TEATRO

TEATRO

sənət portalı

post-title

Azər Paşa Nemətov: “Buranı karvansaraya çevirməyə icazə vermərəm...”

Bu gün Azərbaycan teatrının 147 yaşı tamam olur. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər - direktoru Xalq artisti, professor Azər Paşa Nemətovla Lent.az -da teatrın bu günündən danışdıq.

 

- 147 yaşlı Azərbaycan teatrının bugünkü mənzərəsi sizin nəzərinizdən necə görünür?

- Rahat, asan yol keçməyib Azərbaycan teatrı. Ağır, çətin, enişli-yoxuşlu, amma şərəfli yollardan keçib. Bu yolda inqilab görüb, müharibə görüb, müstəqilliyə gəlib çıxıb. Teatr işçilərindən repressiyaya düşənlər də olub, müharibələrdə ölənlər də, veteran olan da. Təbii ki, cəmiyyətdə baş verənlər teatrda öz əksini tapıb.

- Yəni, zamanının güzgüsü olub deyirsiniz. İndi də o funksiyanı yerinə yetirə bilirmi teatrımız?

- Güzgüsü deyəndə ki, salnaməsini yaradır. Teatr cəmiyyətin də, özünün də salnaməsini yaradır. Şekspir necə deyib: “aktyorlar dövrümüzün salnaməsini yazan insanlardı”. Cəmiyyət yaxşı yaşayacaqsa, teatr da yaşayacaq, yaradacaq, cəmiyyət pis vəziyyətdədirsə, teatr da o vəziyyətdə olacaq.

- Belə çıxır ki, teatr güzgü deyil, cəmiyyətlə teatr əslində bir-birini əks etdirirsə...

- Yox, bir-birini əks etdirmir, cəmiyyət necədirsə, teatr da o cürdür. Azərbaycan teatrı yaxın şərqdə ilk teatrdır. Düzdür, gürcülərdə də var idi, amma müsəlman dünyasında dövlət statusu alan ilk teatrdır.

- Dövlət statusu teatrda hökmən olmalıdırmı?

- Baxır cəmiyyətlərə. Cürbəcür ölkələrdə, cəmiyyətlərdə cürbəcürdür. Kral statuslu, prezident statuslu, dövlət statuslu teatrlar var. Bələdiyyə də var, bizə yaxın Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin teatrı var.

- Hər hansı statusu olmaq teatrı asılı vəziyyətə salmır ki?

- Yox. Teatr incəsənətin ən geniş, ən çətin növüdür. Burda incəsənətin bütün başqa qolları toplanıb, hamısı var teatrda. Texnika da burdadır. Aktyor, rejissor, butafor, dərzi, işıqçı və sair. Bunların hamısını idarə etmək lazımdır. Ötən ilki texnika bu il köhnədir artıq. İndinin özündə başqa ölkələrdə teatr tamam asılıdır. Teatrlara plan qoyulur, dövlət maaş verir, bəzilərində başqa xərcləri də ödəyir, amma teatr özü qazandığı halda onları silirlər, yerdə qalan teatrın gəliri olur.

- Sizin teatrda necədir?

- Bizdə dövlət yalnız maaş verir, qalan bütün xərclər teatrın öz boynundadır. Aktyor bilir ki, maaş alacaq, dövlətin ona qayğısı var. Teatrın işıq pulu, sərinlik, istilik, təmizlik, dezinfeksiya, ümumiyyətlə, qalan bütün xərcləri teatr özü ödəyir. Bunları ödəməsə, yaşaya bilmir teatr. Əvvəl borcları vardı, indi hamısı ödənib. Həm borclar ödənib, həm də teatrın gəliri artıb.

- Necə olub, tamaşaçı artıb?

- Həm artıb, həm də tamaşaçı maraqlanır. Fərəhlə deyirəm ki, tamaşalarımız maraqla qarşılanır.

- Əsəri tamaşaya hazırlayanda tamaşaçının tələbatı nəzərə alınır, yoxsa dövlət teatrı başqa nüansları da düşünməlidir?

