Ağa Məhəmməd şah Qacar! Bütün Şərq tarixində “xacə şah” kimi məşhurlaşan bu şəxsiyyət bir-birinə daban-dabana zidd yanaşmaların və münasibətlərin hədəfidir. Kimisi onu fars mənafeyinə, İran səltənətinə xidmətdə, Azərbaycanı işğalda suçlayır, öz fiziki qüsurunun qisası acısını yaşayan qəddar, qaniçən bir şah kimi lənətləyir, kimisi isə dövlətçiliyi qurmaq, Azərbaycanı birləşdirmək missiyasını üzərinə götürdüyünü iddia edir, yaxşı əməli mükafatsız, pisi isə cəzasız qoymayan müdrik bir hökmdar kimi alqışlayır. Onu da deyək ki, xalqın yaddaşında da bir Qacar obrazı var və xalq qəddar, zalım bir kəsi “Qacar uşağı, Qacar” sözləri ilə yamanlayır.
Əminliklə demək olar ki, Qacar tariximizin ən mübahisəli şəxsiyyətlərindəndir. Mübahisələrin bu dərəcədə qızışmasında isə bədii mətnlər xüsusi rol oynamışdır. Ədəbiyyatımızda Ağa Məhəmməd şah Qacar qədər özündən söz etdirən tarixi şəxsiyyət, demək olar ki, yoxdur. Bu dərəcədə maraq isə təsadüfi ola bilməz. Feodal özbaşınalığının, tayfaların aramsız və amansız didişmələrinin hökm sürdüyü bir şəraitdə İran kimi mövhumatçı bir mühitdə bir xacənin şahlıq mərtəbəsinə yüksələ bilməsi, təbii ki, sıradan bir şey deyildi.
Qacar şəxsiyyəti indiyə qədər milli söz sənətimizin beş əsərində: Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, Səməd Vurğunun “Vaqif”, Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyeslərində, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Yusif Səmədoğlunun “Qətl günü” romanlarında obrazlaşmışdır. Özü də onu nəzərə almaq lazımdır ki, bu əsərlərdən hər biri öz dövründə məşhurluq, ədəbiyyat tariximizdə isə bir yer qazanmışdır. Hələ onu da qeyd etsək ki, Qacar yeganə azərbaycanlı şəxsiyyətdir ki, avropalı bir müəllifin də marağını cəlb etmiş, ona özü haqqında ikicildlik bir roman yazdıra bilmişdir. Jan Gevrin sənədli roman şəklində yazdığı “Xacə şah” əsəri Qacar şəxsiyyəti haqqında ən dolğun, ən etibarlı mənbə hesab olunur və bu əsərdə Qacarın bədii yox, tarixi obrazı var.
Qacarın bədii obrazı isə milli ədəbiyyatımızda daha çox dram janrının diqqətində dayanmış və onun şəxsiyyəti ilə bağlı mübahisələrin qızışmasında da məhz bu janrda yazılmış əsərlər daha böyük rol oynamışdır. Qacar haqqında yazılmış pyeslər öz dövrünün səhnəsini zəbt etmiş, iyirminci əsrin əvvəllərində Hüseyn Ərəblinskinin, ortalarında Sidqi Ruhullanın, XXI əsrin əvvəllərində isə Fuad Poladovun Qacarı böyük tamaşaçı auditoriyası toplamışdır. Elə bu faktlara diqqət edək ki, zamanında “Vaqif” (Səməd Vurğun) min dəfə, tamaşaların qısa müddətli ömür yaşadığı bu gün isə “Şah Qacar” (Əli Əmirli) bir neçə il ərzində əlli dəfədən artıq səhnəyə çıxmışdır.
