TEATRO

TEATRO

sənət portalı

post-title

Aynurə İbadullah qızı - Şərq və dram

Məlumdur ki, dram və dramatik teatr Qərbdə yaranmışdır. Tarixi daha qədimə gedən  Şərq teatrı mərasim teatrı olmuş, özünü dini, milli, məişət ritualları əsasında formalaşdırmışdır.  Şərq uzun əsrlər dramatik teatrdan, eləcə də dram janrından  uzaq qalmış, daha doğrusu, bu janrda özünüifadəyə ehtiyac duymamışdır. Bu gün Şərq dramda yüzillik  təcrübəyə malik olsa da, dram Qərbin janrı olaraq qalmaqdadır.   Şərq  ara-sıra və bəlkə də, nadirən bu janrda yaxşı əsərlər yaratsa da, dram Şərqin janrı ola bilmir,   o, özünü  poeziyada, uzaqbaşı isə nəsrdə ifadə edir. 

Dram niyə Şərqin janrı ola bilmir və  yaxud niyə Şərq bu janrda yaxşı əsər yarada bilmir?  

Sözsüz ki, yaradıcılıq ilk növbədə istedad məsələsidir. Amma Şərq heç bir zaman istedaddan kasad olmamış, o, Xəyyam, Nizami, Hafiz, Füzuli kimi şairlər, “Min bir gece nağılları”, “Qabusnamə”, “Kəlilə və Dimnə” kimi dünya şöhrətli əsərlər ortaya qoymuş, dünyanı  Robindranat Taqorun, Çingiz Aytmatovun, Orxan Pamukun romanları ilə maraqlandıra bilmişdir. Ancaq Şərq dramaturgiyasından dünya miqyaslı  bir fakta da rast gəlmək mümkün deyildir. Dramaturgiyanın  inkişafı tarixində Şərqin adı yalnız misteriya və dini tamaşalardan keçir  ( Bax: В.А. Луков Мировая драматургия. // Энциклопедия гуманитарных наук, 2007 — №2 , (229-331c.) 229 c.).

Yaradıcılıq istedad məsələsi olsa da, ola bilməz ki, Tanrı Şərqi həmişə istedadın bir tərəfindən əta edib, o biri tərəfindən kəm yaratsın. Demək, məsələ heç də istedadda deyil, başqa nəsnələrdədir. Hegelə görə: “...Şərq dünyası, dramın gərəkli inkişafına  öncədən yol verməmşdir” (QEQEL  F. (1958) Soçineniya. Tom 14, kniqa III, Moskva,   544 s.371 s.).

Dram digər janrlardan daha az təxəyyül və daha çox təfəkkür məsələsidir. Poeziyada təxəyyülün ortaya qoyduğu gözəl bir ifadə, yaxud nəsrdə təxəyyülün məhsulu olan maraqlı bir macəra yaxşı bir əsərin yaranması üçün material ola bilər.   Ancaq yaxşı bir dramın yaranması üçün təxəyyülün uydurduqları deyil, təfəkkürün analiz etdikləri   lazımdır. Dram həm də fərdin deyil, toplumun təfəkkür məsələsidir. Bir fərdin təfəkkürü yaxşı bir şeir, yaxud yaxşı bir nəsr yarada bilər, ancaq yaxşı bir dram yarada bilməz. Nizaminin “Xəmsə” si, Ömər Xəyyamın rübailəri, Hafizin qəzəlləri, Füzulinin “Leyli və Məcnun”u, Keykavusun “Qabusnamə”si, hind ədəbiyyatından “Kəlilə və Dimnə”,  ərəb ədəbiyyatından “Min bir gecə nağılları”  kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olan əsərlər toplum təfəkkrünün boy atmadığı, hətta cahillik həddində olduğu bir ortamda yaranmışdır. Amma bu ortamda dram yaranmamışdır. Dram toplum təfəkkürünün inkişaf etdiyi,  yalnız personajlar arasında deyil, cəmiyyətdə dialoqun   olduğu şəraitdə yaranır. Təsadüfi deyil ki, bu janr yunan demokratiyası mühitində meydana çıxdı. Roma demokratiyasının tənəzzülündən sonra dünya dram sənətində də tənəzzül yaşandı. “Avropa dramaturgiyası tarixində poeziya və nəsrə məxsus olmayan özəllik - inkişafında yarım minlik fasilə vardır” (В.А. Луков Мировая драматургия. // Энциклопедия гуманитарных наук, 2007 — №2 ,  229-331c., 230).  Dramın yenidən dirçəlişi təfəkkür tarixinin yeni erasında: İntibah dövründə baş verdi. 

