TEATRO

TEATRO

sənət portalı

post-title

Aynurə İbadullah qızı - Səhnəmizin Stalin “sevgi”si

Statistik olaraq müstəqillik dövrü dramatirgiyamızda Stalin səhnəyə ən çox çıxan tarixi personajdır, mövzudur, addır. Əlbəttə, bu da təsadüfi deyil. Tariximizin ən mürəkkəb, ən müəmmalı, ən mübahisəli dövrü onun adı ilə bağlıdır. O dövr, sözsüz ki, qırmızı imperiyanın ən qırmızı dövrü idi, Stalin isə onun ən qırmızı siması. Bu qırmızının şəfəqlərində üzən ölkənin şeiri ən gur səsi ilə “dahi rəhbər”ə “Bakının sayrışan ulduzlarından // Çadrasız, boyasız türk qızlarından” salam aparır, səhnəmiz isə ən itaətkar şəkildə “Bir candır Koba! Başına and içir bütün el-oba” deyərək səcdə edirdi. Qırmızı cəlladın qılıncının qorxusu başımızın üstündən çəkilən kimi bu salamın sədaları da şeirimizn misralarından çəkildi, səcdəgahamız da səhnəmizdən endi. Səksəninci illərin sonunda səhnəmiz “Stalin kimi cəllad Lenin ola bilməz!” (İlyas Əfəndiyev “Sevgililərin cəhənnəmdə vüsalı”) deyərək onu “can”lıq taxtından cəlladlıq mərtəbəsinə enirdisə də, sorğulamağa cəsarət etmədi, çünki stalinizm bitsə də, Stalini başımıza bəla edən leninizm hələ də davam etməkdə idi. 

Müstəqillik dönəmi isə yeni “...izm”in başlangıcı idi və bu yeni “...izm”də nəinki stalinizm, hətta leninizm də lənət daşı idi, odur ki, illərdir boğazdan yuxarı sevgi və sayğılar söyləməkdən boğaza yığılan ədəbiyyat bu fürsəti fövtə vermədi, içimizdə illərcə yığılıb qalan hirsi, hikkəni püskürməyə başladı: dünən  təriflədiklərimiz bu gün tənqid atəşinə tutuldu, dünən səcdə etdiklərimiz bu gün ayaqlar altına atıldı.  Bu hücum ədəbiyyatının hədəfində ən çox dayananlardan biri Stalin oldu. Sovet dövrününn təzim, tərif ədəbiyyatında daha çox şeirin qəhrəmanı olan Stalin müstəqillik dönəmində daha çox səhnədə görünməyə başladı. Təbii ki,  sevgi və səcdənin ən yaxşı ifadə yeri  poeziya, soru və sorunların ən yaxşı çözümü  isə səhnədir. Amma soru və sorunların qəhrəmanı olmaq hələ səhnənin qəhrəmanı olmaq demək deyil. Tarix ancaq böyük gücləri, səhnə isə ən zəifləri belə qəhrəman edir.  Burda dar dalanların sakini bütöv bir epoxanın sahibindən daha güclü ola  bilir. 

Tarix də,  səhnə də  qəhrəmansız yaşaya bilmir, amma tarixi yaradan qəhrəman səhnəni yaşatmaya bilər. Səhnə avtoritet tanımır. Bəzən tarixdə milyonları arxasınca aparan biri beş-üç nəfəri teatra çəkib gətirməkdə aciz qala bilər. Hətta yeni dünya tarixinin ən miqyaslı simalarından olan Stalin də.  

Həyatımızda Stalin erası çoxdan bitsə də, xofu hələ də canımızda, kabusu isə  səhnəmizdə dolaşmaqda davam edır. “Tiran və aktyor” (Əli Əmirli) dramında repressiya dəhşətləri içərisindən səslənən “Yaşasın Böyük Rəhbər!” sədalarında,   “Generealın son əmri” pyesində (Vaqif Səmədoğlu) “Stalin jivee vsex  jivıx” düşüncəsində,  “Taun yaşayır” (Elçin) dramında balaca məktəbli Arzunun “Mən xalq düşməni olan atama nifrət edirəm! Yaşasın əziz atamız, bizə xoşbəxt həyat vermiş Stalin baba!” kəlmələrində, “Cəhənnəm sakinləri”də (Elçin) köksünə tuşlanan güllənin qarşısında repressiya qurbanının “Yaşasın yoldaş Stalin” nidasında, “Ah, bu uzun sevda yolu” (Əli Əmirli) pyesində “vətən xaini” ifşa etmək yarışına qoşulan şairin “bu şeir Stalin yoldaşa həqiqi məhəbbətdən yaranmayıb” tənəsində, “Şükriyyə” (Cavid Zeynallı) pyesində  stalinizimin dözülməzliyə məhkum etdiyi məhbusun “Yoldaş Stalinin bütün bunlardan xəbəri yoxdur” inamında, “Şekspir” (Elçin) və “Qabaqda gedən zəncirli” (Qanturalı) pyeslərində özlərini Stalin hesab edən ruhi xəstəxananın pasiyentlərinin şizofrenik düşüncələrində dolaşan bu kabus nəhayət ki, ötən ildə Elçinin “Stalin” pyesində öz donunda, öz biçimində, öz məkanında - Kremldə göründü. 

Stalinizm tariximizin qanlı olduğu kimi, həm də qaranlıq nöqtəsidir. Bu qaranlıqda bizə aydın olan odur ki, Stalin tarixə faşizmlə mübarizənin rəhbəri kimi adını yazdırsa da, tarixin ən faşist siyasətlərindən birinin başında durmuş və milyonlarla günahsız insan bu siyasətin qurbanı olmuşdur. Daha sonra bizə aydındır ki, bu qədər qurban-qırğının, acının, ahın yiyəsi tarixin gəlmiş keçmiş ən sadist tiranlarından idi və yaddaşlarda özünün amansız, ağlasığmaz cəza, təqib, təzyiqləri ilə qalmışdır. Və onun adı Neronun, Kaliqulanın adları ilə yanaşı yazıla bilər. Əgər Kaliqula Alber Kamyu qələmində dünya dramaturgiyasının ən maraqlı qəhrəmanlarından biri ola bilibsə, onda Stalin  nəyə görə  ola bilməsin?!  Bu məntiqlə Stalini tarixin səhifələrindən götürüb teatrın səhnəsinə gətirmək olar. Amma teatrın səhnəsində görüdüyümüz Stalin tarixin səhifələrindən tanıdığımız Stalinin sadəcə olaraq təkrarı, “dahi rəhbər” haqqında əski söhbətlərin yeni variantıdırmı, yoxsa Stalinin  dramatik obrazdı ola, yaxud onun psixotipini yarada bilirmi? “Stalin” pyesinin ilk səhnəsi  bu suallarımıza hansı cavabı alacağımızla bağlı bizə  gümanlar verə bilir.  

Bu səhnədə hər şey bizə çox tanışdır: coğrafiya müəlliminin xalq düşməni kimi həbsi də,   stalinizm mövzusunun ədəbiyyatımızda ən məşhur qəhrəmanına çevrilmiş Müşfiqin xalq düşməni kimi lənəti də, Stalin yolu ilə gedən sovet gənclərinin xoşbəxt gələcək haqda xəyalları da, “... əksinqilabçı Səfər müəllim onun yalnız bioloji  atasıdır. Onun əsil atası Stalindir”, “Onlar hamısı kapital dünyasının maskalanmış əksinqilabçılarıdır” kimi kəlmələr də. Bu mövzuda artıq bir rituala çevrilmiş Stalinə məhəbbət vətən xainlərinə nifrətin izharı başa çatdıqdan sonra dramın qəhrəmanı səhnəyə daxil olur. Sözsüz ki, dramın qəhrəmanı olmaq hələ dramatik qəhrəman olmaq demək deyil. Dramın qəhrəmanı olmaq üçün sadəcə yazıçının dram üçün düşündüyü bir süjetin iştirakıçısı olmaq yetərsə, dramatik qəhrəman olmaq üçün isə sosial-ictimai ziddiyyətlərin doğurduğu düşüncə, əxlaq, mənəviyyat toqquşmasında qarşı tərəfi dialoqa çəkən, yaxud qarşı tərəfin dialoqa çəkdiyi personaj olmaq lazımdır. Bəs tariximizin ən qızğın  mübahisə və müzakirələrinin qəhrəmanı olan Stalin dramatik mükalimələrin qəhrəmanı ola bilirmi?   

Süjetin ilk səhnəsində Kreml məmurları ilə Stalin arasında olan söhbət mükalimə yox, Stalinin  səhv etməkdən qorxan məmurların zəif səslə  “Elədir, yoldaş Stalin” kimi kəlmələrlə müşayiət etdiyi monoton monoloqudur. Növbəti səhnələrdə monoloq ritorikası qarşılıqlı söhbətlərlə əvəzlənsə də, dramatik dialoq həddinə gedib çata bilmir. Personajlar sanki Stalinlə dialoqa girmək yox, onu dinləmək üçün səhnəyə çıxırlar. Bütün səhnələrdə söhbətlər Stalinin, yaxud stalinizmin diktəsi üzərində qurulub. Diktənin olduğu yerdə isə dramatik konflikt olmur, dramatik konflikt bir-biri ilə dialoqa girən düşüncələrin toqquşmasından yaranır. Düzdür, pyesdə toqquşma var, amma bu toqquşma düşüncələrin toqquşması deyil, stalinizmin qurbanı olmaq istəməyən Kreml məmurlarının öz canlarını qorumaq üçün apardıqları mübarizədir ki, bu mübarizədə mükalimə yoxdur, əgər mübarizədə mükalimə yoxdursa, o, dramın deyil, hekayətin mövzusu ola bilər, hekayətin də yeri səhnə yox, digər janrlardır. Amma biz dünən ucaltdığımız ədəbi heykəlləri bu gün daha çox səhnədə - hamının gözləri qarşısında yıxmağa çalışırıq.    

Pyesin sui-qəsd motivi də yıxılan heykəllərin yerində Stalinin qorxunc bütünü ucaltmağa çalışır. Və bu büt  boğub öldürdükləri “dahi rəhbəri” in cəsədi üzərində  “Pinəçi Vissarionun küçüyü!” deyerek doyunca istehza etməmiş kabinetin yuxarı qapıları arxasından sağ-salamat çıxan Stalinin saçdığı vahimədən özlərini itirən Kreml məmurlarınınn başı üzərində daha şəstlə dayanaraq sanki bizə deyir: indiyə kimi mənim haqqımda bildikləriniz boş şeydi, mən sizin bildiyinizdən, təsəvvür etdiyinizdən də qorxunc və müdhiş biriyəm. Bu qorxunu, vahiməni hətta onun keçmiş məşuqəsi ilə etdiyi intim söhbətlər, səmimi etiraflar belə əridə, yox edə bilmir. Əksinə məşuqənin “İosif, sən... sən həqiqətən yoldaş Stalinsən?” sözlərində bu qorxu, bu vahimə daha da böyüyür, çoxalır. Bu kabus əsərdən əsərə böyüyüb çoxaldıqca  stalinizm də bir mövzu kimi tükənir. Amma ədəbiyyatımızın ona marağı tükənmir. Çünki Stalin bizim üçün müəmmadır və  müəmma həmişə maraq doğurur. Odur ki, getdikcə maraq nöqtəsindən düşən səhnəni maraqlandırmaq üçün Stalin münasib mövzudur. Amma görünür, səhnə onun üçün münasib ola  bilmir. Həmişə çox güclü, azman olmağa öyrəşmiş Stalin səhnədə çox zəif görünür. Ən mürəkkəb tarixi vəzifələrin öhdəsindən gələn “dahi rəhbər” heç cürə dramatik qəhrəman olmağın öhdəsindən gələ, statistik olmaqdan o yana gedə bilmir. Hətta bəzən etdiyi duyğusal söhbətlər, göstərdiyi ziddiyyətlər belə onu canlandıra,  dramatikləşdirə bilmir. Düzdür o: “Heç mən özüm də öz xarakterimdən baş açmıram”, “Bunun üçün Şekspir qələmi lazımdır” kəlmələri ilə özünü sığortalayır.  Amma böyük bir ölkənin başında durmaq ona  insanların taleyi ilə amansızcasına oynamaq səlahiyyəti vermədiyi kimi, belə etiraflar da səhnəyə çıxınca dramatik olmamaq, öz psixotipini tamaşaçıya açmamaq əhvi vermir.  

Load Time (S) : 0.006397