TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə- BİR DƏ BURALARA GƏLMƏ

                                                                                                                                    Bu monopyes məxsusi “Ölsəm, bağışla” filminin senari 
                                                                                                                                                  
müəllifi Rüstəm İbrahimbəyovun xatirəsinə ithaf olunur.

 

Gülzar –cavanlığında gözəl olduğu sezilən nimdaş geyimli, çal saçlı, 55-60 yaşlarında bir qadın: çiyinlərindən saçaqlı şal örpək asılıb.

Pol Moria, Ennio Marrikoni və Emin Sabitoğlunun bəstələrindən, Leonard Kohenin mahnılarından seçilmiş fraqmentlər uzaqlarda çalınan musiqi kimi ara-sıra pyesin epizodları üzərinə səpələnir. Bu, refrendir, söhbətin fonu və leytmotividir. Monoloqun xarakterindən asılı olaraq musiqi parçaları hərdən daha güclü, hərdən daha yavaş səsləndirilə bilər. Mütləq qaranlıq içində “Xaç atası” filminin musiqisi eşidilə-eşidilə səhnə fəhlələri əllərində şam, seyrçilərin qolundan ehmalca yapışıb onların bir-bir tamaşaçı salonunda öz yerlərinə əyləşməsinə yardım edirlər. Göz-gözü görmür. Qəfildən “pistolet” bir küncdə asyaqüstə dayanıb məktub oxuyan qadını işıqlandırır. Sonra yenə qaranlıq. Yenə “pistolet” işığı. Bu dəfə qadın döşəmə ortasında dizüstə oturub məktub oxuyur. Sonra yenə qaranlıq. Yenə “pistolet” işığı. İndi də qadın əks küncdə dayanıb məktuba baxır. Sonra yenə qaranlıq. Və nəhayət adi işıq. Kislovodsk şəhərində beşmərtəbəli evin birotaqlı mənzili. Qadın bu dəfə kresloda əyləşib; məktub əlindədir, amma onun baxışları, fikirləri uzaqlarda. Mənzil çox sadə bəzədilmiş kasıb rus evidir sanki. Kreslonun yanında taxta jurnal masası var: üstündə çöl çiçəkləri qoyulmuş bir güldan, televiziyon pultu, naqilsiz ev telefonu, fincan, külqabı və köhnə mobil telefon görünür. Kreslonun digər tərəfində sovet dönəmindən qalma torşer, bir qədər aralıda isə köhnə servant, köhnə stul və qaz plitəsi gözə dəyir.