Dramın inkişafı toplum təfəkkürünün inkişafı ilə həmahəngdir, böyük dram tartışma ortamı olan bir cəmiyyətdə yaranır.  Qədim Yunanıstanda ona görə teatr-dram sənəti yaranmadı ki, yunan xalqının Esxil, Evripid, Sofokl kimi sənətkarları var idi, ona görə yarandı ki, yunan cəmiyyətinin dili dialoqun dili idi və  cəmiyyətin mübahisə-müzakirəli mühiti dramın yaranması üçün zəmin verirdi.  Odur ki, qədim yunan dramaturgiyası yalnız Esxil, Evripid, Sofoklun deyil, həm də Qədim yunan demokratiyasının, Plavt, Terenzi, Seneka yaradıcılığı Roma demokratiyasının,  Şekspir, Şiller, Molyer, İbsen dramaturgiyası isə inqilablar edib, respublika quruluşu, parlament idarəetməsi yaradan Qərb cəmiyyətinin yaratdıqları idi.  

Özünü ehramlar qarşısında sitayişə həsr edib, ehkamlar çərçivəsində düşünən,  şah saraylarındakı hakimiyyət çəkişmələrini seyrçi kimi izləyib, taleyinin hökmünü gah göylərdən, gah da saraylardan gözləyən müti və müdrik Şərqin özünü aşiqanə qəzəllərdə, yaxud ibrətamiz hekayələrdə ifadə etməsi təbii idi. Kralları xalq qarşısında edama aparan Qərb gördüklərini müzakirə etmək, şahları saray qapıları arxasında qətlə yetirən Şərq isə eşitdiklərini dinləmək və inanmaq vərdişinə yiyələnmişdi.  Nə zaman ki, inanmaqdan imtina etdi,  Şərq insanı itaətdən üsyana, inamdan şübhəyə keçdi, onunla moizənin, monoloqun dilində danışmaq imkansız oldu,   qarşı tərəf   dialoqa girmək məcburiyyəti qarşısında qaldı, onda Şərqdə də dram yarandı. Bunun baş verdiyi zaman kəsiyi XIX əsr idi.

Bu əsrdə Şərqdə demokratik gəlişmələrin ilk işartıları görünür, təfəkkürdə bir oyanış yaşanırdı: Hindistanda ənənəvi yaşayış tərzinin dağılması sürətlənmiş, milli-azadlıq hərəkatları alovlanmış, Yaponiya mütləq monarxiyadan konstitutsiyalı monarxiya idarəetməsinə keçmiş, daha mühafizəkar olan islam Şərqində modernləşmə meyilləri özünü göstərməyə başlamış, Osmanlıda bu modenləşmə   milli, siyasi mövzulu çəkişmələrə qədər gedib çıxmışdı.  Osmanlı dövlətində Sənədi-İttifakın qəbulu, Tanzimat fərmanının, İslahat fərmanının verilməsi, 1876-cı yıl Anayasası kimi demokratikləşməyə meyilli siyasi hadisələrin gəlişməsi artıq cəmiyyətin orta əsrlər ətalətindən oyandığını,  düşüncədə bir oyanış yaşadığını göstərirdi. 

Cəmiyyətə dialoqun gəlişi ədəbiyyata da dramı gətirdi. 1850-ci ildə Mirzə Fətəli Axundazədənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” pyesi ilə Azərbaycan, 1860-cı ildə İbrahim Şinasınin “Şairin evlənməsi” pyesi ilə Osmanlı     ədəbiyyatında dram yarandı. İran, Çin, Hindistan, Yaponiya ədəbiyyatlarında isə  təxminən XIX əsrin sonları XX əsrin əvvəllərində bu janr meydana çıxdı. 

