TEATRO

TEATRO

sənət portalı

post-title

Aynur Hilali – İlk Pillə

İyun ayının 22-dən 26-na kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “I Pillə Tələbə Tamaşaları Festivalı” keçirildi. 4 gün davam edən festivalda 7 tamaşa nümayiş olundu. Bu tamaşalarda iştirak edən aktyorlar ADMİU-nun tələbələri idi. Hər festival gününün səhəri ötən gün göstərilən tamaşalar tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu tərəfindən müzakirə edilirdi. Bu festival həm tələbə-aktyorların, həm də tələbə-teatrşünasların həyatında mühim hadisəyə çevrildi. 

Festival boyu biri-birindən maraqlı tamaşaları Mədəniyyət və İncəsənət Universitetinin böyük və kiçik səhnəsində izlədik. Festivalın ilk tamaşası musiqili teatr aktyoru ixtisasında təhsil alan 4-cü kurs tələbələrinin ifasında “İnişmaandan gələn şikəst” tamaşası oldu. M.Makdonaxın müəllifi olduğu əsərə kurs rəhbəri Əməkdar artist Şövqi Hüseynov quruluş vermişdi.

Tamaşada hadisələr 1934-cü ildə İrlandiyanın qərb sahillərində yerləşən İnişmaan adasında cərəyan edir. Əsərin qəhrəmanı Billi gənc oglandır, amma fiziki cəhətdən qüsurludur. Billi onu narahat edən, düşündürən suallara cavab tapmağa çalışır. O, valideynlərinin ölümünün əsl səbəbini bilmək istəyir. Şikəst oldugu üçün bəzi insanların münasibətindən əziyyət çəkir. Bir gün o, adadan qaçmaq şansı qazanır. Hollivud kinorejissoru ona Amerikada iş təklif edir, Billi bir şikəst haqqında filmin baş qəhrəmanını oynamalı idi. Lakin səfər uğursuz olur və o, rolu ala bilmir. Sonda anlayır ki, başqa yerdəki həyat heç də onun üçün deyil, ona görə də İnişmaana qayıdır, burada, ən azı, bəzi adamlar, sevimli bibiləri Eylen və Keyt kimi ona qayğı göstərirlər.

Tamaşada Billi obrazını Ülvi Haşim ifa edir. Aktyor fiziki cəhətdən qüsurlu, əqli cəhətdən sağlam olan Billini səhnədə məharətlə canlandırır. O  səhnədə Billi kimi hərəkət edir, onun kimi düşünür.

Səhnə tərtibatı müharibədən sonra, dağılmış ərazidə qurulan evi xatırladır. Bu tərtibat tənhalıq doğurur. Məndə elə təəssürat yaranır ki, İnişmaanda səma da boz rəngdədir. Boş bankalar, boş masa… Məlum olur ki, burada aclıq, səfalət hökm sürür.

Tamaşanı qara komediya hesab etmək olar, çünki oyunda ciddi və ağrılı hesab edilən mövzular işıqlandırılır. Səhnə əsərindən məlum olur ki, bu insanlar gözəl həyat həsrətindədirlər. Aclıq, yoxsulluq, tənhalıq bu insanları incidir. Onların hər biri ayrı-ayrılıqda bədbəxtdir.

Haqqında danışmaq istədiyim digər səhnə əsəri “Mənim sevimli dəlim” tamaşasıdır. Səhnə əsəri “Teatr sənəti” fakültəsinin 2-ci kurs TKA “B” qrupunun tələbələrinin təqdimatında nümayiş olundu. Elçinin bu məşhur əsərini tələbələrlə kurs rəhbəri Əməkdar artist Yaqut Paşayeva işləmişdi.

“Mənim sevimli dəlim”də hadisələr 1990-cı illərdə baş verir. Lakin müəllif 90-cı illərdən əvvəl baş verən hadisələri də təsvir etmişdir.