Qadın (bir əlində məktubu tutub, o biri əlilə üzündəki kirşanı silir, sanki kloun sifətini təmizləyir; çətinliklə və gec təmizləyir, çox ciddi görünür: duyulur ki, mühüm qərar qəbul etməlidir. Pauza uzanır və qadın qəfildən məktubu laqeydcəsinə, bəlkə də nifrət, ikrah qarışıq bir hisslə kənara vızıldadır, üzünü sildiyi əskini döşəməyə atır. Əllərinə baxır, barmaqlarını xeyli süzüb danışır). Mən yaşaya-yaşaya məni ölmüş elan elədilər. Onda məktub almışdım Bakıdan. Atam yazmışdı ki, bir də buralara gəlmə: gəlsən, səni öz əllərimlə öldürəcəyəm, səni baltaynan doğrayacağam. Yazmışdı ki, gəlmə buralara: gəlsən, bütün məhəllə sən namussuzu daş-qalaq eləyəcək; gəlsən, aparıb diri-diri basdıracağam səni. Yazmışdı ki, gəlmə: biz hamıya demişik ki, sən ölmüsən, sən yoxsan: qal qaldığın yerdə, bir də buralara gəlmə (Pauza. Kreslodan qalxır, servanta sarı gedərkən məktub ayağının altında qalır. Reaksiya verir, amma əyilib məktubu yerdən qaldırmır. Əksinə, məktubun üstündə dayanaraq fikirləşir və biraz məyus). Yazıq kişi... Nə yazmalıydı ki... Gücü nəyə çatırdı ki... Onun yerinə kim olsaydı, belə eləyərdi (servanta yaxınlaşıb konyak şüşəsinə və qədəhə toxunaraq seyrçilərə). Mən atamı qınamıram. O biabırçılığı Bakı kimi balaca bir şəhərdə, özü də bizim məhəllədə hansı kişi götürərdi ki? Mən atamın papağını yerə soxmuşdum (düşünür). Adətən, əsl kişilər bundan sonra ölür. Atam da ölməliydi, amma yaşadı (elə bil nəyisə özü üçün aydınlaşdırır), xeyli yaşadı, məni ölü elan eləyib özü yaşadı (servantdan konyakı və qədəhi götürüb ayrılarkən azacıq ləngiyir, qədəh tutduğu əlinin barmağını balaca bir şüşəyə tuşlayır), bu balaca şüşədəki zəhərdir. Saxlamışam ki canım boğazıma yığılanda intihar eləyim. Canım boğazıma yığılıb, amma mən bacarmıram, qorxuram: can nə şirin şeymiş (Konyakı və qədəhi masanın üstünə qoyur, kresloya əyləşmək istəyərkən servantda yaddan çıxıb qalmış güzgüsünü görür və onu da gətirib masada elə yerləşdirir ki, xüsusi işıq effekti alınır). Hm... (təəccüblə) Siz məni tanımadınız? Doğrudan tanımadınız? Mənəm də, Gülzar, Gyulya. “Ölsəm, bağışla” filmində qəşəng qadın vardı ha, qucağında da körpəsi. Sonra Yusifə qoşulub qaçdı Kislovodska. Yusifi Fəxrəddin Manafov oynayırdı da. Xatırlamırsınız? Bəyəm siz Azərbaycan filmlərini xoşlamırsınız? Yoxsa bəyənmirsiniz? “Xram vozduxa”!!! Bu da sizə heç nə demir? Bakıda müharibədən sonra az adam olardı ki, bizim əhvalatı bilməsin. Onda ad çıxarmışdıq: hamı bizdən danışırdı. İndi unudublar. Bunu da unutmağın məqamı çatıb yəqin. Hər şeyin bir ömrü olur: qab-qacağın da, servantın da, mənzilin də, hətta konyakın da (kresloya əyləşir, gözlərini yumur. Pauza: gözləri yumulu). Yox, mən atamı qınamıram (gözlərini açır), mən ümumiyyətlə heç kimi qınamıram. İşdi, oldu; tale idi, yaşandı. Kim bilə bilər ki, başına nə gələcək? (seyrçilərə) Heç siz də bilmirsiniz, buradan çıxıb evə salamat gedə biləcəksiniz, ya yox? Biz təxmini yaşayırıq, təxmin edib yaşayırıq, güman dumanında yaşayırıq. Hər şey gümandır, təxmindir: belə də ola bilər, belə də. Amma bu təxminlər içində adam gərək ağılla hərəkət eləsin. Əvvəl borc, sonra hisslər, emosiyalar (fikirləşir). Əksi olanda insanlar mənim günümə düşürlər, hər şeyi, hər şeyi itirirlər. Borcdan imtina edəndə borc adamdan intiqam alır, adamı cəzalandırr: bir də baxırsan ki, sənin bütün təxminlərin pozulub (puaza). Mən sevgiyə aldandım (puaza). Sevgi tələdir insan üçün. Yox, yox, tələ deyil, sınaqdır, imtahandır (Diqqəti yenə əllərindədir). Mən axmağın yekəsiyəm. Heç fərq eləmir, sınaq da, imtahan da elə tələdir. Kim tələyə düşür, ağlamasın. Çünki özü gedib tələyə doğru: kor olub, görməyib tələni (puaza). Sevginin qulpundan yapışıb heç hara gedə bilmirsən. Mən (fikirləşə-fikirləşə) öz sevgimə görə, xoşbəxt olmağıma görə öz körpə uşağımı atdım? Atdım, boynumdan borcumu atdım. Heç qımıldanmadım da, utanmadım da, “uf” da demədim (puaza). Rüstəm belə yazmışdı. Allah Rüstəmin əliylə belə yazmışdı. Mən neyləyə bilərdim. (yenə fikirləşə-fikirləşə) Ərimi atdım? Atdım (fikri yalnız öz sözünün yanındadır, hikkəli): atdım nədi, onu bir keçi qiymətinə satdım. (yüksələn acıqla) Atamı-anamı atdım? Atdım. Yurdumu-yuvamı atdım? Atdım. Rüstəm belə yazmışdı. Allah Rüstəmin əliylə belə yazmışdı. Kimə görə? Nəyə görə? Mən... (bir qədər sakitləşir) heç nəyi, heç nəyi özümə izah edə bilmirəm. Dəyərdimi bir sevgiyə hər şeyi qurban verəsən (pauza) bilə-bilə ki sabaha güman yoxdur (İşıq qadının üzündə fokuslaşır: qadın sanki canlanır)? Güman yoxdur, günahsa var. Mən işlətmişəm o günahı.  Bir gün o gəldi keçmişimdən, dünənimdən... gəldi müharibədən, xəstəxanadan, türmədən, mən nə bilim cəhənnəmin hansı dərəsindən, dəli kimi gəldi, havalı gəldi; gəldi, mənə bir him elədi, mənə bir azadlıq məbədi, ümid məbədi vəd elədi, mən də havalı-havalı boxçamı götürüb getdim onunla, özümü madam Bovari sandım, daha soruşmadım ki, Yusif, sabah bizim halımız necə olacaq? (pauza) Sabah nə olacaq? (pauza və məəttəl-məəttəl əllərini açaraq) Sabah olacaq? Bumudu həqiqi sevgi, yoxsa hər bir həqiqi sevgi əhlikeflikdi (ayağa qalxır, seyrçilərə tərəf bir addım ataraq). Hər bir sevgidə bir az avantyura var, bir az fırıldaq var və çox böyük eqoistlik var. Sən bütün dünyanı sevginə qurban verməyə hazırsan. Mən də özümü qurban verdim sevgiyə: oğlumu qurban verdim, atamı, anamı, məhəlləni, Bakımı qurban verdim sevgiyə. Axırı nə oldu? Bu da (bir təəssüf jestilə) mənim həyatım. Mən bəyəm yaşayıram? Mən yaşadım bəyəm? Mənim həyatım həyat olmadı ki? Elə-belə gün keçirdim cırcırama kimi. Mənim cırcırama qanadlarımdan tutub məni burdan ora tulladılar, ordan-bura. (Qadın susur: qaranlıqda kibrit qutusunun çıqqıltısı eşidilir. Nəhayət ki, kibriti yandırıb siqaretini alışdırır. Dərin bir qüllabdan sonra). Gör iki nəfərin axmaq sevgisi nə qədər adama əziyyət verdi, nə qədər adamı bədbəxt, ümidsiz, peşman elədi, nə qədər adamı