TEATRO

TEATRO

sənət portalı

post-title

Aynurə İbadullah - Dram zehniyyəti (I söhbət)

Janr yalnız poetik forma məsələsi deyil, həm də zehniyyət məsələsidir. Poeziyanın yaxud nəsrin həyata baxışı ilə dramın həyata baxışı fərqli bucaqlardandır. Poeziya zehniyyəti daha ləng, monoton, seyrçi mövqedədirsə, nəsrdə bədii düşüncə özünün seyrçi mövqeyini mövqeyini tərk edir, hadisələr zolağına daxil olur, poeziyadan fərqli olaraq olayların təəssüratlarını deyil, təfərrüatlarını verir, detalları sadalayır, şərh edir, anladır. Dram zehniyyəti isə şərhçi yox, müdaxiləçi, iştirakçı mövqe tutur, hadisələri anlatmaq yox, onları   dəyişmək, yenidən düzüb qoşmaq, irəli daşımaq istəyir.

Poeziyanın monoton müstəvisində fikir dairəvi hərəkətdədir, o, burda nə qədər məsafə qət edirsə etsin (mətn nə qədər həcmə malik olursa olsun), öz başlanğıc məzmunundan irəli gedə bilmir, yəni şerin ilk və son misraları əslində eyni məna-mahiyyətin sadəcə fərqli ifadələridir, epik janrlarda isə hərəkətdə (inkişafda) olan fikir deyil, hadisədər, fikir də o hadisənin sonunda meydana çıxır,  yəni bu janrda bütün hərəkət o fikrə çatmaq üçün yola çıxır.

Dramda isə fikrin hərəkəti (inkişafı) var, özü də sürətli bir hərəkəti var. Toqquşmadan doğan bu hərəkətdə fikir nəinki  hərəkət sürətini, hətta hərəkət istiqamətini (məzmununu) də dəyişir. Ona görə də adətən dramın sonunda görüdüyümüz personaj əvvəlində gördüyümüz personajdan fərqli dünyagörüş və düşüncənin insanı olur.   “Ölülər” pyesində hadisələrin başlangıcında İsgəndəri lənətləyən ölülər sonda İsgəndərin məzəmmətlərini susqunluqla dinləyir, öz məğlubiyyətlərini dərk edirlər, yaxud da “Anamın kitabı” pyesinin əvvəlindəki Ananı dinləmək istəməyən qardaşları hadisələrin sonunda Ananın qarşısında öz günahlarını dərk edən qardaşların obrazı əvəzləyir. Ancaq “Poçt qutusu” hekayəsində Novruzəli əvvəldə olduğu kimi sonda da poçt qutusunun nə olduğunu anlamır, özünü döydüyü poçt məmurunun deyil, xanın qarşısında günahkar hesab edir, və yaxud da “Usta Zeynal” hekayəsində hekayənin əvvəlində müsəlman olmayanların murdar olduğuna inanan Usta Zeynal sonda erməni küpündəki suyla qarışdırılan kəcin onun özünü də murdarladığına inanır.

Dram düşüncənin daha aktiv, hərəkətli fazasıdır. Dünyaya öz düşüncə, əqidəsinin gözü ilə baxan lirik qəhrəmandan fərqli olaraq dramatik qəhrəman öz düşüncə və əqidəsinə qapanıq deyil, əksinə bütün baxış acılarına açıqdır, öz düşüncə və əqidəsini onlarla  dartışmalarda sınaqdan keçirməyə hazırdır. Ona görə də o, lirik qəhrəman kimi öz arzuları, idealları ilə uyuşmayan dünyanı görməyincə ümidsizliyə qapılmır, tərki-dünyalıq yaşamır, əksinə  idealları,  əqidəsi uğrunda mücadilə aparır və yaxud da o epik qəhrəman kimi hadisələri deyil, düşüncələri irəliyə daşıyır.

Ümumiyyətlə, dramın yaranması onun poetik maketinin qurulmasından deyil, dram zehniyyətini daşınmasından keçir. 

