Batmış şəhərin yox, batmağa razı olan insanların hekayəsi
- Niyə yaşamaq istəyirsiniz?
- Unutmuşam...
Üzü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə doğru gedirəm. İmtahan günüdür. Sabah Mərkəzinin Aktyor Sənəti üzrə IV kurs tələbələri imtahan tamaşası ilə çıxış edəcəklər. Vineta şəhərinin hekayəsi ilə. Diqqət! Tamaşa başlayır.
Tarix çox vaxt keçmişdə qalan hadisələr toplusu kimi qəbul edilir. Halbuki bəzi əsərlər tarixi yaddaşdan çıxarıb indiki zamana gətirir və oxucunu birbaşa məsuliyyət qarşısında qoyur. Vinetanın hekayəsi kimi... Yəhudi əsilli avstriyalı jurnaslist və həmçinin kabare yazarı Yura Zoyferlə tanışlığım İkinci Dünya Müharibəsi zamanı Qetto və Konslaqerlərdə teatr adlı mühazirəm üçün araşdırma aparanda olmuşdu. Görəndəki ADMİU-nun səhnəsində imtahan işi kimi onun 1937-ci ildə yazdığı “Vineta” pyesi səhnəyə qoyulacaq, maraqla gözləməyə başladım. Kabare üslubunda absurdun dəsti-xəttini daşıyan yazarın Vineta şəhəri özünün unutduğu yaddaş hekayəsini necə danışacaqdı?
Gəlin, əvvəlcə əsərə qısa bir nəzər salaq. Vineta əfsanəvi bir şəhərdir. Rəvayətə görə, bu şəhər dənizin dibinə qərq olub. Lakin əsərdə şəhərin məhvi təbii fəlakət kimi təqdim edilmir. Vineta insanların biganəliyi, rahatlığı və susqunluğu nəticəsində batır. Ən təhlükəli məqam da budur: heç kim birbaşa günahkar deyil, amma hamı dolayısı ilə məsuliyyət daşıyır. Məhz bu kollektiv məsuliyyətsizlik şəhəri məhvə aparır.
Burada nədənsə beynimdə Rasim Müzəffərlinin Batmış Gəminin Mahnısını zümzümə etməyə başlayıram:
Bir batmış gəmiyəm indi mən,
Suların altında yatmışam.
Qorxmuram tufandan, küləkdən,
Üzməyin daşını atmışam.
Zoyfer əsərdə diqqəti insanların baş verənlərə münasibətinə çəkir. Hadisələr fonunda personajlar “bu bizə aid deyil”, “keçmişdə qalıb”, “şişirdilmiş əfsanədir” kimi yanaşmalar sərgiləyirlər. Onlar təhlükəni görür, amma reaksiya vermirlər. Müəllif bununla da əsas mesajı açır: faciələr səs-küylə yox, sükutla başlayır. Vineta birdən-birə batmır. Tədricən, laqeydlik içində yox olur.
İnsanların davranışlarına görə onların cəmiyyətlərinin taleyi yazılır. Cəmiyyətlər isə adətən “başqasının problemidir” düşüncəsi ilə çökür. İnsanlar şəxsi rahatlığını həqiqətdən üstün tutduqda, təhlükə normallaşır, faciə qaçılmaz olur. Bu baxımdan Vineta konkret bir dövrün yox, bütün zamanların şəhəridir. Vineta qışqırmır. O, sakitcə batır. Və məhz buna görə təhlükəlidir.