incitdi: nə qədər adam insanlara inamını itirdi. (Qaranlıqda siqaret közərir). Rüstəm belə yazmışdı. Allah Rüstəmin əliylə belə yazmışdı. Yazmışdı ki, bax, mən bir gün (acıqla) belə bir kaftar olum, bədbəxt olum oturum Kislovodskda. Biz hardan xoşbəxt ola bilərdik ki, Bakıda hamı bizi qarğıyırdı... (pauza, sonra isə qəmli-qəmli) Bakıda sevgilərə inanmırlar... Bakıda sevgiləri müdafiə eləmirlər... Bakıda sevgiləri yalnız mühakimə eləyirlər... (Səhnə işıqlandırılır. Qadın divara söykənib dayanıb. Barmağına tüpürüb siqaretini söndürür və təzədən siqaret qutusuna qoyur və səsində ittiham notları duyulur). Rüstəm elədi hamısını... O dəli qəhrəmanı... o kontuziyalı qəhrəmanı... (bir addım atır seyrçilərə sarı) Rüstəm caladı mənə: calamadı ki... məni bəlaya saldı. O kontuziyalı Yusif də götürüb məni gətirdi Kislovodska: dedi bağ belə, çəmən belə. Mən də gic kimi inandım... Cəmi bir gün yaşadım onunla, heç gecəni də birgə keçirməyə macal tapmadıq. Yox (seyrçilərə təpkilə), Siz də üzümə baxıb qımışmayın, vaqonda göyərçinlər kimi gəlmişdik: o, mənə barmağı ilə də toxunmamışdı. Axşam həyətdə öldürdülər Yusifi (pauza), gözümün qabağında öldürdülər (pauza),  Rasim necə çəkmişdisə, eləcə öldürdülər. Dato öldürdü: üç nəfərnən soxuldu həyətə, öldürdü Yusifi. Yusif heç hıq da eləyə bilmədi: zərbəni düz burasına (əliylə zərbənin necə vurulduğunu və ürəyini göstərir) sapladılar. Heç nə (qəmli-qəmli başını bulayır, kresloya tərəf yeriyə-yeriyə)... bir gün də olsun heç nə yadımdan çıxmır: elə bil dünən olub elə bil dünən idi Yusifi öldürdükləri (kreslonun yanında ayaq saxlayır). Mən pəncərədən hər şeyi görürdüm: pəncərə şüşəsinə üzümü yapışdırıb qalmışdım. Keyimişdim: tərpənə bilmirdim. Səsim də çıxmırdı. (Kresloya əyləşir. Pauza. Güzgünü götürüb baxır və güzgüyə baxa-baxa danışır). Mənim üstümdə oldu hər şey. Əslində, qadınlara nisbətən kişilər daha çox bədbəxtdirlər. Gözəl qadın (güzgüdə gözlərinin içinə diqqətlə baxır, sanki cavan olmadığına bir daha əmin olmaq istəyir) görən kimi anındaca məhv olurlar: beyinləri tormozlanır, ağıllarını itirirlər, analarını, atalarını itirirlər. Ancaq qadına sahiblənmək haqqında düşünürlər; gözlərindən yuxu qaçır. Kişiləri özünə bənd eləmək qadınların əlində su içmək kimi bir işdi. Bir dəqiqənin işidi, bir baxışın işidi (barmaqları ilə çal saçlarını arxaya daraya-daraya). Cavanlıqda çox gözəldim, iri gözlərim vardı, zərif bədənim. Hamı mənimçün deyirdi ki, kukladı-kukla. Həmin gün restorana girəndə, bizi ora Eduard dəvət eləmişdi, guya ki təzə evimizi yuyurduq (boğazına bir xırtma vurur), orada (güzgünü qaytarıb yerinə qoyur), bizim masanın qarşı tərəfində bir dəstə xuliqan-fason kişi oturmuşdu: aramsız sağlıq deyib içirdilər. Hamısı da məni altdan-altdan süzürdü. Həmin bu Dato isə həyasızcasına gözlərimin içinə baxırdı. Yusif də bunu aşkar görürdü. O da dəli-dəli Datoya baxırdı. Yadımdadır. Sonra vals çaldılar. Dato durub yanıma gəldi, məni rəqsə dəvət eləmək istədi. Elə bu an Yusif bir canavar kimi cumdu Datonun üstünə. Dato boyca hündür idi (danışdığı hadisəni çox diri yaşayır), şıq geyinmişdi, girdə, mavi gözləri, yaraşıqlı burnu vardı. Alen Delona bənzətdim həmin gün mən onu. Yusifinsə boyu balaca idi, sifətcə dolu adam idi, qonur gözlərindən cəsarət, qorxmazlıq yağırdı, kürəkləri də yapıncı kimi açılmışdı. Yusifi mən Jan Qabenə oxşadırdım. İndi onlar üz-üzə dayanmışdılar (kreslodan aramla qalxıb ortaya keçir, artıq heç seyrçiləri də görmür) Alen Delon və Jan Qaben... Yusif yerindən durduğu andaca tapançasını çıxarıb dirədi Datonun gicgahına və bağırdı: “Na koleni, svoloç”. Dato əllərini yuxarı qaldırdı, adamlarına işarə elədi ki, sakit olsunlar. Özü isə diz çökdü. Yusif kinayəli-kinayəli dedi: “Tı, podonok, ne uçyol, çto ya s faşistami voyeval. A teper zapomni na vsyu jizn, tı uje ne korol, a koşka-iqruşka. Brıs otsyuda”. (Yadına  nəsə düşür, seyrçilərə). Əfsus ki, Rüstəm bunu belə yazmamışdı. Çünki onlar görməmişdilər o restoranda olanları. Sadəcə, kimlərdənsə eşitmişdilər. Təfsilatını bilmirdilər. Axı o hadisənin yeganə sağ şahidləri mən və Eduard idik. (Yenidən özünə qapılır). Yusif tapançasını bel tərəfdən şalvarının içinə dürtdü. Dato tərpənmədi, başını aşağı salıb yerindəcə qaldı. Restorandan sakitcə çıxdıq. Heç kim bizə ilişmədi. Eduard sağollaşıb getdi, biz də qayıtdıq evimizə. Guya ki bu, bizim toy günümüz idi: mən ikinci dəfə idi ərə gedirdim. Yazıq Yusifsə hələ ömründə evlənməmişdi. Yolda Yusif 10 dənə eskimo aldı. Dedi ki, Kislovodskda marojna əladır. Evimizin həyətində (göstərir), bax, belə bir taxta skamya vardı. Oturduq orada. Restoranda olanları xatırlayıb gülüşdük. Sonra Yusif şapkasının içinə yığdığı eskimoları mənə uzatdı. Dedim, dayan, mən gedib qab götürüm, gəlim. Qalxdım evə. Elə bu an Dato adamları ilə girdi həyətə. Yusif yerindən tərpənmədi. Dato cibindən iri bir bıçaq çıxartdı, soxdu Yusifin ürəyinə. Yusifdən bir səs, hənirti gəlmədi. Dato başını qaldırıb pəncərəyə baxdı, məni gördü, qanrılıb heç nə olmamış kimi getdi. Haçandan-haçana mən yavaşca aşağı düşdüm. Bədənim, içim, göz yaşım qurumuşdu. Şapkaya yığılmış eskimolarsa əriyirdi. (Həyəcanlanır, amma sakit danışır). Yusifin köksünə saplanmış bıçaqdan isə hələ də gilə-gilə qan damırdı. Bundan o yanasını Rüstəm daha yazmamışdı: Rüstəm də, Rasim də gecənin içində özgə şəhərdə məni tək-tənha buraxıb əkilmişdilər. Sonradan mənim başıma nə gəldiyini onlar heç bilmədilər də (səhnə qaranlıqlaşır, zəif öləziyən işıq). Həyətdə mən tək idim, Yusifin ölüsü də yanımda. 