Bu zehniyyət lirik və epik zehniyyətlərdən fərqli olaraq xüsusi şərait və şərtlərdə formalaşır ki, söhbətimizi də  bu şərait və şərtlərin çözümü  ətrafında  davam etdirəcəyik.

 

Birinci söhbət:  Dramın qədim Şərqdə yaranmasını əngəlləyən səbəblər

 

Bildiyimiz kimi, bəşər sivilizasiyanın beşiyi Şərqdir. Buranın əlverişli iqlimi, bol sulu çay vadiləri  çox kiçik imkanlara malik qədim insan üçün olduqca əlverişli idi və bu əlverişli şəraitin yaratdığı məskunlaşma  Şərqi  ilk sivil insan cəmiyyətlərinin vətəni etdi,  nəticədə də Misir, Şumer, Babil, Çin, Hindistan kimi böyük mədəniyyət quran, elmi-texnoloji sahədə bəşəri irəliyə daşıyan sivilizasiyalar məhz bu coğrafiyada meydana çıxdı.  Ümumiyyətlə, mədəniyyət və inkişaf adına çox şeyin yaranışı bu sivilizasiyaların adı ilə bağlıdır. Amma bu çox şey dediyimizin içərisində teatr-dram sənəti yoxdur. Müasir zəkanın belə çözməkdə aciz olduğu möcüzəvi Misir piramidalarını, dünyanın yeddi möcüzəsindən biri olan heyrətamiz Babil bağlarını qurmağa qadir insan əqli nədən teatr binası inşa etməmiş, yaxud da əsatirlər, əfsanələr, inanclar, dinlər, nəğmələr yaradan Şərq təxəyyülü dram yaratmamışdı?!     

Hegelə görə: “...Şərq dünyası, dramın gərəkli inkişafına  öncədən yol verməmşdir”.   Əgər janr həm də zehniyyət məsələsi, yanaşma bucağı, dünyanı dərk formasıdırsa, demək, Şərq dünyasında dramın inkişafını əngəlləyən səbəbləri elə onun zehniyyətində, dünyaya baxışında axtarmaq lazımdır. 

Məlumdur ki, bəşərin ilk dünyayabaxış forması mifdir. İnsanlığın ən qədim və ilk dünyagörüş formasını özündə Misir mifologiyası əks etdirir. “Misir tanrılarının panteonu ilk növbədə xaos, uyğunsuzluq və ziddiyyəti ilə xarakterizə olunurdu” (İ.İ.Tolstikova).  Misir panteonunun başında Günəş Tanrısı dururdu. Qədim misirli inanırdı ki, Günəş dünyanın mərkəzidir, fövqəl varlıqdır. Təsəvvürü mərkəzləşmə meyilləri və fövqəlgüc axtarışları üzərində qurulan misirlinin zehniyyətidə Tanrı və Günəş anlayşları vahid bir qavram qazanırdı. Onda gücə tapınma meyli o qədər güclü idi ki, o, bu gücü yalnız Göylərdə deyil, Yerdə də aramış və firon obrazında tapmışdı. Qədim misirli fironun adi insan olmadığına, tanrımənşəli olduğuna inanırdı. Məşhur Misir fironu Ramsesin adının hərfi mənası da Ranın (Günəş Tanrısı) oğlu demək idi. Ona görə də misirli Tanrı qarşısında sonsuz ibadəti özünə borc bildiyi kimi, firon qarşısında da sonsuz itaəti özünün vəzifəsi hesab etmişdir. Ümumiyyətlə, misrlinin hökmdar haqda təsəvvürləri Tanrı haqdakı təsəvvürlərinin davamıdır. Misirlilərə görə, Tanrı dövləti idarə etməkdəydi. Misir dövlət anlayışına görə, Tanrı dövləti idarə etdiyi üçün kimsə dövlətə qarşı gələ bilməzdi. Kral uyuduğu zaman röyasında Tanrı ona dövləti necə idarə edəcəyi haqda bilgi verir. Bu üzdən kral, Tanrının Yer üzündəki təmsilçisi vəzifəsini görürdü” (Muhammed Medeni). 