Şeir bir subyektin hislərinin, düşüncələrinin, nəsr bir cəmiyyətin yaşantılarının, ritual teatr inamın, inancın janrı olduğu kimi, dram da üsyanın, itaətsizliyin janrıdır. Təsadüfi deyil ki, dramın ən klassik sualı olan “Olum, ya ölüm” Hamletin  “Silaha sarılıb üsyan etmək: Ya qələbə çalmaq, ya həlak olmaq?” düşüncəsindən doğmuşdu. Bu janrın ən klassik qəhrəmanları üsyankar düşüncədən yaranmışdır. Esxilin Prometeyi baş Allah Zevsin tabularını pozmaya qədər cəsarət edən, Evripidin Medeyası öz mübarizəsində sevimli övladlarını qurbana qədər gedən, Sofoklun Antiqonası hökmdar Kreonun qadağasına baxmayaraq qardaşının dəfninə cürət edən, Şillerin Karlı öz dəstəsi ilə bəşəri eybəcərliklərə müharibə elan edən üsyankar tiplər idi. O da təsadüfi deyil ki, İslam Şərqində ilk dram yaradıcısı   Mirzə Fətəli Axundzadə mənsub olduğu islam cəmiyyətinin ən müqəddəs dəyərlərini: Allahı, Məhəmməd peyğəmbəri, Quranı  mübahisəyə gətirəcək, Şərqin ədəbi səcdəgahı olan Füzulini şair hesab etməyəcək qədər üsyankar düşüncəyə malik idi.  Yenə o da təsadüfi deyildir ki,  son dövr Azərbaycan teatr sənətinin ən böyük hadisəsi XX əsrin sonlarında qədim Şərq teatr ənənələri üzərində qurulan “Yuğ” teatrı və ən ustad rejissoru isə bu teatrın yaradıcısı Vaqif İbrahimoğlu olmuşdur. Balaca binada yerləşməsinə, maddi-texniki bazasının qıtlığına baxmayaraq,  “Yuğ” o uğru ona görə qazana bildi ki, ruh və ovqatın üzərində qurulan bu teatr bizə bizim özümüz qədər yaxın idi.   Daha zəngin maddi-texniki bazaya, daha güclü teatr təsisatlarına baxmayaraq, dramatik teatrın “Yuğ”a uduzmasının səbəblərindən biri də də o idi ki, o,  mentallığımıza yad, dünyamıza uzaq idi.  

Janrın mentallığı

Şərq mentallığı mərasim teatrını, Qərb demokratiyası isə dramatik teatrı yaratmışdır. Mərasim teatrı  daha çox poeziyadır, nəinki dram. 

Janr yalnız   poetik deyil,  həm də mental  forma məsələsidir, hər janrın özünün təbiəti var,  poeziya daha çox totalitar, nəsr avtoritar, dram isə demokratikdir. Təsadüfi deyildir ki, dram demokratik Qərbdə meydana çıxmış, totalitar Şərq isə minillər boyunca bu janrdan xəbərsiz qalmış, totalitarizimin intişar etdiyi yerlərin və zamanların ən gəlişmiş janrı poeziya olmuşdur. O da təsadüfi deyildir ki, nəsr totalitarizmdən avtoritarizmə keçid zamanında, dram isə demokratikləşmə meyillərinin cəmiyyətə gəldiyi zamanlarda yaranmışdır. 

Totarlitarizmdə mütləq hakimiyyət heç kimə səs-söz hüququ vermədiyi kimi, poeziya da təksəsli janrdır, müəllif məni hakimi-mütləqdir. Avtoritarizmdə başqalarına səs-söz hüququ güzəştə gedilsə də, idarəetmə diktatora məxsusdur, nəsrdə də müəllif obrazlara yer versə də, hadisələrin gedişini idarə edir.   Demokratizmdə hər hansı diktatura yox olduğu, səs-söz hüquq xalqa məxsus olduğu kimi, dram da müəllfin “öldüyü”, səhnənin personajlara məxsus olduğu janrdır. Poeziyanın diktə etdiyi, nəsrin idarə etdiyi insanlar dramda artıq özləri səhnədə diktə edir, səhnənini iadrə edirlər.    