23 yaşlı cavan bir qadındım. Bilmirdim ki, nə edim: ağlayım, qışqırım, haray salım? Yusifin meyiti də məni qorxudurdu. Heç kəsə, heç kəsə, heç düşmənimə də arzulamaram (gəzişir). Bax, bu məqamda başa düşdüm ki, gedəsi yerim yoxdur. Başa düşdüm ki, bütün sevgilər romantikadır, əfsanədir, şair sözüdür, bir-birinə baxıb xoşhallanmaq oyunudur, bir-birinə toxunmaq həvəsidir. Başa düşdüm ki, tale mənimlə çox axmaq bir zarafat eləyib. Yusifin taleyi bu nöqtədə bitdi: onun işi asan oldu; öldü, canını qurtardı, amma məni saldı bəlaya. Çünki mən sağ qalmışdım, yaşamalıydım. Rüstəmsə bunu hesaba almamışdı. Mən nə eləməliydim? Heç yeri, heç kimi tanımırdım. Onda mobil telefon da yox idi. Hövlnak çıxdım küçəyə. Ürəyim ağzıma gəlirdi. Uzaqda qaranlığın içində bir telefon köşkü gözümə dəydi. Qaçdım ona sarı. Yusif hər ehtimala qarşı mənə haradasa 20-yəcən 2 qəpiklik vermişdi və bir də demişdi ki, götür, bu nömrəni yaz: işdi, birdən gördün ki, naəlacsan, Eduarda zəng elə. Mən də əlüstü Eduarda zəng elədim. Yusifin tanışı idi, guya ki dostu idi. Bizim Kislovodska gəlməyimizi, ev tapmağımızı o, düzüb qoşmuşdu. Amma mən Eduarddan həmişə şübhələnmişəm. İndi hər şeyi göz önünə gətirəndə fikirləşirəm ki, bəlkə də məni, Yusifi, hətta Datonun özünü də bədbəxt eləyən adam elə Eduard əclafdır. “Bəlkə” nədir mən deyirəm? Yüz faiz Eduarddır. O pulu Yusifdən götürüb bizə tələ qurmuşdu: Eduard Datoya işləyirdi. Restoran da oyun idi, tamaşa idi və bu tamaşanı Dato göstərirdi. Onlar Yusifi yaxşı öyrənmişdilər; bilirdilər ki, o, necə hərəkət edəcək, nə tövr davranacaq. Hər şey əvvəlcədən planlaşdırılmışdı: Yusifi öldürməliydilər, məni küçələrə salmalıydılar və evin pulunu mənimsəməliydilər. Qısası, bizi qarət eləmişdilər, bizi aldatmışdılar. Eduard mənim zəngimdən sonra çaparaq gəldi: elə bil ki, elə oturub zəngimi gözləyirmiş. Gələn kimi də soruşdu ki, “tı zvonila mintam?” Dedim ki, yox. Dedi ki, düz eləmisən, yoxsa Datonun intiqamı ağır olar, sənə gün verər, işıq verməz. Mən də gic kimi inandım ona, polisə zəng vurmadım. Onda paqon adamlarına polis əvəzinə milis deyirdilər. Mən də Eduarddan o zaman bərk-bərk yapışmışdım: başqa bir əlacım yox idi ki? Elə bilirdim o getsə, ayaqlarımı uzadıb ölərəm. Neyləyəydim: şəhər özgə, adamlar özgə. Eduardla birgə Yusifin meyidini adyala bükdük, sürüyüb içəri saldıq. Eduard yıxılıb Yusifin yanında yatdı, mənsə bütün gecəni gözlərimi qırpmadım. Səhərisi Yusifin meyitini gizlicə aparıb “Bratya musulmane” adlanan bir məzarlıqda dəfn elədik. Bir Eduard idi, bir mən idim, bir də Eduardın tabut daşıyan 4 fəhlə dostu. Şofer də dostu idi Eduardın: di gəl, kənarda dayanıb sanki ikrahla izləyirdi bizi. Rus köpəkoğlu yaxın durmadı tabuta. Dəfn xərcini qəpiyinə qədər Eduard ödədi. O gün mən öz evimizə yox, Eduardgilə getdim. Tək qalmaqdan qorxurdum. Qorxurdum ki, məni də öldürərlər (Kresloya yaxınlaşa-yaxınlaşa): Yusif ölənə qədər Rüstəmin, Rasimin çəkdiyi o film heç film deyil, şeirdir, poeziyadır (kresloya əyləşir). Əsl film Yusifin ölümündən sonra başlayır. Bu, mənim filmimdir... özgələr arasında 23 yaşında tək qalmış pulsuz bir qadının filmi... (özünə konyak süzür, içir, sonra bayaq söndürdüyü siqareti qutudan çıxarıb damağına qoyur, kibritlə alışdırır: tüstünü fısqırdır. Səhnə qaranlıqlaşır). Əgər... əgər o Dato... o məğrur Dato olmasaydı... kim bilir mən indi haralardaydım... Bəlkə də ölmüşdüm. Eduardgildə qaldığımın düz 10-cu günü Eduard mənzilə daxil olan kimi mənə bir bağlama uzatdı. Dedi Dato göndərib, Yusifin qan-bahasını ödəyir. Eduard bir arvad saxlayırdı: Nataşa; arıq, ucaboy, qısasaç bir qadın idi. Qəşəng gözləri vardı, bir də saçları saman çöpləri kimi düzülüb ona qəribə bir yaraşıq gətirirdi. Görünürdü ki, ötkəm, kişisayaq birisidir. Uşağı olmurdu. Həməncə kəsdirdi başımın üstünü. Bağlamanı Nataşanın gözünün qabağında açdım: gördüm pul; 50 000 rubl idi. (Siqaretini tüstülədir). İstədim qaytaram. O vaxtlar üçün bu çox böyük pul idi. 16 minə bir “Pobeda” maşını almaq olardı. Mənimsə cibimdə vur-tut 50 qəpik pul vardı və mən Eduardın hesabına dolanırdım. Elə oradaca Eduarda 5000 rubl, Nataşaya da 1000 rubl verdim. Ona dedim ki, gəl, mənə bələdçi ol, bazar-dükana yollanaq. Razılaşdı. Özümə qəşəng şifon paltar, ayaqqabı, muncuq, boyunbağı, yaxşı ağ pencək, kostyum aldım. Fikirləşdim ki, əgər Bakıya qayıtsam (siqaretə bir qüllab vurub külqabıda onu söndürür. Tam qaranlıqda)... Düzü, heç Bakıya dönmək istəmirdim. Yusifin anası Sədayə xanımın tənələrindən, söyüşlərindən çəkinirdim. Deyəcəkdi ki, balam, əziz-xələfim sən qəhbəyə görə öldü. O vaxtlar bu, mənim ən çox ehtiyatlandığım söz idi. Sədayə xala daha deməyəcəkdi ki, sən mənim balama görə pis yollara düşdün, avara qaldın. (Kresloda əyləşmiş qadının üzü böyürdən işıqlandırılır). Nəhayət ki, oturub bir məktub da evimizə yazdım. Yazdım ki, bəs belə-belə; vəziyyətimi anlatdım. Yazdım ki, bacarsalar, məni bağışlasınlar. Yusifi basdırdığımızın 39-cu günü atamdan Sizə bayaq dediyim  həmin o məktub gəldi: başdan-başa hədə, nifrət, təhqir (susur)... Bir də yazdım, bir də yazdım yalvara-yalvara. Atamdan yenə cavab gəldi ki,  mənim sənin adında qızım yoxdu, buralara gəlib eləmə, sən bizim üçün ölmüsən (kədərlənir). Görəsən, nə vaxtsa Bakıya qayıtmaq mənə nəsib olacaq? Mən Bakını bir də görə biləcəyəmmi? Oğlumu görə biləcəyəmmi? Allah bilir, necə böyüyüb, nə boyda olub? (Yenə susur, səhnə yavaş-yavaş tam işıqlanır). Ertəsi gün Eduard, Nataşa, bir də mən Yusifin qəbri üstünə getdik, çiçək apardıq, bir növ onun 40-nı qeyd elədik. Qəbiristanlığın qapısından çıxırdım ki, kimsə qolumdan bərk-bərk yapışdı. Çevrilib baxanda gördüm Dato. Hönkürüb uşaq kimi ağladım. Heç Yusif öləni belə ağlamamışdım (astaca ayağa qalxır, səsində isti notlar peyda olur). Dato məni qucaqlayıb sinəsinə sıxdı (səhnənin ortasına keçir), qulağıma yavaşca pıçıldadı: “İzvini, çto tak vışlo. No ya bıl vınujden. İbo ya  lyublyu tebya, Gyulzar. Ne volnuysya, ya podaryu tebe sçastye vmesto Yusifa. Ni o çyom ne bespokoysya, proşu tebya”. O, mənim yanağımdan öpdü və sürətlə uzaqlaşıb getdi, adamları da arxasınca. Bu vaxt Eduard mənə yaxınlaşdı: “Gyulya, vsyo-taki u tebya yest vezeniye. Sam Dato voloçitsya za toboy”. Nataşa da məni qucaqladı, yanağını üzümə yapışdırdı: “Smotri, ne upusti. Takix kak Dato bolşe na svete net”. Həmin axşam Yusifi xristian adəti üzrə yad etdik. Yüz-yüz gillətdik, yad elədik Yusifi, yeyib-içdik. Səhərisi mən Eduardla Nataşaya dedim ki, daha onların evində yaşamaq istəmirəm, qoy, Eduard mənə bir iş düzəltsin (servanta tərəf addımlayır və birdən dayanır, çox qəmgin), hm, atam bir də onu yazmışdı ki, oğlun olduğunu əbədilik unut. Biz ona deyəcəyik ki, anan ölüb. Sənə deyirəm, əgər oğlunu axtarıb eləsən, səni tapıb param-parça elətdirəcəyəm. Mən istəmirəm o bilsin ki, anası fahişəlik eləyib.. Amma mən oğlumu bir gün də unutmuram... ən pis günümdə də, ən yaxşı günümdə də unutmuram... Qəribədir, ondan elə qorxuram ki... Elə bilirəm onunla qarşılaşsam, ağlımı itirəcəyəm (servanta yaxınlaşıb, servantın aşağı gözündən qəhvədanı götürür) Xətrimə düşüb ki, köhnə qayda ilə bir kofe dəmləyib içim... Hələ bir baxım dənəvər kofe var (servantın gözündə eşələnir, dəmir və şüşə qabları bir-bir açıb baxır, sevincək). Deyəsən, tapdım, burda biraz qalıb (yenidən servantda nəsə axtarır). Daha qocalıram: nəyi hara qoyduğum yadımdan çıxır. Bu da kofeüyüdən (keçir qaz plitəsinin arxasına), bir də gördüm ki (dənəvər kofeləri kofeüyüdənə boşaldır), Eduardla Nataşa bir-birinə baxıb gülüşürlər (kofeüyüdən xırıldayıb-xırıldayıb dayanır), elə bu vaxt Eduard cibindən bir açar dəsti çıxardıb uzatdı mənə. Dedi Datonun hədiyyəsidir və mənə işləmək lazım deyil: çünki Dato özü mənim qayğıma qalacaq. Həməncə evə baxmağa getdik (kofeüyüdən yenidən xırıldayıb-xırıldayıb dayanır)... Yolda mən bu qənaətə gəldim ki, Eduard da, Nataşa da Dato ilə əlbirdirlər və açarları dünən Dato Eduarda verib. Ancaq artıq gec idi: mən Datoya vurulmuşdum. Biz evə çatanda mən gözlərimə inanmadım (kofeüyüdən xırıldayıb-xırıldayıb dayanır): bu, ikimərtəbəli qədimi bir bina idi. Möhtəşəm idi. Eduard mənə dedi ki, onu qotika üslubunda tikiblər. Əvvəl-əvvəl elə bildim bu binada yalnız mənzil payım var. Sonra içəri girəndə öyrəndim ki, bu mülk yerli-dibli mənə məxsusdur. Mən Kislovodskda Yusif öləni ilk dəfə idi ki, sevinirdim. Özgə şəhərdə yaşamaq üçün indi mənim öz mülküm vardı. Daha bundan sonra mən ehtiyacın nə olduğunu bilməyəcəkdim. Şkaflara mənim ölçümdə cürbəcür əla paltarlar yığılmışdı, soyuducuda cürbəcür ləziz yeməklər qoyulmuşdu; hündür pəncərələrə tül pərdələr asılmışdı, qoz ağacından düzəldilmiş ağır qapılardan təzə lak qoxusu gəlirdi (üyütdüyü kofeni qəhvədana boşalda-boşalda). O gün Eduarda dedim ki, bir də onlara qayıtmayacağam, burda qalacağam. Nataşa ilə Eduard çox yubanmadılar, mənimlə xudafisləşib tələsik getdilər (qurnadan kofenin üzərinə soyuq su alır). Axşam Dato gəldi: əlində bir buket qızılgül, şampan və bir qutu şokolad. Adamın Allahı var. Dato Yusiflə müqayisədə daha yaraşıqlı, daha cazibədar idi, amma Yusif kimi düz adam deyildi, oğru idi: hərçənd elə Yusif qədərincə mərd birisi idi: həmişə də əynində qətəcər ağ kostyum olurdu, ağ tufli geyinirdi (qaz plitəsinə yaxınlaşıb qazın gözünü alovlandırır, qəhvədəna dəmə qoyur). Həmən axşam (qaz plitəsinə söykənib danışır) Dato mənə brilliant qaşlı üzük bağışladı və mən onun kəbinsiz arvadı oldum, Yusifin qatilinin arvadı. Olur, həyatda hər şey olur (seyrçilərə): heç nəyə təəcüblənməyin. Mən dənizdə saman çöpündən tutub xilas olan adamlar kimi yaşamışam. Hər zaman saman çöpü dadıma çatıb, bir göyərçinin dimdiyində gətirdiyi saman çöpü. Yoxsa indiyə çoxdan ölmüşdüm (qəhvədanın içinə baxır). Hələ təzə-təzə köpüklənir. Ancaq Dato məni necə istəyirdi, ilahi: canını verirdi mənimçün, məni ovcunun içində pambıq kimi saxlayırdı. Mən kəsən başın sorğu-sualı yox idi: təkcə onun ləyaqətini aşağılayacaq bir iş tutmamalıydım. Dato məni sərbəst gəzən dustağa döndərmişdi: qoymurdu onun ovcundan yerə düşüm. Evə heç kim gələ bilməzdi, nəinki gələ bilməzdi, yaxın dura bilməzdi. Mən biləni Eduardın özünə də bizə gəlmək yasaq edilmişdi. Bircə Nataşaya qadağa yoxdu. Ara-sıra Nataşa qonağım olurdu: oturub pal-paltardan, kişilərdən, seksdən danışırdıq. Datonun məni qorumaq üçün təyin etdiyi cangüdənlər bircə Nataşaya ciddi yanaşmırdılar; mənisə hər yerdə izləyirdilər (qəhvədana baxır). Hə, dəmləndi (qəhvədanı qazın üstündən götürür, qazı söndürür, gedir masaya tərəf). Dato hər dəfə qəfil gəlirdi evə (qəhvədandakı kofeni süzür fincana), qəfil də gedirdi, mənə heç vədə demirdi vaxtını, saatını (qəhvədanı qaz plitəsinin üstünə qaytarıb qoyur), həmişə gecə saat 12-dən sonra gəlirdi (qayıdıb kreslosunda əyləşir, kofedən içib tamsınır). Gecə gəlsə də, mənə hər dəfə qızılgül gətirməyi unutmurdu. Dato məni bərk sevirdi, mən də onu sevirdim. Həyatımda cəmi iki kişi sevmişəm: Yusifi və Datonu. Yooox (seyrçilərlə söhbətləşirmiş kimi), atamdan zəhləm gedirdi, bəlkə də mənə elə gəlirdi ki, zəhləm gedir. Atam əzazilin və simicin birisi idi: elə hey anamı incidirdi. Sevmirdim mən onu: qorxurdum ondan. Ərimi də sevmirdim. Məni ona zorla ərə vermişdilər: atama qohumluğu çatırdı. Pişpişinin biriydi. İyrənirdim ərimdən; mənə toxunanda az qalırdım qışqırıb qaçım otaqdan. İndi Allah bilir ölüb yəqin. 