TEATRO

TEATRO

sənət portalı

post-title

Aygün Süleymanova - Ağlamamaq üçün gülürük...

(“Ölülər” komediyasının müasir qəhrəmanları)

Dünya ədəbi praktikasında azsaylı dahiyanə komediyaya rast gəlmək olar ki, bu komediyaların özünəməxsus janr şərtiliyi var: gözəl anlar, xoş atmosfer tədricən azalır, zaman-zaman hadisələr ciddiləşir. Hətta bəzi tənqidçilər buna görə qəzəblənir və belə komediyaların “komediya” adlandırılmasını düzgün hesab etmirlər. Komediyanın sərhədləri mətbəx və evi, evin içində baş verən hadisələri aşırsa, “komediya olmaqdan” çıxır. Bəs bu tipli əsərlərin janrı komediya deyilsə, faciə deyilsə, bəs nədir? Sadəcə olaraq, dünyanın 100 möhtəşəm əsərlərindən biridir- “ÖLÜLƏR”   

Cəlil Məmmədquluzadənin müəllifi olduğu “Ölülər”in əsası sadəcə gülüş üzərində qurulmayıb, bu səbəbdən də onun hədəfi daha geniş, zərbələri isə daha dağıdıcıdır. Və bu gün haqqında danışacağımız tamaşa “Ölülər” əsərinin Hüseynqulu Sarabskinin 1916-ci il ilk səhnə quruluşunun 100, Tofiq Kazımovun 1966-cı il quruluşunun 50 və Xalq artisti Nurəddin Mehdixanlının 60 illiyinə həsr olunub. Bu tamaşa uzun bir yol keçib, o üzdən də müqayisələr, mübahisələr üçün yetərincə faktlar, fikir mübadiləsi üçün yetərincə ideyalar var.  

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissorlar isə Anar Sadıqov və Əlif Cahangirlidir. Qısa teatr təcrübəmdən bunu bilirəm ki, qara qutudan ibarət səhnə və aktyorlar üçün yaradılmış açıq məkan, konstruktiv dəqiqliklə yığılan səhnə forması, professional işıq həlli və səhnədə işıqların oyunu Azər Paşa Nemətovun imzasıdır. Hətta öncədən tamaşanın müəllifinin adını bilməsəm belə, sadaladıqlarım bunu bilməyə yetərlidir. 
Niyə məhz “Ölülər”? Aydın məsələdir ki, teatr özündə bu dəqiqə nə baş verdiyini, neçə illər bundan öncə və bundan sonra nə baş verəcəyini göstərir. “Ölülər” keçmiş, indiki, gələcək - bu üç zaman formasını vahid hadisələrin konturlarını cızaraq fraqmental şəkildə də olsa görükdürə bilir. Rejissorun təqdim etdiyi səhnə həlli bədii obrazların və hadisələrin yeni ideya üzərində qurulmuş kompozisiyasını, vahid sistemini təşkil edir. Yazının əvvəlində də üstüörtülü şəkildə qeyd etdiyim janr məsələsi xüsusilə yeni formada işlənmişdir. 

Tamaşanın səhnə quruluşu hər tərəfi açıq olan qara səhnə məkanından və səhnənin mərkəzində yerləşdirilən, üç hissəyə qapılar, pərdələr vasitəsilə ayrılmış, üzərində sanki memarlıq nişanələri olan hündür arakəsmədən ibarətdir. Tamaşa müddətində hadisələrin məkanı məhz bu sadə düzənlənmiş yerdir. Tamaşanın əsasını onun ideyası təşkil edirsə, mövcudluğu hadisələrlə çatdırılır. İlk hadisə Cəlalın dərs məqamıdır ki, məncə bu, tamaşaçının baş verəcək hadisələrə daxil olması üçün vurulan ilk zərbə kimi effektli idi. Müəllim Mirzə Hüseynlə (Xalq artisti Hacı İsmayılov) Cəlalın (Canəli Canəliyev) dialoqu Hacı İsmayılovun ciddiliyi, peşəkarlıqla taxdığı və gəzdirdiyi “müəllim” maskası ilə əhatələnirdisə, Cəlal bir oyunbazdır, onun şirin danışığı, məsum hərəkətləri, xoş görünüşü onu bu tamaşanın sevimli qəhrəmanlarından biri edir. Vurğulamaq istəyirəm ki, Cəlalın müəllimini yamsılaması, sözlərin düzgün tələffüzündə yaratdığı maraqlı səs assosasiyası tamaşanın qəhrəmanının gəlişinə yüngül,  rahat keçid üçün imkan yaradırdı.

