Aynur Hilali – İlk Pillə
İyun ayının 22-dən 26-na kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “I Pillə Tələbə Tamaşaları Festivalı” keçirildi. 4 gün davam edən festivalda 7 tamaşa nümayiş olundu. Bu tamaşalarda iştirak edə...
Bizə həyatın bütün sahələrindən nümunələr təqdim edən, güldürən, düşündürən, istiqamətləndirən, öyrədən, ağladan teatrımız bayram edir. Ölkəmizdə ilk dəfə olaraq Müstəqil Teatrlar Festivalı keçirildi və ”Teatr baharı” adlanan festival mart ayının 2-dən 9-a kimi davam etdi. “Teatr baharı" festival ilə artıq qapımızda olan Milli Teatr Gününü qarşıladıq. 7 gün davam edən festivalda 11 tamaşa göstərildi və bu tamaşalar tələbə teatrşünaslarla birlikdə müzkirə olundu. Müzakirələr gənc teatrşünasların düşüncəsində dərin izlər buraxdı və sözsüz ki, onların gələcək fəaliyyətlərinə də təsirsiz ötüşməyəcək. Teatr mühitinə yeni qədəm qoyan teatrşünaslar üçün bu festivallar böyük məktəbdir. Tələbələr belə tədbirlərdə yeni teatrlarla, onların yaradıcılıq prosesi və kollektivi ilə tanış olurlar...
Festivalda müstəqil teatrlar təmsil olunurdular. Yaradıcı ideyası olan rejissor öz ətrafına onunla eyni düşüncədə olan, eyni qayə uğrunda mübarizə aparan aktyorlar toplayır. Beləliklə, müstəqil teatr yaranır. Belə teatrların kollektivini, əsasən, gənc aktyorlar və rejissorlar təşkil edir. Onlar əsl sənət fədailəridir. Əksər müstəqil teatrların binalarının olmamasına baxmayaraq, onlar ideyaları uğrunda mübarizə aparır və müxtəlif məkanlarda məşq edir, tamaşalar hazırlayırlar. Gənc teatr fədailərinin tək arzusu tamaşa göstəriləcək bir məkanlarının olmasıdır.
Festivalda bir-birindən maraqlı tamaşalar Mahnı teatrında və Müstəqil Şah Mat teatrında nümayiş olundu. Festivalın ilk günündə Mahnı teatrında iki tamaşa oynanıldı. Birinci tamaşa "Arzular bağı" oldu. Tamaşanın rejissoru İmam Həsənov, ədəbi əsasın müəllifi Pərviz Bəşərdüstdür. Tamaşada rolları Əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov canlandırır. Tamaşa başlayır. Səhnədə iki aktyor var və onlar mənə S.Bekketin “Qodonun intizarında” pyesinin personajları Vladimir və Estraqonu xatırladır. Səhnədə olan personajların dəli və ya ruhi xəstə olduğunu düşünmürəm. Başqa tamaşaların qəhrəmanlarından fərqli olaraq, bizim personajlar konkret zaman və məkan daxilində mövcud deyillər və qanunlardan, mövcudluqdan kənarda var olmağı bacarırlar. “Arzular bağı” ayrı-ayrı üslubların bir araya gəlməsi ilə ortaya çıxan bir tamaşadır. Eklektizmə aid etdiyim tamaşa özundə realizmi, simvolizmi və absurdu birləşdirmişdi. Tamaşada nə qədər absurd olsa da, reallıqdan qopmayıb. Personajların, bəlkə də, xəstə təfəkkürlərində müəyyən müstəqillik, ardıcıllıq müşahidə olunur. Tamaşanın ilk dəqiqələrində aktyorlar tamaşaçını səhnə oyununa cəlb etməyi və inandırmağı bacarırlar. Onlar bütün arzularını gözümüzün önündə yaşayırlar: sevirlər, evlənirlər, yaşlanırlar. Personajlardan biri (Rauf Şahsuvarlı) yoldaşını (İlqar Cahangiri) və bizi öz xəyallarına inandırır. Tamaşa davam edir. Etüd səhnələri başlayır, aktyorların qeyri-dəqiq, yanlış hərəkətlərinə şahid oluruq. Düşünürəm ki, bu rejissor yozumudur. Çünki, aktyorlar etüd səhnələrini düzgün yerinə yetirsələr, onları sağlam düşüncəli insanlardan fərqləndirmək mümkün olmaz. Qeyd edim ki, "Arzular bağı" 2015 ci ilin avqust ayının 13-dən 16-dək İranın Təbriz şəhərində keçirilən festivalda nümayiş olunub və tamaşaçıların rəğbətini qazanıb.
