TEATRO

TEATRO

sənət portalı

post-title

Ayşə Salmanlı - Çexovun “Qağayı” pyesində şəxsiyyət və cəmiyyət problemi

Rus ədəbiyyatına qüdrətli bir realist, nasir və dramaturq kimi daxil olmuş Anton Pavloviç Çexovun istedadlı qələmindən çıxan hər bir əsər acı məişət həqiqətləri, həyati reallıqlarla səsləşir, onunla nəfəs alırdı. Çexov öz doğma xalqını dərin bir məhəbbətlə sevən, öz xoşbəxtliyini xalqının taleyində axtaran insanpərvər, həssas duyğular sahibi olan yazıçı, sənətkar, ziyalı və şəxsiyyət idi. Bu böyük rus klassikinin realizminin gücü də öz dövrü və xalqının həyatı ilə sıx bağlı olmasında, tənqidinin dərin ictimai məzmununda, rus xalqının gələcəyinə bəslədiyi işıqlı ümidlərdə idi. L.Tolstoy Çexovu əvəzsiz sənətkar adlandırmaqda haqlı idi. Doğrudan da, Çexov rus ədəbiyyatının və mədəniyyətinin fəxridir. O, yaratdığı realist əsərləri ilə özünə əbədi heykəl qurmuş, dünya ədəbiyyatına nadir incilər bəxş etmişdir.

Bu incilərdən biri də “Qağayı” pyesidir. – 1896-cı ildə yazılmış 4 pərdəli komediyadır. Çexov bu əsəri komediya adlandırsa da, məsələyə elmi cəhətdən yanaşdıqda aydın olur ki, komediya janrının tələblərinə cavab vermir. Əsərin sonu ölümlə bitdiyi üçün onu komediya adlandırmaq düzgün deyil. Professor Məryəm Əlizadənin dediyi kimi, burada “müəllif üçün vacib olan gülüşün özü deyil, gülüşün görə biləcəyi mənəvi-psixoloji təsirin nəticələridir” ! (4, səh. 85)

Əsər ictimai mövzuda yazılıb. Çünki pyesi oxuduqca Treplyovun cəmiyyətdə özünə yer tapa bilməməsi, Ninanın Triqorinin tələsinə düşməsi, İrina Nikolayevnanın öz oğluna biganəliyi, sevgilisindən və özündən başqa gözünün heç nəyi görməməsi, ətrafdakı insanların bir-birinə münasibətləri ön plana çəkilib.

“Qağayı” komediyasının mövzu dairəsi bir neçə xətti özündə birləşdirir:

  • İnsan və cəmiyyət;
  • İnsanın mənsub olduğu təbəqə;
  • İnsanın özüylə mübarizəsi;
  • Sənət yolunda fədakarlıq

İnsan və cəmiyyət:  Cəmiyyət – insanların dünyasıdır. İnsan bu dünyada doğulur, burada yaşayır, inkişaf edir, şəxsiyyətə çevrilir. Onun vasitəsilə müəyyən bilikləri, dəyərləri, davranış normalarını və s. mənimsəyir. İctimai həyatda insan fəaliyyətin müxtəlif növlərinə qoşulur, ətrafdakılarla qarşılıqlı təsirdə olur, müəyyən sosial mövqe qazanır. Ən əsası, cəmiyyət insanların psixologiyasına ciddi təsir göstərir. “Qağayı”da da cəmiyyətin şəxsiyyətə olan təsirini aydın şəkildə görürük. Həmin dövrdəki  cəmiyyətin düşüncəsi fərqli olsa da, bizim yaşadığımız dövrlə bənzərlikləri də az deyil. İnsan həmişə istəyib ki, cəmiyyətdə mövqe qazansın, yüksəklərdə olsun, amma ağla qoyulmuş o plan insanı fəlakətə sürükləyəcəksə, bundan əl çəkməlidir. Əsərdəki başlıca problem şöhrətlənmək arzusudur. Çexovu da narahat edən budur.  Düzdür, şöhrətin möhtəşəm bir cazibəsi var. Amma ona çatmaq insandan böyük fədakarlıq tələb edir. Şöhrətə sahib olduğumuz zaman onu əlimizdən qaçırmamaq üçün hər şeyi gözə ala bilərik. Sonunu belə çox vaxt  fikirləşmirik.

Əsərdə qoyulan digər problemlərdən biri də, cəmiyyət üzvləri arasındakı ünsiyyət, anlaşılmazlıq, fərqli sosial şərtlərdir. Ailənin öz övladlarına güvənsizliyi, xəyallardan uzaqlaşdırmaq və nəticədə, həmin arzuları reallaşdırmaq üçün özlərini yarımçıq, özgüvənsiz hiss etmələrinə gətirib çıxarması, hətta öz varlıqlarının belə  fərqinə varmamaları, tamamilə başqa dünyanın, həm də “iç” dünyanın insanıymış kimi hərəkət etmələri əsərdə  əvvəldən sona kimi qarşılaşdığımız problemlərdir.