15 yaş məndən böyük idi, əbləh (azacıq gülümsünür, kofedən içib tamsınır). Yusif məni cəhənnəm əzabından xilas elədi (fikirləşir). Bəlkə də mən oğlumdan ərimə görə imtina elədim: mən oğlumu sevgimə görə yox, ərimdən qurtulmaq xatirinə qurban verdim. Bir dəfə Datodan soruşdum ki, axı, niyə bizim uşağımız olmasın? O da düz gözlərimin içinə baxıb dedi: “Gyulzar, poymi, ya vor-zakonnik. A u vorov ne bıvayet rodnıx i detey. U nix tolko lyubovnitsı... İ to, na opredelyonnoe vremya” (kofedən bir udum alıb tamsınır). Bu qədər bəsit. Beləcə Dato ilə on bir il yaşadıq. Dato mənə heç nə danışmazdı; deyərdi ki, bilməsən, başın salamat qalar, səni incitməzlər. Bir gün Datodan xahiş elədim ki, icazə versin, zooparka gedim. Diqqətlə məni süzdü, götürüb stolun üstünə pul atdı, dedi, get, amma Nataşanı özünlə aparma və bir də heç vaxt onunla küçəyə çıxma. Səhərisi saat 12–nin yarısı olardı, mən artıq zooparkı gəzirdim. Hava sərinləşmişdi. Cürbəcür quşlar, heyvanlar vardı burda. Mənimsə şimpanzelər xoşuma gəlmişdi. Lap adam kimiydilər. Qəfəsin önündə azından bir 7-8 dəqiqə dayanmışdım ki, böyürdən bir kişi çıxıb şit-şit üzümə gülümsədi: “Mojet ya stanu tvoim şimpanze, krasotoçka?” Gicbəsər sözünü qurtarmamışdı ki, Datonun adamları onu qamarlayıb yazığı şimpanze kimi qışqırtdılar, məni də maşına basıb evə gətirdilər. Bir  şeyə heyfsiləndim ki, filə, qara bəbirə, zebralara tamaşa eləyə bilmədim. (Kofeni axıracan içir, sanki gərginləşir). Zooparkdan qayıtdıqdan sonra Dato bir neçə gün gözə dəymədi. Bir dəfə qəfildən səhərə yaxın gəldi. Çox ciddi görkəmi vardı və mənə qızılgül gətirməmişdi. Dato düz saat 12-yəcən yerindən durmadı, məni də yanından buraxmadı: sonra qalxıb yuyundu, təraşlandı, içməyə süd istədi. Əyləşib rahatca südünü içdi. Ətirrəndi. Təzə ağ kostyumunu, ağ çəkmələrini geyindi, ağ kepkasını gözlərinin üstünə basdı. Hətta mən şübhələndim ki, bəlkə özünə təzə arvad tapıb. Öz-özümə həyəcanlandım. Datoya sarılıb onu dəli kimi öpməyə başladım. Dato qımışdı, məni özündən araladı: “Nebespokoysya, duroçka, krome moyey miloy u menya nikoqo net, ne bılo i ne budet”. Susduq. Datonu qapıyacan ötürdüm. Qapı ağzında Dato məni dodaqlarımdan öpüb özünə sıxdı; sonra dedi: “Razve tebe ne xvatayet şimpanze i makak v naşey jizni, çto tı xodiş smotret ix v zoopark? Mı namnoqo smeşneye obezyan. No ya xoçu, çtobı tı znala, koqda pridut menya arestovat, tvoy Dato umryot, no v obezyannik ne syadet”. Daha heç nə demədi Dato, getdi (yeni bir siqaret götürüb kibritlə yandırır) və bir də geri dönmədi. Bir həftəyə yaxın vaxt keçdi. Mən yenə gözlədim, gözlədim, baxdım ki, daha cangüdənlər də görünmürlər, götürüb Eduarda zəng elədim. Zəng elədim görüm ki, Dato haradadı, niyə gəlib çıxmır, ona nə olub? Təəccübləndi ki, bəs bütün şəhərə səs salmış hadisədən necə olub xəbər tutmamışam? Dedim haradan xəbər tutum, bayır-bacağa çıxıram bəyəm? Dedim, ürəyimi üzmə, de, görüm nə olub bu şəhərdə! O da dedi. Dedi ki, Dato dediyinə sadiq qalıb: onu paqonlular qandallamaq istəyiblər: Dato da obezyannikə düşməmək üçün, azadlığını itirməmək üçün, dostlarını ələ verməmək üçün gülləni çaxıb beyninə, özünü öldürüb. Söz yayılıb ki, gürcü oğruları ona heykəl qoyacaqlar (siqareti acgözlüklə qəmgin-qəmgin sümürür). Dünya fırlandı başıma: yenə tək qaldım. Eduarda yalvardım ki, məni tezliklə Datonun qəbrinin ziyarətinə götürsün. Səhər Eduardla görüşdük. Özünə qəttəzə “Volqa” almışdı (siqaretin tüstüsünü fısqırdır). Soyuq görüşdük, tələsik düşüb mindik maşına (seyrçilərə müraciətən). Heç kəsi sevməyin, heç kəsə bağlanmayın, ürəyinizi boş saxlayın: bədbəxtlik sizdən yan keçər (əlində siqareti oynadıb közə baxır). Bir xeyli yol getdik maşınla, çatdıq məzarlığa. Bura Yusifi torpağa tapşırdığımız həmin “Bratya musulmane” qəbiristanlığı idi. Artıq-əskik heç nə soruşmadım. Eduard da, mən də bilirdik ki, Dato xristiandır. Ancaq düşündüm ki, ola bilsin “Bratya musulmane” qəbiristanlığının o üzündə xristianları basdırırlar, eynən Bakıdakı kimi. Bir xeyli məzarların arası ilə getdik. Baxışlarımı  yuxarı qaldıranda qəbirləri gördüm, ayaqlarım yerə yapışdı, dilim qurudu (çox duyğusaldır). Gözlərimə inanmaq istəmədim (kreslodan qalxır, seyrçilərin qənşərinə gəlir): Datonu Yusifin yanında dəfn eləmişdilər. Elə bildim məni təkrarən Kislovodska gəldiyim birinci günə qaytardılar. Məni yenə Yusif öldürülən axşam olduğu kimi dünyanın ən ucqar nöqtəsinə tullamışdılar. Dizlərim gizildədi, mən (dizlərini qatlayıb döşəməyə oturur) iki qəbrin arasında beləcə əyləşdim: o ki var hönkürüb ağladım. Bir də onu gördüm ki, Eduard məni qucaqlayıb maşına sarı sürüyür. Soruşdum ki, bu, nə məsələdir, Datonu niyə burda dəfn eləmisiniz? Dedi ki, Dato özü bunu belə istəyib, ölümündən bir neçə gün əvvəl vəsiyyət eləyib. Söyləyib ki, mənim qarşısında günahkar olduğum yeganə insan Yusifdir. Mən heç vaxt kasıbları soymamışam. Yusifi də Gülzara görə öldürdüm, namərdcəsinə öldürdüm. Məni onun yanında basdırın: tanıdıqlarım arasında yeganə kişi elə o, idi. Təzədən hönkürüb ağladım. Eduard qoluma girib məni qəbiristanlıqdan çıxardı. Maşına əyləşdik: yol boyu bir kəlmə də danışmadıq. Evimizin böyründə maşından düşdüm, Eduardla heç sağollaşmadım da. O gündən etibarən qara paltar geyindim, qara yaylıq bağladım (ayağa durur). Dolanışığım həftədən həftəyə, aydan-aya pisləşirdi. İşləmirdim. Eduarda da ağız açmağa, ondan pul istəməyə xəcalət çəkirdim. Çoxdan idi ki, evdən nələrisə satmağa başlamışdım. Hətta Datonun əyin-başını da xirid eləyirdim, gedirdi. Özümə korluq vermirdim. Pul sel-su kimi axıb tez qurtarırdı. Zarafat deyildi, haradasa dörd ilə yaxın bir müddət idi ki, mən yalnız satılan malların pulu hesabına dolanırdım. Mallar da hər deyəndə satılmırdı. Vəziyyətim getdikcə ağırlaşırdı. Mən artıq hər şeyə qarşı biganələşmişdim. Bir gün heç gözləmədiyim halda Eduard zəng elədi ki, bəs görüşmək istəyir. Təəccübləndim, ürəyim çırpınmağa başladı. Çünki Dato öləni o da ilim-ilm itmişdi. Eduardı axırıncı dəfə Datonun qəbri üstündə görən idim. Ona görə dedim ki, heç hara çıxmayacağam, əgər könlü varsa, durub o, gəlsin bizə. O da gəldi, yalan olmasın, bir saata gəldi, kefi kök, yanında da çox şıq geyinmiş Nataşa. Mən kofe dəmlədim (qaz plitəsinin arxasına keçir, üzünü ovcuna alıb plitəyə dirsəklənir), onlar konyak və şokolad gətirmişdilər. Ordan-burdan danışdıq, Yusifdən, Datodan söz saldıq, balaca nostalji yaşadıq. Birdən Eduard qayıtdı ki, gəl, sənin imarətini öncə təmir elətdirək, sonra... Bundan o yana heç nə danışmayacağam. Gərək razı olmayaydım. Mən də əvvəlcə etiraz elədim. Dedim ki, olmaz, ayıbdı, camaat nə deyər. Hərçənd mən heç də ciddi etiraz eləmirdim, naz eləyirdim, qiymət artırırdım. Eduard da bunu görürdü. Ona görə də bic-bic gülümsəyə-gülümsəyə dedi ki, əgər bu işə qol-qoymasam, acından gəbərəcəyəm, küçələrdə dilənəcəyəm, tiyan altında öləcəyəm. Əslində, Eduard lap əvvəldən bilirdi ki, mən (üzüntü ilə) razı olacağam. Razı oldum (məzəmmət), oldum mən… (pauza) oldum (çox böyük peşmanlıqla) fahişələr anası... Bağışlayın (üzü seyrçilərə), hamınız bağışlayın, yalvarıram sizə bağışlayın və məni qınamayın... Çarəm nə idi ki?  