Dram həmişə ən çətin janr hesab olunub. Kiminsə diktəsini dinləmək  asan, dialoqa girmək isə  xeyli müşkül işdir, xüsusən də moizə-monoloqa   alışmış Şərq insanı üçün. Ədəbiyyatımızda bu müşkülü asan edən Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Cəfər Cabbarlı kimi sənətkarlar XIX əsrin sonu XX əsrin əvvəllərində yetişdi və onlar Azərbaycan dramaturgiyasının ən gözəl nümunələrini yaratdılar. Bu dövr ədəbi prosesinin ən görünən əsərləri Axundovun komediyaları, ən məşhur personajları Mirzə Cəlilin ölüləri, Kefli İsgəndəri, ən dolğun bədii siqləti Aydının faciəsi, ən yaddaqalan hadisəsi Oqtayın Firəngisi öldürməsi oldu. Sonrakı dönəmdə   dram ədəbiyyatın bu qədər yaddaqalan fiqurlarını, məzmununu yarada bilmədi. Bu tendensiya yalnız bizim ədəbiyyatda deyil, rus ədəbiyyatında da baş verdi.  Təsadüfi deyil ki, rus dramaturgiyasının dünya ədəbiyyatına bəxş etdiyi A.P.Çexov,  A.N.Ostrovski kimi imzalar XIX əsrdə yetişdi, bu uğru rus ədəbiyyatı sonrakı dönəmlərdə təkrarlaya bilmədi. XIX əsr Rusiya tarixində çar mütləqiyyətinə qarşı mübarizənin gücləndiyi, sosial, siyasi, ictimai təsisatların  mübahisə və müzakirələrə gəldiyi dövr idi. XX əsrin ilk onilliklərində çar mütləqiyyətinə qarşı mübarizə uğurla nəticələnsə də, demokratiya uğrunda mübarizə uğursuzluğa düçar oldu, belə ki, sovet hökümətinin qurulması ilə cəmiyyət özünün mübahisə-müzakirə imkanlarını tükətdi, o, yenə gözünü saray qapılarına dikib taleyinə oxunacaq hökmü gözləyən topluma çevrildi. Bu toplum nə mühitinə qarşı duran Kefli İsgəndəri, nə də üsyankar Aydını yetişdirə bilər, nə də ananın oğulları kimi müxtəlif mövqelərdən  müzakirə müstəvisinə çıxa bilərdi. Bu toplum olsa olsa, teatrımıza repertuar zənginliyi gətirən İlyas Əfəndiyev dramaturgiyasını yaratmağa qadir idi. 

Sovet dönəmində cəmiyyəti minillər boyunca öz əsarətində saxlayan dini ehkamlar yıxılsa da, onun yerində siyasi ehkamlar qurulmuş, kommunist ideologiyasının müqəddsəliyi, Marks, Engels, Lenin üçlüyünün peyğəmbərliyi  elan olunmuşdu və bu ideologiyaya inanmayanlara, bu üçlüyə səcdə etməyənlərə müzakirəsiz, məhkəməsiz xain damğası vurulurdu. Odur ki, belə bir ictimai-siyasi ortamda Cəfər Cabbarlının öz idealları uğrunda çarpışan aydınları, oqtayları öz yerini kommunist ideologiyasının təbliğatçılarına: sevillərə, almazlara, elxanlara verdi. Sovet teatrının ən uğurlu əsəri “Vaqif” (Səməd Vurğun) dramatikliyi yox, şeiriyyəti ilə şöhrət tapdı, sovet dramaturgiyasının ən yaxşı pyesi hesab olunan “Boy çiçəyi, yaxud sən həmişə mənimləsən” (İlyas Əfəndiyev) pyesi isə dramatik səhnənin yox, yaxşı bir teletamaşanın  uğruna çevrildi. 