“Şah Qacar” tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uğurlu bir səhnə ömrü yaşadı. Amma bu uğru yalnız həmin tamaşanın ayağına yazmaq olmaz, bu uğurda onun sələfi “Vaqif”in də payı vardır. “Vaqif”-in Qacar ətrafında yaratdığı mübahisə-mükalimələrdən sonra bu mövzuya maraq sönmür. Tamaşaçı Qacarı “Vaqif”dən tanımış, onu “bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin!” deyən bir qaniçən kimi qəbul etmiş, “gərək fars dilində yazsın sənətkar” düşüncəsində olan bir naxələf olduğuna inanmışdır. Təbii olaraq tamaşaçı “yaxşı” tanıdığı Qacarın yeni simasını mərak etdi və elə bu mərakla da üzünü Akademik Milli Dram Teatrına sarı tutdu.
Əslində istər pyesi oxuduqca, istərsə də tamaşanı seyr etdikcə hiss edirsən ki, müəllif bütün gücü ilə “Vaqif”dəki Qacara qalib gəlmək, tamaşaçı yaddaşına yeni Qacar obrazını həkk etmək istəmişdir. Buna yalnız müəllif deyil, tamaşanın rejissoru, Qacar rolunun ifaçısı da var gücləri ilə çalışmışlar.
Tamaşaçı Qacarın “Mənim vicdanım da, qəlbim də qandır” dediyinəmi, yoxsa “Zalımlarla zalım, adillərlə daha adil oldum” sözlərinəmi inandı? Keçən əsrin ortalarından bəri davam edən lənətlərdən sonra bu gün Qacar səhnəyə çıxıb nə qədər öz ədalətindən ağızdolusu danışsa da, tamaşaçının yaddaşında hələ də “Şair, hökmdar hüzurundasan!” deyən Qacarın kabusu, qəlbində isə “Ruhuma can verir ölüm havası” deyən Qacarın qorxusu vardır. Və bu gün o, səhnədən “ədalətli ol, əhalini vergi ilə boğma” deyə bu kabusu məhv etməyə, “mən döyüşkən şah yox, adil şah olmaq marağındayam” deyə bu qorxunu silməyə çalışsa da, tamaşaçı ona inanmır ki, inanmır.
“Xacə şah” damğası almış bu hökmdarın fiziki şikəstliyi “Vaqif”də onu karikaturik vəziyyətə salmaq üçün bəhanəyə, “Şah Qacar”da isə tragik səviyyəyə yüksəltmək üçün vasitəyə çevrlir. Tamaşaçı onun faciəsinə acımaqdansa, karikaturasına gülməyi üstün tutur. Özümüzü bağışlatmaq istədyimiz Qacar növbəti dəfə bizdən küsür, özü də bu dəfə o, daha küskün, daha incik görünür. Vaxtilə səhnədən böyük təmtəraqla söylənib, gurultu ilə alqışlanan yalanlar onu ağrıdırdısa, bu gün inandıra bilmədiyi gerçəklər, rişxəndi, lənəti yox edə bilməyən həqiqətlər onu acizləşdirir və Qacar acızləşdikcə daha da küskünləşir. O, həm vaxtilə ən qorxunc müharibələrdən qalib çıxıb indi adi uydurmalar qarşısında məğlub qalmış özündən küsür, həm kənar güclər qarşısında dayanıb duruş gətirə biləcək bir ölkə qurmaq missiyasını yarımçıq qoyub yalnız onun bədənini deyil, bütün səltənəti başsız qoyanlardan küsür, həm də onun kəsilmiş başını sonralar dönə-dönə kəsən xələflərindən küsür.
Qacarın bədəni başsız qaldıqdan sonra onun başını yenidən kəsmək ənənəsi çox tez - onun ölüm xəbərinin səhərisi yaranmışdı və onun başsız bədəninin şərəfinə elə o səhərdəcə “Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur, payimal оldu təpiklərdə səri-sərdarə bax!” sözləri söylənildi. Bu kəlmələrin sahibinin, əlbəttə, haqqı vardı bunları söyləməyə, o, öz qatilinin ölüm xəbərini eşitmişdi və sağ qalmış başının şərəfinə söyləmişdi bu sözləri. Təbii ki, ölkəsini Qarabağ xanlığından ibarət bilən, onun sərhədlərindən o yanı xaric hesab edən bir kəs Qacarın yürütdüyü siyasəti və onun ölümünün bizə gətirəcəyi acl aqibəti dərk edə bilməzdi. Onun üçün Qacar adi bir işğalçı idi, məramı, məqsədi talançılıq olan işğalçı.