“Alçaq bir insana elm öyrətmək yol kəsən bir şəxsin əlinə qılınc vermək kimidir...”

Budur İsgəndər... Azərbaycan ədəbiyyatının üsyankar, Azərbaycan teatrının sərxoş qəhrəmanı... Rejissor bu rolu Anar Heybətovun oyununda realizə etmişdir. Aktyorun simasındakı biveclik, artıq üsyandan usanmış, ətrafında baş verənlərlə mübarizənin mənasız olduğunu anlayan İsgəndər obrazı tərəf müqabillərini heç bir məqamda əsas qəhrəman kimi üstələmirdi. O səbəbdən də İsgəndərin səhnə varolması pərəstişlə qarşılanırdı. Konkret desək,  Anarın İsgəndəri sadədir, sevgi ilə dolub daşan qəlbə malikdir, çirkinlikləri bayağı açıb ağartsa da, içində sadəcə mərhəmət var. İsgəndərin əsas psixoloji durumu “ruh düşgünlüyü”, “çarəsizlik”dir ki, aktyor sətiraltı formada bacısı Nazlı ilə söhbətində xüsusilə bunu görükdürür. Bu mənəvi ruh düşkünlüyü mütləq vəziyyət kimi İsgəndərin zaman-zaman sərxoşluğuna haqq qazandırır. Sanki İsgəndərin bu haləti onu əhatə edən insanlar tərəfindən gizlədilir, ondan qaçırlar. Onu heç kəs görmək, dinləmək istəmir. Tamaşanın gedişatında İsgəndərin dəfələrlə araq içməsi də onun real vəziyyətini - mənəvi çarəsizliyini əyaniləşdirmək üçündür. Sanki narkozda olan insan kimi o heç nə hiss etmir, bu səbəbdən də spirtin yüksək faizi ona təsir etmir, canı yanmır, acımır... 

Xüsusilə də Anar Heybətov ön səhnədə aparte-monoloq çıxışlarında zamanından və düşdüyü vəziyyətdən sanki utanan, xəcalət çəkən İsgəndəri gerçəkləşdirir. İsgəndər “baxın mən ağıllıyam, onlar nadandırlar, cəhalət içindədirlər” demir. İsgəndərin oyunu ilə digər tərəfin - sadə insanların sadəcə yazıq və məsum olduqları aşkar görünür. Mühüm fraqmentlərdən biri İsgəndərin bacısı Nazlı ilə (Xədicə Novruzlu) ünsiyyətidir ki, Anarın istər bacısına, istər Cəlala-qardaşına olan sevgisi tamaşaçıda qəhər yaradır. Bu səhnələrə üzülərək baxmadan keçinmək olmur. Əslində bu məqamlarda Anarın İsgəndəri qəhrəman olmadığını, daha doğrusu belə cəmiyyətdə qəhrəman ola bilməyəcəyini sanki etiraf etmiş olur. 

“Onun yanında iki mən sığmaz. Sən “Mən!” deyirsən; o da “Mən!” deyir. Ya sən öl, ya da o ölsün ki, bu ikilik qalmasın” 

Məncə bu tamaşanın qəhrəmanı Şeyx Nəsurullahdır. Elə rejissor onun səhnəyə gəlişini də xüsusi təmtəraqla işləmişdir. Sanki o, Əlahəzrət cənablarıdır, dinin ünlü simasıdır, o Şeyx Nəsurullahdır. Xalq artisti Nurəddin Mehdixanlının Nəsurullahı bir üzü saxta şeyx, digər üzü cır-cındıra bürünmüş dərvişdir. Əvvəlcə onu qeyd edim ki, çoxsaylı tamaşalarda izləsəm də, mən Nurəddin Mehdixanlının bu cür oyununu təsəvvür belə etməzdim. Aktyorun Şeyx Nəsurullahı peşəkar, insan elminin bilicisi, yetərincə savadlı-ərəb, fars sözlərini düzgün tələffüz edən kimi təqdimatı təqdir olunmalıdır. Həmçinin, onun sadə insanları ələ salması, yuxarıdan aşağı baxması, müxtəlif jestlərin dili ilə aşağılaması məncə çox qabardılmışdır. Təklikdə, birinci hissənin sonunda əynindəki libası, üzündəki qrimi kənara atan Şeyx Nəsurullah-N.Mehdixanlı əsl simasını əyyaş, fırıldaqçı, eləcə də xəstə durumunu faş etmiş olur.

