Aynur Hilali – İlk Pillə
İyun ayının 22-dən 26-na kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “I Pillə Tələbə Tamaşaları Festivalı” keçirildi. 4 gün davam edən festivalda 7 tamaşa nümayiş olundu. Bu tamaşalarda iştirak edə...
Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq artisti, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı Zərnigar Ağakişiyeva... İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. Səhnəyə ilk dəfə rejissor Əşrəf Quliyevin dəvəti ilə Aleksandr Ostrovskinin “Müdriklər” dramındakı Mamayeva rolunda çıxıb. Sonra “Meşşanlar”da (Maksim Qorki) Tatyana, “Vaqif”də (Səməd Vurğun) Xuraman, “Təhminə və Zaur”da (Anar) Zivər, “Mahnı dağlarda qaldı”da (İlyas Əfəndiyev) Fəxrəndə xanım, “Kəllə”də (Nazim Hikmət) Qadın, “Ölülər”də (Cəlil Məmmədquluzadə) Kərbəlayi Fatma və b. rollarda çıxış edib. Bunlar görkəmli aktrisanın teatr tamaşalarında yer aldığı rollardır. Z.Ağakişiyeva Azərbaycan Dövlət Televiziyasında hazırlanan teletamaşalarda və “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə də yaddaqalan obrazlar yaradıb: “Bağ mövsümü”ndə, “Dantenin yubileyi”ndə, “Qəm pəncərəsi”ndə, “Onun bəlalı sevgisi”ndə, “Park”da və sair...
...Hər bir oyununda dinamik və mütəhərrikdir Zərnigar xanım. Gah şaqraq səsi, gülüşü, gah qəmli, küskün baxışları, daxili monoloqu, gah səssizliyi, gah da köksötürmələri təqdim edir obrazlarını...
Deyək ki, Cəfər Cabbarlının “Sevil”ində meşşan təbiətli Dilbəri (Edilya xanımı) daha çox aşağılayıcı ədaları, şaqraq və iztehzalı gülüşü, ədəb-ərkan çərçivəsi tanımayan əl-qol, bədən hərəkətlərilə təqdim edir. Əhatəsində olanlar üzərində təsir gücünü nümayiş etdirmək üçün dediyi hər sözü hecalara bölürmüş kimi uzadır, fikrini kəlmə-kəlmə diqtə edir. El sözü ilə desək fınxırır. Etirazını saxta ürəkgetməsi ilə bildirir. Balaş tərəfindən tərk edildikdə isə bir anın içində mütiləşir, “mənim burda işim yoxdur” deyə çıxış qapısına yönəlir. Meşşanlığını süni hay-küyü ilə ört-basdır edən, ortada fır-fır fırlanan və bu ədalarıyla özünü ifşa edən Dilbəri Zərnigar Ağakişiyeva bənzərsiz aktyor oyunu ilə belə əbədiləşdirib tamaşaçı yaddaşında.
“Atayevlər ailəsi”ndə (İlyas Əfəndiyev) yaratdığı Dilşad xanım obrazı da daha çox səslə, hökm və zabitə jestləri ilə təqdim olunub. Ancaq Zərnigar xanımın Dilşadı Dilbərə nisbətən təmkinli və tədbirlidir, hiyləgərdir. Yüz ölçüb-bir biçməyi bacarır. Ta ki, yüksək vəzifə sahibi olan həyat yoldaşı Atayev tərəfindən ifşa edilib, rədd olunana qədər. O məqama qədər ki, Atayev var-dövlət hərisi olan Dilşad xanımın “Xalqın ağır töhmətindən, tutduğu əməllərdən qorxmayan, ailəsini və xalqını sevməyən” birisi olduğunu tərs şillə kimi üzünə çırpır. Bax, həmin anda Zərnigar Ağakişiyeva oynadığı obrazın qəfil dönüşünü, əldə etdiyi nə varsa hamısını bir göz qırpımında qeyb etdiyini tam fərqli bir şəkildə oynamagı, ifadə etməyi bacarır. Uduzduğunu heyrətli iç çəkimi ilə ifadə edir və onun bu jesti əbədi olaraq tamaşaçı yaddaşında qalır.
Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında səhnələşdirilən “Təhminə və Zaur”da yaratdığı Zivər obrazında da Zərnigar Ağakişiyeva eyni dərəcədə mütəhərrikdir. Bir tərəfdən həyatın isti-soyuğundan xəbərsiz oğlunu sevən ana, ailə qanunları ilə yaşayan ev xanımıdır. Övladını xoşbəxt görmək istəyir və bu halıyla qılıqcıl, səmimi, övladcanlıdır. Eyni zamanda da ailə məsələlərinə öz arşını ilə yanaşan, ailə qanunlarını qorumaq naminə hər cür vasitəyə əl atmağı, təhqir etməyi, söyməyi, hədə-qorxu gəlməyi bacaran birisidir. İstəyinə nail olmaq üçün bütün imkanlarından, təcrübələrindən istifadə edir. Və bu dəfə də öz üstünlüyünü ötkəm danışığı, ötkəm səs tonu, ədaları ilə çatdırmağı bacarır. Necə ki, “Yuxu” filmindəki Xurşud obrazını eyni ötkəmliklə, hədə-qorxu, təpki dililə ifadə etməyi bacarır...
Anarın “Ötən ilin son gecəsi” hekayəsi əsasında çəkilmiş eyniadlı teletamaşada yaratdığı Həmidə obrazında isə tamaşaçı tam fərqli, bir başqa ampulada çıxış edən Zərnigar Atakişiyevanı görür. Bu dəfə səhnəni dolduran onun şaqraq, ədalı, ətrafa meydan oxuyan gülüşü yox, susqun baxışları, səssizliyidir. Şaqraq gülüşün, ədanın yerini dərin köksötürmələr, intizarlı baxışlar, daxili düşüncələrin təsirli ifadəsi tutur. Təsadüfən qapını döyən poçtalyon Bəşirin gəlişinə belə möhtacdır. Bu yalnız halında belə övladları sarıdan giley etmir:
- Mənimkilərə min şükür! – deyə özünə təsəlli verir. Ancaq poçtalyonun ağır suallarına cavab vermək də mümkünsüzdür:
- Səninkilər?! Bəs hanı səninkilər? Görmürəm...
Reallıqdır ki, dörd övladının dördü də bayram gecəsi onu tək qoyub. “Dostları dəvət edib” – deyə özünə təskinlik versə də, baxışları qan ağlayır. Nəzərləri dörd yanına çevrilir. Görmək istədikləri yanında yoxdur. Bayram süfrəsi necə var elə durur. Əl dəyməyib. Televiziya ekranından hər kəsi salamlayan diktorla həmsöhbət olmağa məcburdur. Bax, bu məqamda Zərnigar xanımın köksötürmələrlə izlənən qübarlı baxışları, tənhalığını ifadə edən bütün jestləri unudulmaz və yaddaqalandır. Təkrarsızdır. Onun həmin andakı oyunu, ifası yalqızlığın, unudulmuşluğun dolğun ifadəli şəkli kimidir.
“Mehmanxana sahibəsi”nin (K.Qaldoni) şıltaq, şən və cazibədar Mirondalinası, “Köhnə dəbli komediya”nın (A.Arbuzov) zərif, romantik Lidiya Vasilyevnası, “Ordan-burdan”ın xeyirxah, işgüzar, sevimli Füruzəsi, “Kökdən düşmüş piano”nun zabitəli, hökmlü, mənsəbpərəst qayınanası... Zərnigar Ağakişiyeva belə yadda qalıb; şahanə və zərif, hökmlü və susqun, qayğıkeş və zabitəli, bir sözlə fərqli ampulada usta ifaları ilə...
Aynur Hilali
Tələbə-teatrşünas