Sonradan zaman ötdükcə, tarix bizə Qacarın kəsilmiş başının acı aqibətini yaşatdıqca Haqverdiyev Qacarın məram, məqsədini tamaşaçıya çözməyə, Ərəblinski isə ifasında bunu göstərməyə çalışdılar və çalışdıqlarına müvəffəq də oldular. Ancaq bu müvəffəqiyyət uzun müddət davam etmədi. Cəmi bir neçə on il sonra bir vaxt başını insan kəllələrindən hörüləcək qüllənin ən hündür yerində qoymaq istədiyi Vaqif əlinə düşən fürsəti fövtə vermədi, Qacarın başını elə amansızlıqla kəsdi ki, yəqin ki, bu baş heç Şuşa sarayının qaranlıq otaqlarının birində qəfil endirilmiş qılınc zərbəsinə tüş gələrkən belə sızlamamışdı. Onun sızıltısı bu dəfə daha acı idi, çünki bir vaxtlar tarixinə dövlətçilik və birlik yazmaq istədiyi xalq onun kəsilmiş başını elə coşqu ilə qarşıladı ki, onun “qatil”i milli səhnəmizdə heç bir tamaşanın qazanmadığı uğuru qazandı. “Vaqif”in uğuru böyüdükcə Qacarın faciəsi də dərinləşdi. İki əsr öncə zindanın soyuq divarları arasında cəlladının yolunu gözləyən qoca Vaqif Qacarın ölüm xəbərinə necə sevinmişdisə, iyirminci əsrin ortalarında teatrın rahat kreslolarında əyləşən tamaşaçı da bu ölümə eləcə sevindi. Səhnədən Qacara qarşı aparılan bu repressiya uzun müddət davam etdi. “Vaqif” dönə-dönə tamaşaçıların qarşısına çıxdı və hər dəfə də Qacarın başını böyük zövq və ləzzətlə kəsdi.
Qacarın başı isə uzun müddət sərgərdan dolaşaraq öz haqqına qovuşacağı günü, öz tarixi bəraətini gözlədi.
İyirmi birinci əsrin əvvəllərində, nəhayət ki, bu gün gəldi. Səhnə Qacarın kəsilmiş başını alqışlamaq üçün yox, bu başı kəsənləri lənətləmək üçün tamaşaçıları teatra dəvət etdi. Bütün tamaşa Qacarın kəsilmiş başının öz fiziki qüsurunun acısını bəşərdən çıxmaq istəyən adi bir xacənin, dünyanı qan dənizinə çalxalamq istəyən bir müstəbidin, yalnız taxt-tacının eşqi ilə qılınc çalan bir hökmdarın başı olmadığını sübut etməyə çalışdı. Qacarla bağlı bütün həqiqətləri, gerçəkləri ucadan tamaşaçıya bəyan etdi. Uzun illərin repressiyasından sonra səhnədən Qacarın bəraət alması üçün çox çalışdı, ancaq müvəffəq oldumu? Tamaşaçı, adətən, səhnədən eşitdiklərinə, görüdüklərinə deyil, hiss edib duyduqlarına inanır, onu duyğulandırmadıqca hətta Jan Gevrin "Xacə şah" əsəri kimi mötəbər mənbənin ələk-vələk edilib səhnəyə tökülmüş materialları belə yararsız qalır.