Bundan başqa əlimdən nə gəlirdi ki? Gedib küçə süpürməyəcəkdim ki? Nəsə... Eduard evi iki-üç aya əla təmir elətdirdi, Nataşa da bir səhər zəng vurdu ki, gəlirəm. Gəldi və özü ilə yeddi qız gətirdi, gözəl-göyçək qızlar. Dedi ki, bundan sonra bu qızları sən idarə eləyəcəksən. Sən hər şeyə görə cavabdehsən. Onda Nataşadan soruşdum ki, bəs sən özün niyə bunlara himayədarlıq eləmirsən? Baxdı üzümə gülümsəyə-gülümsəyə: dedi ki, bəs sən bilmirdin, Dato sənə söyləməmişdi mənim nə işlə məşğul olduğumu? Heç bir dəfə da olsun Datodan xəbər almadın ki, sənə məniynən görüşməyi niyə qadağan elədi? Qulaqlarımın dibinəcən qızardım. İndi də qızarıram. Mənim boydada sadəlövhlük olar bu dünyada? Bu qədər də əfəl olmaq olar bu dünyada? Mənə nə olubsa, əcəb olub. Böyük şeydi ki, mən hələ də sağ-salamatam (köks ötürür). Belə... Düz 16 il də bu yeddi qıza himayədarlıq etməklə keçdi. Müştəriləri Eduard gətirirdi. Axırı ki, bir nəfərə ilişdik, özü də Nataşa ilişdi və bizi tutdular. Datonun mənə aldığı mülkü müsadirə elədilər; məhkəmə işçilərinə külli miqdarda rüşvət verdik. Ancaq hər halda qurtulduq, azadlıqda qaldıq. Bircə Nataşa sroka getdi. Yazıq. Heç ondan xəbərim də yoxdur. Haradadır, nə iş görür, bilmirəm. Özüm burda yaşayıram: bu balaca otaqda: burada yeyirəm, burada da yatıram. O biri otağı da bir tələbə oğlana vermişəm. Hərdən qorxuram ki, bir gün o məni Raskolnikov kimi öldürürər (azacıq gülümsünür, seyrçilərə). İndi mən Bakıya gedib bütün bunları camaata necə danışım, hansı üzlə danışım? Haradan tapım Rüstəmi, Rasimi, necə deyim onlara ki, bəs mənim axırımı niyə fikirləşmədiniz? Niyə mənim taleyimi filmdə yarımçıq saxladınız, atdınız məni çölə, özgələr arasına, özünüz qayıtdınız Bakıya, niyə mənim barəmdə düz-əməlli fikirləşmədiniz? Mən də ha o yana, ha bu yana, bir də baxdım ki, həyatın dibindəyəm (yorğun halda kresloya düşür: gözləri yumulu). İnsanın təmiz adı olmayanda hamıdan gizlənməyə çalışır (biraz düşünüb əlavə edir) əgər utanan üzü varsa... əgər utanmağı bacarırsa... əgər insan sifətini qoruyub saxlaya bilibsə... Mənim adım ləkəlidir. Özüm ləkələmişəm bu adı. Heç kimi də günahlandırmıram. Ləkəli adla yaşamaqdansa, adam ölsə, yaxşıdır. Tutalım, gəldim Bakıya. Axtarıb tapdım qohumlarımı. Görüşdüm oğlumla (gözlərini açır, həyəcanlı). İlahi, mən nə sarsaqlayıram? İstəmirəm onunla görüşmək (hirslə), istəmirəm...  Nə söyləyəcəyəm ona? Yalan-palan. Yox, mən hələ yalan danışmamışam... danışa da bilmirəm... Gözlərim o dəqiqə satır məni... Bakıya giriş mənə qadağandır, vəssalam (yenə gözlərini yumur). Daha biabırçılıq yaşamaq istəmirəm... Bəsdir, cana doydum. Bezmişəm. Ancaq Allah kaş elə eləyəydi, ölməmişdən bir gün əvvəl göreydim onu, öpeydim əllərindən, deyəydim oğlum, keç günahımdan (açır gözlərini). Yox, mümkünsüzdür, başıpozuqluqdur. Mənə bəraət düşmür. Hanı mənim telefonum? (mobil telefonu masanın üstündən götürüb nömrə yığır. Uzun müddət telefon çağırır, cavab verən yoxdur. Seyrçi bu çağırışları eşidir. Nəyahət, kimsə telefonu açır: mətn sinxron tərcümə edilir.) Alo, Eduard? Dobrıy veçer, tı çto, spal çto li? Da, nu xoroşo. A teper, sluşay. Mne nujna tvoya pomoş, takaya ekstrennaya pomoş. Tı prav, neotlaqatelno i sroçno! Vo-pervıx, ya xoçu smenit mesto projivaniya, prodat kvartiru. Da, vsyo ravno. Liş bı skoreye... A vo-vtorıx, bud dobr, vozmi ruçku i bumaqu. Eto seryozno, doroqoy. Ne şuti. Ya tebe prodiktuyu tekst teleqrammı, i tı yeyo otpraviş zavtra utrom. Davay, jdu. (Pauza). Nu, qotov? Toqda pişi: “Respublika Azerbaydjan, qorod Baku, do vostrebovaniya.” Napisal? Teper tekst teleqrammı: “Dobrıye lyudi! Maxmudova Gyulzar Adalyat kızı, kotoruyu Vı işete poetomu adresu, umerla 30 maya seqo qoda. Ona poqrebena na kladbişe “Bratyev musulman”, nepodalyoku ot qoroda Kislovodsk (pauza). Alo, da tı çeqo tak zamolçal? Niçeqo ne spraşivay. Delay tak, kak ya tebe qovoryu. V kontse napişi svoyo imya, primerno tak: “yeyo starıy druq i dobrıy sosed Eduard”. Kak u tebya familiya? Babayev? Da, neujeli? Tı çto? Nu, ladno. Babayev, tak Babayev. Zavtra utrom je, podi otprav. Potom vsyo obyasnyu. Qovoryu je, obyasnyu... Potom... potom... potom... Do vstreçi, na kladbişe “Bratyev musulman” (gülümsünür, dəstəyi yerinə qoyur. Pauza. Sonra özünə konyak süzüb içir. Ayağa qalxır, azacıq kefləndiyi hiss olunur). Elə bilirsiz, özümü öldürəcəyəm. Yox, əşşi. Mən buna qadir deyiləm. İntihar eləmək üçün gərək təmiz, namuslu adam olasan. Hər bir intihar bir ideyadır, bir üsyandır. O da bir növ qəhrəmanlıq kimi bir şeydi. Mən zəif adamam: intihar mənlik deyil. Bir də həyat məni çox arsızlaşdırıb. Arsız adam həmişə çox yaşayır. Əgər oğlumla görüşsəydim, bax, bu, mənim üçün intihar olardı. Çünki ona nə deyəcəyimi bilmirəm. Daha sizə (üzü seyrçilərə) də deyiləsi sözüm qalmadı, yaşamağa da gücüm çatmır. Durun, gedin. Bakıda məni xəbər alsalar, deyin ki, ölüb. Yubanmayın (səhnə tam qaranlışmağa başlayanda qapının zəngi qəfil çalınır. Qadın diksinir, narahat olur). Xeyir ola, görəsən, kimdi gələn bu axşam vaxtı (zəng təkrar-təkrar qısa fasilələrlə çalınır). Aman Allah, birdən polis olar ha... Eduard bu tezliyində bura gələ bilməz. Bəlkə poçtalyondu? Bu vaxt da məktub gətirərlər heç (qapının zəngini sonuncu dəfə çalıb onu döyməyə başlayırlar). Bu lap ağ oldu. Mən indi neyləyim (barmaqlarını sındıra-sındıra var-gəl eləyir) Sən özün kömək ol, ilahi (qapı lap bərkdən döyülür və birdən ətrafa sakitlik çökür. Bir neçə saniyədən sonra qapı arxasından)