Tanrı və firon misirlinin gözündə böyüdükcə özü öz gözündə kiçilirdi. Hətta zəkasının gücü belə onu güclü insan edə bilmirdi. Bu güc belə fövqəlgücü daha da gücləndirmək, onun özünü isə daha da acizləşdirmək üçün vasitəyə çevrilirdi. Misirdə Günəş tutulmasının öncədən hesablanması xalqa insan zəkasının kəşfi deyil, fironun bacarığı kimi təqdim olunurdu. Filan tarixdə firon günəşi qapatacaq sözlərinin gerçəkliyinə şahidlik edən misirlinin gözündə firon daha da böyüyür və yaxud da “siz suç işlədiz, qurbangahlara yetərincə qurban vermədiniz, o üzdən günəş qapandı” kimi məzəmmətlər onu daha da mütiləşdirirdi. 

Ümumiyyələ, Misirdə insan zəkasının axtarışları yalnız varoluş uğrunda mücadilə üçün idi, onlardan lazımi təyinatlar üçün istifadə olunur, sonra bir kənara qoyulur, elmi sistemə salınması haqqında isə, demək olar ki, düşünülmürdü. Ona görə də Misirdə elmi kəşflər kütləviləşmir, toplum düşüncəsini irəliyə aparmırdı. Baxmayaraq ki, düşüncə Şərqdə daha uzun minilliklər boyunca yol gəlmiş, amma bu yol onu aydınlığa çıxarmamış, əksinə, daha da qaranlığa soxmuşdur.  Belə ki, burada şüur öz inkişafının mifdən sonrakı mərhələsində mistik müstəviyə çıxmış, bununla da Şərq zehniyyətində yaradılış daha sirli-sehirli dona bürünmüşdür. 

 Mistizimin əsas düşüncə platforması olması  Şərqi bütün inancların, dinlərin vətəni etmişdir. “Mən Şərqəm, Mən fəlsəfənin və dinin sahibiyəm” (C.Əfqani). Şərqin dinin sahibi olması fikri heç bir mübahisə doğurmasa da, fəlsəfənin sahibi olması xeyli mübahisəlidir, baxmayaraq ki, Antik dünyanın 3 böyük fikir adamından ikisi Konfutsi və Budda  Şərqdə   yetişmişdir. Öz axtarışlarını şübhə və sorğu üzərində quran Qərb fikir adamı Sokrat yunan (Qərb) düşüncəsinin inkişaf istiqamətini qəti şəkldə fəlsəfəyə doğru yönləndirdisə, mifin yaradılış haqda təxəyyülə dayanan təsəvvürlərini meditasyon, reinkarnasyon, karma təlimlərində gəlişdirən hind düşünürü Budda və mifik düşüncənin göylərdə ideal axtarışını özünün ideal insan konsepsiyası ilə yerdə davam etdirən didaktik görüşlərin sahibi çinli Konfutsi isə Şərq düşüncəsini mifdən inanca doğru yönəltdilər. 

 Sorğu və şübhə bilimə açar, inam və inanc isə sorğu və şübhəyə əngəldir. Elə ona görə də  Şərqdə düşüncə o boyuta qədər məsafə qət etdi, o müstəvilərə çıxdı ki, inamının sərhədlərini aşıb şübhə və sorğu zolağına daxil olmasın, inancının orbitini tərk etməsin. Çox böyük sürətə malik yaradıcı düşüncənin bu orbiti tərk etmək ehtimalı böyük idi. Bəlkə elə bu səbəbdən Şərqdə, o cümlədən də Misirdə bədii söz sənəti inkişaf etmədi. “Üç minillikdən artıq mövcud olan Misir sivilizasiyasından bircə şairin adı belə qalmayıb” (S.D.Artamonov).