Mənbələrin verdiyi məlumata görə Qacar doğularkən səmada quyruqlu ulduz görünmüşdü. Bu ulduzun doğuluşu onun anası Ceyran xanımı yaman qorxutmuşdu...
Qacar uşaqlığından özünə qarşı ədalətsizliklərə alışmışdı. Onu cismən şikəst etmişdilər, ancaq o, ruhən sağlam qalmışdı. Kərim xan Zənd ona döyüş meydanında qalib gəlmişdi, Qacar isə onu ağıl və zəka meydanında məğlub etmişdi. Bu amansız düşməni ona zavallı bir xacə kimi rəhm etmişdi, Qacarsa bir hökdar kimi ondan intiqam almışdı. Onu İran şahlığı uğrunda gedən mübarizədən kənarlaşdırmışdılar, ancaq o, gözlənilmədən bütün düşmənlərini məhv edib taxt-tacı ələ keçirmişdi. İstənilən hücum və təpki qarşıında aciz qalmayan, həmişə özünə qarşı edilmiş haqsızlıqlara qalib gəlməyi bacaran Qacar bu gün acız görünür. Bəlkə, elə bu acizliyindəndir ki, o, səhnədə natural mənada ulayır. Bu, bədbəxt bir insanın ulartısından daha çox, öz bəraətini ala bilməyən əlacsız bir kəsin hayqırtısına bənzəyir.
Yazardan aid digər yazılar
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera studiyasında 1 və 14 oktyabr tarixlərində saat 19:00-da dahi rus bəstəkar Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" operasının premyerası...
Gəncə Dövlət Dram Teatrı Tural Vaqifoğlunun quruluş verdiyi E. İoneskonun "Kral ölür" tamaşası ilə bu ilin oktyabr ayında Türkiyə Cümhuriyyətində keçiriləcək iki möhtəşəm Beynəlxalq Teatr festivalına dəv...
Teatr rejissoru, Azərbaycanda ilk interaktiv dOM teatrının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət Mərkəzinin direktoru Tərlan Rəsulov Azərbaycanı Budapeştdə keçirilən 10-cu MITEM Beynəlxalq teatr ...
21 sentyabr 2023-cü il tarixdə Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri Konfederasiya tərəfindən 2024-cü ilin may-iyun aylarında Qazaxıstanda (Alma-Ata) keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürc&...
ADMİU-nun Teatrşünaslıq ixtisasının tələbəsi, Teatro.az sənət portalının müəllifi Fatimə Qurbanzadə “Pillə 2” Tələbə Tamaşaları Festivalı çərçivəsində “Ən yaxşı məqalə” mükafatına layiq gör&uu...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
17 sentyabr — M.F.Axundzadə “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, saat 19:00
21 sentyabr — Q.Çoxeli “Küknarlara məktub” (A.M.Şərifzadə səhnəsi),...
Görkəmli rejissor, aktyor, pedaqoq və nəzəriyyəçi, SSRİ Xalq artisti, sənətşünaslıq doktoru, professor, Vaxtanqov teatrının yaradıcılarından biri, yarım əsr Şukin məktəbinə rəhbərlik etmiş Boris Yevgenyeviç Zaxavanın "Vax...
Специально для Дискурса критик Эмилия Деменцова поговорила с автором метода спонтанной игры, создателем азербайджанского театра dOM Тарланом Расуловым о сути профессии и самосохранении в ней. Почему форма спектакля важнее содержания? Из-за чег...
Исмаил Иман: Произведение должно продолжать жить на сцене
В рамках образовательной программы фестиваля «Любимовка» в Бакинском театре марионеток прошло панельное обсуждение на тему «Современная драматургия в Азербайджане: где она...
Onun haqqında yazmağı lap çoxdan istəyirdim. Çünki hazırda peşəkar Azərbaycan teatrının ən işlək rəssamlarından, saysız quruluşları ilə seçilənlərindəndir.
Akademik Teatrın repertuarındakı bir çox fundamental səhnə...