Ötən teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Anarın “Şəhərin qış gecələri” pyesi ilə 20 Yanvar faciəsini, Sumqayıt Dövlət Dram Teatrı isə Əli Əmirlinin “Sevgilim Sumqayıt” dramı ilə Sumqayıt şəhərinin 70 illiyini qeyd etdi. Teatr binalarında ildönümü hadisələrinin qeyd edilməsi həmişə olub, amma tamaşa səviyyəsində qeyd olunma həmişənin hadisəsi deyil. Onu da qeyd edək ki, bu günün də hadisəsi deyil, çünki illərdir, getdikcə şeirləşən, nəsrləşən, reportajlaşan dramaurgiyamızın, təntənəyə, gurultuya, pafosa bürünən səhnəmizin sonunda yubiley dramlarının, tamaşa tədbirlərinin meydana çıxması çox təbiidir. Əlbəttə ki, janr yenilənməsi həmişə müsbət haldır, yeni fikrin, yanaşmanın, çalarlığın gəlişindən xəbər verir. Amma bunlar ümumi nəzəri sözlərdir, əsas məsələ odur ki, ötən teatr mövsümündə müşahidə etdiyimiz bu hadisə nəyin xəbərçisidir?
Öncə onu qeyd edək ki, teatrlarımızın müasir milli dramaturgiyamız ilə o qədər də sıx əməkdaşlıq etmədiyi günümüzdə bu əsərlər, demək olar ki, yazıldığı tarixlərdəcə səhnəyə qoyuldu. “Sevgilim Sumqayıt” və “Şəhərin qış gecələri” pyeslərinin teatrın sifarişi ilə yazılıb yazılmadığını deyə bilmərəm, amma görünür, teatrın tələbi varmış bu əsərlərə. Ötən teatr mövsümü ilində 20 Yanvar faciəsinin otuz illik anımı və Sumqayıt şəhərinin 70 illik yubileyi respublika səviyyəsində qeyd olunurdu, görünür, teatrlar da bu qeydolunmalara qatılmaq istəmiş, bunu özünün vəzifəsi, borcu hesab etmişdir. Axı Azərbaycan teatrı artıq çoxdandır ki, ictimai həyatın bir hissəsi olmağa, özünün bir təşkilat, qurum imicini formalaşdırmağa çalışır. “Sevgilim Sumqayıt” və “Şəhərin qış gecələri” pyesləri teatra ictimai həyatın gündəminə qatılmaq imkanı, bunun da qarşılığında teatr onlara səhnəyə çıxmaq şansı vermişdir. Onu da deyək ki, bu əsərlərin süjeti yubiley, anım repertuarlarından kasad deyildi, odur ki, teatr da bu hadisələrin ildönümünü tədbirlərdən pis qeyd etmədi. “Şəhərin qış gecələri” əsəri 20 Yanvar faciəsinin motivlərini heç də bir anım mərasimindən daha az xatırlatmır və yaxud “Sevgilim Sumqayıt” pyesi Sumqayıtın yubileyini bir tədbirdən daha az təntənəli şəkildə qeyd etmir.
Anarın pyesi xatırladır ki, 20 yanvar hadisəsi ərəfəsində xalq öz azadlığı uğrunda meydanlara tökülmüş, Azərbaycan ziyalıları bir neçə cəbhəyə ayrılmış: kimi Moskvanın əmrinə müntəzirdir, kimi milli cəbhədə xalqla bir yerdə, Azərbaycan ziyalılarının nümayəndə heyəti ölkə rəhbərliyi ilə görüşmüş, Bakıda fövqəladə rejimin elan olunmayacağı ilə bağlı vədlər almış, Qarabağ münaqişəsi əhalidə ermənilərə qarşı bir hərəkat dalğası yaratmış, buna baxmayaraq Bakı sakinlərinin bir çoxu erməniləri bu qəzəb dalğasından qoruyur, amma ermənilər Azərbaycanı sağ-salamat tərk edincə terrorçu hücumlara məruz qaldıqları haqqında yalan məlumatlar yayaraq Bakıda fövqəladə rejimin elan edilməsinə nail olurlar. Həmçinin, “Sevgilim Sumqayıt” pyesində də Sumqayıtın əfsanədə yatan tarixi və onun fəxri sakininin nağıla bənzəyən həyat hekayəsi səhnəni yubilyarın təntənəsinə bürüyür.