Bədii söz sənəti düşüncənin hərəkəti üçün sərhədlərin, əngəllərin olmadığı Qərbdə (Antik Yunanıstanda) meydana çıxdı. “Sözün müasir mənasında ədəbiyyat, yəni ki, oxuculara yönəlmiş və onlar üçün geniş şəkildə yayınlanmış yazıya köçən müəllifli söz sənəti Yunanıstanda yalnız Ellinizm dövründə, eramızdan əvvəl IV-III əsrlərin sonunda meydana çıxır” (A.M.Samozvantsev). 

Alman filosofu Hegel Misir sivilizasiyasında ədəbiyyatın yaranmamasının səbəbini belə izah edir. “Onların şifahi yaradıcılığı ola bilməzdi, çünki dil vasitəsilə özlərini dərk edə bilmirdilər. Onların orijinal yaradıcılıq yetərsizliyi yalnız özlərini dərk etməmələrinin təsiridir. Ruhun əlamətləri hələ də birbaşa şəkildə onların daxilindədir. Deməli, onlar özlərini heroqliflərdə, memarlıqda, heykəllərdə ifadə edirdilər, yəni ruhları onların özləri üçün də sirr idi”. Hegel yunan düşüncəsini müqayisəyə gətirərək yazırdı: “Delfidəki məbədin üzərindəki kitabədə deyilirdi: ey insan, özünü tanı. Yunan Apollonu təkcə günəş tanrısı deyil, həm də bilik tanrısıdır; Yunan ruhu Apollonun insana özünüdərk etmək buyruğu düşüncəsinə uyğun şəkildə formalaşmışdır”.  

Özünü Tanrıya ibadətə və hökmdarına itaətə qurban edən şərqli insanı dünyanın mərkəzinə qoyan yunandan fərqli olaraq  özünüdərk yox, özünühəsrlə yaşayırdı. Ona görə də Misir toplumu uzun illərini, böyük işçi qüvvəsini, saysız-hesabsız vəsaitini  və ən nəhayət, özünü hökmdarının sərdabəsinə (piramidaya) həvəslə xərcləyirdi. Antik Misir sivilizasiyasının atributlarına çevrilən piramida da, mumiya da məhz ölümlə bağlıdır. Bu da onu göstərirdi ki, misirli üçün ölüm ömürdən daha əhəmiyyətli və dəyərli bir şey idi. Ona görə də o, zəkasının ən möcüzəvi tərəflərini, bütün yaradıcılıq potensialını ölümə həsr etməkdən çəkinmirdi. Hətta “Ölkənin min illik tarixini birləşdirən yeganə kitab “Ölülər kitabı” idi” (S.D.Artamonov).

Şüuruna ölümün bu dərəcədə hakim kəsildiyi, özünü ömrünə deyil, ölümünə xərcləyən toplumun əhvali-ruhiyyəsi, təbii ki, pessimist olmalıydı. Pessimist əhvali-ruhiyyənin, ölüm ruhunun yaratdığı ətalət üçün lirikanın hərəkətsiz müstəvisi ən asan gedilə bilən yoldur.

Dram özünü ölümünə deyil, ömrünə həsr edənlərin, ömrü qazanmaq üçün ölümə gedənlərin janrıdır. Bu cür optimist əhvali-ruhiyyə isə ancaq  hərəkətli bir cəmiyyətdə yetişə bilər. Ortalama insan ömrünün 30 il olduğu qədim Misir isə 100 il bir fironu (Neferkara Pioli II (II Pepi) e. ə. 2300 – 2206 – cı illərdə Qədim Mİsirdə  hakimiyyət başında  olmuşdur.) başı üzərində görəcəcək qədər ətalətli cəmiyyət idi. Yenilənmələrin baş vermədiyi bu cəmiyyətdə toplum proseslərin iştirakçısı yox, seyrçisi idi. Dramatik qəhrəman isə seyrçi yox, iştirakçıdır. O, müqəddəslərə Prometey kim üsyan edəcək, ali qanunları Antiqona kimi inkar edəcək, böyük güclərlə Hamlet kimi mübarizəyə qatılacaq qədər cəsarətli tipdir. Bu tipi Şərq fəlsəfəsinin didaktik görüşləri deyil, yunan fəlsəfəsinin dialektik baxışları doğura bilərdi. Dialektik yunan fəlsəfəsi ən doğru və mütləq  qəbul olunanların belə inkarı üzərindən həqiqət axtarışına, didaktik Şərq fəlsəfəsi isə ədalətsizliklərin həlli üçün ədalətli şah axtarışrına çıxırdı.