Bu problemlərin səbəbkarı əsərdə ailədir. Həyatda isə cəmiyyətin nümayəndələri olan o şəxsiyyətlər. Şopenin belə bir fikri var: “Nə doymaz varlıqdır bu insan, çatdığı hər doyum yeni bir arzunun toxumudur” Hansımız çatdığımız arzu ilə qane oluruq ki?! Hər çatdığımız arzunun sonunda yeni xəyallar qurmuruqmu?! Daim yenisinə doğru getmək ən yaxşısını istəmək, amma ən yaxşısını istəyərkən əlimizdəkini də itirmək...  Eyni ilə Nina kimi.

Pyesin məhz “Qağayı “adlandırılmasının səbibini Triqorin və Ninanın dioloquna nəzər salsaq, aydın görə bilərik.

Triqorin: Elə belə, yazıram... fikrimə süjet gəldi. Kiçik bir hekayə süjeti, sizin kimi bir qız uşaqlıqdan gölün sahilində yaşayır, qağayı kimi, bu qız da gölü sevir, o da qağayı kimi xoşbəxt və azaddır. Lakin təsadüfən bir adam gəlir, qızı görür və bekarçılıqdan onu məhv edir. Bu qağayı kimi.

Həqiqətən, ümumi mənzərə Triqorinin ağlına gələn kiçik hekayədəki kimidir. O, kənddə bekarçılıqdan sıxılır, yeni məcaralar axtarır, Ninanın saflığından, duyğularından istifadə edib onun həyatını məhv edir. Eynilə o “qağayı” kimi. Nina çox əziyyətlər çəkir, övladını itirir, amma buna baxmayaraq, az da olsa, özünü toplamağı bacarır.

Çexov Ninanın simasında sənətdə fədakarlıq mövzusuna da toxunub. Nina əvvəllər sənətə bir şöhrət, ad-san qazanmaq vasitəsi kimi baxır. Lakin həyat göstərir ki, sənət yolunda çox çətinliklər var. Həqiqi sənətkar bu çətinliklərə dözməli, axıradək davam gətirməlidir. Nina  özündə mənəvi qüvvə tapır və sənət yolunda qarşısına çıxan maneələri bir-bir aradan qaldırıb irəliləyir. O, başa düşür ki, əsas şöhrət deyil, mətanətdir. Sənətkar gərək qarşısına böyük məqsəd qoysun, bu məqsədə inansın və cəsarətlə irəli addımlasın. Nina öz istedadını böyük sınaqlardan keçirir və sənətdə öz arzusuna, demək olar ki, çatır. Amma bu da onu bir insan kimi, qadın kimi xoşbəxt etmir və faciəvi sonluğunun qarşısını almır!

Bu əsərin tək qurbanı Nina deyil. Digər qurban Konstantindir. Nina cəmiyyətdə özünə qismən yer tapsa da, Konstantin heç vaxt özünü mövcud cəmiyyətə uyğunlaşdıra bilmir. Ətrafındakı insanlardan heç kəs onu anlamır, yaxud da anlamaq istəmir. İlk baxışdan Konstantinin intiharının səbəbi tamaşasının uğursuz olması, Ninanın ondan ayrılması və sonrakı həyat tərzi kimi görünsə də, əsas səbəb kimi bunları göstərmək düzgün deyil. Əslində, Konstantinin mənəvi böhranı daha öncədən başlayır. Atası dünyasını dəyişəndən sonra anasının yaşadığı yüngül həyat tərzi ona çox ağır gəlir. Başqa bir səbəb isə özünü cəmiyyətdə lazımsız və tənha hiss etməsi olur.

Filosof Səlahəddin Xəlilov deyir ki, “İnsan yarımçıqdır; Onun digər yarısı bütün yerdə qalan dünyadır". Əsərin ideyasını da  elə bu aforizimlə  ifadə etmək olar. Konstantin də özünü yarımçıq, tamamlanmamış hiss edir. Tam olmağa can  atsa da, cəmiyyətlə birləşsə də, özünə yer tapa bilmir. Yerdə qalan dünya ilə birləşə bilməməsi onun daxili böhran keçirməsinə, sonda isə intihar etməsinə səbəb olur.

          Ədəbiyyat siyahısı:

  1. https://rezonanss.com/xix-%c9%99sr-rus-m%c9%99d%c9%99niyy%c9%99ti-puskin-dostoyevski-tolstoy-nekrasov-turgenyev-cexov/
  2. Çexov seçilmiş əsərləri. “ Avrasiya Press” Bakı 2006.
  3. https://az.wikipedia.org/wiki/Qa%C4%9Fay%C4%B1lar_(pyes)
  4. Əlizadə Məryəm Teatr : seyr və sehr..... ( Milli teatr prosesi problemləri) B., ”Elm“, 1998, 251 səh.

 

Ayşə Salmanlı

tələbə-teatrşünas

Load Time (S) : 0.005999