TEATRO

TEATRO

sənət portalı

post-title

Aytən Abdullayeva - YAY GECƏSİNDƏ ÇIĞIRTI

Əgər bir zamanlar Şekspirin mətnləri “eşq, yuxu, sehr” şablonunda səhnələşdirilirdisə, indi bu yuxunu rok-ballada ilə dağıdıb tamaşaçıya sillə kimi toxunmaq da mümkündür. Pillə 3 Respublika Tələbə Tamaşaları Festivalında “Ən yaxşı tamaşa” mükafatını qazanan “Yay gecəsində yuxu”da məhz belə bir an yaşanır. 

Rejissor Mikayıl Mikayılov, Şekspirin dilini qoruyaraq süjet xəttinə toxunmadan bəzi obrazları müasirləşdirərək rok-ballada janrında fərqli bir estetik atmosfer qurub. Tamaşa İppolitanın əlinə mikrofon alıb “Zombie” mahnısını oxuması ilə başlayır. The Cranberries-in XX əsrin qanlı yaddaşından gələn bu fəryadı artıq İrlandiyadan çıxıb, bizim səhnəmizə ayaq açıb: həm də teatrın köhnəlmiş strukturunu silkələməyə gəlib. Bu, klassik Şekspir teatrının sərhədlərini şüurlu şəkildə pozan cəsarətli bir addımdır. Rok üslubu tamaşada daha çox yuxudan ayılma, silkələnmə metaforasını daşıyır. Artıq bu səhnədə yuxuya yer yoxdur, bu səhnə bizi oyatmaq üçündür. Bu eksperimental təqdimat nəinki əsərin formasını, həm də onun mahiyyətini silkələyir. Səhnənin ortasında yerləşdirilmiş qutunun üzərində rəqs edən iki aktyor və kəndirlərlə bağlanmış digər personajlar mahnının ritminə uyğun olaraq sanki “oyanırlar”. Bu səhnə, sözün əsl mənasında, teatrı klassik yuxudan ayıldır. 

Şekspirin “Yay gecəsində yuxu əsəri məhəbbət, yuxu və sehr üçbucağında cərəyan edən çoxqatlı süjetə malikdir. Hadisələr Afinada və onun yaxınlığında yerləşən sehrli meşədə cərəyan edir. Tamaşa 3 əsas xətt ətrafında inkişaf edir: Afina hersoqu Tesey (Sabir Gəraylı) və Amazon kraliçası İppolita (Ləman Quliyeva) ilə Hermiya (Fatimə Əliyeva), Lisandr (Rüfət Əhmədov), Demetri (Elay Hənifə-zadə) və Helena (Firuzə İbrahimova) arasındakı kompleks sevgi münasibətləri; Oberon və Titaniyanın meşədəki pəri aləmi; və, əlbəttə, toy üçün tamaşa hazırlayan qrupun komik səhnələri. Tamaşaya mahnılar və yeni səhnə həlləri əlavə olunsa da, süjet qorunub saxlanılıb. Şekspirin bu pyesi eksperimental teatr üçün uyğun və yeni yozumlara açıq bir mətndir. Müxtəlif süjet xətləri paralel işlədiyi üçün rejissor istədiyi xətti önə çəkə bilər. Lakin qısa zamanlı və resursları məhdud tələbə tamaşasında bu xətlərin balanslı inkişafı böyük səy tələb edir. Tamaşada hadisələr saray və meşə kimi 2 fərqli məkanda cərəyan edir. Bunları teatr səhnəsində fərqləndirmək üçün ya real dekor, ya da güclü vizual simvollar tələb olunur. Teatrımızda Şekspir klassikaları, adətən, tarixi geyimlər və təmtəraqlı dekorasiyalarla təqdim edilir. Lakin bu tamaşa texniki baxımdan öz sadəliyi ilə seçilir. Bu da dinamik aktyor oyunu ilə kompensasiya olunur. Dekorun minimum olması, geyimlərin həm gündəlik, həm də rok-ballada estetikası ilə uyğunlaşması və səhnənin aktyor oyunu ilə doldurulması onu çağdaş performans sənətinin estetikalarına yaxınlaşdırır. Nəticədə, tamaşa, həqiqətən kommersiyadan uzaq, saf, yaradıcı bir tələbə tamaşası təsiri bağışlayır. 

Tamaşanın əsas personajı musiqidir desəm, yanılmaram. Amma burada söhbət klassik musiqili teatrdan getmir. Mahnılar (Zombie, Paint it BlackBack to Black) ritmik fasilələr kimi tamaşaya daxil edilib. Onlar tematik baxımdan diqqətlə seçilib. Əsər yuxu üzərində qurulub, amma tamaşa bizi yatmağa qoymur. Açılış mahnısı - “Zombie tamaşanın ritmini dərhal müəyyənləşdirir. Bu, yuxu metaforasına qarşı bir “oyatma aktı”na çevrilir.

