TEATRO

TEATRO

sənət portalı

post-title

Aynurə İbadullah - DRAM ZEHNİYYƏTİ (III söhbət)

III söhbət: Teatr-dram sənətinin Roma dönəmi: yüksəlişdən enişə doğru

      

Antik Yunan (Afina şəhər dövləti) özündən sonrakı dünyanın siyasi, mədəni, ədəbi, elmi, fəlsəfi yönlərini  müəyyən edəcək qədər bir sivil güc olsa da, barbar güclər qarşısında zəif düşdü, e. əvvəl IV əsrdə Makedoniyanın istilası ilə öz ömrünü başa vurdu. Afina şəhər dövlətinin xarabalıqları üzərindən İsgəndərin qurduğu dövlət onun özündən sonra dağılsa da, əski yunan dövləti bir daha dirçəlmədi. Çünki dünya siyasi və hərbi güclər dünyasına dönüşmüşdü, yunan cəmiyyəti də İsgəndərdən sonra meydana çıxmış yeni siyasi gücün – Romanın içində əriməyə başladı.  

 Antik yunan sivilizasiyası tarixin arxivinə getsə də, onun qoyduğu   elmi, fəlsəfi, mədəni irs tarixin səhnəsində idi. Çünki güclər dünyasında belə bu irsin əhəmiyyətini anlayanlar var idi və onların arasında İsgəndər ilklərdən idi. Onun Qərbdən Şərqə uzanan əli yalnız istila deyil, həm də mədəniyyət daşıdı, Antik Yunan sivilizasiyasının  Qərbdən Şərqə doğru coğrafiyasını genişləndirdi   və bəşər tarixində böyük bir mədəni mərhələ - ellinistik çağ deyə bir dönəm başlatdı.

İsgəndərdən sonra antik dünyada yeni bir siyasi güc - Roma doğdu, o, Antik Yunan mədəniyyətinin varisliyini öz üzərinə almaqla gücünə güc qatdı və doğuluşundan ölümünə - orta çağın başlanğıcına qədər dünyanın yalnız siyasi deyil, həm də mədəni mərkəzi statusunu özündə saxlaya bildi.  

 Roma özündən sonra daha çox “imperiya” sözü ilə anılsa da, əslində varlığı boyunca üç cür yönətim formasından keçmişdir: krallıq, respublika, imperiya. İmperiya dönəminə qədər romalılar yunan mədəniyyəti ilə tanış olmuş, ona hədsiz maraq göstərmiş, onu mənimsəmişdilər. Bu tanışlıqda romalıları özünə ən çox heyran buraxan təsisatlardan biri və bəlkə də, birincisi teatr-dram sənəti olmuşdu. Dramatik teatrın Romaya gəlişi respublika dönəmində e. ə. 241-ci ildə Karfagen üzərində qələbədən sonra  bayram tədbirlərində dramatik tamaşaların göstərilməsi ilə baş verdi. Tamaşanın quruluşu Roma senatının köləsi olan yunan Liviy Andronikə tapşırıldı və o, öz adını tarixə teatr-dram sənətini Romaya gətirən şəxs kimi yazdı. Roma toplumu teatra böyük heyranlıq duydu və onda özünün teatrını qurmaq istəyi yarandı. E.ə. 235-ci ildə romalı yazar Qney Neviy pyes yazmağa başladı və Roma ədəbiyyatında adını dram tarixinə yaza bilən Plavt, Terenzi, Seneka kimi dramaturqlar yetişdi.

Romada teatr-dram sənətinə yalnız qələm əhli deyil, dövlət  ərkanı da maraq göstərdi. Bu maraq o qədər böyüdü ki, Romanın özündə və əyalətlərdə teatr binalarının inşasına başlandı. Hətta Roma Antik Yunan teatrını daha irəli götürdü. İlk daş binalı teatr,  dərinə çəkilmiş səhnə, teatr pərdəsi burda meydana çıxdı. Ümumiyyətlə, Romada teatr texniki və arxitektur yüksəlişini yaşadı. 