Ümumiyyətlə, Vineta səhnələşdirmə üçün az müraciət olunan əsərlərdəndir. Azərbaycanda isə ADMİU-da imtahan işi olaraq seçilib və kurs rəhbəri, rejissor Mikayıl Mikayılov tərəfindən səhnəyə qoyulub. Əsərin plastik səhnə həlli isə ADMİU-nun müəllimi Elnur İsmayılova məxsusdur. Tamaşanın səhnə dili realist yox, simvolikdir. Personajlar səhnədə ayrı-ayrı fərdlər kimi deyil, sosial rollar üzərindən təqdim olunurlar. Onlarn davranışları təkrarlanan jestlərə, ritmik hərəkətlərə və mexaniki rutinlərə əsaslanır. Pyesdə verilən pozulan zaman xəttini səhnədə tamaşanın gedişatı boyunca aktyor-tələbələrin ifasında müşahidə etmək olur: Keçmiş və gələcək yoxdur. Yalnız bitməyən bir “indi” mövcuddur. Bu yerdə Maurice Ravelin “Bolero”su qulağımda absurdun poetikasını səsləndirir. Tələbə-aktyor oyununda maraqlı kabare, qrotesk və fiziki teatr elementlərini müşahidə etmək olur. Tamaşanın bütün xronometrajı boyu Vineta şəhərinin sakinləri ilə birlikdəyəm. Bəzi hissələrdə tələbə-aktyor heyətinin anidən səsləndirdiyi Azərbaycan Pantomim Teatrının üslubuna xas “hu-ha” ifadələri məni oyunun dünyasından qoparıb ADMİU-nun zalına qaytarmağına baxmayaraq, yenidən oyunun dünyasına qayıda bilirəm. Məncə Vineta şəhərinin özünə məxsus səsini kəşf etmək daha maraqlı tapıntı olar.
Zoyferin kabare üslubu pyesin dilindən səhnənin dilinə dəsti-xətti pozulmadan tərcümə olunur. Heyətin məşqlər boyu birlikdə səhnədə eksperimentlər apardığı duyulur. Bunu məşq videolarına baxanda görmək olur. Doqquz nəfərlik tələbə-aktyor heyətinin hər birinin səhnədə öz yükü var. Aparıcı obraz Conni tamaşaçını Vineta şəhərinə dəvət edir. Conni obrazının psixoloji-fiziki metamorfozu prosesində aktyorun (Rahib Allahquliyev) bədən ritmi tədricən dəyişir, jestlər açılır, nəfəs, baxış istiqaməti ardıcıl olaraq aktyoru əlil arabasındakı fiziki və sosial imkanları məhdud Connidən Vinetaya düşən zahirən sağlam Conniyə keçirir. Bu iki vəziyyət arasında baş verən keçid tamaşanın əsas dramaturji və vizual xəttini təşkil edir.
Stanislavski ənənəsinə görə, Conni obrazının dəyişimi daxili impulsdan başlayır: əlil arabasındakı fiziki imkanları məhdud bədən passivlik və donmuş zaman hissini yaradır. Meyerhold yanaşmasında bu transformasiya bədənin strukturunun dəyişməsi üzərindən oxunur: əlil arabasında yarıiflic vəziyyətdə və içki aludəçisinə çevrilmiş Conninin qapalı, aşağı mərkəzli və qırıq ritmli hərəkətləri sağlam Conniyə keçiddə açıq jestlərə, yüksəlmiş enerji mərkəzinə və sürətlənmiş ritmə çevrilir. Maraqlı bir nüans yaranır. İki ənənə aktyora Conninin fiziki və psixoloji dünyasına transformasiyası üçün imkan yaradır. Beləliklə, Stanislavskidə psixoloji impuls bədəni dəyişdirir, Meyerholdda isə bədənin dəyişməsi psixoloji halın formalaşmasına səbəb olur.

Digər maraqlı səhnə şən senatorla (Murad Fərzəliyev) deyingən senatorun (Elay Hənifəzadə) səhnələridir. Brext prizmasından yanaşsaq, bu iki obrazın əks qütblərdə durmalarına baxmayaraq, səhnədəki birgə vəhdəti Conninin niyə Vineta şəhərində mövcud olan sistemdə tədricən parçalandığını izah edir. Təhlükə həmişə açıq formada aqressiya ilə deyil, bəzən gülüş pərdəsi altında da gizlənir. Senatorların şən və deyingən halları psixoloji motivlərlə yox, jest və forma fərqləri ilə ayrılır: şən senatorun yumşaq və axıcı mimika və jestləri ilə deyingən senatorun kəsik və bucaqlı mim və jestləri eyni ideoloji funksiyanın müxtəlif bədən ifadələridir. Aktyorlar bir-birinin hərəkətinə instinktiv cavab verərək kollektiv gərginlik yaradırlar.
