TEATRO

TEATRO

sənət portalı

post-title

Aytən Abdullayeva - Dramaturgiyada “yuxu effektinin” yaradılması ənənəsi

“Həqiqi gözəllik bizə birbaşa təsir göstərməz. Batan günəş gözəldir, çünki bizi nələrisə itirməyə məcbur edir”, - belə deyirdi Arto. 

Qəddarlıq teatrı 20-ci əsrin birinci yarısında Antonen Arto (1896-1948) tərəfindən hazırlanmış bir konsepsiya idi. Səhnədə gərgin atmosferdən istifadə edərək tamaşaçıları şoka salmaq məqsədi ilə ortaya atılmışdı. Arto, teatrın insan duyğularının və şüurunun dərinliklərinə daxil olmaq gücünə inanırdı. Bunu da çox vaxt sərhədləri aşan və ənənəvi normalara meydan oxuyan sürreal və ayin tamaşalar vasitəsilə ilə etmək lazım idi. Qəddarlıq teatrı güclü reaksiyalar yaratmağa və ilkin instinktlərə toxunmağa çalışırdı, tez-tez səs, hərəkət və görüntü kimi qeyri-şifahi elementlərdən istifadə edərək tamaşaçılar arasında narahatlıq hissi yaradırdı. Qəddarlıq teatrı Artonun ekzistensial narahatlığının və daxili təlatümünün əksi idi. 

Məntiqə əsaslanan ənənəvi Aristotel teatrının əksinə olaraq Antonin Arto hesab edirdi ki, teatrın ənənəvi formaları çox rasionaldır və insan şüurunun dərinliklərinə enə bilmir. O, inanırdı ki, teatr həm aktyorlar, həm də tamaşaçılar üçün ritualistik mənşəyinə qayıtmalıdır. Bir sözlə, Aristotelin teatr konsepsiyası quruluşa, həyatın imitasiyasına və emosional katarsisə diqqət yetirdiyi halda, Artonun Qəddarlıq teatrı tamaşaçıların reallıq qavrayışına meydan oxumaq üçün qeyri-rasional elementlərdən istifadəni vurğulayırdı. 

Qəddarlıq teatrında “yuxu effekti” anlayışı yuxu halında olmaq hissini oyatmaq üçün sürreal və irrasional elementlərdən istifadəni nəzərdə tutur. Yuxu kimi təsvirləri, simvolizmi və sürrealizmi özündə birləşdirərək, Qəddarlıq teatrı tamaşaçıların şüuraltı zehninə daxil olmaq məqsədi daşıyırdı. Bu texnika, yuxuların intensiv və çox vaxt məntiqsiz təbiətini səhnəyə uyğunlaşdırır və insanların bənzər duyğuları ilkin səviyyədə hiss edə bilməyi üçün şərait yaradırdı. Bunu bir növ immersiv təcrübə də adlandıra bilərik. 

Dramaturgiyada "yuxu effekti" adlanan, yuxularda tez-tez rast gəlinən sürreal və irrasional təsir müxtəlif vasitələrlə əldə edilir:

  • İlk növbədə, süjet xətti olmayan yuxular kimi, dramaturgiya da keçmiş, indi və gələcək arasında, müxtəlif perspektivlər və reallıqlar arasında keçid edən qeyri-xətti süjet texnikalarından istifadə edir. 
  • İkinci olaraq, yuxular simvolizm və metafora ilə zəngindir və dramaturgiya bu elementlərdən daha dərin məna çatdırmaq və emosional reaksiyalar oyatmaq üçün istifadə edə bilər.
  • Daha sonra, biz sürrealist təsvirləri nümunə göstərə bilərik. Hansı ki, səhnəyə, səhnə tərtibatına və ya dialoqa sürrealist və fantastik təsvirlərin daxil edilməsi reallıq və təxəyyül arasındakı xətti bulanıqlaşdıraraq yuxuya bənzər atmosfer yaradır. 
  • Və son olaraq, yuxular çox vaxt qeyri-müəyyənlik ilə xarakterizə olunur və dramaturji əsər hekayənin müəyyən aspektlərini şərhə açıq qoyaraq, tamaşaçını hekayə ilə daha dərindən məşğul olmağa dəvət edir.

Ümumiyyətlə, dramaturgiyadakı “yuxu effekti” insanın yuxularında yaşadığı eyni mistik və emosional rezonans hissini oyatmaq məqsədi daşıyır. Artonun özünün də dediyi kimi: “Yuxularımızın bizə, reallığın isə yuxularımıza təsiri olduğu kimi, düşünmə obrazları da bizə lazımi intensivliklə təsir edir”.

1925-ci ildə nəşr olunan “Qanlı fəvvarə” pyesi Artonun Qəddarlıq teatrının əsas nümunəsi hesab edilir. Pyes gərgin və sürreal təsvirləri, parçalanmış süjeti və zorakılıq, seksuallıq və ölüm kimi mövzuların araşdırılması ilə xarakterizə olunur. Bu, ənənəvi teatrın sərhədlərini aşaraq tamaşaçını şoka salmaq məqsədi daşıyan eksperimental bir əsərdir.

