Teatro

yüklənir...

TEATRO

TEATRO

sənət portalı

post-title

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı - 100

Səməd Vurğun adına Azərbaycan Dövlət 

Akademik Rus Dram Teatrının direktoru

Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevə,

Baş rejissor, Xalq artisti Aleksandr Şarovskiyə

 

Hörmətli Ədalət müəllim və Aleksandr Yakovleviç!

20 dekabr 2020-ci tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 yaşı tamam olur. Bu tarix təkcə sizin teatrın deyil, bütövlükdə Azərbaycanın müasir mədəniyyət tarixində əlamətdar bir hadisədir.

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 100 illik yubileyinə şərəfli tarixi yol keçərək gəlib çatıb. Dövlət Azad Tənqid və Təbliğ Teatrı adı ilə yaradılan səhnə ocağı, 1923-cü ildə Bakı Dövlət Rus İşçi Teatrı, 1937-ci ildə Azərbaycan Dövlət Qırmızı bayraqlı Rus Dram Teatrı, 1956-cı ildən etibarən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı kimi fəaliyyətini davam etdirib, 2019-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə Akademik statusuna layiq görülüb. 

Yarandığı gündən tamaşaçıların sevimli məkanına çevrilən Teatr Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirak edib. Fədakar səhnə xadimlərinin əməyi, yaradıcılığı sayəsində truppa böyük uğurlar qazanıb. D.Qutman, A.İvanov, S.Mayorov, A.Ridal, A.Tuqanov, Y.Yaroslavski, K.Stepanov-Kolosov və b. rus rejissorları, İ.Hidayətzadə, M.Haşımov, M.Məmmədov, G.Güləhmədova, C.Səlimova kimi milli rejissorlar öz tamaşalrı ilə Azərbaycan teatrının inkişafında mühüm rol oynayıblar. Teatr öz aktyor truppası ilə də həmişə seçilib. P.Yudin, K.Myakişev, V.Şirye, K.Adamov, T.Tumarkina, A.Falkoviç, R.Ginzburq, N.Şaşıqoğlu, M.Dadaşov, F.Poladov Y.Baliyev və b. görkəmli sənətkarların yaratdığı obrazlar tamaşaçıların yaddaşına yazılıb. Bu gün truppada yer alan M.Yegizarov, L.Duxovnaya, M.Məhərrəmov, S.Mirzəhəsənov, R.Əmirbəyova, N.Şarovskaya, A.Mirqasımova və müxtəlif nəslə mənsub başqa aktyorlar A.Şarovski, İ.Tağızadə və başqa rejissorların cəsarətli quruluşlarında qoyulan ən mürəkkəb əsərlərdə maraqlı rollar ifa edirlər.

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı həm kollektivi, həm də yaradıcılığı ilə Azərbaycanda tarixi ənənələrə malik multikulturalizmin, tolerantlığın, beynəlmiləlçiliyin nümunəsi və daşıyıcısıdır. Kollektivdə ölkəmizdə yaşayan demək olar ki, bütün xalqların nümayəndələri təmsil olunur. Dünyanın, Rusiya və Azərbaycanın klassik və müasir dramaturqlarının ən gözəl əsərləri teatrın repertuarını bəzəyir. Teatr hər zaman Azərbaycan milli dramaturgiyasının rusdilli auditoriyaya çatdırılmasına və təbliğinə xüsusi önəm verir.

Çox əlamətdardır ki, Teatrın 100 illik yubileyi xalqımızın, müzəffər ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ torpaqlarının işğaldan azad olunması sevincini bizə yaşatdığı, Zəfər bayramını qeyd etdiyimiz günlərə təsadüf edir. Bu Qələbədə bütün Azərbaycan xalqı kimi S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı kollektivinin də öz payı var. Dünyanı bürüyən COVİD-19 pandemiyası səbəbindən Teatrın 100 yaşı təntənəli qeyd oluna bilməsə də Zəfər bayramı ilə üst-üstə düşməsi bu yubileyə xüsusi status verir və sevincini ikiqat artırır. 

Hörmətli Ədalət müəllim və Aleksandr Yakovleviç!

Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutnun “Teatr, kino və televiziya” şöbəsinin əməkdaşları və şəxsən öz adımdan, Sizin şəxsinizdə bütün kollektivinizi Teatrın 100 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, artıq ikinci yüzildə hamınıza can sağlığı, gözəl tamaşalar və tezliklə canlı tamaşaçı alqışları arzulayıram!

 

Hörmətlə,   

Vidadi Qafarov

AMEA Memarlıq və İncəsənət İnstitutu 

“Teatr, kino və televiziya” şöbəsinin müdiri, 

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent