Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nöqtəsi Qərb estetikası, ordan Hegelin məşhur “Dram sənəti” mühazirəsi və məlum mülahizəsi olur ki, Şərq dram dogurmağa qadir deyildi. Yaşar Qarayev Hegelə etiraz edir, onunla razılaşmır.
Bu etirazında o, Qərbdən özü haqqında eşitdiyi hər xoşagəlməz sözə “qərəzli” damğası vurub bilgisizlikdə suçlayan qızğınbaşlı bir şərqli kimimi çıxış edir, yoxsa siz, biz yanaşmalarından uzaq, hər şeyə kənardan baxa bilən, yalnız həqiqəti arayan soyuqbaşlı bir alim kimimi? Əlbəttə, bu sualın cavabı Hegelin mülahizələrində və Yaşar Qarayevin arqumentlərdə gizlənib.
Hegel nə demişdi? Hegel deyirdi ki, Şərq dram sənətinin inkişafına əzəldən yol verməmişdir. Səbəbini də belə izah edir ki, şəxsi müqəddarat duyğusu olmayan, fərdi azadlığa malik olmayan, öz taleyi və aqibəti uğrunda sərbəst şəkildə şəxsi cavabdehliyi arzulamayan şərqli tipi var. Və Hegelin sözlərindən belə çıxır ki, bu tip dramatik xarakter həddinə yüksələ bilməz.
Yaşar Qarayev isə Hegelə qarşı öz arqumetində deyirdi. “Yüksək dərəcədə dramatik xarakterlərlə Şərqin öz ədəbi irsi – klassik epik və lirik poeziyası heç də az zəngin deyildir. “Şahnamə” və “Leyli və Məcnun”, “Fərhadnamə” və “Xosrov və Şirin” kəskin ixtilaflı və gərgin tragik kolliziyalı əsərlərdir”. Yaşar Qarayev Hegelə qarşı ayaqlarını yerə daha əmin basmaq üçün Şərqin yalnız poetik tarixinə deyil, həm də real tarixinə əl atır. “Nəhayət, Şərqin öz real ictimai tarixi böyük və faciəli hadisələr, yüksək dərəcədə tragik taleli insanlar, Babək, Nəsimi kimi qəhrəmanlarla həmişə zəngin olmuşdur”.
Bu polemikaya özümüz və özgələr mövqeyindən deyil, həqiqət maraqlarından qatılsaq onda qeyd etməliyik ki, Şərq poeziyasının (Hegel onu islam yaxud da Məhəmməd poeziyası adlandırırdı) əzəmət və möhtəşəmliyindən söz açan Hegel deyirdi ki, Şərqdə fərdi müstəqillik (dramatikləşmənin yaxud da tragikləşmənin çıxış nöqtəsi - A.İ.) özünü poeziyada bariz şəkildə büruzə verdiyi halda, dramda ifadəsi üçün hər cür təşəbbüslərə yabançıdır. Bəlkə də, bu yabançılıqdan idi ki, Yaşar Qarayevin dayandığı o kəskin ixtilaf və tragik kolliziyalar dramda deyil, “Şahnamə” və “Leyli və Məcnun”, “Fərhadnamə” və “Xosrov və Şirin” əsərlərində, yəni ki məhz poeziyda ifadə olunmuş və o ixilaflar da, kolliziyalar da kəskinliyindən, yaxud da ki dərinliyindən asılı olmayaraq, təbii ki, janrın götürdüyü yerə getmiş, şeirsəl xarakter yaxud da məzmun almışdır. Qaldı ki, real tarixə, Hegel və yaxud da heç kim Şərq tarixinin faciəli hadisələrdən xali, tragik taleli insanlardan yoxsun olduğunu iddia etmir. Ancaq bütün məsələ bunda idi ki, bu insanlar dramatik səviyyəli qəhrəman həddinə yüksələ, yaxud da dram janrında ifadə oluna bilməmişdir. Hegel də bunu şərqlinin fitri təbiəti ilə izah edir.