Şeyx Nəsurullah müxtəlif epizodlarda fərqli davranış nümayiş etdirir. Xüsusilə də onun köməkçisi Şeyx Əhməd (Əməkdar artist Aslan Şirin) Nəsurullahın həqiqi simasının qabardılması üçün çox gözəl şərait yaradır. Şeyx Əhməd obrazı aktyorun ifasında məsləksiz, mənafeyi olmayan bir xarakter kimi səhnədə uğurla çatdırılır. Bəzi hallarda Şeyx Əhməd–Aslan Şirin  Nəsurullahı idarə edən, onun “zibillərini” gizlədən, yol göstərən, bəzi məqamlarda da “niyə görə mən özüm Şeyx Nəsurullah olmayım” deyə qəzəblənən oyun sərgiləyir. 

Şeyx Nəsurullahın və İsgəndərin görüş səhnələri bəzi məqamlarda xüsusi qabardılsa da, rejissor həmin səhnələri əsasən ötəri keçidlərlə verərək, təmtəraqsız görüntü yaradır. İsgəndər sanki rejissor tərəfindən qorunur, müdafiə olunur. İkinci hissədə İsgəndərin faciəsi daha da dərinləşir. Zatən bu cəmiyyətdə vəziyyət ürək açan deyil, bir qalmışdı ölülərin dirilməsi - vəziyyəti daha da kəskinləşdirərdi. Hətta ailəsi tərəfindən qovulan İsgəndər atasının (Əməkdar artist Kazım Abdullayev) uşaq məsumluğu ilə kütlədən utanması, anası Kərbəlayi Fatmanın (xalq artisti Laləzar Mustafayeva) səsli-küylü yanaşması səbəbindən sağlam mübarizə apara bilmir. Və istənilən məqamda Şeyx Nəsurullaha uduzur. 

Tamaşanın ən baxımlı hissələri kütləvi səhnələrdir ki, biz bir sıra tamaşalarda belə səhnələrin çox zaman uğursuz olduğunun şahidi olmuşuq. “Ölülər” tamaşasında – xüsusən də gələn məktubun oxunması və Məşədi Orucun (Mətləb Abdullayev) baş verən hadisələrə hərəkətlərlə, oxuduğu sözlərə intonnasiya ilə reaksiya verməsi ən yadda qalan səhnələrdəndir.

Onu da qeyd etməliyəm ki, səhnədə çıxış edən aktyorların rejisssor tərəfindən irəli sürülmüş konsepsiyanın öhdəsindən düzgün gəlmələri sayəsində hər bir  aktyor ayrı-ayrılıqda fərqli oyun nümayiş etdirməyə nail olur. İstər Hacı Kazımın (Əməkdar artist Əjdər Həmidov) yazıqcasına söylədiyi replikalar, istərsə də Hacı Baxşəlinin (Əməkdar artist Sabir Məmmədov) kütlənin içindən fərqlənən səs-küyü hətta kütlədə çıxış edən aktyorları da ayrı-ayrılıqda epizodun uğurlu daşıyıcısına çevirir. 

Qeyd edim  ki, tamaşada SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur. Tamaşanın musiqisi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa edilir. “Ölülər” tamaşasının əsas ideyası zəif təfəkkürlü insanlar, savadsız savadlılar, ziyalısı olmayan cəmiyyət, aldanmağa hazır olan-əmrlərlə yaşamağa ömürlük düçar olan toplumun fəci vəziyyətidir. Hər addımbaşı sadaladığım nə qədər belə insanla, belə hadisə ilə üzləşirik? Bundan daha aktual nə ola bilər ki...

Rejissor, Xalq artisti Azər Paşa Nemətovun “Ölülər” üçün təqdim etdiyi yeni model hava şarları kimi yüngüldür, tamaşaçı tərəfindən rahat həzm olunacaq dilə, peşəkar aktyor ifalarına, bir-birinə bərk bağlı olar səhnə həllinə malik - ümumi konsepsiyadan ibarətdir. Tamaşa boyunca gülürük, gülürük, hər güldüyümüzdə isə sətiraltı ağlamaq istəyik. Ağlamamaq üçün gülürük...

01.06.2016                                                                  


 

Load Time (S) : 0.004454