Qədim Şərqin ən böyük fəlsəfi görüşlərindən biri konfyuzçilik idi. “Çox qarışıq məsəllərdə ifadə olunan Konfutsinin təlimi nədir? Konfutsi təlimlərinə fərdin əxlaqi kamilliyi konsepsiyası daxil idi. Hökmdarın şəxsiyyəti üçün ən yüksək kamillik lazımdır. Hökmdar dəyişməz mərkəzdir, o, kütlənin təşvişlərindən üstündür, o, sanki insan ehtiraslarının fövqündədir, ona görə də, açıq-aydın, ən yüksək qərəzsiz ədaləti həyata keçirir(S.D.Artamonov).

Bütün ümidini, xəyallarını ədalətli şaha bağlayan Şərq tarixin ən qəddar hökmdarlarını yetirmişdi. O da doğrudur ki, qədim Qərb də Kaliqula, Neron kimi ağlasığmaz diktatorları görmüşdü. Ancaq Qərb onlara uzun müddət dözməmiş, Neron 31 yaşında cəmi 14 illik hakimiyətindən sonra imperiyanı bürüyən üsyanlar nəticəsində taxtdan salınmış, Kaliqula isə 28 yaşında cəmi 3 illk hakimiyətindən sonra “azadlıq” şüarı altında birləşən sui-qəsdçilər tərəfindən qətlə yetirilmişdir. Misir isə Ramses kimi diktatora 60 il, yəni onun ömrünün sonuna qədər dözmüşdür. Dözən insanın acıları lirikanın, dözməyən insanın üsyanı isə dramın mövzusudur. Şərq insanı acılara həm də ona görə dözür ki, o, acını Yer üzünün, insan həyatının əzəli və əbədi məzmunu kimi dərk edir. Qədim hind inancı induizmə görə, cəhənnəm o dünyada yox, bu dünyadadır, bütün həyat başdan-başa əzab və cəhənnəmin özüdür. Antik dünyanın ən irimiqyaslı fəlsəfi cərəyanlarından biri olan daosizmin yaradıcısı Çin filosofu Lao Tzının baxışları o qədər  bədbin idi ki, o, Yer üzündə işıqlı heç nə tapmadığından öz nəzərlərini Göyə - kosmosa dikmişdi. Durant “Şərq irsimiz” kitabında onun görüşləri haqda yazır:Susmaq, bir növ fəlsəfi ətalət, hadisələrin təbii axarına müdaxiləni rədd etmək hər sahədə müdrik insanın devizidir. Əgər dövlət nizamsızdırsa, [Lao Tzıya görə] uyğun hərəkət islahat deyil, insanın intizamlı şəkildə bir vəzifəni yerinə yetirmək üçün öz həyatını davam etdirməsidir. Bu dərəcədə sükunət və bədbinliyə dalan Şərq insanının iztirablarını yalnız lirikanın səssiz misraları ifadə edə bilərdi, ona görə də qədim Çin ədəbiyyatında maraqlı nəsr nümunələri yaransa da, o, poeziya ilə zəngin idi.

 Şərq fəlsəfəsi insanı sükunətə, taleyə boyun əyməyə, hərəkətszliyə çağırakən Qərb düşünərləri “Qədər hərəkətə keçməyən insana əsla yardım etməz” (Sofokl) deyirdilər. Hərəkətsiz Şərq insanından fərqli olaraq hərəkətli Qərb insanı (yunan) üçün poeziya olduqca ləng idi və o, özünü ifadə üçün daha hərəkətli bir müstəvi axtarınca teatr-dram sənətini yaratdı.

 

Load Time (S) : 0.005392