Təklik - məna olaraq, yanında ətrafında heç kimin olmaması, yalqızlıq…
Ancaq bu söz ətrafında düşündükdə lüğəti mənasından daha geniş, daha dərin bir məna kəsb etdiyini anlayırıq. Elə ki, bu söz kiməsə görə heç bir hiss, emosiya yaratmayan adi hərf birləşməsi, kimisinə görə isə eşitməyə, düşünməyə çəkindiyi, düşünərkən belə qorxduğu, sıxıldığı bir sözdür. Teatrşünas Cəfər Cəfərov “Təklik faciədir” adlı məqaləsində qeyd edir: “Nəsillərin uzun tarixi göstərir ki, təklik, doğrudan da faciədir”. Bəli, təklik bəzilərinin, həqiqətən, çəkindiyi, qorxduğu bir şeydir. “Bir müddət, bəlkə də bir ömür” ətrafında, yanında kimsələrin az olması və yaxud heç olmaması…
Əsl təklik elə budur? İnsanları narahat edən, qorxudan şey budur? İnsanların təklikdən çəkinməsinin əsl səbəbi nədir? Doğrudan da, “təklikdən” çəkinməliyikmi? Bu hiss, narahatlıq insanlarda nə üçün, hansı səbəbdən yaranır? Bu hissin yaranmasında insanın ətraf mühiti, ona baxışı, mövqeyi, insanın fiziki və mənəvi olaraq necə formalaşması, həyata baxışı və s. amillər əsas rol oynayır. Əsasən, uşaqlığında ona təsir edən itki, qəza və s. Hadisə yaşamış şəxslər, təkliyə öyrənməmiş, mənəvi olaraq güclü olmayan insanlar təklikdən çəkinirlər. Cəfər Cəfərov eyniadlı məqaləsində bunu təsdiq edir. Nargilə deyir: “anamgildə olanda da özümü həmişə yalqız hiss edirəm”. Bəzi insanlar isə nəinki çəkinir, artıq “təkliyin” bir parçası imiş kimi yaşayır, bundan öz xeyirlərinə istifadə edirlər. İnsan “təkliyi” necə dəyərləndirə, öz lehinə çevirə bilər? Əslində, “təklikdən” çəkinmək, yaxud ona öyrəşmək insanın baxış bucağından asılı olaraq dəyişir. İnsanın həyatda fiziki və mənəvi olaraq güclü olması üçün müəyyən “çətinlik, sıxıntı, təklik” görməli, bu vəziyyətdə necə davranmalı olduğunu öyrənməlidir.
Bir çox mövzuda olduğu kimi, “təklik” mövzusunda da insanlar yanılırlar. İnsanlar bəzən adi bir şeyi böyüdür, ondan mənasız çəkinir, ehtiyat edir, bu haqda araşdırmaqdan, öyrənməkdən imtina edərək bunu özləri üçün “faciə”yə çevirirlər. Burada problemin həlli baxış açısını, düşüncə tərzini dəyişdirməkdir. Fərqli yöndən baxdıqda “təklik” insanı mənəvi cəhətdən gücləndirən, həyatda daha da möhkəm edən amildir. Hətta bəzilərinin ilham qaynağı, bəzilərinin zəfər səbəbi, kiminin isə uğura açılan qapısının açarı kimidir. İnsan cəmiyyətdə, çoxluqda daim olduqda, çox vaxt keçirdikdə insanlarla ünsiyyəti, əlaqəsi güclənir, amma ən əsas özü-özü ilə olan ünsiyyəti, bağlılığı zəifləyir, öz-özünə yadlaşır, beləliklə öz daxili aləmində “faciə”yə yaxınlaşır. İnsanın təklikdən qorxusunun əsl səbəbi zamanla yadlaşdığı özü ilə baş-başa qalmaqdır. Amma bu mütləq və qaçılmazdır, insan həyatının başlanğıcında və sonunda olan təklik kimi…
Bu vəziyyətdə insan çəkinmək, qaçmaq, narahat olmaq yerinə dayanmalı, düşünməli “təkliyin” əsl mahiyyətini, insan həyatındakı yerini, ona faydasını (yaxud zərərini) öyrənməlidir. Özü ilə baş-başa qalan insan istəsə də, istəməsə də bir müddət sonra özü haqda, ətrafı haqda, dünya-cəmiyyət və s. mövzular haqda düşünməyə başlayır, mütaliə edir. Beləliklə, insan özünü, həqiqi mənada, tanımağa, anlamağa başlayır, harada nə etməli, nə deməli olduğunu anlayır. Bütün bunlar, əslində, insan həyatında dönüş yaradır. İnsanı əqli, mənəvi cəhətdən gücləndirir.