Səs.     Ana, tez elə aç qapını, bu mənəm (Qadın qeyri-ixtiyari çox gümrah, sevincli bir tərzdə qapıya doğru atılır və qapıya yaxınlaşdığı andaca səs lap aydın eşidilir). Ana, aç qapını, gəlmişəm səni Bakıya aparım

Qadın. (qapının ağzında donub qalır və havalanmış kimi oradan uzaqlarşır: az qala pıçıltı ilə). Açmayacağam (hövlnak),  aça bilmərəm.

Səs.     Ana, noolub sənə, aç da qapını.

Qadın. (çaşqındır, servanta sarı gedə-gedə). Yox, yox, mümkün deyil. Mən qorxuram.

Səs.      Ana, bəlkə xəstəsən, bəlkə ambulans çağırım?

Qadın. (servantdan zəhər şüşəsini götürüb sinəsinə sıxır, seyrçilərə müraciətən, pıçıltı ilə) Qapını açmayacağam. Qorxuram (nəfəsi darala-darala), ilahi, qorxuram: mən sevdiyim kişilərə bədbəxtlik gətirirəm.

Səs.    (Qapı təkrar döyülür). Ay arvad, hay ver də, heç olmasa, bilim ki, sağsan.

Qadın. (kresloya əyləşib ayaqlarını altına qatlayır). İlahi, sən özün köməyim ol.

Səs.     Ana, ay ana, sən məni eşidirsən?

Qadın. (pıçıltı ilə). Yox, yox, (adyalı yavaş-yavaş başına çəkir) Allah eşqinə yox (adyalın altında tamam görünməz olur. Hər yer qaranlıqlaşır. Yalnız fasilələrlə qapı zəngi çalınır).

 

 

Load Time (S) : 0.000140