Bu məqamda Yaşar Qarayev də sual edir. “Əgər Şərq adamının təbiəti fəci dramatik ehtirası, doğrudan da, rədd edirsə, onda, məsələn nə üçün Şərqli bir ərəb klassik Qərb faciəsində ən tragik və möhtəşəm təbiətli bir surətdir?”. Əlbəttə, söhbət Otellodan gedir. Söhbət Oellodan gedirsə, bu məqamda mütləq müdaxilə etmədən keçinə bilməyəcəyik. Axı Otello o dramatik, tragik ehtirası qazanmaq şansını şəqlilər yox, qərblilər arasında qazanmışdı. Niyə bunu Şərqdə qazanmamışdır? - sualına isə Hegel belə cavab vermişdir. Şərqdə “Vahid substansional qüvvə xəlq etdiyi hər cür varlığı qəti bir ardıcıllıqla özünə tabe etdirir və onun taleyini amansiz bir dönüklüklə həll edir”. Doğrudan da, tabeçiliyi qəbul edən, taleyinin təşəbbüsünü əlinə almayan yaxud da almaq uğruna qalxışmayan insanın dramatik qəhrəman olmaq potensialı ola bilməz. Yaşar Qarayevin isə o suala cavabı belədir. “Afrikalı Otello hələ Afrika faciəsinin qəhrəmanı deyildirsə, səbəb Otellonun “ftiri təbiəti” deyil, Afrikada əsrlər boyu mövcud olmuş tarixi, siyasi və ədəbi-ictimai mühitdir”. Amma bu cavabın özü yeni bir sual doğurur. Onda tarixi, siyasi, ədəbi-ictimai mühitin dəyişdiyi yeni dünyada bəs niyə Şərq dramı öz Otellosunu yarada bilmədi və yaxud da ki bilmir?
O Otellonu əslində Yaşar Qarayev özü də bu polemika ilə yol aldığı dram araşadırmaçılığının bütün sonrakı dönəmlərində axtarmışdı. Ümumiyyətlə, Yaşar Qarayev qədər dramda səhnə stixiyası, dramatik ehtiras və vüsət axtaran ikinci tənqidçi nəinki ədəbi tənqiddə, heç teatr tənqidində də yox idi. Ona görə teatr tənqidini ayrıca vurğulayırıq ki, çünki ədəbi tənqidin məzmun, ideya, obraz kimi detalları mövzuya çevirib danışmaq alışqanlığı var, amma teatr tənqidi dramı dəyərləndirərkən tərəzinin gözünə onun səhnə stixiyasını, dramatikliyini çəki daşlarına çevirib qoymalıdır.
Keçən əsrin 80-ci illərində Azərbaycan jurnalının keçirdiyi, teatr xadimlərinin də qatıldığı “Teatr və dramaturgiya: problemlər, mülahizələr” adlı müzakirədə drama bu tələb və gözlənti ilə yanaşan yenə ən çox Yaşar Qarayev idi. “Pyes yazmaq çox asan, hamının bacardığı bir işə çevrilir”. Yaşar Qarayev pyes yazmağı asan bir işə çevirənləri ünvanlarına qədər göstərir. “Dramaturqların siyahısında rejissor, aktyor və redaktordan tutmuş inzibati işçiyə, ali və orta məktəb müəlliminə qədər hər cür peşə sahibinə rast gəlmək olur”.
Ümumiyyətlə, dramaturq kim olmalıdır? Bəyəm başqa peşə sahibləri, eləcə də rejissor, aktyor və redaktor, inzibati işçi, ali və orta məktəb müəllimi dramaturq ola bilmnəzmi? Əlbəttə olar. Dramaturq olmaq üçün xüsusi bir sertifikasiya yoxdur. Bunu Yaşar Qarayev də yaxşı bilirdi. Onda niyə belə demişdi? Çünki ortada dram olmayan amma dram adına yazılan bir xeyli əsər vardı. Belə əsərlər istər-istəməz sual doğurur ki, bunun yazarı kimdir? Və bu suala Yaşar Qarayev ona görə müəllim, aktyor, redaktor, inzibatçı deyə cavab verir ki, onlar bu pyesləri qələmə alarkən də elə müəllim, aktyor, redaktor, inzibatçı olaraq qalmışlar. Yaşar Qarayev isə dram araşdırmalarında yazarının peşəsi sorğulanmayacaq bir əsər axtarırdı.
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...