Birinci günün digər tamaşası "Məsəl ya..." dır. Tamaşa Üzeyir Hacıbəylinin felyetonları, musiqiləri və Mirzə Ələkbər Sabirin şeirləri əsasında hazırlanmışdır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənovdur. Səhnə əsərində rolları Oqtay Mehtiyev, Amid Qasımov, Vüqar Haciyev, Günay Əhməd, Elgün Həmidov kimi aktyorlar canlandırır. Vidadi Həsənovun dediyi kimi, tamaşa vasitəsilə biz keçmişə səyahət etdik, bu gündən keçmişə gedərək, ordan bu günümüzə baxdıq. Zamanlar arası yolçuluq bizi düşünməyə məcbur etdi: Görəsən, keçən əsrdən günümüzə nə dəyişib? Yolçuluğun sonunda belə acı bir qənatə gəldik ki, inkişaf üçün bizə hələ 100 il, bəlkə də, 200 il zaman lazımdır. Tamaşanın ən maraqlı və demək olar ki, başqa tamaşalardan fərqləndirən cəhəti aktyorların elə səhnədə cildlərini, geyimlərini dəyişmələri oldu. Mahnı teatrının səhnəsində baş tutan tamaşada, ağ yumordan istifadə edilir. “Məsəl, ya...” izləyicini güldürərək düşündürür. Tamaşa boyu dahi Molyerin komediya barədə dedikləri yadıma düşür: “Komediyanın 2 məqsədi var: əyləndirmək və dərs vermək”. Konfliktinin əsasını inkişafın və geriliyin mübarizəsi təşkil edən komediya tamaşaçını həm düşündürür, həm əyləndirir, həm də maarifləndirir.
İndi haqqında danışacağım tamaşa isə indiyə qədər baxdığım tamaşalardan tamamilə fərqlənir. Söhbət “Üstəki dərinliklər” tamaşasından gedir. Zirzəmi və absurd teatr üslubunda fəaliyyət göstərən Şah Mat teatrı festivala Matey Vişnekin "Qoca kloun tələb olunur" əsərinin motivləri əsasında hazırlanmış "Üstdəki dərinliklər" tamaşası ilə qatıldı. 50 dəqiqəlik tamaşasının rejissoru Mir Qabil Əkbərov, aktyorları Anar Bulud, Fərid Vəliyev, Fərid Bağırov, Səid Abbasov, Orxan Abışovdur. Səhnəsinin və tamaşaçı zalının özünəməxsus tərtibatı ilə seçilən Şah Mat teatrında şahmat oyununu simvolizə edən at fiqurundan və teatr maskalarından istifadə olunub. Ən maraqlısı isə səhnə və tamaşaçı zalı arasında kəskin sərhədin olmamasıdır. Səhnə və tamaşaçı zalının vəhdəti nəticəsində tamasaçı da özünü oyunun bir parçası kimi hiss edir. Tamaşa başlayır. İzləyiciləri fərqli bir üslubda tamaşa gözləyir... Personajlar səhnədədirlər. Mənə elə gəlir ki, onlar hansı məkanda olduqlarını anlamağa çalışırlar. Obrazlar nə baş verdiyini anlamırlar və onların məniqsiz hərəkətləri absurdluğa gətirib çıxarır. Tamaşada qeyri-məntiqlilik reallıqla yanaşı mövcuddur və boşluğa "paralel monoloqlar" deyilir. Ferid Vəliyevin, Səid Abbasın, Orxan Abışovun cildən cildə düşməsi, etüd səhnələrinin məharətlə oynanılmasıyla aktyorlar tamaşaçını heyrətləndirməyi bacarırlar. Aktyorlara yaxın əyləşdiyim üçün onların mimikalarını, hərəkətlərini aydın görürdüm və deyə bilərəm ki, gənc aktyorlar məharətlə emosional hissləri tamaşaçıya ötürə bilirdilər. Tamaşanı uğurlu edən cəhətlərdən biri də düzgün tələffüz və səs intonasiyalarıdır. Sonuncuların düzgün seçilməsi tamaşaya rəng qatır, tamaşaçını səhnə oyununa cəlb edirdi. Tamaşada diqqətimi çəkən məqamlardan biri də aktyorların əlbisələri və qrimlənməsidir. Hələ Cəfər Cabbarlı "Bizdə teatr" adlı məqaləsində yazırdı: “Aktyor burnunu böyüdür, yanaqlarını çuxurlaşdırır, dişlərini tökür, - nə bilim, daha na kimi rənglər, boyalarla həmin tipin görkəmini öz simasına nəqş edir. Elə bir maharətlə ki, onun siması tərsim etdiyi tipin bütün mənəvi hayatını bütün ruhunu, bütün varlığını ilk baxışda əks etdirir... Aktyor təsvir etdiyi tipin mənəviyyatı ilə yaşar. Həqiqi aktyor belə bir boyadan sonra güzgüyə baxarsa, özünün özü olduğuna şübhə edər”. Anar Bulud da yəqin ki, güzgüyə baxan zaman özün tanımayıb. Tamaşanın sonuna kimi, hətta aktyor maskasını çıxarana qədər mən də səhnədə Anar Buludu axtardım. Bəli, yüksək səviyyədə hazırlanan tamaşa 50 dəqiqəlik müddətdə məni dəfələrlə heyrətləndirməyi bacardı.
Haqqında danışmaq istədiyim sonuncu tamaşa Cosmo teatrının “Utopiya”sıdır. Peter Turrininin “Axır ki, bitdi” əsərinin motivləri əsasında hazırlanan tamaşanın rejissoru Ümüd Abbasdır. Rolları Rəşad Səfərov və Ümüd Abbas ifa edir. Belə görürəmi ki, Cosmo teatrı gənclər tərəfindən çox sevilir. Tamaşanın başlanmasına yarım saat qalmış teatrın binasında tamaşaçı izdihamı yaranmışdı və tamaşaya gələnlərin böyük hissəsini gənclər təşkil edirdi. Fərqli quruluşda hazırlanan tamaşa gənclər tərəfindən böyük coşquyla qarşılandı. Teatra daxil olan tamaşaçıların diqqətini ilk olaraq səhnə dekorları cəlb edir. Səhnənin quruluşu tamaşaçıda maraq yaradır və səhnə işinin mükəmməlliyindən xəbər verir. Tamaşa başlayır. Rəşad Səfərov səhnədədir. Fikrimcə, aktyor səhnədən uzaqlaşdırıldıqdan sonra yaşamaq üçün səbəbi olmayan bir obrazı canlandırır. Bu obraz intihara hazırlaşır. Silahla atəş açmaq istəyəndə yadına bir hadisə düşür. Aktyor elə səhnədəcə xatirələrini canlandırır. Proses belə davam edir. Belə görürəm ki, aktyor intihar etmək istəmir, onun tək arzusu yenidən doğma səhnəyə çıxmaq, sevdiyi obrazlara qovuşmaqdır. Ümüd Abbas tamaşada problemi, problemin yaranmasını və onun həllini göstərir. Tamaşada qoyulan əsas problem sənətçiyə qarşı laqeydlikdir. İnsanların laqeyd olması aktyorun öz gunahıdır, aktyorun özü bu problemi yaradır. Aktyor ona kömək edən qonşunu evdən qovur, onun hərəkətləri dözülməzdir. Tamaşa boyu Ümüd Abbasın oyunu diqqətimi çəkir. Aktyorun bütün hərəkətləri - taxta kəsməyi, səhnədə yerişi tamaşanın ritmiylə vəhdətdədir. Tamaşa “oyun içində oyundur” və tamaşanın ilk dəqiqələrindən fərqli rejissor yozumu özünü göstərir. Səhnə əsəri simvolizm və realizmi özündə birləşdirir. Tamaşanın sonunda uzun müddət teatrın divarları arasında sədalanan alqış səsləri premyeranın uğurundan xəbər verir.
Beləliklə, festival haqqında olan yazımın sonuna gəlirəm. Diləyirəm ki, qoy, hər zaman xalqın yanında olub, ən çətin dövrlərdə ona yol göstərən teatrımız daima bayram etsin.