Sual oluna bilər ki, bəyəm səhnə əfsanənin, nağılın, tarixi bilgilərin yeridir? Məlumdur ki, səhnə sənəti nağıldan, macəradan, təxəyyül bəzəklərindən, gurultudan, pafosdan arınıb müxtəlif düşüncə, əxlaq tərzlərinin öz həqiqətləri uğrunda tartışdığı, tamaşaçı düşüncəsinin də “kimdir haqlı?” sualı ilə bu tartışmanın iştirakçısına çevrildiyi yerdir. Bu özəllikləri ilə bütün sənət və səhnələrdən fərqlənən dramatik teatr səhnəsinin bizim teatrlarda qalxan pərdələri, təəssüf ki, tamaşaçını heç də həmişə həyatın dramatizminə götürmür, çox zaman burdan biz haqlının guruldayan təntənəsini, haqsızın isə getdikcə rəzilləşən sifətini seyr edirik, bizə də təntənəni alqışlamaq, rəzili isə lənətləmək qalır. “Şəhərin qış gecələri” pyesində fövqəladə vəziyyət elan etməyəcəyi haqqında vəd verən Moskva ilə öz azadlığı, itirilmiş Qarabağ uğrunda meydana çıxan xalq arasında, kabinet mövqelərindn çıxış edən Bəhram Zeynallı ilə həmişə ədalətin yanında olub xalqın mövqeyindən çıxış edən Qiyas Zeynallı arasında, özünə evində sığınacaq verib nəvəsini də sağ-salamat yola salan Zeynallı ailəsi ilə Moskvaya çatınca xilasını rusların ayağına yazıb, özünün də, babasının da Bakıda vandal hücumlara məruz qaldığını söyləyən Surenin babası Qurgen arasında tartışılacaq heç nə yoxdur. Eləcə də, “Sevgilim Sumqayıt” əsərində sevgisi, qızlıq heysiyyəti ilə oynanılan Ceyranla onu ailəsinə, elinə-obasına rəzil edən Cəlal arasında mübahisə mövzusu olacaq bir şey yoxdur. Onda sual olunur ki, bəs bunlar səhnəyə niyə çıxıblar? Əlbəttə, tamaşa üçün. Bu məqamda onu da qeyd edək ki, tamaşa sözü bizim leksikonumzuda iki mənada anlaşılır; ya teatrda oynanılan səhnə əsərini bildirən söz kimi, yaxud da baxmalı, tamaşa etməli, gözəlliyinə dalmalı bir mənzərə, mərasim kimi. Onlar eyni sözlə ifadə olunsalar da, əslində fərqli mənaları daşıyırlar. Teatr tamaşası mübahisəli bir mövzuda düşüncələrimizi dindirirsə, tamaşa etdiyimiz mənzərə zövqümüzü, hislərimizi oxşayır. Amma bizdə bu hadisənin adının tamaşa sözü ilə ifadəsi, görünür, səhnəni də tamaşa etdiyimiz yer kimi anlamamıza nədən olub. Elə bu nədənlədir ki, tamaşalarda istər rejissorların, istərsə də dramaturqların səhnəni daha tamaşalı etmək istəkləri tez-tez görünür, necə ki, “Sevgilim Sumqayıt” və “Şəhərin qış gecələri” əsərlərində. Bu pyeslər səhnəni daha tamaşalı etmək üçün gözəli daha gözəl, eybəcəri isə daha betər boyalarla rəsm etməyə çalışır. “Şəhərin qış gecələri”ində Namiq avtomobil qəzası törədərək etdiyi cinayətin məsuliyyətindən qaçmayacaq, hətta sevgilisinin ruhuna belə xəyanət etməyəcək qədər vicdanlı, Dilarə ad günü münasibəti bahalı hədiyyəni qəbul etməyəcək qədər nəfsi tox, Çopur Cabbar kabinetlərdə türklüyü xalqımıza vurulan yamaq adlandlracaq, meydanda isə “canımız, qanımz türk qanıdır” deyib bağıracaq qədər simasız, Qiyas Zeynallı oğlunuun tutulmasına razı olacaq qədər oyektiv, erməniyə belə rəhm edəcək qədər humanist, Qurgenin nəvəsi Suren özünü və babasını xilas edən Bakı sakinlərini Moskva televizyasından terrorçu kimi təqdim edəcək qədər alçaq, erməni türmə rəisinin müavini Ambaryan isə gənc azərbaycanlı məhbusdan 15-ci ilin qisasını alacaq qədər nadürüstdür. Eləcə də “Sevgilim Sumqayıt” əsərində Cəlal öz qızlıq ismətini ona təslim edən nişanlısına xəyanət edəcək, onun yolunda ailəsini, pulunu, ömrünü xərcləyən qadını isə yarı yolda buraxacaq qədər vicdansız, Ceyransa gəlin köçməmiş bakirəliyi, toy günü isə nigahı pozulmuş bir qız rüsvayçılığından baş götürüb qarnında körpəsini, qəlbində isə sevgilisinin acı xəyanətini gətirib Sumqayıta gələn kimsəsiz, yersiz-yurdsuz bir qızdan bu şəhərin fəxri sakininə çevriləcək qədər güclü, nəvəsinin ehtiyacına baxmayaraq ona hədiyyə edilən evi uşaq evindən çıxan kimsəsiz bir qıza hədiyyə edəcək qədər humanist biridr. Əslində səhnənin tamaşası bu bərli-bəzəkli qəhrəmanlarla bitmir. Raykom katibinin kimsəsiz qıza qayğısı, bu qızın təklifi ilə Heydər Əliyevin uşaq evini tikdirib onu da ora müdir təyin etdirməsi kimi jestlər və yaxud, illər sonra Ceyranın qarşısında Cəlalın məğlubiyyətinin (“Sevgilim Sumqayıt” pyesində), nanəcib nəvəsinin azərbaycanlıların ünvanına söylədiyi yalanın xəcalətindən Qurgenin intiharının yaratdığı (“Şəhərin qış gecələri” pyesində) mənzərələr səhnəni daha da tamaşalı edir.
