydın deyil – müəllif və rejissorun niyyəti svastikanın tarixini vərəqləyib təəssübünü çəkməkdirmi, yoxsa, Hitlerin islaholunmaz, üzdəniraq obrazının daha bir versiyasına müəlliflik etməkdirmi?.. Təəssüf ki, iki fabula bir-birinə anlaşılmaz şəkildə qarışdığından heç birinin yozumu alınmadı. Halbuki fabulaların hər ikisi kifayət qədər aktualdır. Və daha diqqətli yanaşmada, daha hərtərəfli baxışda səsləşmə baş verə
bilərdi. Yaxud mövzulardan yalnız birinin üzərində işləmək olardı.

Bağlanış və Milli
Teatr Günü

Festivalın bağlanış mərasimi və Milli Teatr Gününün yekununda oynanılan İttifaqın Gənclər sektorunun “Təklif” tamaşası A.P.Çexovun eyniadlı birhissəli zarafatının musiqi ilə zəngin, çevik, ritmli, şux əhvallı səhnə əsəri idi. Çubukov rolunda “YUĞ” Dövlət Teatrının aktyoru Qasım Nağı, Lomov rolunda Abdulla Elşadlı, Natalya rolunda Nərmin Xankişiyeva çıxış edirdilər. Və qeyd edilməlidir ki, Natalya Çubukova obrazının ifaçısı Milli Teatr Gününün 149-cu ildönümünün kəşfi kimi özünü göstərə bildi – gənc aktrisanın, daha doğrusu, ixtisasca musiqili teatr rejissoru olan N.Xankişiyevanın özünə inamı, səhnədə özünü kənardan görmək bacarığı, əsərin müəllifinə, əsərdəki hadisənin baş verdiyi dövrə və məkana bələdliliyi, canlandırdığı qəhrəmanla anlaşma bacarığı onu tamaşanın favoritinə çevirdi.

Yaşasın Teatr!

Rejissor laboratoriyasının rəhbəri Bəhram Osmanovun qeyd etdiyi kimi, laboratoriya yenicə fəaliyyətə başlayanda maraq göstərənlərin sayı həddindən artıq çox olub, hətta ixtisası texniki və dəqiq elmlər sahələrinə aid olan şəxslər də həm aktyor, həm də rejissor laboratoriyalarında özlərini sınamaq istəyiblər. Lakin yalnız səkkiz nəfər bu sənətdə özünü tapa bilib.
İnsanların teatra belə gur marağı çox sevindiricidir. Demək ki, Atatürkün təbirincə desək, “əqlin aynasına”, Mayakovskinin baxış bucağından baxsaq, “böyüdücü şüşəyə” baxmaqdan çəkinməyənlərin cəmiyyətində yaşayırıq.
Və bu hər hansı dəyərə sığmayan dəyərdir.

Samirə Behbudqızı
“Mədəniyyət/Culture” jurnalı

 

Load Time (S) : 0.005729