Bu dönəmdə böyük dram yaranmasa da, o dövrün böyük teatr hadislərindən, böyük rejissor, aktyor  imzalarından, tamaşaçı marağından söz etmək mümkündür.  Dram bizim üçün yeni olsa da, tamaşa qurmaq səriştəmiz, yaxud  tamaşa seyr etmək marağımız çox qədimə gedir çıxır. Şərqdə küçə tamaşaları, məhərrəmlik şəbihləri, dərviş söhbətləri (monotamaşa) həmişə özünə böyük tamaşaçı kütləsi toplamışdır. Nələr göstərildiyini, nələrin söyləndiyini sorğulamayan, yaxud sorğulamağı sevməyən bu kütlə üçün əslində o nələrin o qədər də fərqi yoxdur, əsas odur ki, gördükləri gözlərini, eşitdikləri ruhunu oxşasın. Zehnini yoracaq yox, zövqünün oxşayacaq bir tamaşa bularsa, o, küçə, meydan, teatr demədən hər yerdə  tamaşaçı ola, ən səmimi şəkildə göz yaşı tökə, yaxud da ürəkdən qəhqəhə çəkib gülə bilər. Yetər ki, baxdığı hər şey tamaşalı olsun. Həyatının hər təsisatında, məişətinin hər təfərrüatında tamaşa qurmağa alışmış Şərq səhnədə də həqiqi bir tamaşa görmək istəyir,  zövqünü oxşçayacaq , ruhunu dinləndirəcək bir tamaşa. Ona görə həyat ruhun hallarıdır, o cümlədən sənət də, hətta dramatik teatr da. Vaqif  İbrahimpğlu deyirdi: “Məncə, teatrın “xammalı” nə söz, nə ideya, nə də ki, psixofiziki əməldir. Kökü ritual-mərasimlərdə olan teatrın materialı, ifadə və təsvir vasitəsi ruhsal ovqat və ya haldır” (Məryəm Əlizadə. İnsan amili və yaxud sənətçilərlə ehtiyatlı olun // Qobustan, 1999, N1, s.67-70, 69 s.). Ruhunu, ovqatını  göylərə kökləyən, səadəti, ədaləti orda bulacağına ümid edən Şərq  insanı Yerdə  səadət və ədalət axtarışına çıxan dramatik personaj ola bilmir, daha doğrusu, olmaq istəmir. Baxmayaraq ki, həyatının  sosial, ictimai, məişət düzəni  ona daha çox bu şansı verir. Bu şans onu münaqişələr müstəvisinə götürür,  amma mübahisə-müzakirələr müstəvisinə  yox. Ata-babadan gördüyü, yuxarıların dediyi, taleyinin  qismət etdiyi, inancının buyurduğu kimi  yaşamağı tərcih edən Şərq insanı mübahisə-müzakirələrdə zehini zorlamaqdansa, ağılalmaz qəhrəmanlıqlar, mislisiz alicənablıqlar, sonsuz fədakarlıqlar, ölməz məhəbbət hekayələrində ruhunu təskin etməyi tərcih edir.     
Ömrü Göylərin iradəsi ilə Yerin ibadəti arasında bir zaman kimi   dərk edən şərqli fani dünyanın sorunları ilə uğraşmaqdansa, özünü əbədi dünyanın səadətini qazanmağa həsr edərkən ritual səhnənin,    özünü taleyinin, ömrünün sahibi hesab edən qərbli isə müvəqqəti ömrü əbədi nemət kimi yaşamaq uğrunda  uğraşırkın dramatik səhnənin qəhrəmanı olmaq energetikasını qazanır. 

Niyə dram yox, məhz poeziya?  

XIX əsrdə Şərqdə başlayan oyanış demokratiyanın inkişafına inam yaratdığı kimi, ədəbiyyata da dramın gəlişi  böyük dramaturgiyanın yaranacağına ümid verirdi. Şərqin demokratiya uğrunda çabaları müvəffəqiyyətli bir sonluq tapmadığı kimi, digər janrlarda əldə etdiyi uğurları da dramda təkrarlaya bilmədi.  Poeziya yenə də Şərqin özünü ən yaxşı   ifadə yeri olaraq qalmaqda davam etdi. Ona görə də istər-istəməz qarşımıza bu sual çıxır: niyə dram yox, məhz poeziya? 

