TEATRO

TEATRO

sənət portalı

post-title

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart - Milli Teatr Günü və 27 Mart - Beynəlxalq Teatr Gününə həsr olunmuş “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək. 

Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin, eləcə də xarici ölkə universitetlərinin bakalavr və magistr tələbələri iştirak edə bilər.

“Teatr 2.0” anlayışı Web 2.0 düşüncə modelinin teatr sənətindəki analoqu kimi nəzərdə tutulur. Web 2.0 internet mühitində istifadəçini passiv informasiyanın istehlakçısından aktiv məzmun yaradıcısına çevirdiyi kimi, Teatr 2.0 da klassik teatr modelini yenidən quraraq, tamaşaçı, performer və texnologiya arasında interaktiv münasibət yaradır.

Teatr bir tərəfdən canlı insan təcrübəsinə, emosional rezonansa və paylaşım hissinə – ruha, digər tərəfdən isə dramaturji struktur, rəqəmsal mühit, texnoloji mexanizmlər və alqoritmik düşüncəyə – koda əsaslanır. Süni intellekt və rəqəmsal texnologiyalar teatrın mahiyyətini əvəz etmir, əksinə, onun ifadə imkanlarını genişləndirərək yeni teatr dili formalaşdırır.

Beləliklə, Teatr 2.0 teatrın rəqəmsal erada öz canlılığını necə qoruduğunu, insan amili ilə texnoloji strukturlar arasında hansı tarazlığı qurduğunu anlamaq üçün konseptual çərçivə yaradır. “Ruh və kod” anlayışları isə bu yeni teatr təfəkkürünün əsas açarları kimi çıxış edir.

Konfransın əsas məqsədi tələbələri “Teatr 2.0: Ruh və kod” mövzusu ətrafında birləşdirərək vahid elmi problem üzərində düşünməyə, mövcud yanaşmalara münasibət bildirməyə və müzakirəyə cəlb etməkdir. Bununla yanaşı, fənlərarası inteqrasiyanı təşviq etmək, tələbələrdə elmi-nəzəri təfəkkürü və yaradıcı düşüncəni inkişaf etdirmək, onların tədqiqatçılıq bacarıqlarının formalaşmasına dəstək vermək hədəflənir.

 

Konfrans aşağıdakı istiqamətləri əhatə edir:

  1. Teatrın rəqəmsal transformasiyası;
  2. Müasir teatrda interaktivlik;
  3. Mətn və hipermətn: rəqəmsal dramaturgiya;
  4. Hibrid teatr;
  5. Teatr və yeni media;
  6. Çağdaş teatrda işıq, musiqi və səhnə dizaynı;
  7. Tamaşaçı, PR və rəqəmsal kommunikasiya;
  8. Teatr və süni intellekt;
  9. Ənənəvi teatr və ya irəli - keçmişə doğru.

ADMİU-nun əsas binasında, Elmi şura otağında 12 mart 2026-cı il tarixində keçiriləcək konfrans saat 11:00-da başlayacaq.

Qeyd: Hibrid formada təşkil ediləcək konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir. Konfransa qatılmaq istəyən tələbə və magistrlər 4-7 səhifə həcmində məruzələrini elektron mətn şəklində (A4 ölçü vərəqi, 14 ölçü, Arial şrift, 1,5 interval) 2 mart 2026-cı il tarixinə qədər konfrans@admiu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: 051 689 26 88 Qönçə Firudinli

          077 606 03 93 Elçin Cəfərov