Xüsusilə, e. ə. I əsr - Pompeyin hakimiyyəti dönəmi Romada teatrın bir inkişaf dönəmidir. 40 min yerlik ilk pərdəli, daş teatrın tikilməsi onun adı ilə bağlıdır. Pompeydən sonra Roma teatrı tarixinə adını yazdıran ikinci dövlət adamı Oktavian Avqust oldu. Romanı imperiyaya dönüşdürən və tarixə adını ilk imperator kimi yazdıran Август teatrın əhəmiyyətini yaxşı başa düşürdü və bu sənəti Romada inkişaf etdirməyə çalışırdı. O, Pompey tərəfindən tikilən teatr binasını yenilətdi. Avqust teatrın inkişafının yalnız binaların yenilənməsindən yox, həm də dram yaradıcılığından keçdiyini yaxşı anlayırdı.  Tarixçilər onun özünün də dram yazdığını deyirlər və Roma imperatorları arasında onun adı tragediya yazarı kimi çəkilir.  “Avqust teatrın ictimai əhəmiyyətini yaxşı anlayırdı və onun inkişafına öz töhfəsini verdi. Onun əsas qayğısı Roma səhnəsində yunan tipli faciənin canlandırılması ilə bağlı idi. O, faciəni öz vətəndaşlarının mənəviyyatının daha uğurlu tərbiyəsi üçün vasitə hesab edirdi. Onun bu cəhdlərini Roma şairi Horatse “Şeir Elmi” əsərində dəstəklədi. Avqustun cəhdlərinin görkəmli Roma şairi tərəfindən dəstəklənməsi və Avqustun öz səyləri Roma səhnəsində ciddi janrı canlandıra bilmədi. Onlar Romada teatrın ictimai əhəmiyyətinin zəifləməsinə mane ola bilmədilər. Oktavianın diktaturası dövründə faciə tənəzzülə uğradı” (“Qədim Roma teatr sənətinin tarixi”).

Teatr-dram sənəti Yunanıstanda toplumun düşüncə yönü, ifadə forması idisə, Romada  o, yunan sənəti qarşısında heyranlıq duyan romalıların öz mədəniyyətlərinə etdikləri transformasiya idi.   Romada çoxsaylı teatr binaları məhz bu transformasiyanın nəticəsi kimi meydana çıxmışdı. 

 Ancaq teatr-dram sənətinin inkişafı çoxlu və süslü teatr binalarından deyil,  bu binaları quran toplumun nə dərəcədə dram təfəkküründə düşünüb, dram dilində danışmasından keçir. Roma cəmiyyəti respublika quruluşu yaratsa, demokratiya dönəmindən keçsə də, tarixə öz adını daha çox “imperiya” sözü ilə həkk edib. Dramın bura gəlişi  də Roma demokratiyası, süqutu isə imperiya dönəminə təsadüf edir. Adını dünya dramaturgiyasına yazdıran Roma dram yazarlarının yaradıcılığı da əslində elə Roma demokratiyası dönəminin hadisələri idi. Ancaq onların yaradıcılığında belə “Roma dramı yunan dramının yenidən işlənməsindən başqa bir şey deyil” (G.Emihen).    Roma yunan dəyərlərini yaşatsa da, yunan düşüncəsində yaşaya bilmədi, tarixinin heç bir dönəmində Antik Yunan qədər azad, demokratik düşüncəli, tartışma ortamlı bir cəmiyyət qurmağa müvəffəq olmadı.

Ələştriyə yunan cəmiyyəti qədər açıq olmayan  Roma cəmiyyətində dram özünün Kral Edip, Antiqona, Medeya kimi tragik qəhrəmanlarını doğura bilmədi və Roma dramaturgiyası tarixə daha çox komik qəhrəmanları ilə köçdü. Təsadüfi deyil ki, Roma dramaturgiyasının üç böyük dramaturqundan ikisi: Terenzi və Plavt komedioqrafdırlar. Tragik qəhrəman komik qəhrəmandan fərqli olaraq ideala yönəlik, çevrəsinin fövqünə qalxan, ideya daşıyıcısı olan tipdir və belə tiplər böyük ideya toqquşmalarının getdiyi cəmiyyətlərdə doğulur. O, kütləüstü, çevrəsinə ideoloji müharibə elan edən, taleyini yaratmaq uğrunda döyüşə girən tipdir. Komik qəhrəman isə çevrəsindən biridir, sadə xarakterə, mübahisəsiz istəklərə malikdir və bu istəklərinə tragik qəhrəman kimi mürəkkəb situasiyalara düşmədən, dərin müzakirələrə girmədən daha asan, tezçatan yollarla gedir. Ona görə də kütlə üçün komik qəhrəman  daha anlaşıqlı, daha maraqlıdır. Çünki kütlə targik qəhrəmanın açdığı mövzuların dərinliyində, mübahisələrin mürəkkəbliyində azıb qalır,  komik qəhrəman isə onun düşüncəsini zora soxmur, hətta bütün mübahisə-müzakirələrdən onu əyləndirərək keçirir. Roma tamaşaçısı da əylənməyə üstünlük verən tamaşaçı idi. Hətta o, tamaşa zamanı yemek yeyəcək, səs-küy edəcək, davaya qalxacaq qədər qaba idi. “Sözdən çox hərəkətə, düşüncədən çox həyəcana düşkün olan izləyici, təbii olaraq, tragediyaya önəm vermirdi” (Roma Tiyatrosu. Tiyatro Tarihi).