Diktədən demokratiyaya, didaktikadan dramatikliyə keçid müəyyən siyasi, ictimai, ədəbi təsisatların qurulması ilə baş verəcək proses deyil, mental düşüncə yönünün dəyişməsi, yaxud özünü yeniləməsi ilə baş verib tamamlanacaq hadisədir.  

Şərq müdrik, poeziya isə didaktikdir. Müdrik  nəsihətlərin, ibrətamiz hekayələrin ifadəsi poeziyanın, inkarı isə dramın mövzusudur.  

Şərq özünüifadədə bəlağət və bər-bəzəyə üstünlük veridiy kimi, poeziyada da  məna-məzmun özünün ən bəzəkli formasını, ən bəlağətli şəklini alır, dəbdəbəli poetik fiqurlara malik poeziyadan fərqli olaraq  dram ünsiyyətin ən çılpaq, ən sadə şəklini seçir. 

Səcdə, sitayiş əhvali-ruhiyyəsinə köklənən Şərq  moizəyə heyranlıqla qulaq asır, monoloqu itaətkarlıqla dinləyir. Poeziyada da  moziənin ruhu, monoloqun dili var. Dramsa moizə-monoloqun deyil, tartışmanın, dialoqun janrıdır.  

Şərq həmişə tapınmaq üçün səcdəgah, qarşısında əyilmək üçün büt axtarmış, səhnə bütlərin yıxıldığı, poeziya isə onların qurulduğu yerdir.
  
Şərq ilahiləşdirməyi sevir. Təsadüfi deyildir ki, bütün dinlər Şərqdə meydana çıxmış, bütpərəstliyin ən intişar yeri Şərq olmuşdur. Nəsrin müxtəlif yönlərdən təsviri oxucunun müstəqil münasibətinə, dramın müxtəlif rakurslardan yanaşması müzakirələrə yol açırsa, şeirin monoton müstəvisində qəhrəman ilahiləşir. Qədim yunan dramaturgiyası allahları belə tartışmaya çağırdığı halda, klassik Şərq poeziyası insanları allahlaşdırırdı. Qədim yunan dramaturgiyasının qəhrəmanı üsyankar Prometey, klassik Şərq poeziyasının qəhrəmanı isə ilahiləşdirilmiş gözəldir. 

Şərq insanı xəyalpərəstdir, Yer üzünün acı gerçəkliklərini Göylərin şirin xəyalları ilə kompensasiya edir. Poeziya ona öz xəyallarını ifadə etməyə, bu xəyallarını poetik sözün gücü ilə yaşamağa imkan verir. Dramsa şirin xəyallardan uzaq, sərt gerçəkliklər   janrıdır. 

Şərq insanı daha çox şəxsi sevnci, kədəri ilə yaşayır, ictimai həyatın sorunları onu az düşüdürür. Poeziya da daha çox insanın şəxsinə, dramsa topluma yönəlik janrdır.  

Şərq insanı ya sevir, ya da nifrət edir, onun münasibəti müzakirə müstəvisinə gəlmir, poeziya da nəyi isə müzakirə etmir, o, sevdiklərini ilahiləşdirir, nifrət etdiklərini isə eybəcərləşdirir. Poeziya mühakimənin, dram isə müzakirənin dilində danışır. 

