TEATRO

TEATRO

sənət portalı

post-title

Aynur Hilali: “GÖY QUŞ”UN FƏLSƏFƏSİ

“Göy quş”u iki ay əvvəl oxumuşdum. Oxuduğum gündən bu əsər haqqında bir məqalə yazmaq istəyirdim, “vaxtım olmurdu”. Özümü məşğul edirdim ki, yazmayım, çünki pyesdə gizəmli nəsə vardı. Mən bu sirri çözməliydim... Hər yerdə - küçədə, evdə, ictimai nəqliyyatda oxuyurdum. Balaca qəhrəmanlarla birlikdə ətrafdakı əşyaların necə canlandığını görürdüm. Mən də Tiltil və Mitil kimi olanları maraqla izləyir, onlarla birlikdə daha öncə heç olmadığım əfsanəvi məkanlara yollanırdım. Həyatda olmayan babanı, nənəni və balaca bacı-qardaşları görəndə mən də sevinirdim. Qəbirstanlıqda olanda mən də Mitil kimi ölülərdən qorxurdum. Xoşbəxtliklər ölkəsində sevinci iliyimə kimi hiss edirdim. Mən və balaca qəhrəmanlar təkcə göy quşu axtarmırdıq, bunu bilirdim. Bizim daha vacib görəvimiz vardı...

“Göy quş” pyesini Moris Meterlink 1908-ci ildə yazıb. Simvolist teatrın banilərindən olan Moris Meterlink fransız dilində yazan Belçika şairi, dramaturqu və filosofudur. Simvolizm realizm epoxasının tərkibində cərəyan kimi XIX əsrin sonlarında naturalizmlə polemikada yaranıb.

"Göy quş" sehirli fəlsəfi nağıldır. Sehirli nağıllarda oldugu kimi, "Göy quş" pyesində də hadisələr əfsanəvi məkan və zamanda baş verir. Personajlar xeyir və şər qüvvələri təmsil edir. Pyesdə dramaturqun fəlsəfi görüşləri və simvolist baxışları öz əksini tapıb.

Milad ərəfəsidir. Mitil və Tiltil pəncərədən varlı uşaqları izləyirlər. Bu zaman qapı döyülür. Bizim balaca qəhrəmanlar qapının döyülməsindən təşvişə düşürlər. Qapını açmırlar, belə olan halda rəzə cırıltılı səslə öz-özünə çəkilir, qapı aralanır və yaşıl paltarlı, tək gözlü, əsayla gəzən qarı içəri daxil olur. Mitil və Tiltil bu qarını qonşu xanım Berlenqoya bənzədirlər. Qarının sözlərindən məlum olur ki, o pəri Berilyunoyadır. Pəri uşaqlardan oxuyan ot və göy quş istəyir. Mitil və Tiltilin oxuyan otu olmasa da, quşları vardı. Tiltil quşu pəriyə vermək istəmir. Pəri Berilyunoya isə quşu xəstə nəvəsi üçün axtarır. Nəvəsi xoşbəxt olmaq istəyir... Göy quşun, xoşbəxtliyin axtarışı balaca qəhrəmanlara həvalə edilir. Pəri uşaqlara sehirli yaşıl papaq verir. Papağı geyinib, təhlükə anında almazı ehtiyatla sağdan sola çevirmək lazımdır...

Qəhrəmanlarımızın macəraları başlayır...

Tiltil almazı fırladan kimi bütün əşyalar qəfildən dəyişir. Feeriya davam edir. Tiltilin həyatının Saatları azadlığa çıxır. Kömbə ruhları una bulaşmış halda çörək təknəsindən çıxır. Feeriya qurtarır. İt və pişiyin əvəzinə buldoq və pişik maskası taxan məxluqlar peyda olur. Tiltilin it başlı cənab adlandırdığı Tilonun ruhudur. Feeriya yenidən davam edir. Paltarı su şırnaqlarından toxunan, Suyun ruhu qız görkəmində krandan çıxır. Uşaqların qorxaq xanım adlandırdıqları Südün ruhu, yaltaqcasına gülümsəyən Şəkərin ruhu azad olur...

İndi Mitil və Tiltil xoşbəxtliyi tapmaq üçün səyahətə yollanırlar. Balaca qəhrəmanlar Xatirələr ölkəsinə, Gecənin sarayına, Meşəyə, Qəbirstanlığa, Xoşbəxtliklər bağına, Gələcəyin şahlığına səyahət edəcəklər…

Uşaqların əfsanəvi məkanlara səfəri və personajların sözləri fəlsəfi yüklüdür. Pyesdə insan və insanın dünyadakı yeri haqqında fikirlərə rast gəlirik. İt başlı cənab Tiloya görə, insan səcdəgahdır. İnsanın əmrinə müntəzir durmaq və onun bütün istəklərin yerinə yetirmək, insan naminə yaşamaq və ölmək lazımdır. Tilo elə düşünür ki, insan dünyanın mərkəzidir. Pəri Tilodan fərqli düşünür, sanki insanlardan artıq əlini üzüb, insan əliylə yer üzünə hansısa xoşbəxtliyin gələcəyinə inanmır. Pəri insanların kor olduğunu, ancaq bunun fərqində olmadıqlarını bildirir. Oxucuma mənim fikrim maraqlıdırsa, deyim ki, mən hər iki fikirlə razıyam. Tilo da, Pəri də haqlıdır. Mahiyyətinə görə yer üzünün əşrəfi, səcdəgahı olan insan indi kordur, hətta gözəllikləri belə görə bilmir...