- Teatr yaradıcı təşkilatdır, yalnız yaradıcılıq nəzərindən yanaşır. Leonardo da Vinçi nə isə hazırlayanda kiminsə xoşuna gəlib-gəlməyəcəyini düşünməyib. Yaradıb qoyub, əsirlərlə yaşayır yaratdıqları. Kimlərinsə xoşuna gəlib, kimlərinsə yox. Yenə yaşayır. Sənət hamı üçün eyni ola bilməz. Tamaşaçının da öz biliyi, səviyyəsi, zövqü var. Hər tamaşaçının zövqünə uyğun da sənət olmalıdır. “Yaşar” tamaşasının premyerasında keçiddə ayaq üstündə durub tamaşanı izləyirdim. Mən rahat oturub baxa bilmirəm premyeralara, ümumiyyətlə, tamaşalara ayaq üstündə baxıram. Gördüm, iki qadın tamaşaçı öz aralarında danışır. Pərdə açılanda orda şüşə dekorasiyaları gördülər, deyindilər ki, bu nədir, belə Cabbarlı olar, mən Cabbarlıya baxmağa gəlmişəm. Tamaşanın sonunda ən çox “bravo” qışqırıb alqışlayan həmin iki qadın idi. Sonda mənə yaxınlaşıb təşəkkür də etdilər. Dedim bəs, əvvəldə deyirdiniz bu Cabbarlı deyil. Dedilər, biz bilmədik belə gözəl tamaşa olacaq, Cabbarlı elə budur, əslində. Bilməzdik, buna belə yanaşma olar. Bu məni sevindirir, bu qiymət mənim çalışdığım teatra, bizim kollektivə verilir.

- Son vaxtlar daha çox klassikaya müraciət edilir, yeni əsər yoxdur?

- Niyə elə deyirsiniz? Klassika ona görə klassikadır ki, o, həm də müasirdir. Yubileylərilə bağlı sərəncam verilir, biz də əsərlərini hazırlayırıq səhnədə.

- Sözümün canı var. Sizə qədər rəhbərlik klassik əsərləri, məsələn, elə “Dəli yığıncağı”nı hazırlamağa cəsarət etmirdilər ki, aktyor kollektivi onu oynayacaq səviyyədə deyil. İndi o səviyyədədir?

- Oynadılar ki. Yuri Polyakovun “Sinif yoldaşları”nı da hazırladıq. Müəllif özü də premyeraya gəldi. Gedib yazmışdı ki, 30 teatrda qoyulub əsərim, bu cür oxunuş, yanaşma, rakurs görməmişdim. Gürcüstanda da, Türkiyədə, Bolqarıstanda da eyni məhəbbətlə qarşılanmışıq. Deməli, nə isə maraqlı hərəkət var teatrda ki, o biri ölkələrin rəhbərləri bizi öz ölkələrində görmək istəyirlər.

- Tərifləyirsiniz, amma narazılıqlar da olmamış deyil?

- Məsələn?

- Gənclərə sərbəstlik vermirsiniz, sərhəd qoyursunuz, tamaşa qoymalarına şərait yaratmırsınız?

- Bu bazar deyil, küçə deyil. Mən gənc olanda heç teatrın səkisindən keçə bilmirdim. Gənclər də işləyir burda, gənc rejissorlar da. Gördükləri işə baxırıq, yaxşı olsa, niyə yol açmırıq axı?

- Sadəcə seçirsiniz?

- Seçim həmişə olmalıdır. Hər teatr rəhbəri öz teatrına uyğun iş seçməlidir. O biri teatrlar özləri bilərlər. 24 yaşımda mən Rusiyada tanınmış rejissor idim. 28 yaşımda İngiltərədə festivalın sədri olmuşam.

- Sizə o imkan yaradılıb, sizin o vaxtkı yaşınızda olan indiki gənclər niyə İngiltərəyə festivala gedib çıxa bilmir?

- Mən nə bilim, savadlanmaq lazımdır. İndi daha rahatdır. Mənim dövrümdə hardasa tamaşaya baxmaq üçün getməli idin həmin ölkəyə. İndi hamısı internetdə. Bu o demək deyil ki, internetdən götürüb burda qoyasan onu, yox, özününkünü hazırlamalısan. Mənim başımı sığallayan olmayıb, özüm öz üzərimdə işləmişəm, indi də işləyirəm, heç kimə də borcum yoxdur. Məsuliyyət hissim olub, həyatım elə də davam edir.

- Deyirsiniz, bütün tamaşalara baxırsınız, son vaxtlar olubmu ki, xoşunuza gəlməyib bağlamısınız tamaşanı?

- Olub. Bir ilə yaxın üstündə işlənilən tamaşaya baxdım, bir dəfə dedim, iki dəfə dedim belə yox, belə, gördüm eşitmir, götürdüm bağladım.

- Bəlkə, narazılıq bundan yaranır. Bəlkə, sizin bəyənmədiyiniz tamaşanı tamaşaçı bəyənəcəkdi?

- Bəyənmiyəcəkdi.