Şərq fərdin analiz, seçim etmək, öz münasibətini formalaşdırıb ifadə etmək imkanlarını məhdudlaşdırır. Elə buna görə ən mütləq hakimiyyətlər,  ən radikal dini təlimlər, ən ağır sosial düzənlər, ən keçilməz tabular Şərqdə yaranmışdır. Poeziya da oxucusuna analiz etmək, öz münasibətini formalaşdırmaq şansı vermir, o, qəhrəmanını sevdirir, antiqəhrəmanına isə nifrət etdirir. Dramsa oxucuya hazır münasibət ötürmür, analiz etməyi onun öhdəsinə buraxır. Evripidin “Medeya” pyesində övladlarını ərinin xəyanətinə   qurban verən Medeyanınmı, yoxsa öz xəyanəti ilə onu bu cinayətə sürükləyən əri Yazonunmu  günahkar olması qəti qərarın deyil, müzakirənin mövzusudur və yaxud Cəfər Cabbarlının “Oqtay Eloğlu” tragediyasında günahsız Firəngizi öldürən Oqtay Eloğlunamı, yoxsa insanı sevdiyini yaşatmaq yox, öldürmək məcburiyyəti qarşısında qoyan mühitəmi hökm oxumaq müəllifin yox, tamaşaçıların ixtiyarındadır.   

Şərqdə həyat mütləq mənin diktəsi, şeirdə isə məzmun müəllif mənin dedikləri üzərində qurulur. Mütləq mən insanları öz düşüncə və istəklərinin tabeçiliyində, müəllif məni  isə oxucunu öz  hiss və düşüncəsinin təsirində saxlayır, kimsəyə səs hüququ vermir, dramda isə bütün personajların səs hüququ var və heç bir janr dram qədər onlara öz sözünü deməyə, öz həqiqətləri uğrunda tartışmağa imkan vermir.  

Şərq “olacağa çarə yoxdur” düşüncəsi ilə yaşar,  dramsa “olum, yaxud ölüm”  sualı üzərində düşünər. Onun “şükür et” fəlsəfəsinin bitdiyi yerdə şikayəti başlar. Poeziya şikayətin, dram isə üsyanın janrıdır. Poeziya acılarına, taleyinə göz yaşı tökənlərin, dram isə öz taleyini yaşamayanların, daha doğrusu, yaşamaq istəməyənlərin janrıdır.   

Şərq hər zaman mistikaya meyilli olmuş, öz düşüncələrində göylərə qalxmış, gerçəkləri maddi həyatda deyil, mənəvi-ruhsal aləmdə aramıştır. "Hər dəfə fikirləşmək üçün, səmaya qalxmaq, daxili yüksəliş keçirmək zərurəti geniş kütləni fikir tənbəlliyinə sürükləyir. Və fikir tənbəlliyi, Şərqin amilinə çevrilir" (Xəlilov S. İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri. Bakı: Azər. Universiteti Nəşriyyatı, 2008, 114 s.16). Şərq ətaləti, dram isə hərəkəti sevir. Dram şeir kimi göylərə qalxmaz, həqiqəti Yerdə  arar, mistika ile özünü təskin etməz, gerçəklikdə özünü dərk etmek istər. 

Şərq duyğusaldır, çılğındır, hiss və duyğular janrı poeziya onun üçün sıcaq, düşüncələr janrı dramsa soyuq məkandır.  

Şərq Yer üzündə düzəni mərhəmətin ümidinə, Qərb isə ədalətin hökmünə buraxırkən onun mərhəmət çağırışları poeziyanın, qərblinin ədalət axtarışları isə dramın mövzusu olur. 

Alman filosofu Hegelə görə,  xalqlar bədi ədəbiyyatı o zaman yaradırlar ki, onalr  özləri özlərini izah edə bilirlər. Məsələn, misirlilərin ona görə bədii ədəbiyyatı yoxdur ki,   onlar özləri özlərini dərk etmirlər. Ona görə də onlarda incəsənət tikinti, heykəktəraşlıq şəklində yaranmışdır. Misirli insan dərk olunmur. ...Yunan isə deyir  özünü dərk et (Ф.Гегель. Эстетика. IV т., Москва, 1973). Özünü dərk edən yunan (qərbli) dramaturgiyanı, özünü dərk edə bilməyən misirli (şərqli) isə məşhur Misir pramidalarını yaratdı. Yunanlının  yaratdığı dramaturgiya  misirli üçün əlçatmaz, misirlinin yaratdığı tikinti isə yunan üçün dərkolunmaz  olaraq qalır. 
 
 

Load Time (S) : 0.005534