Biz Meşəyə də səyahət etdik. Bütün səyahətlər bizim dünyagörüşümüzə öz təsirini göstərir. Yeni biliklər qazanırıq, öyrənirik, kəşf edirik. Mitil və Tiltil də bu səyahətlərdə müəyyən bilik əldə edir və xeyri şərdən ayırmağı öyrənirlər. Biz də bilirik ki, təbiətə qalib gəlmək üçün insan biliklərə sahib olmalıdır. Yalnız bilik vasitəsilə insan təbiət üzərində qələbə çala bilər. Meterlinkin bu yanaşması onu Frensis Bekonla yaxınlaşdırır. Empirizmin və Yeni dövr materializminin banisi görkəmli ingilis filosofu Frensis Bekonun fikrincə, elmi bilik insana xeyir vermək məqsədi daşımalıdır. Bütün elmlərin ümumi vəzifəsi insanın təbiət üzərində hökmranlığını artırmaqdır. "Bilik qüvvədir" aforizmi də Bekona məxsusdur. 

Diqqət çəkən məqamlardan, daha doğrusu məkanlardan biri də Gələcəyin şahlığıdır. Lacivərd sarayda doğulacaq uşaqlar öz növbələrini gözləyirlər. Lacivərd uşaqlar Tiltil və Mitili lacivərd emalatxanalarına aparırlar. Uşaqlar öz çertyojlarını, kitablarını Mitil və Tiltilə göstərir, öz kəşflərindən danışırlar: “Mənim 30 yaşım olanda üzüm, bax, belə olacaq. Mən bunun üsulunu tapmışam”. “Mən bir sistem kəşf etmişəm…”

Meterlink Lacivərd uşaqları əsərə təsadüfən əlavə etməyib. Dramaturq pyesdə anadangəlmə ideyaların mövcud olması fikrini müdafiə edir. Bu cür fəlsəfi yanaşma Meterlinki Rene Dekartla yaxınlaşdırır. Əgər Rene Dekart və Meterlink anadangəlmə ideyaların mövcud olmasını qəbul edirsə, Cons Lokk bu ideyanı rədd edir və düşünür ki, idrakın əsasında ancaq təcrübə durur. Təcrübənin mənbəyi isə xarici aləmdir. Anadangəlmə ideyalar yoxdur və insan doğulanda onun beyni təmiz lövhəni (ağ vərəqi) xatırladır ki, sonradan biliklər burada toplanır. İnsan biliklərinin, onun bütün ideyalarının mənbəyi hissi təcrübədir. C.Lokk birinci kitabı olan "Fitri anlayışlar”ı fitri ideyaların, xüsusilə də insan ruhunun təcrübədən asılı olmayaraq passiv şəkildə ideyalara sahib olduğu nəzəriyyəsinin inkarına həsr edib. Fillip Amunun fikrincə, bu tənqid Dekart və onun ardıcıllarına xitab edir. C.Lokk burada həmçinin, Dekartın ardıcılı olmayan, ancaq yenə də fitri ideyalar nəzəriyyəsini müdafiə edənlərə, xüsusilə də Herbert Çerberi və Kembric platonistlərinə diqqət yetirir. C.Lokk ikinci kitabı “İdeyalar”da ideyaların fitri olmadığını sübut edir və onun mənəbyini göstərir. Onun tezisinə görə, insanın bütün ideyaları təcrübədən gəlir. Təcrübə bütün biliklərimizin əsasını təşkil edir və bu materialların hamısı ondan qaynaqlanır.

Yəqin ki, sonda oxucumu bir sual maraqlandırır, bəs, siz xoşbəxtliyi tapa bildiniz? Tapdıq, ancaq mütləq xoşbəxtlik yoxdur. Xoşbəxtlik, sadəcə, bir an məsələsidir və onu özündən kənarda – nə Xatirələr ölkəsində, nə Gecənin sarayında, nə Meşədə, nə Qəbirstanlıqda, nə xoşbəxtliklər bağında, nə də Gələcəyin lacivərd şahlığında tapa bilməzsən.

Nikola Şamforun dediyi kimi, “Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o, sadəcə olaraq, yoxdur”.

 

Load Time (S) : 0.006062