Conni Vineta üçün bir təhlükədir. Onun ayıq və sorğulayan yaddaşı var. O, tabe olmur. Onu yalnız bu şəhərin sakinlərindən, heç vaxt qocalmayan, 510 illik tarixin keçmişindən bu günə fiziki olaraq sağ qalan, yaddaşı və emosiyaları ölmüş bir qadınla evləndirməklə, vinetalı etməklə susdurmaq mümkündür. Conniyə xəbərdarlıq edilir: Həyat yoldaşın olacaq qadına yaşı, keçmişi ilə bağlı sual vermək olmaz! Conni Vinetanın ölü nəfəsinin bir parçası olmaq üçün öz kimliyini itirməyə razılıq verməlidir.
Yaradıcı heyəti, tələbələr Rahib Allahquliyev, Firuzə İsmayıl, Fatimə Əliyeva, Rüfət Əhmədov, Ləman Quliyeva, Xədicə Bayramova, Elay Hənifəzadə, Murad Fərzəliyev, Sabir Gəraylı və müəllimlər Mikayıl Mikayılovu, Elnur İsmayılovu təbrik edir, tamaşanı daha böyük səhnələrə aparmalarını arzulayıram.
Maraqlı məlumatları oxuya bilərsiz:
- https://www.youtube.com/watch?v=jw_dfqFUxzk
- https://sceneweb.no/en/production/39635/Vineta
- https://www.jstor.org/stable/42940872
- https://www.soyfer.at/zeitschrift/jura-soyfer-plays-in-russian-the-end-of-the-world-and-vineta/
Aynur Zərrintac
ADMİU-nun müəllimi,
Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi, rejissor,
Böyük Britaniya York Universitetinin Teatr Rejissorluğu ixtisası üzrə Magistr məzunu
Müəllifin digər yazıları
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarının “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspir...
2 fevral - Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub. Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O, qeyd edib ki, ümummilli li...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müdd...
Məhəmməd Əmin Rəsulzadə görkəmli dövlət xadimi olaraq siyasi-ictimai fəaliyyəti ilə yanaşı elmi, publisist, yazıçı, tərcüməçi, şair, dramaturq, jurnalist istedadı ilə də fərqlənmişdir.
...
Batmış şəhərin yox, batmağa razı olan insanların hekayəsi
- Niyə yaşamaq istəyirsiniz?
- Unutmuşam...
Üzü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə doğru gedirəm. İmtahan günüdür. Sabah Mərkəzini...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart - Milli Teatr Günü və 27 Mart - Beynəlxalq Teatr Gününə həsr olunmuş “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçirilə...
Naxçıvan Dövlət Milli Dram Teatrında həyata keçirilən “Aktyor məşqləri” adlı ustad dərsləri əsasında hazırlanan “Şüuraltı Kölgələr” psixodramatik tamaşasının premyerası baş tutub.
10 yanvar tari...
Preambula.
“Klinik A” teatr laboratoriyası ənənəvi teatr anlayışından köklü şəkildə fərqlənir. Bu, aktyorun, dramaturji materialın və ya rejissor dominantlığının əsas olduğu bir teatr deyil. Burada tamaşaçı psixol...
Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibə...
Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə bağlanmış əməkdaşlıq haqqında Memorandumun üçüncü mərhələsinin icrası ilə bağlı bu teatrın Baş rejissoru David Sakvarelidze Akademik Milli Dram Teatrının qonağıdır.
De...