- Tamaşaçının zövqündən çıxış edirsiniz?

- Yox, öz zövqümdən. Tamaşaçı məni qınayacaq axı, deyəcək bunun gözü hara baxır. İndi həmin tamaşa başqa quruluşda, tamam başqa rejissorla, aktyorlarla gedir səhnədə. Görəndə ki, iş getmir, özüm kömək edirəm. Özüm müəllim kimi, ustad kimi, həmkar kimi, dost kimi kömək edirəm. Biz mədəniyyət adamları qohum kimiyik. Çalışıram kömək edim başa düşənə, başa düşməyəndə dönüb gedirəm.

- Ehtiyat etmirsinizmi ki, bəlkə, sizin istiqamət verməyiniz bütün tamaşalarda eyni dəsti-xəttə və nəticədə monotonluğa gətirib çıxardar?

- Teatra gələn bədii rəhbər istiqaməti, yolu dəyişir və bunun özü rəngarənglikdir. Elə deyil, elə şey yoxdur. Janr var, ayrı-ayrı əsərlər var. Teatrın başqa qanunları var. Bunları bilməlisən. Əgər bunları bilmirsənsə, sənin qoyduğun tamaşa monoton olacaq. Mən özümü müasir, gənc düşüncəli sənətçi hesab edirəm. Heç kim üçün bu teatrın qapısı bağlı deyil, amma buranı karvansaraya çevirməyə də icazə vermərəm. Bu, dövlət teatrıdır. Dövlətin himayəsindədir. Biz hər yerdə tanıyırlar. Ötən il dörd ölkədə olduq, maraqla qarşılandıq. Yalan deyil, hamısı lentə çəkilib gətirilib. Teatrda indi video arxiv var, hər şey çəkilir. Sabah elmi iş yazan kimsə bu arxivdən yararlana bilər.

Rejissorun teatrda mövqeyi çox yüksək olmalıdır. Aktyor rejissordan artıq maaş alırdı. Rejissorsuz teatr olmaz. Nə isə düzgün qurulmamışdı. Aktyorla rejissor eyni səviyyədə yük daşıyır. Teatrı eləmişdilər direktor teatrı, inzibatçı teatrı. Baş rejissorun nə hörməti vardı, nə mövqeyi. Burda Həsənağa Turabov həm direktor olub, həm bədii rəhbər, amma onu aktyorlar sevirdi, o da aktyorlar üçün ölürdü. Yaradıcı adam idi, işi bilirdi, teatr onun nüfuzuna söykənmişdi. Amma onu da kimsə bəyənirdi, kimsə yox. Bununla belə, gəlib intriqa səviyyəsinə çıxmırdı. Çıxırdı bəlkə də, amma kənara çıxmırdı. Sonrakılar direktor teatrı kimi saxlaya bilmədilər, bura yaradıcı yerdir.

- Teatrın içində olanların kənara çıxmasının qarşısını necə alırsınız, yoxsa daha intriqa yoxdur?

- Həmişə var, amma gərək kənara çıxmasın. Elə bilirəm, bu işdə media günahkardır. Lazım olanı da yazırlar, olmayanı da...

- Yox, günah teatrdadır ki, onu mediaya sızdırırlar. Sizdən içəridən məqsədli şəkildə sızdırırlar.

- Su axar çuxurunu tapar... Demək, hər iki tərəfdən eyni xislətli adamların “əməkdaşlığı” olur. Burda aktyorlar olub, yenə var yaxşı aktyorlar. Mənim hər yerdə yetirmələrim var, Yaşar Nuri kimi, Zərnigar Ağakişiyeva kimi. Fəxr edirəm. Rusiyada da yetirmələrim var, deyirlər, azərbaycanlı Azər Paşanın yetirməsiyəm. Bu gün də gənc rejissorlar tamaşa hazırlayır burda. Başqa məktəbin yetirmələridir, amma görürəm ki, dəyişirlər, uyğunlaşırlar. Qocalmaq şərəfdir deyirəm yetirmələrimə, Allahın şərəfidir, köhnəlmək pisdir, mən köhnəlmirəm. Müdriklik də yaxşıdır, amma mən içəridən gəncəm.

- Yaxşı fikirdir, onu teatra aid etmək istəyirəm. Kaş, teatrımız 148 yaşında, 150 yaşında qocaman olsun, amma köhnə olmasın, həmişə yeniliklərlə dolu olsun. Müdrikləşsin, amma daxilən gənc qalsın Azərbaycan teatrı.

Ramilə Qurbanlı

Load Time (S) : 0.004662