Mikayıl Mikayılov Şekspir klassikasını meta-teatral sınağa çəkir. Piter Kvins (Rahib Allahquliyev) və aktyorların tamaşa üzərində çalışdığı səhnədə Titaniya yenə əlində mikrafonla səhnəyə daxil olur və Paint it Black mahnısını səsləndirir. Meşə sehr və transformasiya məkanıdır; bu mahnı isə dəyişməyə qarşı daxili müqaviməti simvolizə edir. Aktyorların mahnı əsnasında qəfildən donmaları səhnəni fon musiqisindən ayırmağı və onu psixoloji hadisəyə çevirməyi hədəfləyir. Tamaşa içində tamaşa ideyası bu yolla güclənir.

Tamaşanın digər musiqisi “Back to Black”-in qüssəli lirizmi isə kompleks sevgi münasibətləri və əsərin yüngül melanxoliyasını səhnəyə daşıyır.

Mahnılar hər dəfə tamaşada bir transformasiyanı vurğulayır. Musiqi burada ritmdir, replikadır, hətta tənqiddir. Onlar yalnız oxunmamalı, həmçinin obrazların daxili proseslərinə çevrilməli idilər, amma bütün bunlar havada qalır. “Yay gecəsində yuxu” əsərinin leytmotivi olan yuxu və trans halı rok-ballada musiqisinin dinamikası ilə birləşsə də, bu musiqilər hadisələrə tam nüfuz edə bilmir. Qalib tələbə tamaşasında rejissor, bu çətin pyesi sadə dekor və güclü aktyor oyunu ilə musiqili bir partlayışa çevirməyə çalışır. Bunu da mətnin klassik yuxusunu rokun çığırtısı ilə dağıdaraq edir. Fəqət yuxu və rok arasındakı təzad büsbütün həll olunmayıb. Tamaşa boyu sanki onların arasında daxili mübarizə gedir. Əgər məqsəd bizi yuxudan oyatmaqdırsa, niyə tamaşanın adı “yuxu” olaraq saxlanılıb? Bu nə dərəcədə səmimidir? Və ən vacibi: rokun vasitəsilə edilən bu sərt çağırış nə ilə nəticələnir? Tamaşa bizi silkələyir, amma sonra susur. Sən seyrçini oyadırsansa, ona hara baxmaq lazım olduğunu da göstərməlisən. Əgər bu ayıltma aktı yalnız səsdən ibarətdirsə, o zaman bu musiqi yox, səs-küy olur. Mahnılar nə qədər gözəl seçilmiş olsalar da, öz vəzifələrini tamam-kamal icra edə bilmirlər.

Və nəhayət, pərdə bağlanır. Tamaşa bitmiş kimi görünür. Səhnəyə Piter Kvins daxil olur və seyrçilərə müraciət edir: “Əgər bu tamaşanı bəyənmədinizsə, düşünün ki, bunlar hamısı bir yuxu idi”. Budur tamaşanın çıxış strategiyası. Yəni, əgər bəyəndinizsə, bu yenilik idi. Yox əgər bəyənmədinizsə, bu elə-belə yuxu idi. Sanki rejissor, ehtimal edir ki, bəyənməyənlər olacaq, çünki bu eksperimentdir, tələbə işidir və buna görə əvvəlcədən özünü sığortalayır. Tamaşa onsuz da cəsarət nümayiş etdirib. Onda niyə finalda birdən-birə geri addım atır? Bəlkə, bu, sadəcə tamaşaçıya yox, Şekspirin ruhuna da ünvanlanmış bir üzrxahlıqdır? Amma məsələ də elə buradadır. Sənət öz cəsarətinə sadiq qalmalıdır.

“It’s the ‘same old theme’ since 1916” deyə bağlanışı edir, The Cranberries-in “Zombie”si. Həmin “eyni köhnə mövzu” - yuxular, sevgi oyunları, dəfələrlə təkrarlanmış teatr formaları... Bu tamaşa ilə birlikdə biz artıq yuxuda deyil, oyanmışıq. Bəlkə də, məhz bu tələbə tamaşası ilə həmin “eyni köhnə mövzu” dəyişməyə başlayır.

“Yay gecəsində yuxu” mükəmməl bir tamaşa deyil, amma o, nəsə deməyə çalışan bir tamaşadır. Çağdaş teatrımızın ən çox ehtiyac duyduğu şey də elə budur. 

 

* Yazı ADMU-nun keçirdiyi “PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı haqqında ən yaxşı məqalə” müsabiqəsi çərçivəsində çap olunur. 

 

Load Time (S) : 0.029711