“Qanlı fəvvarə” yuxuların ayrılmaz və irrasional təbiətinə bənzəyən simvolik təsvirlərlə doludur. Personajlar və hadisələr adi məntiqə uyğun gəlmir, süjet xətti yoxdur və dialoqlar ağlasığan deyil. Səhnələr bir-birinə bağlanmır və insanı çaşqınlıqla baş-başa buraxır, eynilə yuxudakı kimi. 

Pyes reallıq haqqında ənənəvi təsəvvürləri pozur və tabu mövzular senzurasız şəkildə izləyiciyə təqdim olunur. Arto, pyesdə xaos və nizamsızlığı qucaqlayır və insanın özünün belə bələd olmadığı absurd duyğulara təsir göstərməyi bacarır.

Qəddarlıq teatrının konsepsiyası ilə uyğunlaşan bir sıra yazıçı, dramaturqlar da var ki, onlardan biri də Alfred Jarridir (1873-1907). Baxmayaraq ki, o, Artodan daha əvvəl yaşamışdır, onun həyata baxışı, simvolik və sürrealist pyesləri Arto ilə bənzərdir. 

Jarrinin ən məşhur pyesi 23 yaşında olarkən yazdığı, dövrün konsepsiyalarına zidd olan “Kral übü” pyesidir. Modernizm, sürrealizm, dadaizm və absurdizm də daxil olmaqla XX əsrin bir çox müxtəlif bədii cərəyanlarını özündə birləşdirən bu pyes ədəbsizliyi və qrotesk təbiəti ilə mübahisə doğururdu. Jarri tamaşanın əvvəlində deyir: “embrion varlıqlar ən tam olanlardır”. Übü tamahkar bir tiran obrazıdır, arvadı da ondan heç nə ilə fərqlənmir. Pyes mənasız dialoqlar, neologizmlər və söz oyunu ilə dolu olub, süjetin absurdluğunu əks etdirən hadisələrdən ibarətdir. “Kral Übü”nün təxribatçı ruhu dadaizm, sürrealizm və absurd teatrı kimi hərəkatlara yol açdı. Antonin Arto, Jarrinin iqtidara meydan oxumağına və irrasionallığı qəbul etməyinə heyran idi. 

Alfred Jarrinin “Kral Übü” əsərində yuxu effekti bir neçe şəkildə özünü göstərir:

  • İlk növbədə pyes, məntiq və rasionallığa qarşı çıxan absurd və sürreal elementlərlə doludur.
  • Xarakterlər və situasiyalar şişirdilmiş və təhrif edilmiş, hər şeyin mümkün göründüyü yuxu kimi bir atmosfer yaradılmışdır.
  • Personajların cəfəng hərəkətləri fantaziya ilə reallıq arasında bulanıqlaşır.
  • Übünün xarakteri tiranlığın və korrupsiyanın simvolu kimi görünür, onun absurd hərəkətləri isə daha geniş ictimai və siyasi mövzuları təmsil edir. Bu simvolik elementlər tamaşanın “yuxu kimi” keyfiyyətini artırır.
  • Digər məqam isə “linqvistik sürrealizm” adlandırılır, hansı ki, pyesin dili eynilə yuxularda tez-tez rast gəlinən mənasız sözlər və ifadələrə bənzəyir. 

Antonin Artonun “Qanlı fəvvarə və Alfred Jarrinin Kral Übü pyesləri fərqli əsərlər olsa da, yanaşmalarında və mövzularında bəzi oxşarlıqlar var: Hər iki pyes öz üslublarının əsas elementləri kimi absurdizm və sürrealizmi əhatə edir. "Kral Übü" absurd personajları və situasiyaları əks etdirir, "Qanlə fəvvarə" isə sürreal təsvirlərdən və yuxu effektindən istifadə olunur. Hər iki əsər adi reallıq anlayışlarına qarşı çıxır və tamaşaçını irrasional düşünməyə vadar edir.

Hər iki pyesdədə güc və hakimiyyətin kəskin tənqidi var. A.Jarri, Übü personajı ilə hakimiyyəti satira hədəfinə çevirərkən, Arto zorakılıq, zülm və ictimai tənəzzül mövzularının dağıdıcı nəticələrini vurğulayır.

Bütövlükdə, “Qanlı fəvvarə” və “Kral Übü” özünəməxsus xüsusiyyətləri ilə fərqlənən əsərlər olsa da, absurdluğu, gücün tənqidi, qeyri-ənənəvi dil və üslubu, teatr konsepsiyalarını alt-üst etmələri mövzusunda oxşardırlar.

 

Məqalə ADMİU-nun Teatrşünaslıq kafedrasının keçirdiyi “Arto epoxasının teatrı” tələbə elmi konfransı çərçivəsində hazırlanıb.

 

Load Time (S) : 0.000133