Bütün dünyada teatr tartışma, bizdə isə tamaşa yeridir və burda dialoqu söhbətlər, qəhrəmanı insanlar əvəz etmişdir. “Şəhərin qış gecələri” pyesinin personajları da dramatik qəhrəmanlar deyil, insanlardır, 20 Yanvar hadisəsini yaşayan Bakı sakinləridir, onlar arasındakı danışıqlar da dialoq deyil, söhbətləşmələrdir. “Sevgilim Sumqayıt” pyesinin personajları isə dövrünün insanlarından daha çox sovet ədəbiyyatının qəhrəmanlarını xatırladırlar, səhnəyə yubiley mərasimi üçün çıxan bu qəhrəmanlarda sovet ədəbiyyatının yaradıcılıq, quruculuq, qalibiyyət ritorikasının olması da çox təbiidir. Bu əsərdə yubilyarın şərəfinə səslənən mahnı yubiley təntənəsini, “Şəhərin qış gecələri” pyesində Qanlı Yanvarla bağlı Ziya Bünyadovun, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Yusif Səmədoğlunun çıxışları isə 20 Yanvar faciəsinin anımını daha da gurlaşdırır. Hər iki əsər çox ritual bir tamamlanmaya malikdir. “Sevgilim Sumqayıt” pyesi yubilyarın şərəfinə düzənlənmiş tədbirlə, “Şəhərin qış gecələri” isə H.Əliyevin 20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın Daimi Nümyəndəliyində çıxışı ilə tamamlanır.
Bu əsərlərdə tarixi faciəmizi anmaq və yaxud Sumqayıtın yubileyini qeyd etmək üçün hər şey var, amma dramatik teatrın səhnəsinə çıxmaq üçün isə demək olar ki, heç nə yoxdur. Bugünkü səhnəmizdə mərasim teatr ənənəsinin şölələnməsi fonunda dramatik teatr ənənəsinin öləziməsi milli teatr sənətimizə M.F.Axundzadə ilə gələn Mirzə Cəlil, C.Cabbarlı dramaturgiyası ilə möhkəmlənən dramatik teatrımızın sabahkı varlığını sual altına qoyurmu?! Biz bu teatra sahibik deyə göstərəcəyimiz ünvanlar nə möhtəşəm binalar, nə möhürlü sənədlər deyil, öyünə biləcəyimiz dramatik səhnədir.
Yazardan aid digər yazılar
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində növbəti iştirakçı qardaş Türkiyədən olacaq. Antalya...
Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edib.
Forum çərçivəsində teatr sə...
Bu günlərdə başa çatan I TÜRKSOY Beynəlxalq Teatr Festivalı həm türkdilli ölkələrin müasir teatr prosesini və ona inteqrasiyasını müəyyənləşdirmək, həm də beynəlxalq teatr ictimaiyyətində əməkdaşlıq &u...
Tezliklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncer Çüçenoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq.
M...
Noyabrın 16-da Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun açılışı olub.
Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir.
Noyabrın 18-dək dava...
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsinin növbəti iştirakçısı Naxçıvan Dövlət Milli Dram Teatrı olacaq. Teatrın koll...
Akademik Milli Dram Teatrının laboratoriyasının “Son xətt” tamaşası təqdim olunub.
Tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edib. O, 8 Noyabr – Zəfər G&u...
Bakı Uşaq və Gənclər Teatrı Şanlı Qələbəmizin üçüncü ildönümü münasibətilə 1-3 noyabr tarixlərində “Bir teatr-bir festival” layihəsi çərçivəsində “3+3=7” festivalını ke&c...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Səmərqənd Vilayət Musiqili Dram Teatrı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Hər iki teatrın rəhbəri – Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev və Özbəkistanın ...
Azərbaycanda CHARACTERS Müasir Dramaturgiya Festivalı keçirilir. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə, dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu ilə həyata keçirilən layihənin tərəfdaşla...