Qladiator döyüşlərinin ən sevilən tamasa olduğu Roma toplumu üçün insan iztirablarının fəlsəfəsi deyil, görüntüləri maraqlı idi. Vəhşi güclər qarşısında məğlub olan insanın cismani əzablarını  əyləncə kimi izləyən  romalı ilə ideallarını əngəlləyən reallığa qarşı duran insanın mənəvi-ruhi iztirablarını düşüncələrə dalaraq izləyən yunanlının psixotipi də çox fərqli olmalı idi. “Qədim romalıların xarakteri yunanlardan fərqli idi. “Romalılar” adının özü şəhərin insandan üstünlüyünə dəlalət edirdi. Romalıların dünyagörüşü yunanların dünyagörüşündən qat-qat prozaik idi” (Y.S.Kopılova).  

Özgür iradənin, azad düşüncənin, idealların Antik Yunan cəmiyyəti qədər vüsət almadığı, prozaik dünyagörüşlü Roma cəmiyyətinin targik qəhrəman potensialı  zəif idi.    Ona görə də Oktavian Avqustun tragediya janrını Romada dirçəltmək cəhdləri də baş tutmadı.

Yunanda teatr-dram ən ali insanların, Romada isə kölələrin sənəti hesab olunurdu. Ona görə yox ki, Roma toplumunu bu sənətlə tanış edən Liviy Andronik, yaxud məşhur dram yazarı Terenzi kölə idi. Sadəcə romalıya görə teatr aşağı statuslu insanların işi idi. Teatr tarixçisi Emixen yazır: “Romada aktyorluq peşəsinin biabırçı sayılması da iki sivilizasiyanın mədəniyyətini fərqləndirən xüsusiyyətlərdən biridir. Yunanıstanda teatra hörmətlə yanaşılır, tamaşaların günəş çıxandan gün batmasına qədər davam etməsinə baxmayaraq, tamaşaları və rol oynayan aktyorları həmişə çox diqqətlə dinləyir və izləyirdilər. Dövlət təsisatları xalqın iradəsinin ifadəsi olduğu üçün heç şübhəsiz ki, aktyorların rahatlığı üçün çalışan düşünən qurumların olması   xalqa hörmətin nəticəsi idi. Və zaman keçdikcə bu hörmət daha da artdı ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən aktyorlar toxunulmaz oldu və müharibələr zamanı Neoptole tərəfindən səfir kimi istifadə edildi” (G.Emihen). “Əgər Yunanıstanda aktyorlar həmişə azad və hörmətli insanlar idisə, Romada bu, şərəfsiz sayılırdı və azad doğulmuş bir insanın səhnədə çıxış etdiyi zaman senzorların töhmət verməsi üçün kifayət qədər əsas idi” (S.L.Uçenko). 

 Yunan teatrının mürəkkəb, dərin məzmun-mahiyyəti Romada  sadələşməyə, hətta bəsitləşməyə doğru getdi və sonucda o, bir əyləncəyə dönüşdü. Roma dramaturgiyasının əsas janrı olan komediya belə sona qədər duruş gətirə bilmədi, məsxərə formasını aldı. Sözdən çox hərəkətə önəm verən Romada pantomim teatr inkişaf etməyə, dramatik teatr isə  öləziməyə, karikaturik xarakter almağa başladı. 

            Roma demokratiyası zamanı yaranan teatr-dram sənəti  imperiya zamnı məhv oldu. “İmperatorluq Romasında teatr əyləncəli, məzəverici xarakter aldı” (V.V.Qolovnya), baxmayaraq ki, ölkənin bir nömrəli şəxsi Oktavian Avqust teatrı xilas etmək istədi, Neron imperator taxtından düşüb səhnəyə aktyor kimi qalxdı. Onun səhnəyə çıxışı toplumda teatra deyil, Nerona olan münasibəti dəyişmişdi. “İmperatorluq dövründə aktyor peşəsi ixtisaslaşdırıldı, lakin eyni zamanda, özünün əvvəlki   kifayət qədər yüksək sosial statusunu itirdi: Neronun teatr tamaşalarında iştirakı müasirlərini şoka saldı” (Aleksandr Qolovlev).   

 Onu da qeyd edək ki,  yunan siyasi hakimiyyətindən fərqli olaraq Roama siyasi hakimiyyəti teatr-dram sənətini özü üçün təhlükə bilirdi. “Hakimiyyət səhnənin kütləyə təsirindən qorxurdu, aktyorlara nifrətlə yanaşır, dramatik müəlliflərə dəyər vermirdi”. (İ. İ. Tolstikova) 

Teatrın səhnəsində dramatik qəhrəman tarixin səhnəsində isə qəddar diktator rolunu oynayan Neron, bir yandan dramatik sənətin inkişafına önəm verən, o biri yandan isə demokratiyanı boğan Oktavian Avqust kimilərinin siyasi maraqları ilə sənət zövqləri arasındakı uçurumda olan cəmiyyətin   dramatik qəhrəman yetirmək potensialı da tükənməliydi. Odur ki, imperiya təfəkkürü və diktator yanaşmalarla idarə olunan Roma cəmiyyətinin siyasi həyatından demokratiya, səhnəsindən isə dramatizm yox olmağa başladı.

 

Load Time (S) : 0.005986