Elçinin “dəliləri” ziyalı təbəqənin nümayəndələridirlər. Təsadüfi deyil ki, professor dəlixanadan qaçmış sevimli  dəlisini Yazıçılar Birliyində, redaksiyada, teatrda, ziyalıların içərsində axtarır. Biz görürük ki, cəmiyyətdə baş verən hadisələri ilk olaraq, ziyalılar hiss edirlər. Bu hadisələr ilk onları düşündürür, narahat edir. Əsərdə dəlilər - ziyalılar artıq cəmiyyətdə baş verən hadisələrə lənət oxumuş, dəliliyin pərdəsi altında gizlənmişlər.

Elçinin “Mənim sevimli dəlim” əsərində  absurd elementlər də mövcuddur. Tamaşada biz sanki bir dəlixana görürük. Səhnədə bir xaos hökm sürür. Səhnə əsərində professor obrazını Elşad Şirinov canlandırır. Aktyor dəlilikdən maska kimi istifadə etmir, o, əsl dəlini oynayır.

Tamaşada dəli olmayan yeganə şəxs baş redaktordur. Ancaq aktyorun oyunu nəticəsində  redaktor dəlilərdən heç də fərqlənmir. Anar Həsənzadə tamaşanın əvvəlindən axırına qədər gərgindir, əsəbidir. O, ətrafında baş verən hər bir şeyə eyni reaksiyanı verir, təəccüblənmir, maraqlanmır.

Haqqında danışmaq istədiyim sonuncu tamaşa “Müfəttiş”dir. Mənə görə festivalın ən maraqlı tamaşası da “Müfəttiş” oldu. Tamaşada iştirak edən aktyorlar Teatr sənəti fakültəsinin 3-cü kurs TKA “B” qrupunun tələbələri idi. Səhnə əsərini kurs rəhbəri Xalq artisti Vidadi Həsənov hazırlamışdı.

Tamaşa başlayır. Səhnədə aktyorların və tamaşaçıların üzərinə fanarla işıq salınır. Bununla rejissor əsərdə təsvir olunan zamanla günümüz arasında körpü salır. Bildirmək istəyir ki, əsər bütün zamanlar üçün aktualdır. Bizim də aramızda Anton Antonoviçlər, Luka Lukiçlər, Fyodoroviçlər var.

Xlestakov kiçik məmurdur. Onun bütün pulu bitib və indi acdır. Əlində qalan əşyalarını da bazarda satdırmışdır. Bobçinski və Dobçinski Xlestakovu görüb, onun müfəttiş olduğunu düşünürlər. Bu xəbəri tələsik digər məmurlara çatdırırlar. Öz işlərinə məsuliyyətsiz yanaşan məmurlar bu xəbərdən təşvişə düşüb özlərini təftiş edirlər…

Tamaşada Cavid Baba, Əli Ağabalayev və Aysel Dadaşovanın ifaları xüsusilə seçilirdi. Cavid Baba Xlestakov rolunu canlandırırdı. O, bir an olsun səhnədə yaradıcı olduğunu unutmur, Xlestokova Cavid Baba kimi yanaşır, obrazla öz arasında məsafəni qoruyurdu. Aktyorun oyununda məntiqi ardıcıllıq hiss edilirdi. Cavid Babanın Xlestakovunda həmçinin, hamletizm müşahidə olunurdu, qərar qəbul etmə prosesində onda alternativ nəticələrlə bağlı şübhələr yaranırdı.

Səhnədə hadisələr şərti məkanda baş verirdi. Bununla belə hadisələrin hansı məkanda baş verdiyi anlaşılan idi: mehmanxanada, yoxsa Anton Antonovicin evində. Biz bilirik ki, rejissor fikrini obrazlı ifadə etmək üçün səhnə mizanlarından istifadə edir və bu mizanların funksionallığı rejissorun peşəkarlıgından xəbər verir. Vidadi Həsənovun da təklif etdiyi səhnə mizanları funksional və ifadəli idi.

Beləliklə, yazının sonuna gəlirik. Biz arzu edirik ki, “I Pillə Tələbə Tamaşaları Festivalı” beynəlxalq festivala çevrilsin. Teatr hər zaman bayram etsin!

Aynur Hilali
Tələbə-teatrşünas

 

Load Time (S) : 0.005714