İnsanın ən yaxın dostu özüdür, həmçinin ən amansız düşməni də yenə özüdür. İnsan özü-özü ilə danışmağı, anlaşmağı, dost olmağı bacarmalı, ancaq həmişə özünə qarşı güclü və hazır olmalıdır. “Faciə” zənn edilən təklik, düzgün dəyərləndirdikdə, insanı ən böyük rəqibi olan özünə qarşı güclü, hazır hala gətirir.
Özümüzü gərəksiz narahatlıqlarla, qorxularla sıxmamalı, hər şeyə mümkün qədər yaxşı tərəfdən yaxınlaşmağa çalışmalı, cəsarətli olmalı, yeni fikir-ideyalara açıq olmalıyıq. O zaman, həyatdakı bəzi şeylərin problem deyil, əksinə, yeni bir nəfəs, yeni bir şans, yeni bir başlanğıc olduğunu görə bilərik. İnsanın həyatda mənəvi və fiziki olaraq sıxıntı çəkdiyi, problem yaşadığı anlar olur, ancaq insan istəməzsə, heç nə onun üçün “faciə” deyil. “Faciəni” yaradan da, yaşadan da insan özüdür. Düzgün düşüncə, düzgün yanaşmanın olduğu yerdə “faciə” deyil, yeni ümidlər, yeni başlanğıclar doğulur…
Müəllifin digər yazıları
Bir teatr tamaşası insanı susdurursa, deməli, danışmağına ehtiyac qalmamışdır. “Arqon” monotamaşası (müəllif: Şəbnəm Xeyrulla, quruluşçu rejissor və ifaçı: ADMİU-nun teatr və kino aktyoru ixtisası üzrə IV kurs tə...
“Pillə” 3 tələbə tamaşalar festivalının üçüncü günü, günorta vaxtı festivalın yeni hoqqası başlayır: “Yay gecəsində yuxu”.
Pərdələr açı...
Hər birinizi “Pillə 3 Respublika Tələbə Tamaşaları Festivalı”nın son günündən salamlayıram. Tələbələrə öz bilik və bacarıqlarını göstərmək imkanı yaradan festival bu gün başa çatdı. Festival bütün...
İyunun 2-də Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən PİLLƏ 3 Respubl...
Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə CHARACTERS Müasir Dramaturgiya Festivalı 10–12 iyun 2025-ci il tarixlərində Bakıda yerləşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək xüs...
ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova, İctimaiyyətlə əlaqələr...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) ev sahibliyi ilə keçiriləcək “Pillə” 3 Respublika Tələbə Tamaşaları Festivalının proqramı artıq məlumdur. 26 may – 2 iyun tarixlərini əhatə edən festivald...
“Füzuliyə münasibətdə çox böyük səhvini, bağışlanmaz günahını” (Zəkulla Bayramlı) Axundzadəyə bağışlamazdılar, əgər ortalıqda qaranlığa gömülmüş bir z...
Teatr - insan ruhunun, düşüncələrinin və hisslərinin canlı şəkildə səhnədə ifadə olunduğu sənət növüdür. O sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda cəmiyyətin güzgüsüdür. Teatr insanları düşün...
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublik...